Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda IV elmi konfrans başa çatmışdır

 

Noyabrın 17-dən 19-dək Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən növbəti beynəlxalq elmi konfransın ikinci hissəsi keçirilmişdir. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmiş elmi forum səfirliyimizin böyük konfrans salonunda keçirilmişdir. Xəbər verdiyimiz kimi, konfransın iqtisadiyyat, hüquq, siyasət məsələlərinə həsr edilmiş birinci hissəsi noyabrın 3-4-də baş tutmuşdur. Konfransın ikinci hissəsinin əsas mövzuları isə ədəbiyyat, linqvistika, tarix, arxeologiya və etnoqrafiya məsələləri idi. Konfransın işində dünyanın 10 ölkəsindən alimlər iştirak etmişdir.

Tədbiri Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov açmışdir. O, giriş sözündə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən səfirliyin təşəbbüsü ilə keçirilmiş əvvəlki elmi konfranslar barədə məlumat verərək qeyd etmişdir ki, forum iştirakçılarının sayının ilbəil artması Macarıstan cəmiyyətində Azərbaycana marağın artmasına dəlalət edir. Səfir iki macar aliminə - Dyurd Xazai və İştvan Vaşariyə xatirə hədiyyələri təqdim edərək bildirmişdir ki, onlar həmin mükafata Macarıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə layiq görülmüşlər.

Macarıstanın xarici işlər naziri Peter Balajın konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir: "Sevinclə qeyd edə bilərəm ki, qarşılıqlı səylər sayəsində ikitərəfli münasibətlərimiz getdikcə dərinləşir. Bu, təkcə siyasi dialoqun səviyyəsində deyil, maarif, elm, mədəniyyət kimi sahələrdə də əməkdaşlığın intensivliyinin artmasında təzahür edir. Azərbaycan mədəniyyətinin nadir dəyərləri, o cümlədən onun memarlığını, ədəbiyyatını, xalq musiqisini, xalq ənənələrini və dil irsini nəzərə alsaq, qarşımızda elə bir əlvan mənzərə açılar ki, Azərbaycan xalqı haqlı olaraq onunla fəxr edə bilər".

Konfransın ikinci hissəsinin işində Azərbaycanın tanınmış alimləri Yaqub Mahmudov, Nailə Vəlixanlı, Maisə Rəhimova, Zaur Həsənov, Səfər Aşurov, İlyas Babayev, Xeyirbəy Qasımov, Səttar Məcidov, İradə Səfərova, Aysel Kərimova, Ələkbər Ələkbərov iştirak etmişlər.

Konfransın yekunlarına əsasən bu elmi tədbirin iştirakçılarının məqalələrindən ibarət kitab nəşr ediləcəkdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2009.- 22 noyabr.- S. 2.