Pedaqoq-alimin 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoq-alim, pedaqoji elmləri namizədi, dosent İsfəndiyar Vəlixanlının anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.

Tədbirdə ADPU-nun prorektoru Vilayət Əliyev çıxış edərək İsfəndiyar Vəlixanlının elmi pedaqoji fəaliyyətindən danışmış, onun yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli xidmətləri olduğunu bildirmişdir. ADPU-nun pedaqoji fakültəsinin dekanı Fərrux Rüstəmov alimin ömür yolundan, respublikamızda pedaqogika elminə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs etmişdir.

Əslən Şuşa şəhərindən olan İ.Vəlixanlı 1928-ci ildə Bakıda Pedaqoji Məktəbi bitirmiş, bir müddət Şəkinin Qudula ibtidai məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ, indiki ADPU) fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirmiş, ayrı-ayrı rayonların təhsil müəssisələrində çalışmış, 1949-cı ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (Təhsil Problemləri İnstitutu) aspiranturasını bitirmiş ADPİ-də elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1955-ci ildə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmləri namizədi alimlik dərəcəsi almışdır.

10 kitabın kitabçanın, onlarla məqalənin müəllifi olan alim 1959-1969-cu illərdə ADPİ-də pedaqoji fakültənin dekanı vəzifəsində çalışmışdır. Digər çıxış edənlər dosent İsfəndiyar Vəlixanlının elmi, pedaqoji sahədə uğurlarından danışmış, onunla bağlı xatirələrini söyləmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 12.