Azərbaycan-Rumıniya münasibətləri
çox uğurla inkişaf edir
Xəbər verdiyimiz
kimi, sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidenti
Trayan Besesku və xanımı Mariya Beseskunun adından Azərbaycan
Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın
şərəfinə rəsmi ziyafət verilmişdir.
Əvvəlcə Azərbaycanın
və Rumıniyanın dövlət himnləri səsləndirildi.
Rumıniya Prezidenti
Trayan BESESKU ziyafətdə çıxış edərək
dedi:
- Hörmətli cənab
Prezident!
Nazirlər!
Hörmətli qonaqlar!
Prezident İlham Əliyevi
və onu ölkəmizə rəsmi səfəri çərçivəsində
müşayiət edən digər qonaqları Buxarestdə
salamlamaqdan olduqca məmnunam. Keçirdiyimiz görüşlər,
daimi siyasi dialoq Rumıniya-Azərbaycan əlaqələrinin ən
yüksək səviyyədə olmasını və yeni mərhələyə
qədəm qoyduğunu əks etdirir. Dekabrın 11-də ikitərəfli
münasibətlərimizin yeni ildönümünü qeyd edəcəyik.
Hesab edirəm ki, əlaqələrimizin son 18 ili ərzində
biz ölkələrimizin rifahı naminə bütün təmasları
qurmuş və istənilən ümumi layihələrdə
iştirak etmişik. Bu səbəbdən biz əməkdaşlığımızı
dərinləşdirərək, tərəfdaşlığımızı
gücləndirərək və ona yeni çalarlar gətirərək
yeni mərhələyə çıxmaq qərarına gəldik.
Rumıniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq
aparılan xarici siyasətin uğurudur, Azərbaycan ilə
Avropa və Avratlantik strukturlar arasında əlaqələrin
gücləndirilməsinə töhfə verir.
Region dövlətləri
ilə əla münasibətlərə malik olan Rumıniya
öz təcrübəsinə əsaslanaraq Avropanın regionda
daha qətiyyətli olmasına böyük səylər
göstərmiş, region dövlətlərinin Avropaya
inteqrasiyası perspektivlərini genişləndirmişdir. Eyni
zamanda qeyd etməliyəm ki, regionda dondurulmuş
münaqişələrin olması həm regional səviyyədə,
həm də Avropa səviyyəsində təhlükə mənbəyidir.
Prezident Trayan Besesku
bildirdi ki, Rumıniya ərazisində həll edilməmiş
münaqişələr olan dövlətlərin müstəqilliyinə,
suverenliyinə və ərazi bütövlüyünə dəstək
verir. Trayan Besesku Rumıniya ilə Azərbaycan arasında
gözəl münasibətlərin olmasını onunla əlaqələndirdi
ki, regionda aktual məsələlərlə bağlı
ölkələrimizin ümumi siyasi baxışları var və
siyasi mövqelərimiz üst-üstə düşür.
Rumıniya Prezidenti dedi:
- Enerji təhlükəsizliyi,
enerji daşıyıcılarının nəqli və
Avropaya müxtəlif nəql marşrutlarının olması
ilə bağlı rəylərimiz eynidir. Aydın faktdır
ki, Avropa İttifaqı region ölkələri ilə enerji
sahəsində əməkdaşlığını gücləndirərək
siyasi münasibətlərə və qonşuluq siyasətinə
təkan vermişdir. Ümidvar olduğumu bildirmək istəyirəm
ki, Rumıniya və Azərbaycan arasında enerji sahəsində
əməkdaşlığa söykənən strateji tərəfdaşlıq
və əla siyasi işbirliyi Avropa İttifaqının həmin
region dövlətləri ilə münasibətlərini daha
da möhkəmləndirəcəkdir.
Xanımlar və cənablar,
ümid edirəm ki, Azərbaycan və Rumıniya digər
region dövlətləri ilə birgə vətəndaşlarımızın
rifahına xidmət edəcək və regiona tərəqqi gətirəcək
mühüm layihələrin həyata keçirilməsinə
çalışacaqlar. Azərbaycan dünya ictimaiyyətinə
dəfələrlə nümayiş etdirib ki, o, etibarlı tərəfdaşdır.
Biz Azərbaycanın beynəlxalq terrorçuluğa
qarşı mübarizəyə və təhlükəsizliyin
təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk.
NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi dəstək
rəsmi Bakının bu istiqamətdə apardığı
işlərin konkret nümunəsidir. Orada Rumıniya və Azərbaycan
əsgərləri təhlükəsizlik və sabitliyin
möhkəmləndirilməsinə töhfə verirlər.
Rumıniya Prezidenti bir
daha əmin olduğunu bildirdi ki, ölkələrimiz
arasındakı münasibətlər və bu səfər
çərçivəsində imzalanan sənədlər əlaqələrimizə
daha zəngin məzmun vermiş, regional səviyyədə
apardığımız dialoqa töhfə olmuşdur.
Prezident İlham ƏLİYEV
ziyafətdə çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli xanım
Besesku!
Xanımlar və cənablar!
İlk növbədə
cənab Prezident, məni ölkənizə rəsmi səfərə
dəvət etdiyinizə görə Sizə təşəkkür
edir, mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə görə minnətdarlığımı
bildirirəm.
Bu, mənim son beş
ildə Rumıniyaya beşinci səfərimdir. Siz də cənab
Prezident, son üç ildə Azərbaycana dörd dəfə
səfər etmisiniz. Belə səfərlər gözəl
bir ənənənin əsasını qoyaraq ölkələrimiz
arasındakı münasibətlərin nə qədər
dinamik inkişaf etdiyini göstərir. Rumıniya-Azərbaycan
münasibətlərinin çox böyük əhəmiyyəti
vardır. İnanıram ki, ölkənizə rəsmi səfərim,
səfər zamanı ikitərəfli əməkdaşlıq,
regional və beynəlxalq məsələlər ətrafında
apardığımız danışıqlar və
imzalanmış sənədlər münasibətlərimizin
gələcək inkişafına təkan verəcəkdir.
Azərbaycan öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra
Rumıniya bizi tanıyan ikinci dövlət olmuşdur. Elə
o vaxtdan ikitərəfli münasibətlər
qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında
inkişaf etməyə başlamışdır. Müxtəlif
sahələrdə əlaqələrimizin
inkişafını təmin edən 40-dan çox sənəd
imzalanmışdır. Bu gün imzalanmış strateji tərəfdaşlıq
haqqında bəyannamə demək olar ki, son illər ərzində
görülən işlərin zirvəsi və məntiqi nəticəsidir.
Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.
İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi
üçün çox gözəl perspektivlər
vardır. Regional əməkdaşlıq baxımından, Xəzər
dənizi-Qara dəniz əməkdaşlığı
baxımından Rumıniya-Azərbaycan əlaqələrinin
çox böyük əhəmiyyəti vardır. BMT, ATƏT,
Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində və GUAM
formatında əməkdaşlığımız
böyük məmnunluq doğurur. Böyük İpək
yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
yaradılması istiqamətində səylərimiz bizi daha da
yaxınlaşdırır. Avratlantik təsisatlara inteqrasiyada,
"Şərq tərəfdaşlığı" təşəbbüsü
və NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat
Planı çərçivəsində əməkdaşlıqda
Rumıniyanın Azərbaycana dəstəyi əsl dostluq
münasibətidir. Neft-qaz sahəsində əməkdaşlığımız
dərinləşir və mən çox şadam ki, bu
gün keçirdiyimiz danışıqlar zamanı gələcək
əməkdaşlıq haqqında konkret qərarlar
verilmişdir.
Azərbaycan Avropa
İttifaqının enerji təhlükəsizliyi məsələlərinin
həlli işində öz səylərini göstərir və
gələcəkdə də bu səylər göstəriləcəkdir.
Azərbaycanın təşəbbüsü ilə 1990-cı
illərin ortalarında başlanmış və uğurla icra
edilən böyük transmilli layihələr, neft-qaz kəmərlərinin
inşası bu gün yeni kəmərlərin, yeni layihələrin
icrasına təkan verir. Nabukko layihəsinin icrası,
şübhəsiz, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
istifadəyə verilməsindən sonra daha da real layihə
kimi təqdim edilir. Bu gün biz Azərbaycanın neft-qaz
resurslarının Avropa bazarlarına
çıxarılmasına dair öz fikirlərimizi, öz qəti
mövqeyimizi bir daha bildirdik. Bir daha bildirdik ki, Azərbaycan
şaxələndirmə ilə bağlı bütün layihələrə
öz siyasi və praktiki dəstəyini göstərir.
Ölkəmizdə əsaslı
siyasi, iqtisadi və sosial islahatlar aparılır. Aparılan
islahatlar nəticəsində son beş ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə artmışdır. Hətta bu
il, baxmayaraq ki, dünyada qlobal maliyyə böhranı hökm
sürür, Azərbaycan iqtisadiyyatı inkişaf edir.
Lakin əfsuslar olsun ki,
regionumuzda təhlükələr də mövcuddur. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll
olunmaması regionun inkişafı yolunda böyük maneə
olaraq qalır. Dünya birliyi və beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi bütövlüyünü
tanıyır və münaqişənin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində, beynəlxalq
hüquq normalarına uyğun olaraq ədalətli həllinin
tərəfdarıdır. Münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və
digər beynəlxalq təşkilatların müvafiq qərar
və qətnamələri vardır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq hüquq prinsiplərinə uyğun həll
olunmalıdır. Bu baxımdan Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli istiqamətində
Rumıniyanın mövqeyi xüsusi əhəmiyyət
daşıyır. Bu gün, cənab Prezident, Siz bir daha
Rumıniyanın ədalətli mövqeyini öz
çıxışınızda qeyd etdiniz. Buna görə mən
Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab
Prezident, dost ölkənizə səfərimdən məmnun
olduğumu bir daha ifadə edir, Sizə
cansağlığı, ölkənizə və
xalqınıza daim inkişaf və tərəqqi
arzulayıram. Bu badəni Sizin sağlığınıza,
xanımınızın sağlığına, Rumıniya ilə
Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq
əlaqələrinin inkişafının şərəfinə
qaldırıram.
AzərTAc
Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 1.