Müstəqil dövlətimizin mühüm təsisatı
Dövlət həyatında
əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və
azadlıqlarının təminində, demokratik inkişafa
törədilən maneələrin aradan
qaldırılmasında, məhkəmə-hüquq
islahatlarının uğurla həyata keçirilməsində,
ədalət mühakiməsinin beynəlxalq tələblərə
cavab verən səviyyədə formalaşmasında,
ictimai-siyasi həyatın bütün sahələrində
dövlətin hüquqi bazasının möhkəm təməllər
üzərində qurulmasında böyük rolu var. Ulu
öndərimiz Heydər Əliyev bu orqanın fəaliyyətini
daim yüksək qiymətləndirirdi. Onun söylədiyi:
"Azərbaycan Prokurorluğunun inkişaf etməsində
dövlət qayğısı bu gün də, gələcəkdə
də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan
Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram,
güvənirəm və arxalanıram" kəlamı həmişə,
hər yerdə və hər zaman ruh mənbəyimiz
olmuşdur.
Heydər Əliyev yolunu
uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab
İlham Əliyev prokurorluğun fəaliyyətinin dünya
standartları səviyyəsinə
çatdırılması, kadrların
saflaşdırılması, peşə
hazırlığının artırılması
üçün mümkün ola bilən hər cür şəraiti
yaratmaqla, prokurorluq orqanlarına hərtərəfli
qayğı və diqqət göstərir. Dövlət səviyyəsində
və ölkə başçısının dəstəyi
ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin
nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu
mütərəqqi normativ hüquqi bazası olan, demokratik məzmunlu
prinsiplər və iş metodları əsasında fəaliyyət
göstərən sivil dövlət təsisatına
çevrilmişdir.
Ölkəmizin ən yeni tarixində prokurorluğun
inkişaf yolu
Azərbaycan
Prokurorluğu xalqımızın müstəqilliyi uğrunda
apardığı mübarizənin tarixi ilə bərabər,
çox çətin və mürəkkəb, həm də
şərəfli bir inkişaf yolu keçərək, indiki səviyyədə
formalaşmış, hansı şəraitdə fəaliyyət
göstərməsindən asılı olmayaraq, son nəticədə
xalqına və dövlətinə sədaqətlə qulluq
etmiş, qanunçuluğun möhkəmləndirilməsi və
cinayətkarlığa qarşı mübarizə işinə
öz layiqli töhfəsini vermişdir. Memarı müstəqil
dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev
olan ilk ali qanunumuzda ölkəmizin dövlət quruluşu
sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş,
statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyəti
və vəzifələri dəqiqləşdirilmişdir. 1996-cı
ildə dahi rəhbərimiz Heydər Əliyevin sərəncamı
ilə yaradılan Hüquqi islahatlar komissiyası məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsində qanunun
aliliyinin təmin olunmasını, beynəlxalq hüquq
normalarının milli qanunvericilikdə nəzərə
alınmasını və bu kimi digər əhəmiyyətli
məsələləri nəzərdə tuturdu ki, bu da, ulu
öndərimiz Heydər Əliyevin göstərişi ilə
qısa zaman kəsiyində uğurla həyata keçirilməklə,
prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə
yeniləşməsinə və müasirləşdirilməsinə
rəvac vermişdir. Ötən dövrdə dövlətçiliklə
bağlı etibarlı fəaliyyətin təzahürü
olaraq, ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 17 iyul
tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin
prokurorluq işçilərinin peşə bayramı kimi qeyd
edilməsi, tarixi reallığın bərpa olunması ilə
yanaşı, həm də prokurorluğun dövlət idarəçiliyində
roluna münasibətin rəsmi yekunudur. Lakin prokurorluq həmin
illərdə xalq tərəfindən ona göstərilən
yüksək etimadı doğrulda bilməmiş, bəzi
işçilərin öz vəzifələrindən
sui-istifadə etmələrinin, istintaq zamanı şəxsi mənafelərinə
üstünlük verilmə hallarının
qarşısı vaxtında alınmamış,
prokurorluğun illər uzunu qazanılmış nüfuzuna
ciddi xələl gətirilmişdir. Bununla əlaqədar, ulu
öndərimiz 2000-ci il aprelin 26-da respublika prokurorluq
orqanlarının rəhbər işçiləri ilə
görüş keçirərkən, dövlətçiliyin
qorunması və möhkəmləndirilməsi sahəsində
prokurorluğun fəaliyyətini yüksək qiymətləndirməklə,
onun totalitar rejim dayağından hüquqi dövlət
quruculuğu mexanizminin tərkib hissəsinə çevrilməsini
əlamətdar hadisə kimi səciyyələndirmişdir. Eyni
zamanda, kadrların seçilib-yerləşdirilməsinin tələb
olunan səviyyədə qurulmadığını, cinayət
işlərinin istintaqında hələ də qanun
pozuntularına yol verildiyini xüsusi qeyd edərək,
qanunçuluğa ciddi riayət olunması gözlənilməklə
cinayətkarlıqla mübarizənin gücləndirilməsinə,
hər hansı bir məsələnin
araşdırılmasında ədalət prinsipinin rəhbər
tutulmasına, vətəndaşların hüquq və
azadlıqlarının qorunmasına böyük əhəmiyyət
vermişdir.
Görülən tədbirlər
Azərbaycan Prokurorluğunun fəaliyyətini tam əhatə
edən, hərtərəfli nizama salan normativ-hüquqi
bazanın demokratik dəyərlərə uyğunluğunu,
onun fəaliyyətinin müvəffəqiyyətli
olmasını şərtləndirir. Peşəkarlıqla
aparılan struktur dəyişiklikləri, vəzifə və
səlahiyyət yeniləşmələri nəticəsində
prokurorluğun insan və vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsinə xidmət edən
orqana çevrilməsi hamı tərəfindən qəbul
edilən bir reallıqdır.
Baş Prokurorluğun rəhbərliyi
mənəviyyatca saflaşdırılma istiqamətindəki fəaliyyətdə
öz davranış və əxlaqi keyfiyyətləri ilə
prokurorluğa yadlaşanlara, dövlətin və xalqın
göstərdiyi etimaddan, tutduğu yüksək vəzifədən
şəxsi mənafe üçün istifadə edənlərə
qarşı daim kəskin mövqe tutur. Xidməti vəzifəsinin
icrasına məsuliyyətlə yanaşan, ona göstərilən
etimadın ağırlığını başa düşən,
xalqına, dövlətinə sədaqətlə qulluq edən
şəxsləri isə yüksək qiymətləndirməklə
bərabər, prokurorluq orqanlarının gələcəyinə
təminatın möhkəm olmasına xüsusi qayğı
göstərir. Kadr potensialının gücləndirilməsi
və mənəviyyatca saflaşdırılması prosesinin fasiləsizliyi
məqsədi ilə təsdiq edilən normativ sənədlərlə
prokurorluğa mənəvi cəhətdən saf, nəzəri
hazırlıqlı, əhatəli, dünya
görüşlü şəxslərin tam aşkarlıq
şəraitində, şəffaf prosedurlarla qəbulunun əsası
qoyulmuşdur ki, bu da çox böyük və mühüm əhəmiyyətə
malik olan nailiyyətdir.
Prokurorluq
orqanlarının müstəqil dövlətimizin
mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsi
və yeniləşdirilməsi istiqamətində müsbət
işlərin görülməsinin nəticəsidir ki,
dövlət başçısı cənab İlham Əliyevin
prokurorluğun 90 illik yubileyi ilə əlaqədar kollektivə
ünvanlanan müraciətində xüsusi
vurğulanmışdır ki, "Son illər prokurorluqda
sağlam iş mühitinin yaradılması üçün
ciddi işlər görülmüş, dövlətçilik,
qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə
prokurorluğa ictimai etimad artmış və onun nüfuzu
yüksəlmişdir... Prokurorlar demokratik cəmiyyətdə
prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin
və dövlətimizin maraqlarının qorunmasında
prinsipiallıq və peşəkarlıq nümayiş etdirir,
cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin
edilməsində, bütövlükdə, hüquq sisteminin
inkişafında əhəmiyyətli rol oynayırlar".
Prokurorluq
orqanlarının müasir məzmunda yeniləşməsi
işində dövlət başçısı cənab
İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı
ilə "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı"nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti
olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə
və inkişaf, hərtərəfli müasirləşdirmə
dövrünün əsasını qoyan dövlət
proqramında nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi hüquq sisteminin inkişafı prosesində
prokurorluğun rolunun artırılması, cinayətkarlığa
qarşı mübarizə və istintaq aparılmasında digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi,
prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən
geniş istifadə olunması, mərkəzləşdirilmiş
informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət
ittihamının müdafiəsində peşəkarlığın
artırılması, beynəlxalq əlaqələrin
genişləndirilməsi, habelə prokurorluq işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi və
prokurorluğun maddi-texniki təminatının
yaxşılaşdırılması üçün hərtərəfli
zəmin yaratmışdır.
Korrupsiyaya qarşı mübarizə prokurorluğunfəaliyyətinin
prioritet istiqamətlərindəndir
Korrupsiyaya qarşı
mübarizə idarəsinin yaradılması və onun təkmilləşdirilməsi
cinayətkarlığın ən təhlükəli təzahürləri
ilə səmərəli mübarizəyə geniş meydan
verir.
Korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə əlaqədar 2007-2011-ci illər
üçün fəaliyyət planının və idarəetmənin
təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi, digər dövlətlərin
hüquq-mühafizə orqanları və
ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə
sıx əlaqə saxlanılması, bu sahədə beynəlxalq
təcrübənin öyrənilməsi istiqamətində
mühüm tədbirlərin görülməsi işin səmərəsini
artırır. Ötən müddət ərzində
qazanılmış təcrübənin təhlilinin nəticəsi
olaraq bu sahə üzrə cinayət xarakterli məlumat və
materialların göndərilməsinin yeni mexanizmi müəyyən
edilmişdir.
Korrupsiya ilə
mübarizənin gücləndirilməsi yönümündə
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi
arasında 15 aprel 2009-cu il tarixli, Baş Prokurorluqla Vergilər
Nazirliyi arasında 30 aprel 2009-cu il tarixli birgə əmrlərin
imzalanması işin səmərəliliyinə öz müsbət
təsirini göstərməkdədir. Avropa
İttifaqının Şərqi Əməkdaşlıq və
Qonşuluq Siyasəti kontekstində həyata keçirilən
və Avropa standartlarına uyğun şəkildə təşkilati
quruluş prosesinə dəstək vermək məqsədi
daşıyan Tvinniq proqramı çərçivəsində
Avropa Birliyinin ekspertləri ilə birlikdə "Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı mübarizə idarəsinə dəstək"
layihəsi hazırlanmış və Avropa Birliyi tərəfindən
təsdiq olunaraq Litva Respublikasının Baş Prokurorluğu
və xüsusi istintaq idarəsi tərəfindən 2-4 mart
2009-cu il tarixlərində həyata keçirilmişdir.
21-22 aprel 2009-cu il tarixlərdə
Bakı şəhərində İslam Konfransı Təşkilatına
üzv olan dövlətlərin hüquq-mühafizə
orqanları rəhbərliyinin keçirilmiş
konfransını xüsusilə qeyd etmək lazımdır. Orada
Azərbaycanda həyata keçirilən tədbirlər barədə
ətraflı məlumat verilmiş, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin, digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
birgə həyata keçirilməsi yolları müzakirə
edilmişdir.
Tədbir dövlət
başçısı cənab İlham Əliyevin İslam
Konfransı Təşkilatına üzv olan dövlətlərin
iştirakçılarını qəbul etməsi ilə əlamətdar
olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu
il tarixli "Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qapşı
mübarizənin gücləndirilməsi haqqında" fərmanının
prokurorluğa ünvanlanmış tövsiyələrdən
irəli gələn vəzifələrin icrasına dair Azərbaycan
Respublikası Baş prokurorunun əmri, habelə 28-29 yanvar
2009-cu il tarixlərdə Vyanada keçirilmiş beynəlxalq
ictimai təşkilatlarda rüşvətxorluğa
qarşı mübarizə ilə əlaqədar Korrupsiyaya
qarşı BMT konvensiyasına üzv dövlətlər və
həmin təşkilatlar arasında əməkdaşlığa
dair seminar, 11-15 may 2009-cu il tarixlərdə keçirilən
korrupsiyaya qarşı BMT konvensiyasının həyata
keçirilməsinə nəzarət və vəsaitlərin
qaytarılması üzrə tədbirlər korrupsiya ilə
daha səmərəli mübarizə aparılmasına əhəmiyyətli
dərəcədə təkan verir.
Cinayətkarlığa qarşı qətiyyətli
mübarizə uğurlu gələcəyin
özülüdür
Ümummilli lider Heydər
Əliyev cinayətkarlıqla mübarizəni ən
mühüm vəzifələrdən sayaraq bu məsələni
həmişə diqqət mərkəzində
saxlamışdır. "Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında" 09 avqust 1994-cü il tarixli fərmanı
ilə cinayətkarlığa qarşı barışmaz
mübarizə elan edilməklə, bütün
hüquq-mühafizə orqanlarının işinin yeni müstəvidə
qurulmasına təkan verilmişdir. Xalqın dəstəyinə
və etimadına arxalanan Heydər Əliyev zamanın
sınaqlarından çıxmış zəngin təcrübəsi
və müdrikliyi, milli mənafelərə sadiqliyi sayəsində
dövlətçiliyimizin əleyhinə yönəldilmiş
bütün cinayətkar qəsdlərin
qarşısının alınmasını, ölkəmizin
inkişaf yolunda maneə olan bütün halların aradan
qaldırılmasını təmin etmişdir.
Dövlətçilik
ideyalarına sadiqlik nümunəsi göstərən Baş
Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik
nazirlikləri əməkdaşlarından təşkil
olunmuş birgə istintaq-əməliyyat qruplarının gərgin
əməyi nəticəsində Azərbaycanda mövcud
ictimai-siyasi sabitliyin pozulması yolu ilə gərginlik
yaradılması, konstitusion idarəçilik qaydalarına qəsd
edilməklə ölkədə hakimiyyətsizlik və xaos
şəraitinin formalaşdırılmasına yönəldilmiş
ağır cinayətlərin: 2000-ci ilin noyabrında Şəki
şəhərində bir sıra müxalifət
partiyaları rəhbərlərinin; 2001-ci ilin fevralında
Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup fəallarının;
2002-ci il may-iyun aylarında "Dini şura" adlı
qanunsuz qurum üzvlərinin təşkilatçılığı
ilə Nardaran qəsəbəsində, 15-16 oktyabr 2003-cü
il tarixlərdə hakimiyyətə gəlmək
planlarını reallaşdırmaq istəyən radikal
müxalifət qüvvələrinin Bakı şəhərində
törətdikləri kütləvi iğtişaş hadisələrinin
qarşısının alınması və bu qanunsuz hərəkətlərdə
təqsirkar olan şəxslərin məsuliyyətə cəlb
olunması təmin edilmişdir.
Ağır cinayətlər
törətdiyinə görə beynəlxalq axtarışda
olan Rəsul Quliyevin antikonstitusion yollarla Azərbaycanda hakimiyyətə
gəlmək planlarını dəstəkləyən, 2005-ci
ilin oktyabr ayının 17-də Bakı şəhərində
kütləvi iğtişaşlar törədilməsi vasitəsilə
hakimiyyətin zorla ələ keçirilməsinə yönəldilmiş
cinayətkar hərəkətlərin qarşısının
alınması və təqsirkar şəxslərin məsuliyyətə
cəlb olunması, habelə tutduqları yüksək vəzifə
səlahiyyətlərindən sui-istifadə etməklə
külli miqdarda dövlət əmlakının mənimsənilməsi,
korrupsiya və digər cinayətlər yolu ilə əldə
etdikləri pul vəsaitləri hesabına həmin cinayətləri
maliyyələşdirən keçmiş səhiyyə naziri
Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad
Əliyev və qeyrilərinin korrupsiya faktları və vəzifə
cinayətləri peşəkarlıqla istintaq olunmuş və
təqsirləndirilən şəxslər məhkum
edilmişlər.
Eyni zamanda, 18 dekabr
2003-cü ildə erməni silahlı qüvvələri tərəfindən
törədilmiş cinayət hadisələrinin istintaqı
üzrə Baş Prokurorluq, Daxili İşlər və Milli
Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından
ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla,
xalqımıza qarşı soyqırımı siyasəti
yeritmiş nankor qonşularımızın cinayətkar əməllərinin
aşkarlanması istiqamətində də məqsədyönlü
iş aparılmışdır.
Dövlət ittihamının müdafiəsi
işinin təkmilləşməsi təmin edilir
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan Respublikasının məhkəmə
sisteminin müasirləşdirilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə"
19 yanvar 2006-cı il tarixli fərmanının 7-ci bəndinin
tələbinə uyğun olaraq Baş Prokurorluq üzrə
"Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin
strukturunda dəyişikliklər aparılması barədə"
16 iyul 2007-ci il tarixdə əmr imzalanmışdır. Həmin
əmrlə dövlət ittihamının müdafiəsi
üzrə idarənin tərkibində birinci instansiya məhkəmələrində
dövlət ittihamının müdafiəsi üzrə,
apellyasiya və kassasiya instansiyası məhkəmələrində
dövlət ittihamının müdafiəsi üzrə
şöbələr yaradılmış, təcrübəli
və peşəkar prokurorluq işçilərindən ibarət
tərkibdə komplektləşdirilmişdir.
Prokurorluğun məhkəmələrdə
dövlət ittihamının müdafiəsinin təşkilinə
məsul olan qurumlarının strukturu ölkənin məhkəmə
sisteminə uyğunlaşdırılsa da, respublika hərbi və
Bakı şəhər prokurorluqlarının dövlət
ittihamının müdafiəsi üzrə şöbələrinin,
eləcə də rayon (şəhər) prokurorluqlarının
dövlət ittihamını müdafiə edən
prokurorlarının iş yükünün qeyri-bərabər
bölünməsi və bu kimi hallar dövlət
ittihamının müdafiəsi üzrə fəaliyyətin
bir daha təkmilləşdirilməsini zəruri edirdi.
Əvvəllər cəzaçəkmə
müəssisələrindən məhkumların vaxtından əvvəl
buraxılması, cəzaçəkmə rejiminin dəyişdirilməsi
ilə əlaqədar məsələlərin məhkəmələrdə
baxılması zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorlar iştirak etsələr də,
məhkəmələr tərəfindən təyin
edilmiş cəzaların məqsədinə nail olunmasında
prokurorluğun iştirakının səmərəliliyini
artırmaq məqsədi ilə "Prokurorluq haqqında"
Azərbaycan Respublikası Qanununun 4-cü və 10-cu maddələrinin
tələbləri rəhbər tutulmaqla, Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən 07
fevral 2005-ci ildə "Məhkəmələr tərəfindən
təyin edilmiş cəzaların məqsədinə nail
olunmasında prokurorluğun iştirakının səmərəliliyinin
artırılması barədə" əmrə müvafiq
olaraq, cəzanın çəkilməsinin təxirə
salınması, xəstəliyə və ya ittiham
hökmünün icrası müddətinin başa
çatmasına görə cəza çəkməkdən
azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin
daha yüngül cəza növü ilə əvəz edilməsi,
amnistiyanın tətbiq edilməsi, cəzaçəkmə və
ya tərbiyə müəssisələrinin növünün
dəyişdirilməsi, məhkumluğun vaxtından əvvəl
götürülməsi və bu kimi digər məsələlər
üzrə proseslərdə iştirak etmək dövlət
ittihamçılarının səlahiyyətinə aid
edilmişdir. Bütün bu göstərilənlər dövlət
ittihamçılarının işinin yeni keyfiyyət səviyyəsində
qurulmasına geniş imkanlar yaradır.
Şəffaf və ədalətli kadr islahatları
prokurorluğun uğurlarının əsasını təşkil
edir
Ulu öndər Heydər
Əliyevin respublika prokurorluğunun rəhbər
işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi
görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğu
orqanlarında aparılmış kadr islahatları nəticəsində
Baş Prokurorluğun kadr tərkibinin əksər hissəsi
yeniləşdirilmiş, rayon, şəhər və hərbi
prokuror vəzifələrinə ilk dəfə təyin edilənlərin
sayı əhəmiyyətli dərəcədə
artmışdır. Rəhbər vəzifələrə təşkilatçılıq
və yüksək peşə hazırlığına malik
olan, təşəbbüskar, dövlətçilik ənənələrinə
sadiq işçilərin, əsasən də, müasir
dünyagörüşlü gənclərin irəli çəkilməsinə
xüsusi diqqət yetirilmişdir.
Prokurorluq
orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının
gücləndirilməsi, hüquq elminin inkişafı və
Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar
prokurorluq işçilərinin nəzəri biliklərinin və
peşə hazırlığının artırılması
məqsədilə dövlət proqramında təsis
olunması nəzərdə tutulmuş Azərbaycan
Respublikasının Baş prokuroru yanıda Elmi-Tədris Mərkəzinin
yaradılması üçün Respublika Baş
Prokurorluğu tərəfindən bu sahədə mövcud təcrübənin
hərtərəfli öyrənilməsi üzrə tədbirlər
görülmüş, mərkəzin vəzifələrini, səlahiyyətlərini
və fəaliyyət prinsiplərini müəyyənləşdirən
zəruri sənədlərin hazırlanması təmin
edilmişdir.
Prokurorluqda bu gün də
uğurla davam etdirilən hərtərəfli kadr
islahatları prosesində qulluğa qəbulun müsabiqə
yolu ilə həyata keçirilməsi prokurorluğun kadr
korpusunun formalaşmasının ən demokratik və mütərəqqi
vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir. 19
iyun 2001-ci il tarixli fərmanla təsdiq edilmiş
"Prokurorluğa işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında" Əsasnamənin tələblərinə
müvafiq olaraq 2002-ci ildən Baş Prokurorluq tərəfindən
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası ilə əlaqəli şəkildə, tam
aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında,
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının,
xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin,
beynəlxalq təşkilatlar və kütləvi informasiya
vasitələrinin iştirakı və nəzarəti ilə
keçirilmiş 6 müsabiqə nəticəsində 293 gənc
hüquqşünas (onlardan 14-ü qadın olmaqla)
prokurorluğa qulluğa qəbul edilmişdir ki, bu da
hazırda fəaliyyət göstərən kadr tərkibinin təxminən
32 faizini təşkil edir. Prokurorluq orqanlarına işə qəbul
arzusunda olan şəxslər üçün cari ildə 80
ştat vahidi üzrə müsabiqə elan edilmişdir ki, bu
da prokurorluq orqanlarının yeniləşməsi, gənc
kadrlara qayğı göstərilməsi istiqamətində
atılan növbəti addımlardır.
Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində görülən tədbirlər dövlət
qayğısının nəticəsidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
ulu öndərimizin yürütdüyü xəttin davamı
olaraq "Azərbaycan Respublikası Prokurorluq orqanları
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında" 29 sentyabr 2006-cı il tarixli sərəncamı
ilə prokurorluq orqanları işçilərinin sosial
müdafiəsi məsələlərinə yenidən
baxılmış, əməkhaqları əhəmiyyətli
dərəcədə artırılmışdır. Ötən
illər ərzində iş şəraitinin
yaxşılaşdırılması, maddi-texniki bazanın
gücləndirilməsi sahəsində də xeyli işlər
görülmüşdür. Belə ki, 2001-2004-cü illərdə
Baş Prokurorluğun inzibati binasının əsaslı təmiri
başa çatmış, 2002-2008-ci illərdə
Ağır Cinayətlərə dair İşlər üzrə
İstintaq İdarəsi, Bakı Şəhər
Prokurorluğu, Abşeron, Binəqədi, Qaradağ,
Neftçala, Yardımlı, Ağdam, Ağcabədi, Kəlbəcər,
Qazax, Ucar, Beyləqan, Balakən, Saatlı, Zəngilan,
Qubadlı, Qax, Zaqatala, Lerik və Xaçmaz rayon
prokurorluqları və Baş Prokurorluğun Tədris Mərkəzi
əsaslı təmir olunmuş, 2005-ci ildə
Naxçıvan MR-in Şahbuz, Culfa, 2007-ci ildə isə
Ordubad, Kəngərli və Sədərək rayon
prokurorluqları üçün yeni inzibati binalar tikilmiş,
Şərur Rayon Prokurorluğunun inzibati binası isə əsaslı
təmir olunmuşdur. 2006-cı ildə Xocalı, Qobustan və
Ağsu, 2007-ci ildə isə Goranboy, Zərdab və Siyəzən
rayon prokurorluqları üçün yeni inzibati binalar
tikilmişdir. 2009-cu ildə Hacıqabul, Göygöl, Biləsuvar,
İsmayıllı, Gədəbəy və Bakı şəhər
Xətai rayon prokurorluqlarının inzibati binasının
tikintisi də başa çatmışdır.
Yeni tikilmiş və əsaslı
təmir olunmuş rayon (şəhər) prokurorluqları tam
şəkildə müasir tələblərə cavab verən
avadanlıqla təmin olunmuş, işçilərə normal
iş şəraiti yaradılmışdır. Prokurorluğun
avtomaşın parkının yeniləşdirilməsi istiqamətində
də zəruri tədbirlər görülmüşdür.
Möhtərəm
Prezident cənab İlham Əliyevin imzaladığı
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)"
respublikamızda yeni inkişaf mərhələsinin əsasını
qoydu. Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı"nın icrası ilə əlaqədar
görülən işlər öz bəhrəsini verməkdədir.
Qüdrətli Azərbaycan Respublikası daim
inkişafdadır
Dünya
iqtisadiyyatına inteqrasiya yolu seçmiş Azərbaycan bu
gün regionun lider dövləti olaraq inkişaf etmiş
ölkələr səviyyəsinə yüksəlməkdədir.
Dünya iqtisadi Forumunun "2009-2010-cu illərdə dünya
ölkələrinin rəqabət qabiliyyətli
iqtisadiyyatları haqqında Hesabatı"nda Azərbaycanın
makroiqtisadi sabitliklə, yüksək milli
yığımlarla, dövlət borcunun azaldılması ilə
səciyyələnərək 34-cü yerdən 13-cü pilləyə
yüksəlməsi, əmtəə bazarı üzrə
göstəricilərdə isə 18 pillə irəliləməsi
önəmlidir. 2003-2008-ci illərdə ümumi daxili məhsulun
2,6 dəfə artması, son beş ildə 800 minə qədər
yeni iş yerinin açılması, yoxsulluq şəraitində
yaşayanların sayının 49 faizdən 13 faizə enməsi,
hökm sürən maliyyə böhranı dövründə
də iqtisadiyyatın artımla müşayiət olunması,
"Əsrin müqaviləsi"nə 37,5 milyard manat sərmayə
qoyulması gələcəkdə daha əhəmiyyətli
uğurlar qazanılmasından xəbər verir.
Azərbaycan
Respublikasının həyatında taleyüklü məsələlərin
həll edildiyi, ölkə həyatının bütün sahələrində
hərtərəfli inkişafa nail olunduğu müasir
dövrdə prokurorluq orqanlarının qarşısında
çox mühüm vəzifələr durur və həmin vəzifələrin
uğurla həyata keçirilməsi prokurorluq orqanları və
onun hər bir əməkdaşından yüksək məsuliyyət
və fəal vətəndaşlıq mövqeyi tələb
edir.
Prokurorluq orqanları
qarşısında duran vəzifələri ümumiləşdirən
dövlət başçısı cənab İlham Əliyev
kollektivə ünvanlanan 27 sentyabr 2008-ci il tarixli müraciətində
vurğulamışdır: "Hazırda prokurorluq
orqanlarının qarşısında mühüm vəzifələr
durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin
müasirləşdirilməsi və dövlətçiliyə
sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata,
geniş dünyagörüşünə, yüksək nəzəri
biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının
formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan
Respublikası Prokurorluğu bu məqsədə çatmaq
üçün səylərini davam etdirəcək və
qarşısında qoyulan vəzifələri layiqincə
yerinə yetirəcək".
Bu gün peşə
bayramını və 91 yaşını qeyd edən prokurorluq
orqanları öz fəaliyyətinin dövlət səviyyəsində
göstərilən etimada layiq səviyyədə təşkili
üçün bütün zəruri tədbirlərin
görülməsini təmin edəcək, digər
hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə
bu quruculuq işlərinin əsas təminatları kimi
ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin
və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar
qəsdlərdən qorunmasında daha yaxından iştirak edəcəkdir.
Zakir QARALOV,
Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə
müşaviri
Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 4.