Parlamentin payız sessiyası öz işinə başladı

 

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclası keçirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra sessiyanın açılışı münasibətilə deputatları təbrik edən Milli Məclisin Sədri Oqtay Əsədov qanun yaradıcılığı fəaliyyətində onlara uğurlar arzuladı.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Milli Məclisin inzibati binasının yeni korpusunun açılışının olduğunu diqqətə çatdıran spiker bu səbəbdən də parlamentin payız sessiyasına xoş əhval-ruhiyyə ilə başladıqlarını qeyd etdi.

Parlamentin yeni korpusunun inşası dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsidir. Yeni binada deputatların səmərəli fəaliyyəti üçün hər bir şərait yaradılıb. Hər bir deputat ayrıca iş otağı ilə təmin edilib. Binada müxtəlif tədbirlərin - komitə iclaslarının, konfransların, seminarların keçirilməsi üçün bir neçə zal mövcuddur. Yeni korpusda müasir standartlara cavab verən arxiv və kitabxana, birinci mərtəbədə böyük şüşəli salon, eləcə də böyük tədbirlərin keçirilməsi üçün 15-ci mərtəbədə möhtəşəm iclas salonu yaradılıb. "Bütün bunlar deputatların ixtiyarındadır. Artıq komitə sədrləri və deputatlar hansı mərtəbələrdə fəaliyyət göstərəcəklərini bilirlər. Bu gündən başlayaraq yeni iş otaqlarına keçə bilərsiniz" -deyə Oqtay Əsədov bildirdi.
Parlamentin Sədri Oqtay Əsədov daha sonra Milli Məclisin 2009-cu il yaz və növbədənkənar sessiyalarının yekunları barədə məlumat verdi. Bildirdi ki, Milli Məclis 2009-cu il yaz və növbədənkənar sessiyaları ərzində 99 qanun və qərar qəbul etmişdir. Bütün bunlar dövlətimizin qanunvericilik bazasının daha da möhkəmləndirilməsində və təkmilləşdirilməsində mühüm rol oynamışdır.

Ötən sessiyada parlamentin beynəlxalq əlaqələri də inkişaf etmişdir. Belə ki, bu dövrdə Milli Məclisin nümayəndə heyətləri 29 ölkəyə 40-dan artıq səfər etmiş, üzv olduğumuz beynəlxalq təşkilatların işində fəallıq göstərmişlər. Eləcə də beynəlxalq təşkilatların və xarici ölkələrin parlamentlərini təmsil edən 50-dən artıq nümayəndə heyəti ilə Azərbaycan Milli Məclisində görüşlər keçirilmişdir.

Sentyabrın 29-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasının keçirildiyini xatırladan spiker Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyinin qərargahının Bakıda yerləşəcəyini diqqətə çatdırdı.

Üçüncü çağırış Azərbaycan Milli Məclisinin fəaliyyətinin sonuncu ilinə qədəm qoyulduğunu deyən spiker Oqtay Əsədov parlamentin qarşıdakı iki sessiyada da səmərəli işləməsini arzuladı. Payız sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada 2010-cu ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər müzakirə ediləcək.

Gündəlikdə duran qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər Milli Məclisin yeni inzibati korpusunun istifadəyə verilməsini və Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasının keçirilməsini yüksək qiymətləndirdilər.

Deputat Fazil Mustafa diqqəti son günlərdə ölkəmizin regionlarında baş verən təbii fəlakətlərə çəkərək dedi ki, əgər Bakıda da güclü yağışlar yağsa, ciddi fəlakətlər yarana bilər. Paytaxtın güclü yağışlara hazır olmadığını vurğulayan Fazil Mustafa bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin qanun yaradıcılığı fəaliyyətinə göstərilən diqqət və qayğıdan böyük razılıqla söz açdı. Komitə sədri buna görə dövlət başçısı cənab İlham Əliyevə və spiker Oqtay Əsədova təşəkkürünü bildirdi. Hadi Rəcəbli Milli Məclisin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planının məqbul olduğunu diqqətə çatdırdı.

Milli Məclisin yeni binasının inşasının və istifadəyə verilməsinin Azərbaycanda parlamentarizmin inkişafı baxımından böyük önəm kəsb etdiyini deyən deputat Azay Quliyev qanun yaradıcılığı ilə bağlı bəzi təkliflərini diqqətə çatdırdı. O, "Sosial sifariş haqqında" və "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirə olunmasını vacib hesab etdi.

Deputat Zahid Oruc bildirdi ki, Milli Məclisin yeni inzibati korpusunun istifadəyə verilməsi bütövlükdə Azərbaycan xalqının həyatında böyük hadisədir. Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaradılması ilə bağlı aparılan müzakirələrə toxunan Zahid Oruc dedi ki, bu, Azərbaycanın milli maraqlarına mənfi təsir edə bilər. Bu məsələ ilə bağlı Türkiyə cəmiyyətinə, bu ölkənin siyasi elitasına müraciət olunmasını təklif edən Zahid Orucun fikrincə, Türkiyə "yol xəritə"sini birinci olaraq Azərbaycanla imzalamalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana son səfərindən söz açan parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dövlət başçısının diqqəti və qayğısı nəticəsində blokada vəziyyətində olan muxtar respublikanın dinamik inkişafından danışdı.

Komitə sədri Naxçıvan televiziyasının bütün Azərbaycan ərazisində yayımlanmasını təklif etdi.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov payız sessiyasının açılışı və yeni inzibati korpusun istifadəyə verilməsi münasibətilə deputatları təbrik etdi, yaradılmış gözəl şəraitdən səmərəli istifadə etməyi arzuladı. İlk olaraq Fazil Mustafanın qaldırdığı məsələyə münasibət bildirən Ziyafət Əsgərov dedi ki, fəlakətlərin baş verməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görülməsi daim dövlətin nəzərindədir. Bu yaxınlarda dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manatın ayrılması da bunu təsdiq edir.

Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına dair aparılan müzakirələrin həqiqətən də narahatlıq doğurduğunu vurğulayan Ziyafət Əsgərov onu da əlavə etdi ki, bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin ölkəsinin Azərbaycanın maraqlarına zidd addım atmayacağını bir daha bəyan etdi.

Ziyafət Əsgərov onu da bildirdi ki, türkdilli dövlətlərin başçılarının bu günlərdə Naxçıvanda keçiriləcək sammiti blokadada olan muxtar respublikanın dinamik inkişafı barədə əsl həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə edildi.

eputat Elmira Axundova qanunvericilik işləri planında sosialyönümlü məsələlərin artırılması təklifi ilə çıxış etdi. Deputat Zahid Orucun təklifi isə dövlət idarəçiliyi ilə bağlı qanunvericiliyin yaradılması barədə oldu. Ölkəmizdə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirən deputat bununla bağlı ayrıca qanunvericiliyə ehtiyacın olduğunu dedi. Zahid Oruc Azərbaycan Prezidentinin Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğıdan da söz açdı. O, Milli Məclisdə əslən Qarabağdan olan deputatlardan ibarət parlament formasında deputat qrupunun yaradılmasını təklif etdi.

Deputat Əli Məsimli payız sessiyasının qanunvericilik işləri planına daxil edilən məsələləri yüksək qiymətləndirdi və onların qəbul edilməsinin ölkəmizin qanunvericilik bazasına mühüm töhfələr verəcəyini diqqətə çatdırdı.

Deputat Gövhər Baxşəliyeva da payız sessiyasının qanunvericilik işləri planından razılıqla söz açdı, xüsusən "Elm və dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsinin plana daxil edilməsinin elmi ictimaiyyət tərəfindən böyük məmnunluqla qarşılandığını dedi. Onun sözlərinə görə, bu qanun layihəsinin qəbulu Azərbaycan elminin yeni mərhələyə daxil olmasına gətirib çıxaracaq. Gövhər Baxşəliyeva qanunvericilik işləri planında sosial məsələlərə diqqətin bir qədər də artırılmasını təklif etdi.

Deputat Əli Əhmədov da payız sessiyasının başlanması və parlamentin yeni korpusunun istifadəyə verilməsi münasibətilə deputatları təbrik etdi. Onun sözlərinə görə, parlamentin yeni korpusu Azərbaycandakı inkişafın, modernləşmənin ən bariz nümunəsidir. Azərbaycanın inkişafının ən gözəl nümunəsi dünyanı iqtisadi böhranın bürüdüyü bir vaxtda ölkəmizin iqtisadiyyatının daha da qüdrətlənməsidir. 2009-cu ilin arxada qoyduğumuz dövrünün yekunları ölkəmizdə həm iqtisadiyyatın, həm də digər sahələrin dinamik inkişaf etdiyini göstərir.

Əli Əhmədov müxalifət təmsilçilərinin fikirlərinə də münasibət bildirdi. "Mən təklif edərdim ki, müxalifət nümayəndələri Azərbaycanda iqtisadiyyatın və digər sahələrin inkişafı barədə danışmağı unutmasınlar" - deyən Əli Əhmədov bildirdi ki, bu gün Azərbaycanda siyasi qüvvələrin nisbəti vətəndaşların seçiminin nəticəsidir. Əgər cəmiyyətdə müxalifətə, onun nümayəndələrinin dediyi fikirlərə diqqət yoxdursa, bu insanların onlara olan etimadsızlığının göstəricisidir. Müxalifət bunun səbəbini özündə axtarmalıdır. Əgər Yeni Azərbaycan Partiyasına və onun nümayəndələrinə Azərbaycan vətəndaşları etimad göstərirlərsə, parlamentdə yerlərin çoxunu YAP təmsilçilərinə rəva bilirlərsə, buna görə YAP-ın hər bir nümayəndəsi qürur və iftixar hissi keçirir.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda siyasi rəqabətin olmaması barədə fikirlər də tamamilə əsassızdır. Əslində Azərbaycandakı müxalifət rəqabət qabiliyyətinə malik olmayan müxalifətdir. Buna görə də YAP-la rəqabət apara bilmir. Əli Əhmədov müxalifət nümayəndələrinə dedi: "Bu gün siz yalnız və yalnız qarayaxma, yalan danışmaqla özünüzün mövcudluğunuzu sübuta yetirmək istəyirsiz. Amma hesab edirəm ki, siyasi arenada mövcud olmaq, çəkiyə malik olmaq üçün böhtan və şər atmaq yetərli üsul və vasitə deyil".

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edildi.

Qısa fasilədən sonra parlamentin payız sessiyasının ilk iclası öz işini davam etdirdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov Azərbaycan Respublikasının Serbiya Respublikasında, Oman Sultanlığında, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində, Livan və Estoniya respublikalarında səfirliklərinin təsis edilməsi haqqında qanun layihələrini deputatların müzakirəsinə təqdim etdi. Deputat bildirdi ki, respublikamızın adıçəkilən ölkələrdə səfirliklərinin təsis edilməsi məsələsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində ətraflı müzakirə olunub. Aydın Abbasov bildirdi ki, hazırda ölkəmizi Serbiya Respublikasında Rumıniyadakı səfirliyimiz, Oman Sultanlığında Səudiyyə Ərəbistanındakı səfirliyimiz, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində Misirdəki səfirliyimiz, Livan Respublikasında Suriyadakı səfirliyimiz və Estoniya Respublikasında Latviyadakı səfirliyimiz təmsil edir. Azərbaycan Respublikasının hər hansı xarici dövlətdə bilavasitə həmin ölkədə yerləşən səfirlik vasitəsilə təmsil olunması isə daha məqsədəuyğundur. Qanun layihələrinin parlamentdə qəbul edilməsi respublikamızın bu ölkələrlə mövcud münasibətlərinin daha sürətlə inkişaf etməsi üçün geniş imkanlar yaradacaq.

Müzakirələr zamanı deputat İqbal Ağazadə bildirdi ki, Azərbaycanın bir sıra dövlətlərdə səfirliklərinin, diplomatik nümayəndəliklərinin olması məqsədəuyğundur. Bu, respublikamızın digər ölkələrdə daha geniş tanınması üçün faydalıdır.

Deputatlar Azərbaycan Respublikasının adıçəkilən ölkələrdə səfirliklərinin təsis edilməsi haqqında qanun layihələrinə müsbət münasibət bildirdilər.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsini deputatların müzakirəsinə təqdim etdi. Komitə sədri bildirdi ki, Bəyanatda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Azərbaycan və Rusiyanın iştirakı ilə keçirilən beştərəfli danışıqlarda əldə olunmuş irəliləyişlər, Xəzər dənizinin akvatoriyasının delimitasiyası, onun cənub hissəsində dibin bölgüsü, təhlükəsizlik, Yerin təkindən istifadə olunması və digər məsələlərin aid olduğu aspektlər əksini tapıb. Bütün bu məsələlər hazırlanmaqda olan "Xəzər dənizinin statusu haqqında" Konvensiyada da əks olunacaqdır.

İclasda qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə daha sonra "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında" Birgə Bəyanatın təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, Azərbaycan və Rusiya hökumətləri arasında onların müvafiq komissiyalarının apardıqları iki ölkənin dövlət sərhədlərinin delimitasiyasının nəticələri üzrə razılıq mövcuddur. Sənəddə bununla yanaşı, digər məsələlərin də reallaşması öz əksini tapıbdır.

Deputatlar bu qanun layihəsinə də müsbət münasibət bildirdilər.

"2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının Tədbirlər Planı" haqqında qanun layihəsini müzakirəyə təqdim edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov ilk öncə hər iki ölkənin xalqları arasında çoxəsrlik dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq bildirdi ki, elə müzakirəyə təqdim olunan sənəd buna əyani sübutdur. 2009-cu il aprelin 9-da Bakı şəhərində imzalanan sənəddə 2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının prioritetləri müəyyən edilmişdir. Bu ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, təhlükəsizlik, hərbi-texniki sahələrdə əməkdaşlığı əhatə edir. Sənəd hər iki ölkənin maraqlarına xidmət etdiyindən onun təsdiqi vacibdir.

Səsvermə zamanı deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişə dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, iki ölkə arasındakı sıx əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir. 20 may 2009-cu ildə sözügedən sazişə edilmiş dəyişikliklərin bir qismi redaktə xarakterlidir. İki maddəyə isə bəndlər əlavə olunmuşdur.

Səsvermə zamanı deputatlar bu qanun layihəsinin lehinə səs verdilər.

Sonra parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsini deputatların müzakirəsinə təqdim etdi. Deputat bildirdi ki, Birgə Bəyannamə Latviya Prezidentinin 10 avqust 2009-cu il tarixində ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmışdır. Bəyannamədə ölkələr arasındakı ikitərəfli əlaqələri daha da gücləndirmək, yüksək səviyyəli siyasi dialoqu gələcəkdə davam etdirmək iradəsi əks olunmuşdur. Tərəflər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına əsasən tezliklə həll edilməsinin əhəmiyyətini vurğulamışlar. Sənəddə parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın zəruri tərkib hissəsi kimi qeyd olunmuşdur.

Müzakirələr zamanı deputat Əli Məsimli Birgə Bəyannaməni yüksək qiymətləndirdiyini deyərək bu sənədin xüsusi əhəmiyyətindən danışdı.

Deputatlar səsvermə zamanı qanun layihəsinə müsbət münasibət bildirdilər.

Daha sonra parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. Komitə sədrinin sözlərinə görə, qanun layihələri iki dövlət arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.

Deputatlar hər iki qanun layihəsinin lehinə səs verdilər.

"Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad olunması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini deputatların müzakirəsinə təqdim edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov bildirdi ki, sazişin məqsədi vətəndaşların razılığa gələn digər tərəfin ərazisinə getməsini asanlaşdırmaqdan ibarətdir. Digər ölkələrlə də bağlanmış belə sazişlər müvafiq səviyyəli dövlət tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradır.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Deputat Aydın Abbasovun parlamentin plenar iclasının müzakirəsinə təqdim etdiyi "Azərbaycan Respublikası və Polşa Respublikası prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanun layihəsinə və "Kibercinayətkarlıq haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirildi.

Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Beynəlxalq Peyk Rabitəsi Təşkilatı ilə bağlı Sazişə dəyişikliyin təsdiq edilməsi haqqında qanun layihəsini, "Yoxlama və metroloji attestasiya məqsədi ilə daşınan normativ sənədlərin, etalonların və ölçmə vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi haqqında" 1995-ci il 10 fevral tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini deputatların müzakirəsinə təqdim etdi.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul olundu.

"Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya"ya Fakültativ Protokolun təsdiq edilməsi barədə qanun layihəsini deputatların müzakirəsinə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov təqdim etdi. Ziyafət Əsgərov dedi ki, bu sənəd komitənin iclasında müzakirə olunub.

Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

Deputatlar iclasda "Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUÖAM-ın iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında" 2002-ci il 20 iyul tarixli Saziş"ə dair Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim etdi. Komitə sədri dedi ki, müzakirəyə çıxarılan sənəd olduqca vacib məsələni ehtiva edir. Çünki müasir dövrün ən zəruri məsələlərindən biri informasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması və fərdi məlumatların müdafiəsinin təşkil edilməsidir.

Sənəd barədə geniş məlumatdan sonra qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

Deputatlar "Birgə film istehsalı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim etdi. Komitə sədri bildirdi ki, nəzərdə tutulan əlavələr və dəyişikliklər elektrik və istilik enerjisi, habelə su istehsalçıları ilə istehlakçılar arasında son zamanlar yaranan problemlərin aradan qaldırılmasına xidmət edir.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Fazil Mustafa, İltizam Əkbərli, Elmira Axundova, Pənah Hüseyn, Astan Şahverdiyev, Siyavuş Novruzov, Zahid Oruc bir sıra təkliflərlə çıxış etdilər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Daha sonra Valeh Ələsgərov "Ətraf mühitin mühafizəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsini deputatların müzakirəsinə təqdim etdi.

Bu qanun layihəsi də səsə qoyularaq qəbul olundu.

Deputatlar parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun müzakirəyə təqdim etdiyi "Tütün və tütün məmulatları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinə və Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin müzakirəyə təqdim etdiyi Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim etdi.

Qanun layihələri səsə qoyularaq qəbul edildi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov parlamentin payız sessiyasının ilk iclasının sonunda "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi.

Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

 

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 2, 3.