İnternat məktəblərinin nəzdində reabilitasiya-inkişaf və günərzi qayğı mərkəzləri istifadəyə verilmişdir

 

Sentyabrın 30-da Bakının Sabunçu rayonunda yerləşən 11 nömrəli xüsusi, Əzizbəyov rayonundakı yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəblərinin nəzdində yaradılan reabilitasiya-inkişaf və günərzi qayğı mərkəzləri istifadəyə verilmişdir.

Mərkəzlər "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir hər iki internat məktəbində rəmzi açılışı bildirən lenti kəsdikdən sonra otaqları gəzmiş, dərs prosesi və uşaqlar üçün yaradılmış şəraitlə maraqlanmışdır.

Mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən yeni tikilmiş və dövlət proqramına ayrılmış vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqla təchiz edilmişdir.

Mərkəzlərin yaradılmasında məqsəd uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Əzizbəyov və Sabunçu rayonları ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanları məhdud ailələrin uşaqları həmin mərkəzlərə cəlb ediləcəklər.

Əzizbəyov rayonunda yerləşən mərkəz 40, Sabunçu rayonundakı mərkəz isə 70 məktəbəqədər və məktəbyaşlı sağlamlıq imkanları məhdud uşaqlara xidmət edəcəkdir. Burada psixoloq, loqoped, inkişaf terapiyası xidmətlərinin göstərilməsi də nəzərdə tutulmuşdur. Psixoloq uşaq və onun ailəsi ilə kompleks şəkildə iş aparacaqdır. Mərkəzlərdə sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə nail olmaq üçün oyunlar vasitəsilə onların əqli və fiziki cəhətdən inkişafına yardım edəcəkdir. Eyni zamanda, valideyn və uşaqlara psixoloji xidmət, həmçinin günərzi qayğı xidmətləri göstəriləcəkdir.

Mərkəzlər gün ərzində 10-12 saat fəaliyyət göstərəcəklər. Mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflərarası) dərsdən sonra asudə vaxtlarının təşkili də nəzərdə tutulmuşdur. Mərkəzlər tərəfindən uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması təmin ediləcəkdir. Bu məqsədlə mərkəzlərə proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən mini sərnişin avtobusu ayrılmışdır.

Xatırladaq ki, Təhsil Nazirliyinin nəzdində bu tipli 2 müəssisə fəaliyyət göstərir. Onlardan biri Mingəçevir şəhərindəki uşaq və ailələrə dəstək mərkəzi, digəri isə Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin nəzdində fəaliyyət göstərən günərzi qayğı mərkəzidir. Yaxın vaxtlarda Bərdə və Göyçay rayonlarında da müvafiq müəssisələrin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Mərasimlərdə Sabunçu və Əzizbəyov rayonları icra hakimiyyətlərinin başçıları Əlibaba Əliyev və Gülağa İslamov, YUNİSEF-in Bakı ofisinin rəhbəri Mark Hervord və başqaları iştirak etmişlər.

Sonda Misir Mərdanov hər iki internat məktəbinin kollektivinə uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 3.