Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilmişdir

 

Sentyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti geniş iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə qurumun tərkibinə təyin edilmiş yeni üzvləri təqdim etmişdir. Bildirilmişdir ki, Dövlət Komissiyasının iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri də iştirak edirlər.

Sədr Eldar Mahmudov qeyd etmişdir ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri genişlənmiş, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri güclənmişdir. BQXK-nin təklifi ilə "Ante Mortem Proqramı" üzrə imzalanmış Çərçivə Sazişinin əhəmiyyəti vurğulanmış, bu istiqamətdə zəruri işlərin aparıldığı qeyd olunmuşdur.

Sonra Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov son iclasdan keçən müddətdəki fəaliyyətlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə Çərçivə Sazişi"ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə məsələlər, itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuşdur. Eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılmışdır.

Hesabat dövründə Dövlət Komissiyası sədrinin keçirdiyi görüşlər, müxtəlif beynəlxalq tədbirlərdə - elmi konfrans, seminar, simpozium, təlim kursları və digərlərində komissiya üzvlərinin iştirakı, problemin həlli ilə bağlı aparılmış müzakirələr, bu qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat verilmişdir.

Apreldə Londonda keçirilmiş Beynəlxalq Kitab Festivalı çərçivəsində Dövlət Komissiyası tərəfindən hazırlanmış kitabların və CD-lərin Britaniya Milli Kitabxanasında, Parlamentdə və Oksford Universitetində təqdimatının təşkil olunduğu vurğulanmışdır.

Qeyd olunmuşdur ki, hesabat dövründə itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma işləri daim diqqət mərkəzində saxlanılır. Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 1082 nəfər barədə sorğu göndərilmişdir. Prezident administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsindən daxil olmuş sorğuya əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ölkəmizin maraqlarını müdafiə edən vəkillər üçün məlumatlar elektron formatda hazırlanaraq təqdim olunmuşdur.

Komissiyada və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 932 şəxslə bağlı əldə olunmuş məlumatlar təhlil edilmiş, sistemləşdirilərək məlumat bazalarına əlavə edilmişdir. Komissiyaya müraciət etmiş 243 itkinin yaxın qohumları işçi qrupunda qəbul edilərək onlara görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. İtkin kimi qeydiyyatdan keçən 212 nəfərin taleyi müəyyən olunmuş və adları siyahıdan çıxarılmışdır.

Hesabat dövründə əsir götürülmüş 2 Azərbaycan əsgəri və girov götürülmüş 1 mülki şəxs azad edilmiş, şəhid olmuş 1 əsgərimizin meyiti qarşı tərəfdən alınaraq dəfn olunmaq üçün valideynlərinə verilmişdir.

Qoşunların təmas xəttində əsir düşmüş 5 Ermənistan hərbçisi və 1 mülki şəxs qarşı tərəfə qaytarılmışdır. Mənsub olduğu dövlətin ərazisinə qayıtmaq istəməyən 1 Ermənistan hərbçisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilmişdir. Qeyd olunmuşdur ki, sentyabrın 1-nə olan məlumata əsasən, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.

Hesabat dövründə ölkə ərazisində keçirilmiş bir sıra tədbirlərin komissiya tərəfindən diqqət mərkəzində saxlandığı, qurumun bu tədbirlərin təşkilatçısı və fəal iştirakçısı olduğu qeyd edilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsində təşkil olunmuş "İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi" mözusunda "dəyirmi masa"da, Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilmiş "Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi və milli insan hüquqları institutlarının rolu" mövzusunda beynəlxalq konfransda işçi qrupu üzvlərinin fəal iştirakı və məruzələrlə çıxışı təmin olunmuşdur. İclasda komissiya tərəfindən mövzu ilə bağlı çəkilmiş sənədli və bədii sənədli filmlər, nəşrlər haqqında da ətraflı məlumat verilmiş, onların gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır.

Dövlət Komissiyası tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirildiyi qeyd olunmuşdur. Belə ki, Dövlət Komissiyasının materiallar toplusu 1700 nüsxədə, 14 adda 10 min 380 ədəd kitab, 10 adda 24 min 730 ədəd kompakt disk şəklində yayılmışdır.

Bundan başqa, ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda, Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq komissiyanın fəaliyyəti barədə məlumatlar yayılmış, görülmüş işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırımı, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir. Həmçinin internet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılmış, müvafiq materiallar, o cümlədən video və fotofaktlar göndərilmişdir.

Hesabat məruzəsi ətrafında müzakirələrdə komissiyanın üzvləri Bəkir Nəbiyev, Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov çıxış edərək qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildirmişlər.

İclasda çıxış edən BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulamışdır. İtkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayan BQXK nümayəndəsi bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycanın müvafiq orqanlarına minnətdarlığını bildirmişdir.

İclasın gündəliyinə uyğun olaraq Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov görülən işlər barədə ətraflı məlumatla çıxış etmişdir. M.Poladov bildirmişdir ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ona bitişik rayonlarda azərbaycanlılara qarşı soyqırımı, habelə başqa ağır cinayətlərin araşdırılması məqsədilə 2003-cü il dekabrın 12-də yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaq nəticəsində ağır cinayətlər, zorakılıqlar törətmiş erməni millətindən olan xeyli sayda şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaları barədə qərarlar çıxarılmış, məhkəmələrin qərarına əsasən barələrində həbs qətimkan tədbirləri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Milli Bürosuna göndərilmişdir. Erməni silahlı birləşmələrinin Xocalı şəhəri ilə bərabər digər yaşayış məntəqələrində də yerli əhaliyə qarşı törətdikləri soyqırımı cinayətləri barədə konkret faktlarla dolğun məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, əsir düşməyə görə Azərbaycan qanunvericiliyində cinayət təqibi nəzərdə tutulmur və belə hallarla əlaqədar indiyədək əsirlikdən azad edilmiş heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət məsuliyyətinə yalnız konkret cinayət törətmiş və əməlləri istintaqla tam sübuta yetirilmiş şəxslər cəlb olunaraq ədalət mühakiməsinə verilir.

Sonra iclasda cari məsələlərə baxılmışdır. Komissiyanın üzvü, vaxtsız vəfat etmiş professor Rövşən Mustafayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Dövlət Komissiyasının katibi Şahin Sayılov bu məsələ ilə bağlı təklifləri diqqətə çatdırmışdır.

Komissiyanın üzvləri Rəbiyyət Aslanova, Bəkir Nəbiyev, Xələf Xələfov, İsmayıl Ömərov, Elmar Qasımov, Novruzəli Aslanov Rövşən Mustafayevin ictimai-siyasi və elmi fəliyyəti haqqında danışmış, onu əsl vətənpərvər insan, yorulmaz elm fədaisi, görkəmli filosof və siyasətşünas-alim kimi xarakterizə etmişlər. Bildirilmişdir ki, beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin və etnik korporasiya xarakteri almış erməniliyin sülhə və sabitliyə, insan hüquq və azadlıqlarının təminatına ciddi təhlükə olması barədə R.Mustafayevin rəhbərliyi altında aparılan məqsədyönlü araşdırmalar, müxtəlif dillərdə çap olunmuş elmi əsərlər, keçirilmiş elmi-praktik konfranslar mühüm əhəmiyyət daşıyır.

İclasda R.Mustafayevin adının əbədiləşdirilməsi məqsədilə müvafiq təkliflər irəli sürülməsi barədə qərar qəbul olunmuşdur.

Dövlət Komissiyasının iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan bayrağı" ordeni ilə (ölümündən sonra) təltif edilmiş Fərhad Rəhman oğlu Atakişiyevə aid orden ölkə rəhbərinin tapşırığına əsasən komissiyanın sədri Eldar Mahmudov tərəfindən ailəsinə təqdim olunmuşdur. Eldar Mahmudov bildirmişdir ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Fərhad Atakişiyevin qəhrəmanlığı dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.

Xalqımız əmindir ki, işğal olunmuş torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanının qətiyyətli və prinsipial siyasəti nəticəsində azad ediləcək və köçkünlər öz doğma ocaqlarına qayıdacaqlar.

Qəhrəmanın anası Dilarə Atakişiyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, komissiyanın sədrinə və üzvlərinə minnətdarlığını bildirmişdir.

Sonda erməni əsirliyində olarkən qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərlərinə həsr edilmiş "Qarabağdır Azərbaycan" filminin təqdimatı keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 5.