3. İqtisadi uğurların Azərbaycan modeli

 

Qlobal maliyyə böhranının yaratdığı əsas fəsadlardan biri də bir çox ölkələrin milli pul vahidlərinin xarici valyutalara nisbətdə kəskin ucuzlaşması oldu. Bu hal özünü postsovet dövlətlərində daha qabarıq şəkildə büruzə verdi. Lakin postsovet ölkələri arasında qlobal böhranın yaratdığı bu fəsaddan kifayət qədər effektiv müdafiə olunan dövlətlər də var idi ki, onların ən bariz nümunəsi sırasında elə bu gün də Azərbaycan çıxış edir.

 

MDB-nin ən dayanıqlı valyutası

 

Ümumiyyətlə, böhranın təsirləri altında milli valyutaların devalvasiyaya uğraması prosesi cari ilin ilk rübündən etibarən özünü qabarıq şəkildə büruzə verməyə başladı. İlk dövrlərdə buna qarşı mübarizə məqsədilə bir çox dövlətlər valyuta ehtiyatlarından istifadə edərək milli valyutalarının məzənnəsini stabil saxlamağa cəhd göstərsə də, nəticə effektiv olmadı. Bu hal sabiq sovet ölkələri arasında daha geniş şəkildə müşahidə edilməkdə idi. Məsələn, neftin həcmi və ixracı potensialına görə Azərbaycanı qabaqlayan Qazaxıstanda milli valyuta olan tenge ilin ilk rübündə devalvasiyaya uğrayaraq dollarla müqayisədə 25 faiz dəyər itirdi. Nəticədə, Qazaxıstan valyutadəyişmə məntəqələrində 1 dollar 150 tengeyə bərabər oldu. Halbuki Qazaxıstanın iqtisadi inkişaf naziri Baxıt Sultanov bildirirdi ki, hökumət tengenin 10 faizdən artıq ucuzlaşmasına imkan verməyəcək. Lakin görülən tədbirlər ciddi nəticə vermədiyindən sonda Qazaxıstan Milli Bankı tengenin devalvasiyası ilə razılaşmalı oldu. Halbuki Qazaxıstan tengenin kursunu sabit saxlamaq üçün 6 milyard dollardan artıq vəsait xərcləmişdi. Hazırda Qazaxıstanda tenge-dollar nisbəti hələ də böhrandan əvvəlki həddə qayıtmayıb.

Analoji vəziyyət Rusiyada da özünü göstərməkdə davam edir. Ötən ilin iyulundan cari ilin ortalarına olan dövr ərzində Rusiya rublu dollara nisbətdə 55 faiz ucuzlaşıb. Bunun əsas səbəblərindən biri dünya bazarlarında neftin və metalın qiymətinin ifrat dərəcədə enməsi səbəbindən Rusiyada xarici valyuta, o cümlədən dollar qıtlığının yaşanması olub. Belə şəraitdə rublun ucuzlaşmasının qarşısını almaq üçün hökumət valyuta ehtiyatlarından milyardlarla dollar xərcləməli olsa da, devalvasiya prosesinin qarşısını ala bilməyib.

Bir çox postsovet ölkələri də devalvasiya problemindən yaxa qurtara bilməyib. Məsələn, Ukraynada milli valyuta olan qrivnanın dollarla müqayisədə dəyəri 75-ə qədər azalıb. Belarus rublu isə 30,9 faiz dəyər itirib. Litva liti xarici valyutaya nisbətdə 23 faiz, Estoniya kronu 24 faiz, Latviya latı 22 faiz, Gürcüstan larisi 18 faiz, Qırğızıstan somu 11 faiz ucuzlaşıb. Tacikistan somonisi dollara nisbətdə 12 faizdən çox ucuzlaşıb.

Eyni hala başqa dövlətlərdə də rast gəlinib. Məsələn, Polşa zlotu isə ötən ilin sentyabr ayından cari ilin mayına kimi 37 faiz ucuzlaşıb. Çexiyada, Rumıniyada və dünyanın bir çox dövlətlərində də eyni vəziyyət müşahidə olunub. Ermənistanda isə cari il ərzində əsl dollar ajiotajı yaşanıb və milli valyuta olan dram dollar qarşısında 35 faizdən çox dəyər itirib. Hazırda bu ölkədə 1 dolları 375 dramdan baha satırlar. Erməni iqtisadçılarının proqnozlarına görə, tezliklə dolların kursu 400 dramı keçəcək ki, bu da ölkədə inflyasiyanın bir qədər də sürətlənməsilə müşayiət olunacaq.

O da faktdır ki, milli valyutaları devalvasiyaya məruz qalan dövlətlər bir sıra əlavə problemlərlə üzləşir. Ən azı ona görə ki, devalvasiya əlavə milli pul kütləsinin dövriyyəyə buraxılmasını tələb edir. İnflyasiyanı stimullaşdırması baxımından izafi pul kütləsi əsas faktorlardan biri sayılır ki, bu mənada devalvasiya ciddi problem deməkdir. Digər tərəfdən Ermənistan kimi dövlətlərdə müşahidə olunan sərt inhisarçılıq, iqtisadiyyatın ixrac potensialını genişləndirmək üçün resursların olmaması devalvasiyanı daha kəskin qiymət artımına gətirib çıxarır.

Xarici borcların qaytarılması baxımından da devalvasiya sərfəli deyil. Məsələn, Qazaxıstan dövləti, yaxud onun hansısa bankı xaricə olan borcunu ödəmək üçün devalvasiyadan valyuta bazarında 25 faiz artıq tenge xərcləməlidir. Bu, artıq nə vaxtsa alınmış xarici borcun faktiki olaraq 25 faiz şişirdilməsi deməkdir. Eyni təhlükə milli valyuta ilə depozit qoymuş insanları, xarici valyuta ilə kredit götürmüş ev təsərrüfatlarını da izləyir.

Ancaq dünya miqyasında devalvasiya təhlükəsindən yaxa qurtara bilən ölkələrə də rast gəlmək mümkündür. Məsələn, qlobal iqtisadi böhranın təsirini minimum həddə endirən Azərbaycan manatı postsovet ölkələri arasında indi ən dayanıqlı valyuta hesab olunur. Bunun nəticəsidir ki, devalvasiyanın digər xarici ölkələr üçün yaratdığı problemlər Azərbaycanda müşahidə edilmir. Qarşıdakı dövr ərzində də Azərbaycan manatının xarici valyutaya nisbətən ucuzlaşması gözlənilmir. Əksinə, dünyanın bir sıra aparıcı valyutası ilə müqayisədə manatın kursunun möhkəmlənməsi müşahidə edilir. Bütün bunlar Azərbaycanın devalvasiya təhlükəsindən də etibarlı qorunduğunu göstərir. O da faktdır ki, hökumət manatın dəyərinin sabit saxlanması üçün kifayət qədər strateji ehtiyatlara malikdir. Bundan başqa, Azərbaycanda devalvasiya probleminin yaşanmaması əhalinin maddi rifah halının daha da yaxşılaşmasına xidmət edən əsas amillərdən biri sayılır. İlk növbədə ona görə ki, xaricdən idxal edilən məhsulların qiymətində heç bir artım yaşanmır.

Qeyd olunanların məntiqi nəticəsi idi ki, Rusiya Mərkəzi Bankının məzənnələr əsasında hesablanan dünya valyutalarının sabitlik reytinqinə dair hesabatında Azərbaycan manatı bölgədə və MDB məkanında ən sabit milli valyutalar sırasında lider mövqedə göstərilmişdi. İlin ilk rübündə açıqlanan hesabatda sözügedən bankın 117 ölkənin ödəniş vasitələrini özündə əks etdirən hesabatında manat 28-ci pillədə qərarlaşıb. Rusiya rubluna qarşı məzənnəsi cari ilin fevralında 21,88 faiz yüksələn manat bu göstəriciyə görə MDB-də birinci, bölgədə isə İran rialından (23,79%) sonra ikinci sabit valyuta sayılmışdı. Milli valyutalar reytinqinin ən aşağı pillələrində isə Ermənistan dramı qərarlaşıb. Son bir il ərzində dramın Rusiya rubluna qarşı məzənnəsi 87,68 faiz enib. Halbuki, həmin dövr ərzində Azərbaycan milli valyutasının məzənnəsi Rusiya rubluna qarşı 50 faiz, ilin ilk rübündə isə 30 faiz artmışdı. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, rubl-manat məzənnəsində manatın lehinə olan dəyişmələr Rusiya və digər MDB dövlətlərindən olan malların Azərbaycana gətirilməsini ucuzlaşdırır və idxalın genişlənməsinə münbit şərait yaradır. Xatırladaq ki, Azərbaycanın xarici ticarətinin təxminən 17 faizi məhz MDB ölkələrinin payına düşür.

Cari ilin ilk 8 ayı ərzində də manat ən dayanıqlı valyutalardan biri kimi çıxış edib. Ümumiyyətlə, qarşıdakı dövr ərzində də manatı hər hansı xarici valyuta ilə müqayisədə devalvasiya problemi gözləmir. İlk növbədə, ona görə ki, Azərbaycanda kifayət qədər güclü monetar siyasət həyata keçirilir, ikinci bir tərəfdən, ölkənin böyük həcmdə valyuta ehtiyatları mövcuddur.

 

Qlobal böhran şəraitində açılan yeni iş yerləri, icra olunan iri investisiya layihələri

 

Qlobal maliyyə böhranının təsirlərini daha geniş şəkildə hiss etdirməyə başlamasından sonra beynəlxalq aləmdə müşahidə olunan neqativ hallardan biri də bəzi dövlətlərdə sosial ixtişaşların meydana gəlməsi oldu. Dünyanın bir çox ölkələrində, məsələn, Rusiyada, Yunanıstanda, İspaniyada və digər dövlətlərdə belə ixtişaşlar qeydə alındı. Aparılan mübarizəyə baxmayaraq, iqtisadçı ekspertlərin böhranla bağlı hələ də nikbin proqnozlar səsləndirməməsi isə bu prosesi bir qədər də gücləndirirdi. Lakin dünyanın bir çox dövlətlərindən fərqli olaraq Azərbaycan sosial sabitlik baxımından da yenə nümunəvi dövlətlərdən biri kimi çıxış etdi və etməkdədir.

Halbuki dünyanın bəzi ölkələrində böhranla bacarmayan hökumətlərin istefaya getmək halları da özünü büruzə verdi. Məsələn, iqtisadi böhran üzündən Latviya hökuməti istefaya getdi və cari ilin fevralın 20-də mərkəz-sağçı Baş nazir İvar Qodmanis kabinetinin istefasını təqdim etdi. Bu kabinet 2007-ci ilin dekabrında təşkil olunmuşdu. Latviya Prezidenti Valdis Zatlers isə yeni hökuməti formalaşdırmaq üçün partiya liderləri ilə müzakirələrə başladı.

Bundan əvvəl isə İslandiyanın Baş nazirinin istefası rəsmən təsdiqləndi. Baş nazir Qeyr Xorde istefa ərizəsini Prezident Olafuru Raqnaruya təqdim edəndən sonra onun istefası qəbul olundu. Həmçinin hökumətin buraxılmasına da prezident razılıq verib. Koalisiya hökumətinin dağılmasına səbəb qlobal maliyyə böhranı nəticəsində İslandiya iqtisadiyyatının tənəzzülə uğraması idi.

Belə bir vaxtda artıq qlobal iqtisadi böhranın ikinci mərhələsinin başlanması, yəni, vəsait çatışmazlığı ilə müşahidə olunan maliyyə böhranının səngiməsi və öz yerini daha ağır olan istehsal böhranına verməsi vəziyyəti bir qədər də ağırlaşdırırdı. Elə bunun nəticəsidir ki, dünyanın əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül və ağır sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında durğunluq yaşanmağa başladı ki, bu hal hələ də özünü qabarıq formada büruzə verməkdədir. Belə vəziyyət isə kütləvi işsizliyə gətirib çıxaran amillər olduğundan və böhran daha çox əməktutumlu sahələrə təsir etdiyindən dünyanın bir çox dövlətlərində kütləvi işsizlik qeydə alınırdı.

Məhz buna görə idi ki, Avropa və Amerikada böhranın başlanmasından sonra rekord göstəricidə işsizlik halları qeydə alınmağa başlamışdı. Hazırda da Qərb dövlətləri işsizliklə bağlı problemləri tam həll etmiş durumda deyillər. Eyni hal bir çox MDB ölkələrində, Çində və dünyanın bir çox dövlətlərində özünü göstərməkdədir. Lakin Azərbaycanda böhran şəraitində nəinki iş yerləri ixtisar olunmuş, əksinə, yeni iş yerləri açılmışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri yaradılmışdır ki, onlardan 25 mini daimidir.

Böhran şəraitində Azərbaycan üçün daha bir fərqləndirici məqam dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında nəinki azalmanın baş verməsi, əksinə, müəyyən artımın qeydə alınması olub. Təkcə bir faktı qeyd edək ki, ixracatı əsasən neft və neft məhsullarından ibarət olan ərəb ölkələri cari ilin ilk yarısında maliyyə böhranı üzündən 3 trilyon dollara yaxın itiriblər. Bunun nəticəsində Fars Körfəzində yerləşən ərəb ölkələrində inkişaf layihələrinin əksəriyyəti ya təxirə salınıb, ya da ləğv edilib. Əsas səbəb isə valyuta ehtiyatlarının azalması və neftin satışından əldə olunan gəlirlərin aşağı düşməsidir. Azərbaycanda isə fərqli vəziyyət hökm sürür. Əsas investisiya layihələrinin icrası davam etdirilir ki, bu isə iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynayır. Bütün bunlar qlobal iqtisadi böhranın təsirinin neytrallaşdırılmasında vacib əhəmiyyət kəsb edir. Nəticədə Azərbaycan dünya dövlətlərinin böyük əksəriyyətindən fərqli olaraq problemin yaratdığı fəsadlardan kənarda qalmağı bacarır. Elə buna görə də, ekspertlər bir məsələdə yekdil mövqedən çıxış edir ki, böhranın davam edəcəyi təqdirdə Azərbaycana təsiri yenə minimal və təhlükə yaratmayacaq həddə olacaq.

 

Davamlı inkişaf edən sənaye

 

Qlobal iqtisadi böhranın ən böyük fəsadlarından biri də özünü sənaye istehsalının azalmasında göstərdi. Məsələn, böhran başlandıqdan sonra dünyanın ən aparıcı avtomobil sənayeləri və şirkətləri böhran qarşısında "diz çökməli" oldu. Bunun nəticəsidir ki, avtomobil sənayesində iş yerlərinin ixtisarı və istehsal həcminin sürətlə azalması baş verdi. Bu sahədə hələ də ürəkaçan mənzərə formalaşmayıb. Qlobal böhranın təsirini davam etdirəcəyi təqdirdə avtomobil satışı ilə bağlı göstəricilərin yenə azalan xətt üzrə inkişaf edəcəyi istisna olunmur.

Belə vəziyyət artıq ABŞ və Avropada ciddi narahatlığa səbəb olub. Aparılan tədqiqatlara görə, Avropada qlobal böhrandan sonra avtomobil satışında son 15 ildə ən sürətli eniş olub. Avropa Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, təkcə 2008-ci ildə satış 7,8 faiz düşüb. Eniş xüsusilə Qərbi Avropa ölkələrində müşahidə olunub. Amerikada da vəziyyət ürəkaçan olmayıb. ABŞ-ın avtomobil nəhəngi "General Motors" ötən ilin dekabrında vəziyyətini düzəldə bilmək üçün hökumətdən 13,4 milyard dollar borc alıb. Lakin bu həcmdə məbləğ də şirkəti qlobal böhranın cəngindən xilas edə bilməyib. Nəticədə təkcə cari ilin martında "General Motors" maşınlarının satışı 52 faiz aşağı düşüb və bununla da, dünyanın ən böyük avtomobil şirkəti mövqeyini Yaponiyanın "Toyota Motor" korporasiyasına verməli olub. Amerikanın avtomobil bazarinin ikinci ən böyük sirkəti olan "Ford Motor"un istehsal etdiyi maşınların satışı da təxminən 40 faiz aşağı düsüb. "Ford Motor" şirkətinin nümayəndələri hesab edirlər ki, satışın aşağı düşməsi Amerikada istehlakçıların böhrandan qorxuya düşməsi, eyni zamanda, avtomobillərin daha da ucuzlaşacağına ümid etməsi ilə bağlı olub. Eyni vəziyyət istehsal etdiyi avtomobillər Azərbaycanda da geniş istifadə edilən Rusiyada müşahidə edilir. Hətta "Lada" və "AtoVaz" istehsalı bir müddət tam dayandırmaq məcburiyyətində qalıb. Ümumiyyətlə, isə, araşdırmalara görə, ötən illə müqayisədə cari il ərzində dünya üzrə avtomobil istehsalında ən azı 18 faiz azalma qeydə alınacaq. Hesablamalara görə, 2009-cu ildə dünyada cəmi 53 milyon minik maşını istehal olunacaq. Müqayisə üçün bildirək ki, ötən il 65 milyon avtomobil buraxılıb.

İstehsalın yenidən bu həddə çatması üçün 4 il vaxt lazım olacaq. Həmçinin əvvəlki dövrlərdən fərqli olaraq avtomobilləri daha aşağı qiymətə əldə etmək mümkün olacaq. Böhranın ən ciddi zərbə vurduğu Amerikada, Avropada və nəhayət, Yaponiyada alıcı qıtlığı və şirkətlərə təcili pul lazım olduğuna görə, avtomobillər sürətlə ucuzlaşır. Yapon iyeninin dollar qarşısında zəifləməsi isə ixrac edilən avtomobillərin qiymətini daha çox aşağı salıb. Yaponiyanın böhran şəraitində böyük itkiyə məruz qalması onun ixracdan yüksək asılılığı ilə izah olunur. Əgər 2008-ci ilin dekabrında bu ölkənin ixracı 35 faiz azalmışdısa (əvvəlki ilin eyni ayına nəzərən), cari ilin yanvarında ixracdakı azalma 46 faizə çatıb. Avtomobil ixracında azalma 69 faiz təşkil edib. Düzdür, sonrakı aylar ərzində vəziyyət nisbətən yaxşılaşsa da, hələ ki böhrandan əvvəlki göstəricilərə çatmaq yaxın perspektivdə inandırıcı görünmür.

Böhran şəraitində Almaniya iqtisadiyyatında da tənəzzül meyillərini qabarıq nəzərə çarpdıran əsas göstərici "sənaye sifarişləri" indeksinin (bu indeks ölkənin perspektiv inkişafını da qiymətləndirən ən vacib göstəricidir) kəskin aşağı düşməsi oldu. Əvvəlki dövrlə müqayisədə 2008-ci ilin son aylarında və cari ilin ilk yarısında bu indeksin səviyyəsi rekord həcmdə azaldı. Eyni hal Avropanın bir çox dövlətlərinin sənaye göstəricilərində də ifadə olundu.

Bununla yanaşı, dünyanın digər bir çox dövlətlərində qida, mədən sənayesində tənəzzüllər qeydə alınıb. Elə indinin özündə də dünyanın sənaye sahəsində hələ də xoşagəlməz bir durum hökm sürməkdədir.

Lakin Azərbaycan böhran şəraitində sənaye istehsalının artımı baxımından da yenə nümunəvi bir dövlət kimi çıxış etməkdədir. MDB Statistika Komitəsinin cari ilin ilk yarısı üçün açıqladığı hesabata görə, postsovet ölkələrində sənaye artımı yalnız Azərbaycan və Özbəkistanda qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında Azərbaycan sənayesində 13,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Sənaye istehsalının 73,8 faizi mədənçıxarma, 20,4 faizi emal və 5,8 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşüb. İstehsalın 91,8 faizi sənaye mallarının, 8,2 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranıb, sənaye məhsulunun 20,8 faizi dövlət müəssisələrində, 79,2 faizi isə özəl bölmədə istehsal edilib. İstehsal olunmuş sənaye məhsulunun 99,97 faizi istehlakçılara göndərilib, müəssisələrin anbarlarında 184,4 milyon manatlıq hazır məhsul qalıb.

Azərbaycan sənayesi üçün fərqləndirici cəhətlərdən biri də bu sferada yeni istehsal sahələrinin yaradılmasıdır. Məsələn, yaxın perspektiv üçün Azərbaycanda tezliklə daha bir nəhəng və kifayət qədər strateji xarakter daşıyan zavodun inşası nəzərdə tutulur. Söhbət ən müasir standartlara cavab verəcək gəmiqayırma zavodunun inşasından gedir. Bununla əlaqədar Azərbaycan artıq uzun müddətdir ki, müvafiq xarici şirkətlərlə danışıqlar aparır. Prezident İlham Əliyev iyulun 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında bununla bağlı bildirib: "Növbəti illər ərzində həm Xəzər Dəniz Gəmiçiliyi üçün, həm də Dövlət Neft Şirkətinin donanması üçün çoxsaylı gəmilər - yük gəmiləri, tankerlər alınmalıdır. Məhz bu məqsədlə artıq bir neçə ildir, xarici şirkətlərlə danışıqlar aparılır ki, Azərbaycanda - Bakıda ən müasir standartlara cavab verən gəmiqayırma zavodu tikilsin. Artıq xarici investorlar da seçilib və onlarla bərabər Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət İnvestisiya Şirkəti də bu işlərdə iştirak etməlidir. Elə etmək lazımdır ki, gələn ildən biz gəmiqayırma zavodunun tikintisinin başlanmasına nail olaq, qısa müddət ərzində bunu yaradaq".

Azərbaycanın ən müasir standartlara cavab verən yük gəmiləri, tankerlər istehsal etməsi bir çox məqamlar baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Əvvəla, qeyd olunduğu kimi, bu, ölkəmizdə yeni istehsal sahəsinin və iş yerlərinin açılmasına xidmət edir. İkincisi, Azərbaycan sözügedən zavodun inşasından sonra xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac duymayacaq və onlara olan tələbat yerli istehsal hesabına ödəniləcək. Digər tərəfdən, Xəzərdə yükdaşımaların artan xətt üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı daha da artırır ki, Azərbaycan həmin tələbatı qarşılamaq üçün bəri başdan lazımi addımlar atır.

Bir sıra digər sahələr üzrə də Azərbaycan digər MDB dövlətləri üçün qibtə edilə biləcək göstəricilər nümayiş etdirir. Məsələn, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına görə də MDB ölkələri arasında liderlər cərgəsindədir. Dünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları" adlanan 2008-2009-cu ilin ilk aylarını əhatə edən hesabata görə, İKT-nin inkişaf tempinə əsasən, Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutub, MDB ölkələri arasında isə lider olub.

Bu nüfuzlu beynəlxalq təşkilatın reytinqində Azərbaycan 68 göstəricidən 24-ü üzrə hətta dünyanın 50 ən yaxşı dövlətinin siyahısındadır. Hesabatın ümumi nəticəsinə əsasən, Azərbaycan Filippin, İndoneziya, Meksika, Misir, Polşa, Türkiyə kimi inkişaf etmiş ölkələri qabaqlayıb.

Hesabatda dövlətlər ölkənin texniki yeniliklərə dair meyli, yüksək texnologiyaların biznes və dövlət sektorunda tətbiqi səviyyəsi, şəbəkə infrastrukturunun inkişafı, eləcə də fiziki və hüquqi istifadəçilərə təqdim olunan İKT xidmətlərinin sayı və keyfiyyəti kimi amilləri əsasında qiymətləndirilib. Hesabatın hazırlanmasında məqsəd internet şəbəkəsinin inkişafına təsir edən amilləri müəyyən etmək, informasiya texnologiyalarının inkişafında biznes infrastrukturu və nizamlanma amillərini təhlil etmək olub. Hesabat həmçinin ölkələrin ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik potensialını əks etdirib.

Bütün bunlar Azərbaycanın qlobal böhran şəraitində belə sürətli inkişaf yolunda olduğunu əyani şəkildə nümayiş etdirməkdədir. Artıq özünəməxsus iqtisadi uğur və inkişaf modelinin əsasını qoymuş Azərbaycan bununla da dünya dövlətləri üçün örnəyə çevrilir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 6.