Repressiyaya məruz qalan alimlər
İnsanların "əksinqilabçı",
"trotskiçi", "casus", "millətçi",
"üsyançı" kimi müxtəlif ittihamlarla
kütləvi şəkildə öldürülməsi
Stalin, Beriya və onların ətrafındakılarının
bütün SSRİ-də həyata keçirdikləri dəhşətli
bir siyasət olmuşdur. SSRİ-də 1575259 adam həbs
olunmuşdur. Bunlardan 173382 nəfəri guya "əksinqilabi"
iş apardığına görə cəzaya məruz
qalmışdır, 1344923 nəfər məhkum edilmiş,
681692 nəfər isə güllələnmişdir.
Azərbaycan da bu cəza prosesindən kənarda qalmamışdı. Həmin illərdə xalqımız faktiki olaraq millətin intellektual sərvətini təşkil edən parlaq simalardan, bütöv bir nəsildən məhrum edilmişdi. Bu, həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi.
Arxiv məlumatına görə, 1934-cü ildən 1939-cu ilə qədər 27458 nəfər əksinqilabi və "antisovet" fəaliyyətinə görə cəzalandırılmışdır. Qeyd edək ki, ən çox cəzaya məruz qalanlar "trotskiçi", "əksinqilabçı millətçi", "üsyançı" adı ilə həbs olunanlardır. Ümumiyyətlə, repressiya illərində respublika ərazisindən 100 minə yaxın Azərbaycan ziyalısı, sovet və partiya işçisi, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Ürəkağrıdıcı faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları içərisində birinci yerdə durmuşdu. Sonrakı yerlərdə Özbəkistan, Ukrayna və RSFSR idi. MTN-nin arxiv sənədlərindən aydın olur ki, "qırmızı terror" dövründə cəzaya məruz qalanların sayına görə 1937-1938-ci illər xüsusilə fərqlənmişdir.
Bakı Dövlət Universiteti də bu repressiyalardan kənarda qalmamışdı. Respublikanın qabaqcıl elm və təhsil müəssisəsindən 60-a qədər professor, elmi işçi və müəllim, 20-dək tələbə təqib, təzyiqə məruz qalmış, güllələnmişdi.
O ağrılı-acılı illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edən Tağı Abbas oğlu Şahbazi (1926-1929-cu illər), Maqsud Məmməd oğlu Məmmədov (1929-1930-cu illər), Məmmədkazım Ələkbər oğlu Ələkbərov (1934-1935-ci illər), Balabəy Cabbar oğlu Həsənbəyov (1935-1937-ci illər) həbs edilmişdilər.
Həmin dövrdə universitetin iki - Şərq və tarix fakültələrinin dekanları da repressiyaya məruz qalmışlar.
Elmi əsərlərinin
dəyəri Azərbaycanın sərhədlərindən kənarda
da kifayət qədər tanınıb qəbul edilən
professorlar B.Çobanzadə və Ə.Qubaydullin kimi şəxslər
BDU-nun Şərq fakültəsinə rəhbərlik
etmişlər. Onlar ölkədə bütöv bir şərqşünaslar
nəslinin yetişməsində əvəzsiz xidmət
göstərmişlər.
1934-cü ildə BDU
dörd illik fasilədən sonra yenidən təşkil olunub
fəaliyyətə başlayanda tarix fakültəsinin
dekanı vəzifəsinə görkəmli tarixçi alim,
professor B.N.Tixomirov təyin olunmuşdu.
Təəssüf ki,
Tixomirov da digər dəyərli alimlərimiz kimi,
repressiyanın günahsız qurbanlarından birinə
çevrilmişdi.
Qeyd edək ki, BDU-da ən
çox repressiyaya məruz qalan tarix fakültəsi
olmuşdur. Buranın dekanı professor B.N.Tixomirovla
yanaşı, dekan müavinləri dosent Baba Əsgərov və
dosent H.Biləndərli də günahsız yerə güllələnmişlər.
Fakültənin əməkdaşlarından professorlar
A.Bukşpan, Nikolayev və başqalarının da ömrü
yarımçıq qırılmışdı.
1937-ci ildə BDU-nun
rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra
onun başçılıq etdiyi Siyasi iqtisad
kafedrasının qara günləri başlamışdı. Müəllimlərdən
professorlar Çiçikalov, Safranoviç, dosent Əli Məmmədbəyov,
İsrafil Axundov və başqaları cəza
maşınının qurbanına çevrildilər.
BDU-nun kitabxanası da
yaddan çıxmamışdı. 1937-ci il oktyabrın 7-də
universitetin əsaslı kitabxanasının direktoru Ağamir Məmmədov
"Azərbaycan əksinqlabi millətçi təşkilatın
üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə
qarşı mübarizə metodlarından biri kimi fərdi
terrorun tətbiq edilməsi mövqeyində dayanmış,
habelə kapitalist dövlətlərinin nümayəndələri
ilə əksinqilabi əlaqə saxlamış, onları Azərbaycan
SSR-dəki vəziyyətlə bağlı xəbərlərlə
məlumatlandırmışdır" kimi cəfəng
iddialarla həbs edilib güllələnmişdir. BDU-nun elmi
katibi, dosent Əli Məmmədbəyov, partiya təşkilatının
katibi Əbdül Yusifov da talesiz şəkildə nəsibini
alanlardan olmuşlar.
Repressiyaya təkcə təhsil
ocağının müəllimləri deyil, tələbələri
də məruz qalmışlar. Bu dövrdə 20 nəfərə
yaxın tələbə əsassız yerə istintaqa cəlb
edilərək qorxudulmuş, təqib edilmiş, sürgünə
göndərilmiş və ya güllələnmişdi. Bu
baxımdan tarix fakültəsinin tələbələri
repressiya sarsıntılarını daha çox
keçirmişlər.
Repressiyaya məruz qalan
Azərbaycanın ən dəyərli ziyalılarından biri
də Məmmədov Maqsud Məmməd oğlu olmuşdur. 1897-ci
ildə İrəvan şəhərində kəndli ailəsində
dünyaya göz açan M.Məmmədovu 1920-ci ildən rəhbər
partiya işlərinə irəli çəkməyə
başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan
SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə
Maliyyə Komissarlığında və s. yerlərdə
işləmişdir. 1929-cu ildə Bakı Dövlət
Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə
çalışmışdır. M.Məmmədov 1930-1931-ci
illərdə Azərbaycan SSR xalq maarif komissarı,
1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək
vəzifələrdə çalışmışdı. Lakin
M.C.Bağırovun Azərbaycana rəhbər təyin
olunması ilə bu görkəmli dövlət və elm
xadiminin də təqibi başlamışdı. O, dialektik və
tarixi materializmə, SSRİ-də milli məsələlərin
həllinə və s. aid xeyli sayda marksizm-leninizm
metodologiyası mövqeyindən məqalə
yazmışdı. 1937-ci ildə M.Məmmədov
günahsız yerə həbs edilib güllələndikdən
sonra həmin məqalələr məhv edilmiş və
itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən
sonra bəraət almışdır.
Repressiyaya məruz
qalanlardan biri də həbsi zamanı Bakı Dövlət
Universitetinin rektoru vəzifəsini daşıyan Balabəy
Cabbar oğlu Həsənbəyov olmuşdur.
B.Həsənbəyov
1920-ci illərdə partiya, sovet orqanlarında
çalışmışdır. Moskvada Qırmızı
Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında
yaxından iştirak etmişdir. İqtisadi nəzəriyyə
(sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad
adlanırdı) sahəsində respublikanın görkəmli
alimlərindən biri idi. B.Həsənbəyov rektor olmaqla
yanaşı, BDU-nun Siyasi iqtisad kafedrasına da
başçılıq etmişdir. O, təşkilatçı
alim, yaxşı maarif işçisi kimi Azərbaycanın
hüdudlarından kənarda da tanınan, qəbul edilən
şəxslərdən olmuşdur. 1937-ci il yanvarın 7-də
B.Həsənbəyov gözlənilmədən həbs
edilmiş və güllələnmişdir.
1937-ci il yanvarın 28-də
Azərbaycan SSR Xalq Daxili İşlər
Komissarlığında (XDİK) Balabəy Cabbar oğlu Həsənbəyov
haqqında tərtib olunmuş arayışda göstərilmişdir
ki, guya alim müxtəlif məsələlər üzrə
partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi
böhtanlar atmışdır.
Bakı Dövlət
Universitetinin tarix fakültəsinin dekanı, görkəmli
tarixçi, Qırmızı Professorlar İnstitutunun
keçmiş məzunu, professor B.N.Tixomirov həbs edildikdən
sonra ona işgəncə tətbiq etməklə B.Həsənbəyovun
əleyhinə ifadələr almışlar. Bu ifadələrdən
birində göstərilirdi ki, B.Həsənbəyov əksinqilabi
trotskiçilərdən Tağıyev, Bədəlbəyli,
Nikolayev, Safranoviç və digərlərini himayə
etmiş, 1936-cı ildə Marksizm-Leninizm İnstitutunun
işçilərinin və tələbələrinin partiya
iclasında əksinqilabi trotskiçi kimi
çıxış etmişdir. Bundan başqa, guya XDİK-ə
məlum olmuşdur ki, rektor universitetdə millətçi əhvali-ruhiyyəli
şəxslərdən - Ağamir Məmmədov, Heydər
Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə
düzəltmişdir.
eləliklə, bu
cür saxta ittihamları əsas götürən Azərbaycan
SSR XDİK-in Dövlət Təhlükəsizliyi İdarəsinin
(DTİ) müstəntiqi, leytenant M.Şer tərtib etdiyi
arayışda göstərirdi ki, "B.C.Həsənbəyov
həbs edilməli və Azərbaycan SSR CM-in 72,73-cü maddələri
üzrə cinayət məsuliyyətinə cəlb
olunmalıdır". Maraqlıdır ki, yüzlərlə
günahsız adamın güllələnməsinə baiskar
olmuş bu əliqanlı müstəntiq özü də
sonralar "humanist sovet" istintaqının qurbanı
olmuşdur.
Bolşevik müstəntiq
professora böhtan dolu ittihamı asanlıqla qəbul etdirə
bilmədiyindən istintaqın müddətini iki dəfə
artırmışdır. O, bu qərarını belə əsaslandırmışdır:
"B.C.Həsənbəyov əksinqilabi trotskiçi təşkilatın
üzvü olub ÜİK (b)P-yə və sovet hökumətinə
qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə
silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni
cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində
durmuşdur". Bundan sonra, 1937-ci il aprelin 16-da B.Həsənbəyov
partiya sıralarından çıxarılmışdır. O
dövrdə bu, əslində, ölüm hökmü demək
idi.
1937-ci il yanvarın 29-da
birinci istintaq keçirilmişdir. Bu zaman siyasi iş
üstündə həbs edilənlərin hamısından
olduğu kimi, B.Həsənbəyovdan da ənənəvi sual
soruşulmuşdu:
Sual: "İstintaqa aydın olmuşdur ki, siz əksinqilabi
millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?"
Cavab: "Mən
heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın
üzvü olmamışam. Həmişə əksinqilabi millətçiliyə
qarşı mübarizə aparmışam".
Qeyd edək ki, B.Həsənbəyov
rəsmi mənbələr deyərkən qəzetlərdə
dərc olunan məlumatları nəzərdə tutmuşdu. O
dövrdə mətbuatda tez-tez fəhlələrin, kənd və
elm adamlarının, sağıcıların,
çobanların, pambıqçıların xalq düşmənlərini
pisləyən kollektiv və ya fərdi məktubları,
müraciətləri dərc olunurdu.
Müstəntiq B.Həsənbəyovun
cavabları ilə kifayətlənməmiş, ona yeni bir sual
vermişdi.
Sual: "Əksinqilabçı
milətçilərdən kimləri
tanıyırsınız?"
Cavab: "Rəsmi mənbələrdən
mənə məlum idi ki, milli təmayülçülüyə
görə V.Xuluflu, Əyyub Xanbudaqov, Həbib Cəbiyev,
Möhsüm Qədirli, S.Əfəndiyev, B.Talıblı həbs
olunmuşlar".
Bu cavab müstəntiqi
qane etmədiyindən ondan istintaqdan gizlənən,
azadlıqda qalan adamlardan kimləri
tanıdığını soruşmuşdu. B.Həsənbəyov
isə öz növbəsində, "Mən gizlənən əksinqilabi
millətçilərdən heç kəsi
tanımıram... heç bir qeyri-leqal əksinqilabi iş
aparmamışam və bunu mənə on milyonlarla adam desə
də, inanın ki, yalandır", - deyə cavab vermişdi.
Açıqdan-açığa
görünürdü ki, birinci istintaqdan 12 gün sonra,
1937-ci il fevralın 10-11-də ikinci istintaqı keçirən
müstəntiq B.Həsənbəyova təzyiqi daha da
artırmışdı. Belə ki, o, keçmiş rektoru
inadkarlıq edərək istintaqı aldatmaqda, səmimi
olmamaqda, müqavimət göstərməkdə ittiham edib
soruşmuşdu: "...Siz düz
danışmırsınız və istintaqı aldatmağa cəhd
edirsiniz. İstintaqa müqavimət göstərməyin və
istintaqı məcbur etməyin ki, sizi digər ifşa olunan
müttəhimlərin ifadələri ilə ifşa etsin. Məsləhət
görürəm ki, hərəkət tərzini dəyişib
səmimi olasınız, həqiqəti söyləyəsiniz".
Cavab: "...Mən
istintaqı aldatmıram və bildiklərimin
hamısını söyləyirəm". Sonra müstəntiq
"SSRİ-də elm cəbhəsinin vəziyyətilə
bağlı əksinqilabi trotskiçi görüşlər
barədə sizə kim demişdir?" deyə
soruşmuşdu. İstintaq materiallarından aydın
göründüyü kimi, B.Həsənbəyov təmkinini
pozmadan bu suala da: "Xatırlamıram. Belə ki, bu cür
görüşlər haqqında mənə heç kim bir
söz deməyib" - cavabını vermişdi.
1937-ci il aprelin 5-də
növbəti istintaq zamanı müstəntiq ona
axtarış zamanı evindən əksinqilabçı
Trotskinin əsərlərindən götürülmüş
sitatlar tapıldığını söyləyib onun kim tərəfindən
yazıldığını, hansı məqsədlə evində
saxladığını soruşmuşdu. O isə cavabında
demişdi: "Özüm yazmışam... Bunlar mənə
1931-ci ildə yazdığım "Azərbaycanda
işçi qüvvəsinin təkrar istehsalı problemi"
adlı elmi işim üçün lazım olmuşdur". Təbii
ki, işin belə gedişi müstəntiqi qane etməmişdi.
Ona görə o, bu dəfə sovet rejimində çox istifadə
edilən bir vasitəyə əl atıb söyləmişdi:
"Cavabınız bizi qane etmir... Bizə məlumdur ki, siz
1936-cı ilin əvvəllərində Marksizm-Leninizm
İnstitutunda keçirilən partiya
yığıncağında xalqımızın rəhbəri
Leninə və Stalinə qarşı əksinqilabi
çıxışlar etmisiniz. Bunu boynunuza
alırsınızmı?"
(Ardı var)
Boran ƏZİZ,
Bakı Dövlət Universitetinin tarix
fakültəsinin dosenti, tarix elmləri
namizədi
Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 7.