BDU-nun Elmi kitabxanasının 90 illik tarixi tədqiq edilmişdir

 

Tarix elmləri doktoru, professor Abuzər Xələfovun "Bakı Dövlət Universitetinin Elmi kitabxanası 90 il elm və təhsilin xidmətində" adlı monoqrafiyası "Bakı Universiteti" nəşriyyatında çapdan çıxmışdır. Monoqrafiya Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr edilmişdir. İlk dəfə nəşr olunan və beş fəsildən ibarət bu kitabda BDU-nun Elmi kitabxanasının 90 illik tarixi əhatəli tədqiq edilmişdir.

Monoqrafiya respublikamızın mədəniyyət tarixçiləri, kitabxana ictimaiyyəti, müəllimlər, ali və orta ixtisas məktəblərində kitabxanaşünas - biblioqraf ixtisasına yiyələnən magistr və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu.

Kitab ulu öndər Heydər Əliyevin kitabxana haqqında dediyi dəyərli fikirlə başlayır: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Müəllif BDU-nun Elmi kitabxanasının fəaliyyətinə, kitab fondunun qədimliyinə, zənginliyinə və oxuculara yüksək səviyyədə xidmət məsələlərinə məhz bu aspektdən yanaşmış, uğurlu araşdırmalar apararaq maraqlı nəticələr əldə etmişdir. Bu çap məhsulunda kitabxana həyatını əks etdirən rəngli fotoşəkillərin verilməsi, deyilənləri əyani şəkildə bir daha oxucuların nəzərinə çatdırır.

Monoqrafiyanın redaktoru pedaqoji elmlər namizədi, dosent Knyaz Aslan və tarix elmləri namizədi, dosent Nuru Məmmədov, rəyçi BDU-nun Elmi kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Sara İbrahimovadır.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 11.