İnformasiya və inkişaf

 

İnformasiya hər hansı fakt, hadisə, təzahür, obyekt və s. haqqında məlumat demək olsa da, əslində, həyatımızın bütün sahələrini əhatə etməklə daha geniş aspektə malikdir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda xüsusi qeyd olunur ki, yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar informasiya hesab oluna bilər. İctimai informasiya dedikdə isə, qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər nəzərdə tutulur.

Göründüyü kimi, informasiyanın əhatə dairəsi çox genişdir. Araşdırmalar göstərir ki, istənilən fəaliyyətin uğurlu alınması çox vaxt operativ informasiyanın əldə edilməsi ilə bağlı olur. Həyatda bütün hökmlər, o cümlədən dövlət səviyyəsində və ya xırda bir ailə mühitində qəbul edilən qərarlar o vaxt düzgün və effektiv olur ki, onların kökündə vaxtında əldə olunmuş və hərtərəfli analiz edilmiş informasiya dursun.

Təbiətdə ilk informasiya, çox güman ki, təkamül prosesləri nəticəsində cansız sistemlərin canlı sistemə keçidi ilə əmələ gəlmiş və bu informasiya genetik formada olmuşdur. Genetik informasiya nəsildən-nəslə ötürülərək orqanizmlərin strukturlarının və davranışlarının formalaşmasında mühüm rol oynamışdır. Somatik təkamül, yəni, bədənin tədrici inkişafı adlanan bu proseslərdə orqanizmlərdə maddələr və enerji mübadiləsi ilə yanaşı xarici mühitdən gələn siqnalları qəbul etmək və onlara cavab vermək qabiliyyəti də formalaşmağa başlamışdır.

Şifahi nitq əmələ gəldikdən sonra informasiya dil vasitəsilə ötürülməyə başlandı. Müxtəlif səslərin (incə, qalın, kar, cingiltili) kombinasiyasından əmələ gələn sözlər vasitəsilə insanlar öz fikirlərini, hisslərini, biliklərini, gördüklərini və s. informasiyaları daha qısa şəkildə çatdırırdılar. Şifahi nitqin yaranması ilə nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. kimi qədim folklor və xalq ədəbiyyatı nümunələri də meydana çıxmışdır. İnformasiyanın miqdarı artdıqca onun dil vasitəsilə ötürülməsi getdikcə çətinləşirdi. Çünki informasiya daşıyıcısı rolunu oynayan insan yaddaşı günü-gündən artan informasiyanı saxlamaq və ötürmək üçün kifayət etmirdi, həm də az-az işlədilən məlumatlar tədricən yaddan çıxır, ya da qorxu, emosional və həyəcanlı anlarda təhrif olunmuş formaya düşürdü. Ona görə də bu əməliyyatları aparmaq üçün yeni metodun yaradılmasına ehtiyac duyulurdu.

Şumerlərin təxminən 5-6 min il bundan əvvəl kəşf etdiyi yazı, sözün həqiqi mənasında, cəmiyyətdə birinci informasiya inqilabı etdi. Yazı nəticəsində bilik və məlumatların maddi daşıyıcılar üzərində həkk edilməsi informasiyanın ilkin mənbədən ayrılaraq nəsildən-nəslə ötürülməsinə yol açdı. Maddi daşıyıcı kimi aşılanmış heyvan dərisi, qamışdan, papirusdan hazırlanmış lülə halında bükülmüş kağız, gil və taxta lövhə, tozağacı qabığı, qaya daşları, parça və s. istifadə olunurdu. İnformasiyanın yazı formasında ötürülməsi poçt rabitəsini meydana çıxardı. İlk poçt rabitəsi xüsusi öyrədilmiş quşlar (göyərçinlər) və qasidlər (çaparlar) vasitəsilə həyata keçirilirdi. Bu üsul qədim yurdumuzda da geniş yayılmışdı. Belə ki, Qazan xan, Şah İsmayıl Xətai və digər Azərbaycanın məşhur hökmdarları etibarlı müdafiə, kəsərli hücum və qələbə naminə informasiyanın operativ ötürülməsinin və qəbulunun vacibliyini düzgün qiymətləndirərək ölkədaxili və kənar ərazilərdə xüsusi rabitə məntəqələri yaradaraq onlardan düşmənin mövqeyi və hərəkəti barədə qiymətli məlumatlar alırdılar.

Yazı yarandıqdan sonra informasiya simvolları (rəqəm, hərf, durğu işarələri) müxtəlif dəyişikliklərə məruz qalmış və nəticədə piktoqrafik, ideoqrafik, epiqrafik, şəkilli heroqlif (bu günə kimi bir neçə Asiya ölkəsində işlədilir), mixi yazılar təkmilləşərək sonda əlifba yazını əmələ gətirmişlər. Riyazi simvolları ifadə edən rəqəmli informasiyanın təqdimolunma sistemi də təkmilləşdirilmişdir (Vavilyonda pozisiya hesablama sistemi, rum hesablama sistemi, ərəb rəqəmləri). Qeyd etmək lazımdır ki, keçmiş informasiya simvollarının əksəriyyətinə Azərbaycanın tarixi abidələrində, arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində rast gəlmək olar. XIX əsrin sonunda Qarabağda Xocalı kurqanlarının birində üzərində e.ə. XIV-XIII əsrlərdə yaşamış Assuriya hökmdarı I Adadnirarinin mixi yazı ilə yazılmış adı olan bir muncuq tapılmışdır. Bu tapıntı vasitəsilə Azərbaycanda tunc dövrü tarixini müəyyən qədər dəqiqləşdirmək mümkün olmuşdur. Nisbətən yaxınlarda Naxçıvanın Şərur rayonunun Oğlanqala yaşayış yerində arxeoloqlarımızın amerikalı mütəxəssislərlə apardığı birgə tədqiqatlar nəticəsində tapılmış iki saxsı parçasının üzərində e.ə. VIII-VII əsrlərə aid qədim mixi yazıları aşkar edilmişdir. Biri "şəhər", digəri isə "qurdum" sözü olan bu yazılar Azərbaycan ərazisində yaşamış tayfalara aid olmaqla bərabər, həm də alimlər üçün o dövrlərin tarixini və mədəniyyətini öyrənmək baxımından çox qiymətli tapıntılardır. Bundan əlavə, Qobustanda, Qazaxda, Gədəbəydə, Abşeronda, Kəlbəcərdə, Naxçıvanda, Gəmiqayada qeydə alınmış qayaüstü təsvirlərdə, demək olar ki, qədim dövrlərin əksər yazı nümunələrinə, ən çoxu isə piktoqrafik yazılara rast gəlmək olar. Bizim eradan əvvəlki minilliklərdən başlayaraq orta əsrlərə qədər müxtəlif dövrləri əhatə edən qayaüstü rəsm və təsvirlər yalnız forma müxtəlifliyi ilə deyil, həmçinin mövzu baxımından çox zəngin olmaqla qədim insanların həyat və yaşayış tərzindən çox dəyərli informasiyalar verir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş səhnələri, müxtəlif rituallar, inanclar və s. öz əksini tapmışdır. Çox fərəhli haldır ki, son illər Heydər Əliyev Fondunun dəstəyi və həmin fondun prezidenti Mehriban xanım Əliyevanın şəxsi rəhbərliyi altında Azərbaycanın zəngin mədəni-mənəvi irsinin qorunması, öyrənilməsi, bərpası və təbliği istiqamətində həyata keçirilən kompleks tədbirlərin məntiqi nəticəsi olaraq xalqımızın məşhur tarixi abidələrinin, qədim mədəniyyət nümunələrinin adları artıq dünya mədəni irsi siyahısına daxil edilmiş və hazırda onlar öz orijinallıqları ilə dünya mədəniyyəti xəzinəsində çox diqqətəlayiq yer tutur.

Yazının kəşfi həm də qiymətli fikirlərin, biliklərin, nəsihətlərin kitab şəklinə salınıb nəsildən-nəslə ötürülməsinə də yol açmışdır. Dünyada ən qədim kitab nümunələrindən biri məhz Azərbaycanda qeydə alınmış və müəllifliyi e.ə. VI əsrdə Zərdüşt peyğəmbərə aid edilən "Avesta" hesab olunur. Çox təəssüf ki, xalqımızın mifoloji dünyagörüşünün mühüm cəhətlərini özündə əks etdirən bu qədim əsər e.ə. IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən yandırılmış və sonradan, böyük çətinliklə də olsa, onun müəyyən hissələri yaddaşlardan toplanaraq pəhləvi dilinə tərcümə edilmişdir. Xalqımıza məxsus digər qədim əsərlərin də yadellilər, düşmənlər, basqınçılar tərəfindən məhv edilməsi həmin kitablar haqqında məlumatların tamamilə itməsi ilə nəticələnmişdir. Bu günə gəlib çatmış qiymətli kitablardan xalqımızın ulu dastanı "Kitabi-Dədə Qorqud"u, böyük alim Nəsirəddin Tusi, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Füzuli kimi ölməz söz ustadlarının əsərlərini göstərmək olar. Bütün bu qədim əsərlərin qorunub saxlanılmasında və bizə gəlib çatmasında, şübhəsiz ki, kitabxanaların böyük rolu olmuşdur. Ona görə kitabxanalar da çox qədim tarixə malikdir. VII əsrdə Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə, Gəncə, Şamaxı, Naxçıvan, Ərdəbil, Təbriz, Beyləqan və digər şəhərlərdə yaradılmışdır. XII əsrdə Gəncədə "Dar-əl kitab" adlı böyük kitabxana, XIII əsrdə isə Təbrizdə Qazan xanın sarayında zəngin kitabxana yaradılmışdır. Azərbaycanın məşhur elmi kitabxanalarından biri isə Nəsirəddin Tusinin bilavasitə rəhbərliyi və iştirakı ilə 1258-61-ci illərdə yaradılmış Marağa rəsədxanasının kitabxanası olmuşdur. Sonrakı əsrlərdə I Şah İsmayıl Xətai kitabxana fəaliyyətini daha da inkişaf etdirmiş, onun hökmranlığı dövründə Təbrizdə, Ərdəbildə çox qiymətli əsərlərlə zəngin xüsusi kitabxanalar yaradılmışdır. Bunlardan əlavə, keçmişdə ölkəmizdə şəxsi kitabxanalar da geniş yayılmışdır. Orta əsrlərdə Bəhmənyara, Xətib Təbriziyə, Xaqaniyə, Nizamiyə, XVIII əsrdə Pənah xana, XIX əsrin tanınmış ziyalılarından Abbasqulu ağa Bakıxanova, Mirzə Fətəli Axundova, Məmmədqulu Kəngərliyə və digər görkəmli şəxslərə məxsus kitabxanalar zəngin olmuşdur.

XV əsrdə almaniyalı mütəxəssis İohan Qutenberqin çap üsulunu kəşf etməsi cəmiyyətdə ikinci informasiya inqilabı etdi, bununla da informasiyanın çoxaldılmasına, yayılmasına, insanların informasiya mənbələrinə girişinə daha əlverişli şərait yarandı. Əvvəllər cəmi bir neçə nüsxə olan, özü də əllə yazılmış qiymətli kitabların çap maşınlarında çoxaldılması geniş oxucu kütləsinə klassiklərin, mütəfəkkirlərin, alimlərin əsərləri ilə tanış olmaq imkanı verdi. Məsələn, Azərbaycanın dahi alimi Nəsirəddin Tusinin 1248-ci ildə işıq üzü görən, əlyazma halında olan həndəsə və cəbr üzrə ən yaxşı dərslik hesab edilən "Təhriri-Oqilidis" əsəri 1598-ci ildə Romada, latın dilinə tərcümə edildikdən sonra 1657-ci ildə Londonda çap üsulu ilə yenidən nəşr edilmiş və həmin dərslik XIX əsrə qədər Avropa, Asiya və Şərq ölkələrinin məktəblərində geniş tədris olunmuşdur.

Çapçılığın inkişafı XVII əsrdə Avropada dövri mətbuatın yaranmasına və jurnalist nəslinin yetişməsinə güclü təkan verdi. Dünyada baş verən hadisələri vaxtında araşdırıb qəzet və jurnal vasitəsilə operativ, düzgün və qərəzsiz işıqlandırmaq jurnalistlərin əsas vəzifələrindən biri oldu. Cəmiyyətin informasiyalaşdırılmasında dövri mətbuatın və jurnalist əməyinin çox böyük rol oynadığını görən Azərbaycan maarifçiliyinin böyük nümayəndəsi Həsən bəy Zərdabinin gərgin əməyi sayəsində 1875-ci il iyul ayının 22-də "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycanda ilk milli, dövri demokratik mətbuatın əsası qoyuldu.

Çapçılığın kəşfindən təxminən 400 il sonra, Samuel Morzenin hazırladığı xüsusi qurğudan istifadə etməklə dünyada ilk dəfə olaraq 1844-cü il mayın 24-də Vaşinqton və Baltimor şəhərləri arasında 64 km uzunluğunda çəkilən elektrik teleqraf xətti üçüncü informasiya inqilabının əsasını qoydu. 1865-ci il may ayının 17-də həmin dövrün teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək məqsədilə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzaladılar. Teleqrafın ardınca 1876-cı ildə telefon, 1895-ci ildə radio ixtira edildi, elə həmin il də kinematoqrafiya yarandı. Televizorun ixtirası isə bir qədər sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. Yeni kütləvi informasiya vasitələri informasiyanın yayılma dərəcəsini və onun əhatə dairəsini xeyli genişləndirdi və insanlar dünyada baş verən hadisələr, yeniliklər və s. haqqında operativ məlumatlar almağa başladılar. Qeyd etmək lazımdır ki, bütün bu kəşflər Azərbaycanda da uğurla tətbiq edilmişdir. Respublikamızda 1864-cü ildə Stavropol-Bakı-Tiflis, sonradan isə 1868-ci ildə Tiflis-Gəncə ilk teleqraf xətti çəkilmişdir. İlk telefon xətti 1881-ci ildə "Qafqaz və Merkuri" Gəmiçilik Cəmiyyəti tərəfindən yaradılsa da, həmin ilin noyabr ayının 23-də "Nobel qardaşları" Cəmiyyətinin kontoru ilə cəmiyyətin sədr və baş mühəndisinin evlərini əlaqələndirən 6 km uzunluğunda telefon xətti rəsmən birinci hesab olunur.

Radio qurğusu 1924-cü ildə Bakıda quraşdırılmış, 1926-cı il noyabrın 6-da isə ilk radiostansiya fəaliyyətə başlamışdır. İlk televiziya verilişi 1956-cı il fevralın 14-də efirə çıxmışdır. Ölkəmizdə kino sənətinin tarixi yerli mövzuda çəkilmiş bir neçə sənədli filmin 1898-ci ilin avqustun 2-də nümayiş etdirilməsi ilə başlamış və elə həmin gün də milli kinematoqrafiya günü kimi qeyd edilir. Kökləri qədim dövrlərə gedib çıxan Azərbaycan milli teatr sənətinin tarixi isə görkəmli mütəfəkkir M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası əsasında 1873-cü il martın 10-da Bakıda səhnəyə qoyulmuş tamaşa ilə başlanır.

XX əsrin ortalarından başlayaraq kibernetikanın, informasiya nəzəriyyəsinin sürətlə inkişafı və elektron hesablama maşınının, mikroprosessorun kəşfi, kompüterin meydana çıxması, telekommunikasiya və əlaqə şəbəkələrinin yaradılması dördüncü informasiya inqilabının əsasını qoydu. Yeni informasiya texnologiyalarının ictimai fəaliyyətə tətbiqi informasiyanın elektron formada hazırlanmasına, emalına, ötürülməsinə, toplanmasına və mühafizəsinə imkan yaratdı. Ötən əsrin 60-cı illərində ABŞ-ın Müdafiə Nazirliyinin hərbi məqsədlər üçün etibarlı rabitə sistemi yaratmaq qərarı isə bugünkü internetin əsasını qoydu. 1969-cu ildə qurulmuş ARPANET adlanan kiçik kompüter şəbəkəsi sonradan genişləndirilərək 1990-cı illərdə bütün dünyanı əhatə edən World Wide Web (Ümumdünya Hörümçək Toru) qlobal şəbəkə sisteminə çevrildi.

İnternetin ölkəmizə ilk gəlişində isə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun mühüm rolu olmuşdur. Məhz 1991-ci ildə bu elm ocağının ilkin bazası olan Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində respublikamızda ilk dəfə olaraq internetin Azərbaycan seqmenti qurulmuş və xarici ölkələrlə elektron məktub mübadiləsi edilmişdir. Lakin o vaxtın məlum hadisələri ölkəmizdə internetin genişləndirilməsinə imkan verməmiş və yalnız 1995-ci ildən başlayaraq respublikamızda qlobal şəbəkənin inkişafı geniş vüsət almağa başlamışdır.

XX əsrin sonlarında internetin sürətli inkişafı və baş verən ictimai proseslər isə elektron inqilab adlanan beşinci informasiya inqilabının əsasını qoydu. Elektron inqilab informasiya texnologiyalarını dövlət orqanlarına, insan fəaliyyətinin bütün sahələrinə kütləvi tətbiq etməklə "Elektron hökumət" adlanan yeni idarəetmə üsulunun yaradılmasına, sənədlərin "kağız dünyasından" rəqəmli məkana keçirilməsinə, işin keyfiyyətinin və şəffaflığının artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına yol açdı.

Elektron inqilabın nəticələri bu gün respublikamızda da əhəmiyyətli dərəcədə hiss olunur. Artıq informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul edilib və Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya müəyyənləşdirilmişdir. Milli strategiyanın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, təhsil sisteminin informasiyalaşdırılması və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə dair bir neçə dövlət proqramı qəbul edilmişdir. "Elektron Azərbaycan Dövlət Proqramı" uğurla başa çatmış və növbəti illər üçün yeni proqramın layihəsi hazırlanmışdır. Bunlardan əlavə, "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunları qüvvəyə minmiş və elektron xidmətlərlə bağlı bir sıra dövlət əhəmiyyətli layihələr həyata keçirilmişdir. Belə xidmətlərə internet vasitəsilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, bütün nazirliklərin, dövlət qurumlarının əksəriyyətinin saytlarının yaradılması, orada bu təşkilatlar barədə ətraflı məlumatın yerləşdirilməsi, internet vasitəsilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi və s. misal ola bilər.

Beləliklə, tam əminliklə deyə bilərik ki, sivilizasiyanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən biri məhz informasiya olacaq. Ona görə də bu gün virtual aləmdə Azərbaycan seqmentinin daha da genişləndirilməsi, milli informasiya struktur və resurslarımızın inkişaf etdirilərək qlobal şəbəkəyə inteqrasiyası, tezliklə respublikamızda kosmik sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması ideyasının gerçəkləşə bilməsi ölkəmizin bütün sahələrdə olduğu kimi, dünya informasiya məkanında qabaqcıl mövqedə olacağına böyük inam yaradır.

 

 

Vüqar HAQVERDİYEV,

Azərbaycan Milli Elmlər

Akademiyasının əməkdaşı

 

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 11.