Turizmin təbliğinə həsr olunmuş
seminar keçirilir
"Bakı İslam mədəniyyətinin
paytaxtı-2009" ili çərçivəsində
sentyabrın 30-da Şirvanşahlar Sarayında "Asiya
ölkələrində bəşəri və mədəni
irsin istifadəsinin turizmin təbliğində rolu"
mövzusunda seminar başlamışdır.
Seminarda Azərbaycan,
İran, Pakistan, Qazaxıstan, Qırğızıstan,
İndoneziya və Malayziyadan turizm və mədəni irsin
qorunması sahəsində çalışan mütəxəssislər
iştirak edirlər.
Tədbir Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və İSESKO-nun Tehrandakı regional
ofisinin təşkilatçılığı ilə
keçirilir.
Açılış mərasimində
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan
Bayramov Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunması ili çərçivəsində
bugünədək 100-dək tədbirin keçirildiyini
söyləmişdir. O, bu seminarın mütəxəssislərin
bilik və təcrübə mübadiləsi baxımından
böyük əhəmiyyət
daşıdığını vurğulamışdır.
İSESKO-nun
Tehrandakı regional ofisinin rəhbəri Abbas Sədri isə
Azərbaycan paytaxtının İslam mədəniyyətinin
paytaxtı ili çərçivəsində keçirilən
tədbirlərin yüksək səviyyədə təşkil
olunduğunu bildirmişdir.
İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin
salamlarını çatdıran qonaq seminarın mədəni
irsin qorunmasında layiqli töhfə verəcəyinə əmin
olduğunu söyləmişdir.
Oktyabrın 2-dək
davam edəcək seminar zamanı müxtəlif ölkələrin
turizm potensialı və mədəni irsin qorunması sahəsində
həyata keçirilən tədbirlər barədə məruzələr
dinləniləcək, qonaqlara Abşeronun tarixi abidələri
göstəriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 11.