Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Çexiyanın Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Çexiyadan mütəmadi olaraq müxtəlif səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərlərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bu il Çexiyaya səfərini xatırlatdı və ölkələrimiz arasında intensiv dialoqun aparılmasının əhəmiyyətini qeyd etdi. Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, Çexiyanın Baş nazirinin müavini, müdafiə nazirinin ölkəmizə bu səfəri də Azərbaycan ilə Çexiya arasında münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Ölkələrimiz arasında əlaqələrin daha sıx xarakter aldığını müsbət hal kimi qiymətləndirən Martin Bartak dedi ki, biz bu regionda Azərbaycana çox sabit bir ölkə kimi baxırıq. Qonaq ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğuladı və ümid etdiyini bildirdi ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız daha da genişlənəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 1.