Azərbaycanın efir məkanı: problemlər
və vəzifələr
XX əsrdə ikinci dəfə
müstəqillik əldə etdikdən sonra Azərbaycanda
demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji
seçim və dövlət siyasətinin prioritetinə
çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası insan
hüquqlarının, fikir plüralizminin, söz və məlumat
azadlığının, vətəndaş cəmiyyəti
institutlarının formalaşdırılması və
inkişafına etibarlı zəmin yaratdı.
Azərbaycanda azad
kütləvi informasiya vasitələrinin yaranması
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun əsas şərtlərindən biri kimi qəbul
olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyev söz və məlumat
azadlığını, KİV-lərin müstəqilliyini
demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab
edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet
dövründə, istərsə də müstəqil dövlətimizə
başçılıq etdiyi illərdə Heydər Əliyev
jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki
bazasının, yaradıcılıq imkanlarının
genişlənməsinə xüsusi diqqət və
qayğı göstərmiş, dövlət quruculuğunda,
ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq
ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində
medianın roluna böyük əhəmiyyət verirdi. 2001-ci
ildə Heydər Əliyevə "Jurnalistlərin dostu"
mükafatının təqdimat mərasimində o,
çıxışı zamanı demişdir: "Biz
senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit
olunmuş söz azadlığını, mətbuat
azadlığını tamamilə təmin etdik, mətbuata
geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən
çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki,
söz azaddır, fikir azaddır". Beləliklə, 1998-ci
ildə Azərbaycanda senzuranın ləğvi, sonrakı illərdə
KİV-lərin fəaliyyətini tənzimləyən
qanunvericilik bazasının beynəlxalq standartlara
uyğunlaşdırılması, onların müstəqilliyinin
inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində həyata keçirilmiş çoxsaylı
tədbirlər azad, demokratik medianın formalaşması
üçün mühüm addımlar oldu.
Hazırda Azərbaycan
dövləti və cəmiyyəti keyfiyyətcə yeni
inkişaf dövrünü yaşayır, ictimai həyatın
bütün sahələri yeniləşir, dünya
standartlarına cavab verən informasiya-kommunikasiya
texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir.
Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən
də yan keçməmişdir. Mətbuat orqanlarının
vergi yükünün azaldılması, qəzetlərin
borclarının dövlət vəsaiti hesabına silinməsi,
aparıcı kütləvi informasiya vasitələrinə
maliyyə yardımı göstərilməsi, jurnalistlərin
mükafatlandırılması və sairə son illərdə
Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci
il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"
ölkəmizdə söz və məlumat
azadlığının, kütləvi informasiya vasitələrinin
müasir dövrün tələblərinə uyğun
inkişaf etdirilməsi və onların mövcud problemlərinin
aradan qaldırılması üçün silsilə tədbirlər
müəyyənləşdirmişdir. Konsepsiyanın tələblərinə
uyğun olaraq 2009-cu il aprelin 3-də Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu yaradılmış və KİV layihələrinin maliyyələşdirilməsinə
başlanmışdır.
Hal-hazırda Azərbaycan
Respublikası KİV-lərin kəmiyyətinə görə
MDB və Şərqi Avropa ölkələri arasında lider
mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə
yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan
keçmiş və ya uçota
götürülmüşdür. Ölkədə yüzlərlə
qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8
ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət
göstərir.
Azərbaycanda kütləvi
informasiya vasitələrinin, xüsusilə televiziya və
radio kanallarının inkişaf tarixi göstərir ki, onlar
Azərbaycan ədəbi dilinin yaranması və
inkişafında, xalqımızın maariflənməsində,
mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin
təbliğində, dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi ideyalarının
yayılmasında əvəzsiz rol oynamışlar. Bundan
başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni
quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin
xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin
müzakirəsi, günün nəbzinə uyğun
verilişlər hazırlanması da televiziya və radio
üçün daim prioritet istiqamətlər olmuşlar.
Müstəqillik
dövründə Azərbaycanda teleradio yayımı
böyük inkişaf yolu keçmiş, nəzərəçarpacaq
uğurlar əldə etmişdir. Cəmiyyətdə liberal dəyərlərin,
demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin
fikir plüralizmi, söz və məlumat
azadlığının güclənməsi media
qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini
şərtləndirən mühüm amillər olmuşlar.
Ölkəmizdə
teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş,
onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa
standartlarına uyğunlaşdırılmış, müasir
şəraitə və bazar iqtisadiyyatının tələblərinə
cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir.
2002-ci ildə "Televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edilmiş, 2003-cü ildə televiziya və radio yayımı
sahəsində dövlət siyasətinin həyata
keçirilməsini təmin etmək və bu fəaliyyəti
tənzimləmək məqsədilə Milli Televiziya və
Radio Şurası yaradılmışdır. 2004-cü ildə
"İctimai Televiziya və radio yayımı
haqqında" Qanun qəbul edilmiş və bir il sonra
İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə
başlamışdır. Özəl televiziya kanalları
ölkənin teleradio məkanını daha da zənginləşdirmiş,
müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki
nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər
səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli
verilişlər hazırlanmasına kömək göstərmişdir.
Televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə
genişlənmiş, qarşılıqlı əlaqə və
kommunikasiyanın yeni formaları yaranmış, onların
operativliyi yüksəlmiş, təsir dairəsi genişlənmişdir.
Artıq ümumrespublika kanalları peyk vasitəsilə
dünyanın ayrı-ayrı bölgələrinə
yayımlanmağa başlamışlar.
Heç şübhə
yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından
televiziya və radio bütün digər kütləvi
informasiya vasitələrindən yüksəkdə dayanır.
Televiziya və radio hər evə, ailəyə daxil olmuş,
insanların gündəlik həyatının ayrılmaz tərkib
hissəsinə çevrilmişdir. Teleradio ana dilinin
inkişafına, milli adət-ənənələrin qorunub
saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər
sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə
ölkə haqqında təsəvvürün
formalaşmasına böyük təsir göstərir.
Bununla yanaşı,
etiraf etməliyik ki, KİV azadlığı fikir
plüralizminin inkişafında, şəffaflığın
təmin olunmasında mühüm şərt olsa da, onları
müəyyən neqativ halların təsirindən
sığortalaya bilmir. Məhz bu səbəbdən istər
inkişaf etmiş Qərb ölkələrində, istərsə
də Azərbaycanda mətbuatın özünütənzimləmə
mexanizminin formalaşması, elektron KİV sahəsində
dövlətin tənzimləyici funksiyasının həyata
keçirilməsi zərurətə çevrilmişdir. Son
dövrlər Azərbaycanın televiziya və radio
kanallarının fəaliyyətində nöqsan və
çatışmazlıqların artması bu məsələnin
ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən
çıxış yollarının axtarılmasına,
problemlərin aradan qaldırılması üçün əməli
tədbirlərin həyata keçirilməsinə zəmin
yaratmışdır.
Məlum olduğu kimi,
hal-hazırda dünyanın aparıcı televiziya və radio
kanalları müasir dövrün tələblərini nəzərə
alaraq fəaliyyətlərində ciddi dəyişikliklər
edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə
təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış
proqram siyasəti, yüksək efir mədəniyyəti,
ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli
məlumatlandırma teleradio yayımı həyata keçirən
qurumun müvəffəqiyyətinin əsas şərtləridir.
Azərbaycan televiziya və radio kanallarının monitorinqi
göstərir ki, maarifləndirici, məlumatlandırıcı
və əyləncə funksiyaları arasında ciddi disbalans
yaranmış, peşəkarlıq, yaradıcılıq,
yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin
qorunması kimi məsələlər teleradio rəhbərlərini
o qədər də maraqlandırmır.
"Televiziya və radio
yayımı haqqında" Azərbaycan Respublikasının
Qanununun 3-cü maddəsində teleradio yayımının əsas
prinsipləri sırasında digər vacib məsələlərlə
yanaşı, milli-mənəvi dəyərlərin
qorunması, peşə etikasına və əxlaq
normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi
prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli
(Teleradio yayımının təşkili) ölkə ərazisində
teleradio yayımının həyata keçirilməsi şərtlərini,
proqrama verilən tələbləri, uşaqların və
yetkinlik yaşına çatmayanların qorunması, reklam və
digər məsələləri tənzimləyir.
32-ci maddədə
proqram üçün qoyulmuş tələblər
sırasında maarifçilik və mədəniyyət məsələlərinə
üstünlük verilməsi, proqramların
tarazlaşdırılması yolu ilə efirin kommersiya,
informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin
qarşısının alınması, habelə milli-mənəvi
dəyərlərin qorunması, sosial yayımların təşkil
edilməsi vacib şərtlər kimi göstərilmişdir. Qanunun
6-cı fəslində (Yayımçıların hüquq və
vəzifələri) yayımçının hüquq və
vəzifələri müəyyənləşdirilmişdir.
Həmçinin Milli
Televiziya və Radio Şurası (MTRŞ) qanunlara və Əsasnaməsinə
müvafiq olaraq televiziya və radio yayımı sahəsində
dövlət siyasətini həyata keçirmək və bu fəaliyyətin
tənzimlənməsi istiqamətində müvafiq tədbirlər
görmək səlahiyyətinə malikdir. Xüsusi qeyd edilməlidir
ki, bu günə kimi MTRŞ televiziya və radio
kanallarının monitorinqi, qanunun tələblərinin
pozulması hallarının müəyyənləşdirilməsi
və digər məsələlərlə bağlı
müvafiq tədbirlər həyata keçirmiş, habelə
mövcud nöqsan və çatışmazlıqların
aradan qaldırılması üçün qanunvericilik təşəbbüsləri
ilə çıxış etmişdir. Lakin MTRŞ teleradio
qurumlarının yaradıcılıq, peşə və maliyyə
fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə
malik deyil və deməli, bu sahələrdə müşahidə
olunan çatışmazlıqlara görə məsuliyyət
teleradio qurumlarının rəhbərlərinin üzərinə
düşür.
Bu gün Azərbaycanın
efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin
təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin
müzakirəsi, vətənpərvərlik, uşaqların və
yeniyetmələrin intellektual inkişafı və digər sahələr
üzrə keyfiyyətli maarifləndirmə proqramları
nümayiş etdirmək iqtidarındadırlar. Məsələn,
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən
muğam müsabiqələri zəngin mədəni irsimizin,
milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə
mühüm töhfə olmuşdur. Azərbaycan muğam sənəti
ölkə hüdudlarından kənara çıxaraq bir
çox Şərq ölkələrinin auditoriyasının
rəğbətini qazandı. AzTV kanalında
"Günün nəbzi", "Azərbaycan - yurdum mənim",
"Ailə həkimi", "Məclisi-üns",
İctimai televiziyada "Çarpaz baxış",
"Gerçəyin özü", "Ortaq məxrəc",
"İşgüzar zaman", "Körpü",
"Din və cəmiyyət", "Ovqat" və digər
verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən
müsbət qarşılanır. Digər televiziya
kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə
görə fərqlənən verilişlər
hazırlanır. Göründüyü kimi, televiziya
kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə
veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu
nümunələr heç də teleradio qurumlarının təqdim
etdikləri bütün verilişlərə şamil edilə
bilməz. Beləliklə, televiziya və radio
kanallarının fəaliyyətində nöqsan və
çatışmazlıqlar hansılardır və onların
aradan qaldırılması üçün hansı tədbirlər
görülməlidir?
Hal-hazırda bu məsələ
cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat,
həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri
mövcud problemlərlə bağlı müəyyən fikir
səsləndirmişlər. Lakin, görünür, məsələnin
daha geniş ictimaiyyətin müzakirəsinə
çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi,
həmçinin onların aradan qaldırılması, yeniliklərin
tətbiqi barədə konkret təkliflərin irəli
sürülməsinə ehtiyac yaranmışdır.
İctimaiyyəti narahat
edən və ən çox müzakirə olunan məsələlərdən
biri televiziya kanallarında aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli
verilişlərin çəkisinin artmasıdır. Problemin
ekspertlər səviyyəsində müzakirəsi göstərir
ki, teleradio qurumlarının biznes maraqları, efir
vaxtının mentalitetimizə yad verilişlərlə
doldurulması, peşəkar kadrların azlığı və
digər məsələlər bu kimi ciddi
çatışmazlıqların yaranmasının əsas səbəbləridir.
Nəyə görə Azərbaycan efirində belə problemlər
yaranmışdır?
Göründüyü
kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti
göstərir və daha çox gəlir əldə etmək
məqsədi güdürlər. Halbuki özəl medianın
əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət
mühitində lider mövqe əldə etmək və fəaliyyətini
davam etdirmək üçün maliyyə imkanlarını da
gücləndirməkdir. Son illər dünyada kinoindustriya,
şou-biznesin güclü inkişafı telekanalların
proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes
sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar.
Televiziya kanalları həmin təbəqəni cəlb etmək
üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və
müğənnilər, şou-biznes nümayəndələrinin
də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə,
daha çox reklam olunmağa ehtiyacları var. Deməli,
qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq
açmasına və daha çox efir vaxtı zəbt etməsinə
şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq
nümayəndələri ilə yanaşı, istedadsız,
lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi
ehtiyacı olan şəxslər teleefirə can atır və
onların bir qismi müxtəlif vasitələrlə istəklərinə
nail olurlar. Təbii istedadları, peşəkarlığı
olmayan belə şəxslər daha çox
bayağılıq, açıq-saçıq
danışıq və geyim tərzi ilə özlərini
tanıtdırmaq istəyirlər.
Bu, Azərbaycan
telekanallarında özünü qabarıq şəkildə
büruzə verən problemlərdən biridir. Nəticə
etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz
şou-biznes verilişlərinin sayı artır.
Milli Televiziya və Radio
Şurasının telekanallarda apardığı həftəlik
monitorinqin nəticələri göstərir ki, ATV
telekanalı efirinin 32,3%-ni ("Xeyir ola",
"Çal-çağır şou", "Yağ
kimi", "10-lar", "Perfomans", "106 house",
"Tam sərbəst-solo", "ATV maqazin", "Kim
kimdir", "Yeni ulduz" verilişləri), "Lider"
telekanalı 16,4%-ni ("Maşın şou",
"Qızıl pillə", "Kim, harada, necə",
"Cavaba sual var", "Solo", "Dostum", "Ən"
verilişləri), "Xəzər" telekanalı 12%-ni
("Nar star", "Ulduzlu xəzər", "Mix
şou", "Ay Zaur" verilişləri), "ANS"
telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə
axşamları Tural ilə", "El bilir ki", "Toylar
kraliçası" verilişləri), "Space" telekanalı
isə 8%-ni ("Bazar", "Bazar+",
"Komedi-şou", "Azəri star" verilişləri)
şou-biznes verilişlərinə həsr edir. Göründüyü
kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha
çoxdur.
Bu verilişlərin əksəriyyəti
ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr
olunur, müəyyən mənada cəmiyyətdə neqativ
tendensiyaların yayılmasına istiqamət verir, gənclərin
və yeniyetmələrin zövqünü,
dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə
mənfi təsir edir. Həmin verilişlərdə
tamaşaçılara şou-biznes nümayəndələrinin
dəbdəbəli həyat tərzi təbliğ olunur,
onların bir-biri ilə münasibətləri, mübahisələri
araşdırılır. Əksər əyləncə
verilişlərinin ixtisaslı kadrlar tərəfindən
deyil, aparıcılıq edən müğənni və ya
şou-biznes nümayəndələrinin iştirakı ilə
təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox
hallarda bu tipli aparıcıların davranışlarından gənclər
özləri üçün nümunə götürməyə
çətinlik çəkirlər.
Göründüyü
kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi
inkişafına mənfi təsir edən verilişlərin
sayı artır. Belə verilişləri, məsələn,
"Azəristar" müsabiqəsini "Yeni ulduz",
"Xalq ulduzu", "Nar star", "De gəlsin",
"Sözüm var" və digər variantlarda təkrarlamaqla
televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii
ki, burada yalnız biznes maraqları üstünlük təşkil
edir, SMS və digər vasitələrlə gəlir əldə
etməkdən söhbət gedə bilər. Düzgün
olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin
gənclərin musiqi potensialının müəyyənləşdirilməsi
məqsədindən daha çox, təşkilatçıların
və televiziya kanallarının biznes maraqlarına xidmət
etdiyi qənaəti formalaşmışdır.
Qeyd edilməlidir ki,
yaradıcılıq potensialının aşağı
olması, yeni ideyaların və onların həyata
keçirilməsi imkanlarının məhdudluğu kifayət
qədər maraqlı olmayan verilişlərin, filmlərin
növbəti gün təkrarlanması yolu ilə efir vaxtının
doldurulmasına gətirib çıxarır. Heç də
gizli deyil ki, belə hallar özəl
yayımçının keyfiyyətli efir siyasəti həyata
keçirməsinə, reytinqini və
populyarlığını artırmasına mənfi təsir
göstərir.
Maraqlı məsələlərdən
biri də televiziyaların, daha doğrusu, konkret verilişlərin
reytinqinin müəyyənləşdirilməsi
metodologiyası ilə bağlıdır. Məlum olduğu
kimi, əksər ölkələrdə sosioloji təhqiqat
şirkətləri xüsusi avadanlıqlar vasitəsilə
televiziya verilişlərinin reytinqini ölçürlər. Əldə
olunmuş nəticələr verilişin nüfuzunu, əhatə
dairəsini və deməli, rentabelliyini, teleradio qurumunun
reytinqinin yüksəlməsinə təsirini müəyyənləşdirmək
üçün əsas vasitədir.
Azərbaycanda bu məqsədlə
teleyayımçılara xidmət göstərən bir
neçə özəl qurum ("AGB", "Siar" və
s.) mövcuddur. Həmin qurumların metodologiyasına, nəticələrinin
obyektiv və əsaslı olmasına inam yoxdur. Hər halda,
efir məkanında keyfiyyətsiz və zərərli
şou-biznes verilişlərinin çəkisinin
artmasını bu etimadsızlığa səbəb kimi
göstərmək olar.
Bu gün Azərbaycanın
aparıcı kanalları maraqsız, bayağı, mənasız
verilişləri nəinki ölkənin daxilində, həmçinin
peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə
yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan
soydaşlarımızda, xaricilərdə ölkəmiz
haqqında hansı təsəvvür yaradırıq? Biz
onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni
proseslər haqqında hansı məlumatı veririk? Teleradio
qurumlarının rəhbərləri unutmalı deyillər
ki, televiziya və radio təkcə daxili ictimai rəyi
formalaşdırmır, həm də ölkənin simasını
nümayiş etdirir, onun haqqında təsəvvür
yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan
teleməkanında "meyxana" və "ulduz"
yarışmalarına meyllənmə intellektual təbəqənin
yerli telekanallara marağının azalmasına gətirib
çıxarır.
Belə problemlərin mənfi
təsirinin azaldılması məqsədilə beynəlxalq
praktikada ictimai və dövlət
yayımçılarının xidmətlərindən istifadə
olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən
maliyyələşən kanallar öz fəaliyyətini reklam
cəlbetmə istiqamətində yox, əhalini
düşündürən, cəmiyyət üçün
aktual olan mövzuların işıqlandırılmasına,
Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti,
xalqımızın adət-ənənələri, mənəvi
dəyərlərimizin təbliğinə yönəltməlidirlər.
Təəssüf ki, nəinki özəl kanallar, hətta
dövlət büdcəsindən maliyyələşən
televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət
göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində
maarifləndirmə, jurnalist araşdırmaları,
hazırlanan verilişlərin hamısı müasir tələblərə
cavab vermir.
Azərbaycanın
müharibə vəziyyətində olması vətəndaşlarımızın,
xüsusilə gənc nəslin milli vətənpərvərlik
ruhunun yüksəldilməsi kimi vacib məsələyə
daha məsuliyyətlə yanaşma tələb edir. Məsələn,
AzTV "Əsgər anı", İTV "Salam əsgər",
ANS "Marş", "Lider" "Lider əsgər"
kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu
yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırırlar.
Halbuki, vətənpərvərlik vətənə sevgi,
doğma yurdun inkişafı, çiçəklənməsi,
vətənlə bağlı əsrlərlə
formalaşmış idealların qorunması və təbliği
və s. məsələləri əhatə edən geniş
mövzudur. Televiziya kanallarının bu sahə ilə
bağlı maraqlı, tamaşaçının diqqətini
cəlb edə biləcək verilişlər
hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, Dağlıq Qarabağın
tarixi, burada yetişib boya-başa çatan görkəmli
dövlət, mədəniyyət və incəsənət
xadimləri haqqında yüksək səviyyəli verilişlərin
təşkili ictimaiyyət tərəfindən maraqla
qarşılana bilər, Vətənə, torpağa
bağlılığın artırılmasına kömək
edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.
Uşaq və yeniyetmələrdə,
gənc nəsildə elmə və təhsilə maraq oyada bilən,
onların intellektual səviyyəsinin yüksəldilməsinə
xidmət edən verilişlərin hazırlanması zəruridir.
Bu sahədə digər ölkələrin aparıcı
kanallarının təcrübəsindən bəhrələnmək
olar. Məsələn, Rusiyanın birinci kanalının
"Umniki i umnitsı", STS kanalının "Samıy
umnıy" verilişləri kifayət qədər populyar və
geniş tamaşaçı auditoriyası qazanmış
proqramlardır. Həmçinin, uşaqların milli ruhda tərbiyəsində
maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə
malikdir. Təəssüf ki, son illər yerli cizgi filmləri
istehsal olunmadığı üçün, televiziya
kanalları uşaqların milli ruhda böyüməsinə
heç də müsbət təsir göstərməyən
xarici filmlər nümayiş etdirirlər.
İctimai, siyasi, sosial,
iqtisadi, mədəniyyət məsələləri ilə
bağlı ciddi proqramların, jurnalist
araşdırmalarının səviyyəsi müasir
tamaşaçının tələblərinə cavab vermir.
Bəzi televiziya kanallarında analitik verilişlər, cəmiyyət
üçün maraq kəsb edən məsələlərin
ekspertlər səviyyəsində müzakirəsi müşahidə
olunmur.
Televiziya kanallarında aparıcı problemi kəskindir.
Bir çox hallarda aparıcıların peşəkarlıq
səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə
xarakterli verilişlərin aparıcıları jurnalistikadan
uzaq, efir mədəniyyəti, peşəkarlığı
aşağı olan şəxslərdir. Bir
sıra "aparıcıların" telejurnalistika sahəsində
təcrübəsizliyi, qeyri-peşəkarlığı
haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.
Xarici ölkələrin
istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır.
Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar
aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin
cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda
hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət
göstərir. İstisna deyil ki, bu və ya digər səbəblərdən
dublyaja peşəkarların cəlb edilməsi problemə
çevrilir. Buna görə də, bədii, sənədli,
cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada,
peşəkar səviyyədə dublyajına ehtiyac
yaranmışdır.
Cəmiyyətin məlumatlandırılması,
xəbər proqramlarının keyfiyyəti artırılmalıdır.
Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində
baş vermiş hadisələr barədə əsasən
xarici televiziya kanallarının və informasiya agentliklərinin
xəbərlərini yayırlar. Bəzi televiziya
kanallarının nəinki müxtəlif ölkələrdə,
hətta Azərbaycanın bölgələrində belə
müxbir məntəqələri yoxdur. Üstəlik,
müasir texnikanın potensialından təyinatı üzrə
istifadə məsələlərində də nöqsanlar
müşahidə olunur. Məsələn, Səyyar Televiziya
Stansiyaları təkcə konsertlərin canlı
nümayiş etdirilməsi üçün istifadə edilməli
deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə
yerlərindən birbaşa xəbər verilməsi
üçün daha çox istifadə oluna bilər.
Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır.
Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir.
Müasir dövrdə internetin sürətli inkişafı müəyyən sahələr üzrə ixtisaslaşmış bir çox televiziya kanallarını balanslaşma istiqamətində səy göstərməyə məcbur edir. Məsələn, Fransanın BFMTV, ABŞ-ın Bloomberg, CNBC kimi biznes və maliyyə kanalları ənənəvi statuslarından imtina etməyə, siyasət və digər sahələr üzrə proqramlar hazırlamağa məcbur olurlar. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər.
Televiziya kanallarında müşahidə olunan neqativ hallar özünəməxsus formada radio kanallarında da təkrarlanır. Radio aparıcıları münasib hesab etdikləri, lakin cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, bir sıra hallarda isə etik normalardan kənar mövzularla bağlı saatlarla müzakirələr təşkil edirlər.
Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir.
Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və CNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır.
İdarəetmə, menecment, marketinq fəaliyyətinin təkmilləşdirilməsi, dünyada mövcud təcrübənin öyrənilməsi və yeniliklərin tətbiqi məsələləri diqqət mərkəzində olmalıdır.
İxtisaslı kadr seçimi, yaradıcılığın səviyyəsinin yüksəldilməsi, xarici dilləri bilən professional jurnalistlərin hazırlanması, kadrların peşəkarlığının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycanda televiziya məktəbinin inkişaf etdirilməsinə, müasir tendensiyaların öyrənilməsi və yeniliklərin tətbiqinə ehtiyac yaranmışdır. Ali məktəblərin jurnalistika fakültələri jurnalistika sahəsində təhsil verir, nəzəri cəhətdən jurnalistikanın əsaslarını öyrədir. Lakin praktikada, jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır. Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır.
Dünyanın aparıcı televiziya kanallarının təcrübəsi göstərir ki, təqdim olunan proqramların böyük əksəriyyəti müxtəlif şirkətlər (prodakşnlar) tərəfindən hazırlanır. Həmin şirkətlər həm televiziya kanallarının sifarişlərini yerinə yetirir, həm də hazır məhsulları onlara satır. Azərbaycan televiziya kanallarının nümayiş etdirdiyi əksər verilişlər teleradio qurumlarının özləri tərəfindən hazırlanır. Hər halda, Azərbaycanın teleradio məkanında prodakşnların fəaliyyəti hiss olunmayacaq dərəcədə aşağıdır. Azərbaycanda bu sahənin güclənməsi, telekanalların sifarişlərini yerinə yetirə biləcək şirkətlərin inkişaf etdirilməsi və ya yaradılması, onların səmərəli fəaliyyət mexanizminin formalaşdırılması vacibdir.
Teleradio yayımının inkişaf etdirilməsi, onların dünyada mövcud yeniliklərə meyilləndirilməsi üçün televiziya kanalları arasında sağlam rəqabət mühitinin gücləndirilməsi vacib amillərdəndir.
Verilişlərin təqdimatında müasir standartlardan istifadə edilməsi aşağı səviyyədədir. Məsələn, dünyanın aparıcı televiziya kanalları "No comment" ("Şərhsiz" - video süjetlərin şərhsiz təqdim olunması) kimi yenilikdən geniş istifadə etdiyi halda, Azərbaycanda heç bir televiziya kanalı bu praktikadan yararlanmır.
Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır.
İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə onun imkanlarından maksimum istifadə edilməsi zəruridir. Məlumatların operativ ötürülməsində internetin imkanları genişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən region dövlətlərində müasir 3G texnologiyasından (üçüncü nəsil mobil rabitə - mobil telefon vasitəsilə video əlaqənin yaradılması və sürətli internet) istifadə olunur. Bu texnologiyanın yaxın zamanlarda Azərbaycanda tətbiq olunması istiqamətində səylər artırılmalıdır.
Milli Televiziya və Radio Şurası, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər.
Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.
Xüsusi qeyd edilməlidir ki, bir çox ölkələrin, məsələn, Estoniyanın müvafiq qanunvericiliyində qanunların pozulmasına görə cərimə, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Həmin cərimələrin məbləği çox yüksəkdir və artan xətt üzrə tətbiq olunur. Düzdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də qanunun pozulmasına görə cərimələr müəyyən edilmişdir. Lakin həmin cərimələrin məbləği çox aşağıdır və qanunla müəyyən edilmiş bəzi hallara (milli-mənəvi dəyərlərin qorunması) görə konkret məbləğ nəzərdə tutulmur. Görünür, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı proqramlara verilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin baxılmasına ehtiyac var.
Milli Televiziya və Radio Şurası qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməli, televiziya verilişləri arasında balansın qorunması, etik normalara riayət olunması və digər məsələlərlə bağlı zəruri tədbirləri daha ciddi səylə davam etdirməlidir.
Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır. Ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar.
Ramiz
Mehdiyev,
Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının
rəhbəri, akademik
Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 2.