Onun elmi fəaliyyəti Şərq Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmişdi

 

Oktyabrın 10-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 70 illiyi geniş miqyasda qeyd ediləcəkdir. Onun adı vətənimizin hüdudlarından çox-çox uzaqlarda da yaxşı məlumdur. Bu istedadlı, təəssüf ki, həyatdan vaxtsız getmiş alimin bütün çoxşaxəli elmi fəaliyyəti Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına, onların mənəvi yaradıcılıq inteqrasiyasına yönəlmişdi. Elə buna görə də Kanadadakı Azərbaycan diasporunun nümayəndələri öz vətəninə və xalqına məhəbbət və sədaqət rəmzi kimi Şimali Amerikanın onlar üçün ikinci vətənə çevrilmiş bu ölkəsində Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzi yaratmağı və həmin mərkəzə Aida İmanquliyevanın adını verməyi qərara almışlar.

XX əsrin bu böyük qadınının qarşıdan gələn yubileyi ilə əlaqədar Niaqara Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Amerika qitəsində sensasiyaya çevrilmiş Azərbaycan Muğamı Günləri keçirilmiş, Aida İmanquliyevanın adını daşıyan mərkəz isə Azərbaycanın Kanadadakı səfirliyi ilə birlikdə Niaqarada və Torontoda azərbaycanlı alimin nurlu xatirəsinə həsr edilmiş bir sıra maraqlı tədbirlər keçirmək niyyətindədir.

Buraya ilk növbədə məşhur Kanada Elm Mərkəzinin salonunda "Dünya dinlərinin və mədəniyyətlərinin yaxınlaşması vasitəsilə ümumi sülhə doğru" devizi altında keçiriləcək Azərbaycan musiqisi konserti daxildir. Konsertdə hazırda Kanadada yaşayan həmvətənlimiz, Azərbaycanın əməkdar incəsənət xadimi baş dirijor İsmayıl Hacıyevin rəhbərlik etdiyi "İpək Yolu" Kamera Orkestri, istedadlı tarzən, Beynəlxalq Musiqi Festivalında "Tarın Paqaninisi" yüksək tituluna layiq görülmüş Sahib Paşazadənin iştirakı ilə Bakı muğam triosu, həmçinin Toronto şəhərinin "Təbriz" və "Araz" rəqs kollektivləri iştirak edəcəklər.

Təntənəli yubiley günlərində Kanada televiziyası ilə Aida İmanquliyeva haqqında sənədli film göstərilməsi, Şərəf Cəlilinin haqlı olaraq Şərqin görkəmli qadını kimi tanınmış yubilyarın həyat və elmi yaradıcılığından bəhs edən kitabının motivləri əsasında bəstəkar İsmayıl Hacıyevin yazdığı "Dünyanın qızılgülü" muğam-simfonik misteriyasının translyasiya edilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan xalqının şanlı qızının 70 illik yubileyi günlərində nəzərdə tutulan hadisələrdən biri də Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzində onun büstünün açılışı və mərkəzin nəzdində yaradılmış Musiqi Akademiyasının Torontoda təqdimat mərasimi olacaqdır.

Kanadada Aida İmanquliyeva adına Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzini yaradanlar - Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Torontodakı Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara festivalının "İpək Yolu" Komitəsinin həmsədri Nina Koqan, hazırda Kanadada yaşayan həmvətənlimiz, "İpək Yolu" Komitəsinin sədri və kamera orkestrinin baş dirijoru İsmayıl Hacıyev, habelə Beynəlxalq Niaqara Festivalının baş meneceri və Aida İmanquliyeva adına Mərkəzin baş direktoru Virciniya Meynprays bütün bu məlumatları AzərTAc-a ünvanlanmış məktubda göstərmişlər.

Məktub müəllifləri onu da bildirmişlər ki, gələn il mart ayında onlar Azərbaycanın Kanadadakı səfirliyi ilə birlikdə şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş "Dünya dinlərinin və mədəniyyətlərinin yaxınlaşması vasitəsilə ümumi sülhə doğru və sülhyaratma prosesində qadının rolu" mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. Konfrans çərçivəsində Toronto İncəsənət Mərkəzinin zalında simfonik musiqi əsərlərindən ibarət böyük konsert təşkil ediləcəkdir. Həmin konsert görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin bütün dünyada məşhur olan "Sülh uğrunda" simfonik poemasının ifası ilə başlanacaqdır.

Kanadadan gəlmiş məktubda deyilir: "Biz əminik ki, istedadlı Azərbaycan xalqının ən yaxşı nümayəndələrindən birinin adı ilə bağlı olan, 2010-cu ildə keçirilməsi nəzərdə tutduğumuz beynəlxalq konfrans bütün Şimali Amerika məkanında çox geniş ictimai əks-səda doğuracaq və Yer üzündə sülhün möhkəmlənməsi kimi nəcib işə xidmət edəcəkdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 3.