Böyük alimin yubileyi
şərəfinə
Azərbaycanın
Kanadadakı səfirliyindən bildirmişlər ki, Monreal
şəhərində nəşr olunan rusdilli "Şərq-Qərb"
qəzetində görkəmli Azərbaycan alimi Aida
İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş məqalə
dərc edilmişdir.
Məqalənin müəllifi
Kanadanın Rusdillilər Konqresinin vitse-prezidenti Boris
Perçenko qeyd edir ki, Azərbaycanda demokratik ənənələr,
xüsusilə qadın hüquqlarına hörmət dərin
köklərə malikdir. Bununla bağlı faktlar gətirən
B.Perçenko yazır ki, Azərbaycanda qızlar
üçün birinci məktəb 1901-ci ildə
açılmış, qadınlar üçün ilk jurnal -
"İşıq" 1911-ci ildə çap olunmuş,
1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti
dövründə isə ilk dəfə qadınlara
seçib-seçilmək hüququ verilmişdir. Bu ənənələrin
hazırda da müasir Azərbaycanda davam etdirildiyi vurğulanır.
Məqalədə Azərbaycanın
görkəmli şərqşünas alimi Aida
İmanquliyevanın həyat və
yaradıcılığı haqqında geniş məlumat
verilmişdir. Yazıda həmçinin alimin qızı - Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın öz
ölkəsi üçün gördüyü işlərin
əhəmiyyəti xüsusi qeyd olunur.
Müəllif Mehriban
xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyəti, təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə nailiyyətləri
haqqında geniş söhbət açmışdır.
Məqalənin sonunda
belə qadınların müsəlman ölkələri ilə
bağlı gözəl nümunə olduğu
vurğulanır və Qərb ilə Şərqin
sivilizasiyalararası toqquşmadan yan keçməsinə,
dialoqun və qarşılıqlı anlaşmanın ədavətə,
dini fanatizmə qalib gəlməsinə kömək etdiyi diqqətə
çatdırılır.
Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 3.