Prokurorluq işçiləri peşə bayramlarını
qeyd etmişlər
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına
müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq
işçilərinin peşə bayramı günü kimi
qeyd edilir.
Prokurorluq işçilərinin
peşə bayramı günü münasibətilə
oktyabrın 1-də Baş Prokurorluğun, Respublika Hərbi və
Bakı şəhər prokurorluqları orqanlarının
kollektivləri xalqımızın ümummilli lideri Heydər Əliyevin
məzarını və Şəhidlər xiyabanını
ziyarət etmiş, ulu öndərimizin və ölkəmizin
müstəqilliyi yolunda həyatlarını qurban vermiş həmvətənlərimizin
əziz və unudulmaz xatirəsini dərin hörmətlə
anmışlar.
Baş Prokurorluqda 1
oktyabr - Prokurorluq İşçilərinin peşə
bayramı günü və Azərbaycan Prokurorluğunun
yaradılmasının 91-ci ildönümünə həsr
olunmuş təntənəli mərasim keçirilmişdir.
Peşə bayramı günü münasibətilə
prokurorluq əməkdaşlarını və veteranları təbrik
edən baş prokuror Zakir Qaralov bildirmişdir ki, ulu öndər
Heydər Əliyevin zəngin dövlətçilik ənənələri
olan Azərbaycanın milli dəyərlərinə və
tarixi keçmişinə dərin hörmətin təzahürü
olan 1998-ci il 17 iyul tarixli sərəncamı ilə prokurorluq
orqanlarına dövlət qayğısı ifadə
olunmuş, müstəqil inkişaf yolu seçmiş cəmiyyətimizdə
prokurorluğun yeri və roluna münasibət bildirilmişdir.
Nəzərə
çatdırılmışdır ki, bütün digər
dövlət təsisatları kimi, Azərbaycan
Prokurorluğunun da sivil və demokratik, öz xalqının və
müstəqil dövlətçiliyin maraqlarına xidmət
edən qurum kimi formalaşması yalnız Heydər Əliyevin
dövlətçilik siyasəti nəticəsində
mümkün olmuşdur. Dövlət müstəqilliyini bərpa
etdikdən sonra 1991-1992-ci illər və 1993-cü ilin birinci
yarısını əhatə edən anarxiya və xaos
dövrünü yaşamış Azərbaycan Respublikasında
milli prokurorluq orqanlarının demokratik məzmunda yenidən
formalaşdırılması, prokurorluğun totalitar rejimlərə
xas funksiyalarından imtina edilməsi, onun beynəlxalq
standartlara uyğun yeni statusunun müəyyənləşdirilməsi,
müasir qanunvericilik bazasının yaradılması, yeni kadr
korpusunun formalaşdırılması, digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqədə və yüksək
tələbkarlıq səviyyəsində fəaliyyət
göstərən, dövlətçiliyimizin
maraqlarının, insan hüquq və azadlıqlarının
müdafiəsinə, cinayətkarlıqla mübarizə
işinə xidmət edən sivil bir dövlət təsisatına
çevrilməsi yalnız ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq
islahatları nəticəsində mümkün olmuşdur.
Xüsusi
vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən prokurorluq orqanlarına hərtərəfli
qayğı və diqqət göstərilir. Məhz Azərbaycan
Prezidentinin dəstəyi nəticəsində məhkəmə
hakimiyyətinin tərkib hissəsi kimi prokurorluğun fəaliyyətinin
müasirləşdirilməsi, yeni informasiya texnologiyalarına
əsaslanan mütərəqqi iş metodlarının tətbiqi,
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin və tam yeni məzmunlu dövlət
ittihamının müdafiəsi üzrə qurumların
yaradılması yolu ilə strukturun təkmilləşdirilməsi,
əməkdaşların maddi-sosial təminatı məsələlərinin
inkişaf etmiş dövlətlərdəki səviyyəyə
qaldırılması, müasir standartlara uyğun maddi-texniki
bazanın yaradılması və çoxsaylı yeni inzibati
binaların tikintisi həyata keçirilmiş, habelə digər
mühüm tədbirlər
reallaşdırılmışdır.
Diqqətə
çatdırılmışdır ki, prokurorluq
orqanlarının müasir məzmunda yeniləşməsi
işində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27
sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər
üçün Dövlət Proqramı"nın müstəsna
əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun
tarixində yeni təkmilləşmə və inkişaf,
müasirləşdirmə dövrünün əsasını
qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsi cəmiyyətdə prokurorluğun rolunun
artırılması, digər hüquq-mühafizə
orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi,
prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən
geniş istifadə olunması, "Prokurorluq haqqında"
qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri
üzrə işin səmərəliliyinin
artırılması, prokurorluq işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi və
prokurorluğun maddi-texniki təminatının
yaxşılaşdırılması üçün hərtərəfli
zəmin yaratmışdır.
Diqqətə
çatdırılmışdır ki, Dövlət
Proqramının icrası ilə əlaqədar prokurorluq
orqanları qarşısında duran vəzifələr
Baş Prokurorluğun kollegiya iclasında ətraflı
müzakirə olunmaqla onların yerinə yetirilməsi istiqamətində
zəruri tədbirlər görülür. "Prokurorluq
haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə
haqqında" və "Əmək pensiyaları
haqqında" Azərbaycan Respublikası qanunlarına
prokurorluq işçilərinin sosial vəziyyətinin və
pensiya təminatının
yaxşılaşdırılması, habelə digər məsələlər
üzrə 16 əlavə və 22 dəyişiklik edilməsini
nəzərdə tutan "Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikası qanununun
layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim
olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının
Baş Prokuroru yanında Elmi-Tədris Mərkəzinin, hərbi
prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi
məqsədi ilə Zaqatala Hərbi Prokurorluğunun
yaradılması, Baş Prokurorluq və tabe prokurorluqlar
arasında elektron məlumat mübadiləsini təmin edəcək
informasiya-kommunikasiya şəbəkəsinin formalaşdırılması,
prokurorluğun avtomatlaşdırılmış məlumat-axtarış
sistemlərinə daxil olması, "Prokurorluq haqqında"
qanunla müəyyənləşdirilmiş istiqamətlər
üzrə fəaliyyətimizin daha da təkmilləşdirilməsi
sahəsində xeyli işlər görülmüşdür.
Baş prokuror qeyd
etmişdir ki, ölkəmizdə həm respublika miqyasında,
həm də ayrı-ayrı regionlar səviyyəsində
sosial-iqtisadi inkişaf daha da sürətləndirilmiş, yeni
yüksəliş dövrünü yaşayan Azərbaycan
iqtisadi inkişaf göstəricilərinə görə
dünyada ön mövqelərə çıxmış,
demokratik və hüquqi dövlətimizin iqtisadi qüdrəti
daha da artırılmış, ölkə həyatının
bütün sahələrində sürətli irəliləyişlərlə
səciyyələnən və xalqımızın həyat səviyyəsinin
əhəmiyyətli dərəcədə yüksəlməsi
ilə nəticələnən göstəricilərə nail
olunmuş, dünya birliyinə daha sıx inteqrasiya olunan
ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə
artmışdır.
"Əsrin müqaviləsi"nin
15-ci ildönümünə həsr olunmuş tədbirlər
və təntənəli mərasimdə dövlətimizin
başçısı İlham Əliyevin nitqində səsləndirilən
fikirlər bir daha əyani şəkildə göstərmişdir
ki, son illərdə Azərbaycan Respublikasının əldə
etdiyi sosial-iqtisadi inkişaf göstəriciləri
ölçüyəgəlməzdir, ölkəmiz tarix
üçün bir an olan qısa zaman kəsiyində
dünyanı heyrətə gətirən uğurlar əldə
etmişdir. Yeni neft strategiyasının reallaşdırılması
nəticəsində öz enerji təhlükəsizliyini təmin
edən Azərbaycan etibarlı bir tərəfdaş kimi
dünya birliyində öz layiqli yerini tutmuşdur.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin
hərtərəfli sosial-iqtisadi inkişafının təmin
edildiyi bir şəraitdə bütün neqativ təzahürlərə,
dövlət məmurlarının qanunsuz hərəkətlərinə
və cinayətkarlığa qarşı mübarizə məsələlərini
də daim diqqət mərkəzində saxlamaqla zəruri tədbirlərin
görülməsini təmin edir. Azərbaycan Prezidentinin
"Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi haqqında"
2009-cu il 22 iyun tarixli fərmanı bu istiqamətdə
atılmış ən əhəmiyyətli addımlardan
biridir.
Bu fərmanın
imzalanması, eyni zamanda dövlət səviyyəsində və
Prezident İlham Əliyev tərəfindən prokurorluq
orqanlarına göstərilən böyük etimadın, cinayətkarlığa,
o cümlədən korrupsiya cinayətlərinə
qarşı mübarizənin gücləndirilməsi sahəsində
prokurorluğun roluna verilən müsbət qiymətin təzahürüdür.
Bu etimada cavab olaraq prokurorluq orqanlarında korrupsiya
hüquqpozmalarına qarşı zəruri tələblər
səviyyəsində kəsərli mübarizə
aparılması, bütün müraciətlərin tam və
obyektiv araşdırılması, yoxlamaların keçirilməsinə
məsul olan prokurorluğun müvafiq qurumları və əməkdaşları
tərəfindən sui-istifadə hallarına yol verilməsinin
qarşısının dərhal alınması, insan hüquq
və azadlıqlarının hərtərəfli qorunması
və şəffaflıq təmin edilməlidir.
Çıxışın
sonunda prokurorluq orqanlarının işinin respublika Prezidenti və
Azərbaycan dövləti tərəfindən göstərilən
yüksək etimada layiq səviyyədə qurulması, həyata
keçirilən demokratik məzmunlu islahatların müvəffəqiyyətlə
başa çatdırılması, hüquqi statusuna
müvafiq olaraq fəaliyyət istiqamətləri üzrə
prokurorluğun işinin səmərəliliyi və keyfiyyətinin
daha da artırılması üçün bütün
mümkün tədbirlərin görüləcəyi diqqətə
çatdırılmışdır.
Mərasimdə belə
bir inam ifadə olunmuşdur ki, xalqımızın
ümummilli lideri Heydər Əliyevin dövlətçilik
siyasəti nəticəsində sivil və demokratik bir qurum
kimi formalaşmış Azərbaycan Prokurorluğu bundan sonra
da fəaliyyətinin zəruri tələblər səviyyəsində
qurulmasını təmin etməyə qadirdir. Prokurorluq
orqanları Prezident İlham Əliyevin respublikamızın
yüksələn xətlə sosial-iqtisadi inkişafına
istiqamətləndirilmiş dövlətçilik siyasətinin
həyata keçirilməsində həmişə ona
yardımçı olacaq, ölkəmizdə aparılan
quruculuq işlərinin əsas təminatları kimi
ictimai-siyasi sabitliyin, əmin-amanlığın, müstəqilliyimizin
və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar
qəsdlərdən qorunmasında yaxından iştirak edəcəkdir.
Peşə bayramı
günü münasibətilə Baş Prokurorluq üzrə əmrlə
mükafatlandırılmış əməkdaşlara fəxri
fərmanlar, qiymətli hədiyyələr və rütbə
dərəcələri təqdim edilmişdir.
Mərasimin sonunda
prokurorluq orqanlarının kollektivi adından yekdilliklə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul edilmişdir.
* * *
Prokurorluq işçilərinin
peşə bayramı günü və Azərbaycan
Respublikası Prokurorluğu orqanlarının
yaradılmasının 91 illiyi ərəfəsində
Bakı şəhərinin Xətai rayonu, Gədəbəy,
Göygöl, İsmayıllı və Biləsuvar rayon
prokurorluqları üçün tikilmiş yeni inzibati
binaların təntənəli açılış mərasimləri
keçirilmişdir.
Baş prokurorun birinci
müavini Rüstəm Usubov və müavini Namiq Əsgərovun
iştirakı ilə keçirilən həmin tədbirlərdə
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı"nın icrası istiqamətində görülən
bu işlər dövlət səviyyəsində
prokurorluğa göstərilən diqqət və
qayğının təzahürü kimi dəyərləndirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 3.