Xocavəndlilər artıq işğal yox, qələbə ildönümlərini Qarabağda qeyd edəcəklərinə əmindirlər

 

Sürətli inkişaf tempinə görə dünya dövlətləri arasında seçilən Azərbaycan bu gün qarşısında duran istənilən məsələni öz imkanları hesabına tam həll etmək iqtidarındadır. Bunu, son 16 ilin təcrübəsi də əyani surətdə təsdiq edir və həmin müddət ərzində Azərbaycan nə qədər qüdrətli bir dövlət olduğunu dünya ictimaiyyətinə də bariz şəkildə nümayiş etdirə bilib.

Azərbaycan iqtisadi, siyasi və digər sahələrdə dünyanın bəzi ölkələri kimi heç də xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan asılı olmadığını, istənilən situasiyada birmənalı şəkildə müstəqil qərarlar qəbul etdiyini təsdiqləyib. Elə buna görə də regionun lider dövləti kimi qəbul edilən Azərbaycanla beynəlxalq aləmdə daha çox hesablaşırlar.

İqtisadi qüdrətini günü-gündən artıran Azərbaycan qeyd edildiyi kimi, istənilən məsələni, problemi tam həll etmək gücündədir. Bunun real təsdiqlərindən biri olaraq Avropanın ən böyük qaçqın və məcburi köçkünü olan dövləti kimi səciyyələndirilən Azərbaycan bu kateqoriyadan olan insanların problemlərinin həllində əsas etibarilə öz imkanlarından yararlanır. Məhz daxili imkanlar sayəsində ölkəmizdə çadır şəhərciyi qalmamışdır. "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq" deyən Prezident İlham Əliyev bu vədinə cəmi 4 il müddətində nail oldu, 12 çadır şəhərciyi ləğv edildi. Bununla yanaşı, yeni və müasir tələblərə cavab verən qəsəbələrdə məskunlaşdırılan məcburi köçkünlər üçün hər cür şərait yaradılmış və onlar daim dövlətin qayğısı ilə əhatə olunmuşlar. Dövlət bu kateqoriyadan olan insanların istənilən probleminə daim həssas yanaşmaqda və onların dərhal həllinə nail olmaq üçün əməli addımlar atmaqdadır. Elə bu səbəbdəndir ki, məcburi köçkünlər birmənalı şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkləməkdə və dövlət başçısına güvənc duymaqdadırlar. Onlar məhz Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə öz doğma torpaqlarına qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər və Azərbaycanın günü- gündən qüdrətlənməsi qaçqın və məcburi köçkünlərin bu inamını daha da artırır.

Qələbə gününə qədər isə hər bir Azərbaycan vətəndaşı kimi bu insanlar da müvəqqəti olsa belə, doğma torpaqların düşmən tapdağı altında inləməsinin göynərtisini, o yerlərə qayıtmaq həsrətini yaşamaq və işğal edilmiş rayonlarının, kəndlərinin düşmənin əlinə keçdiyi günün ildönümünü qəlb fəryadı ilə qeyd etmək məcburiyyətindədirlər. Azərbaycan tarixinə qara hərflərlə yazılmış belə günlərdən biri isə 1992-ci il oktyabrın 2-də xarici havadarlarının yardımı ilə erməni təcavüzkarlarının ölkəmizin dilbər güşələrindən biri olan Xocavənd rayonunu işğal etməsi oldu.

Əslində həmin dövrdə Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər rayonlar kimi Xocavəndin də işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, ölkəmizin ərazilərinin zəbtinə hesablanan siyasətin keçmiş ittifaq mərkəzinin və Yerevan tərəfindən birgə həyata keçirilməsinin nəticəsi idi. Bu siyasətin ana xəttini isə ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən kənarlaşdırılması təşkil edirdi və təəssüf ki, onlar buna nail oldular. Sonrakı dövrdə isə ermənilərin işğalçılıq siyasəti Qarabağın bir çox yaşayış məntəqələri kimi Xocavəndi də özünümüdafiəsini gücləndirməyə vadar etdi.

Yaranmış bu çətin vəziyyətdə o vaxtkı ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına edilən müraciətlər isə heç bir nəticə vermirdi. Ermənilər bu dövrdə Moskvadakı hamilərinin dəstəyi ilə öz işində idi. Ümummilli liderin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən kənarlaşdırılmasından sonra onlar açıq şəkildə bildirirdilər: arxa-dayağınız gedib, daha bizə mane ola biləcək heç bir kəs yoxdur! Həqiqətən də hadisələrin sonrakı inkişafı düşmənlərimizin dediyini sübut etdi və Azərbaycan xalqının xilaskarının, arxa və dayağının yalnız Heydər Əliyev olduğu bir daha təsdiqləndi.

Hadisələrin inkişafı isə getdikcə daha qanlı və təhlükəli xarakter almaqda idi. Artıq silahlı basqına və terrora keçən ermənilər avtobusları, maşınları, adamları atəşə tutur, günahsız insanları qətlə yetirirdilər. Ən acınacaqlısı isə o idi ki, ermənilərin törətdikləri bu cinayətlər cəzasız qalırdı. Bütün bunlara qarşı respublika rəhbərliyindən heç bir tədbir və reaksiya verilmədiyini görən ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlarını hazırlayırdılar. Bunları ölkə rəhbərinin nəzərinə çatdırmaq üçün Xocavənddən böyük bir nümayəndə heyəti 11 sentyabrda Prezident Aparatında Ayaz Mütəllibovun qəbulunda olsa da, yenə yalançı vədlər və biganə münasibətdən başqa heç nə görmədilər. Elə bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağdakı mövcud durum haqqında respublikanın rəhbərlərinə müraciət olunmuşdu. Çox təəssüf ki, heç bir tədbir görülmürdü. Belə laqeyd münasibətə etiraz əlaməti olaraq xocavəndlilər prezident seçkilərində iştirak etməməyi qərara aldılar və o vaxtkı hadisələr buna onların tam haqqının çatdığını da göstərirdi. İlk növbədə ona görə ki, öz vətəndaşlarının təhlükəsizliyinə və torpaqların müdafiə olunmasına biganə qalan, Moskvanın göstərişləri ilə oturub-duran, ermənilərin törətdikləri cinayətlərə göz yuman Mütəllibovun prezident seçilməsi yaranmış xaos vəziyyətin davam etməsi demək idi.

1991-ci ilin noyabrında bir qrup nümayəndə heyəti yenidən Bakıya-prezidentlə görüşə gedərək mövcud acınacaqlı vəziyyət barədə ona məlumat versələr də, əvvəlki kimi nəticə olmadı. Hələ münaqişənin ilk günlərindən ölkə rəhbərliyinin qətiyyətsiz mövqeyini görən Dağlıq Qarabağ azərbaycanlıları bu məsələnin birdəfəlik həllinə yalnız Heydər Əliyevin nail ola biləcəyini, ermənilərin hər zaman Heydər Əliyev qətiyyəti, iradəsi və zəkası qarşısında aciz olduqlarını inamla bildirirdilər.

1991-ci ilin noyabrında Xocavənd əhalisinin sözlərini və arzularını çatdırmaq üçün Naxçıvana xalqımızın dahi oğlu Heydər Əliyevin yanına getməyi özümə borc bildim. Noyabr ayının 16-da ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisində məni qəbul etdi. Həmin vaxt Naxçıvanın özü ağır şəraitdə idi. Burada da ermənilər sərhəd boyu hücuma keçirdilər. Mövcud vəziyyətlə bağlı ulu öndərə ətraflı məlumat verdim, xocavəndlilər və o cümlədən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar adından kömək istədim. Ulu öndər çox dəyərli tövsiyələri ilə bərabər nəyin bahasına olursa-olsun, torpaqları müdafiə etməyi tapşırdı. Geriyə qayıtdıqdan sonra Azərbaycanın böyük oğlunun tövsiyə və salamlarını xocavəndlilərə çatdırdım. Bu, əhali arasında çox böyük ruh yüksəkliyi ilə qarşılandı və qısa zamanda torpaqların müdafiəsi üçün hamı silaha sarılaraq əzmlə döyüşə atıldı, Xocavənd özünümüdafiə dəstəsində döyüş ruhu yüksəldi. Gedən döyüşlərdə qüvvələr nisbəti qeyri-bərabər olsa da, xocavəndlilər düşmənə layiqli müqavimət göstərirdilər. Xocavənd rayonunun yalnız Qaradağlı kəndi 77 şəhid verdi. Bu da kənd əhalisinin hər 10 nəfərindən biri demək idi. Lakin qüvvələr qeyri-bərabər idi. Bütün cəhdlərə baxmayaraq, kəndlər işğal olunur, yandırılır və dağıdılırdı. Belə ki, 1991-ci ilin 30 oktyabrında rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, 1991-ci ilin 15 noyabrında Xətai və 19 noyabrında Xocavənd kəndləri, 1992-ci il yanvar ayının 9- da Haxullu kəndi işğal olundu. 1992-ci ilin 17 fevral tarixində isə ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətdilər, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək əsil soyqırımı həyata keçirdilər, Qaradağlı kəndi işğal olunduqdan sonra rayonun yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndləri qalmışdı ki, bu kəndlər də daim düşmən tərəfdən atəş altında saxlanılırdı. Belə ağır bir zamanda 1992-ci ilin əvvəllərində Xocavənd özünümüdafiə taboru yaradıldı və təxminən 40 kilometrlik bir ərazidən keçən cəbhə xəttinin müdafiəsi yalnız 350 nəfər üzvü olan özünümüdafiə batalyonunun üzərinə düşürdü. Mən vəziyyətin son dərəcə ağır olduğunu görüb may ayının 8-də Müdafiə Nazirliyində oldum və bizim istiqamətdə vəziyyətin ağırlığını izah etdim. Məlum oldu ki, Müdafiə Nazirliyinin bundan heç bir məlumatı yoxdur. Əməliyyat İdarəsindəki xəritəyə baxarkən isə gördüm ki, Muğanlı, Əmirallar, Kuropatkin kəndləri düşmən tərəfindən işğal olunmuş kimi qeyd edilmişdir. Mən baş qərargah rəisi Şahin Musayevlə və Əməliyyat İdarəsinin rəisi Rüfət Dəmirovla görüşdüm. Qeyd olunan kəndlərin işğala məruz qalmadığını və tərəfimizdən müdafiə olunduğunu, vəziyyətin, eyni ilə müdafiənin ağır olduğunu qeyd etdim və kömək tələb etdim.

May ayının 11-də Əlikrəm Hümbətovun komandirliyi ilə Lənkəran batalyonu Müdafiə Nazirliyinin əmri ilə bizə köməyə gəlsə də, 3 gün sonra o bütün qüvvələri ilə Lənkərana qayıtdı. Sentyabr ayının 25-də cəbhə xəttində atəşkəs elan olunsa da, 1992-ci il oktyabr ayının 2-də ermənilər atəşkəsi birtərəfli qaydada pozaraq böyük qüvvə ilə hücuma keçdilər və qısa müddətdə cəmi bir gün aparılan döyüşlərdən sonra Muğanlı, Əmirallar və Kuropatkin kəndləri də işğal edildi (Onu da qeyd edək ki, həmin döyüşlərə başçılıq etmiş Ermənistanın milli qəhrəmanı Monte Melkumyan Xocavənd döyüşçüləri tərəfindən məhv edildi). Bununla da ermənilər cəbhə xəttində çox böyük üstünlük əldə etmiş oldular. Biz qısa müddət ərzində qüvvələrimizi səfərbər edərək cəbhənin bu istiqamətində döyüşləri davam etdirməyi qarşıya məqsəd qoyduq və buna nail ola bildik. Bu döyüşlərdə Xocavənd rayonu 145 şəhid verdi, yüzlərlə insan yaralandı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni dövrün başlanğıcının və həqiqi müstəqilliyin sarsılmaz əsasını qoydu. 1993-cü ilin noyabrında Heydər Əliyevin xalqa müraciətindən sonra isə cəbhədə dönüş yarandı. Bütün cəbhə boyu əks hücuma keçən milli ordu Füzuli rayonunun 22 kəndini işğalçılardan azad etdi. Xocavənd istiqamətində döyüşən silahlı qüvvələr rayon ərazisinin bir hissəsini işğalçılardan təmizlədi. Həmin döyüşlərdə Xocavənd taboru xüsusi igidlik və cəsarət nümayiş etdirdi. 1994-cü ilin aprelində Heydər Əliyev rayon ərazisinə, cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə səmimi görüşdü, igid vətən oğullarına öz təşəkkürünü bildirdi. Bir neçə cəsur döyüşçünü isə vətənin yüksək mükafatı ilə təltif etdi. Bu görüşdən ruhlanan əsgərlərimiz həm Xocavənd, həm də Ağdam cəbhələrində "Vətən uğrunda!", "Heydər Əliyev uğrunda!" deyərək böyük şücaət və qəhrəmanlıqlar göstərdilər. Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.

Lakin atəşkəsdən 15 il keçməsinə baxmayaraq, rayonumuzun işğaldan azad olunmuş ərazilərində məskunlaşan sakinlərimizin təhlükəsizliyi yenə də ermənilər tərəfindən pozulur. Xocavənd istiqamətində olan torpaqlar demək olar ki, hər gün atəşə tutulur.

Özünəməxsus təbii sərvətləri, tarixi abidələri olan qədim yaşayış məskənlərindən sayılan və düşmənin nəzarətində olan Xocavəndin digər hissəsi isə tamamilə məhv edilib. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb. Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib. İşğal olunmuş torpaqlarda müvəqqəti olduqlarını bilən ermənilər bu gün də həmin ərazilərdə təbii sərvətlərimizi talan etməkdə, beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və tarixi abidələrimizi məhv etməkdədirlər. Lakin bütün bunlara son qoyulacaq gün uzaqda deyil.

Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etməsi məcburi köçkün həyatı yaşayan xocavəndlilərin də həyatını əsaslı surətdə dəyişmişdir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü və çevik siyasətin nəticəsi olaraq respublikanın işğal altında olan bütün rayon və qəsəbələrinin sakinləri kimi xocavəndlilər də müasir sosial-infrastruktura malik yeni qəsəbələrdə məskunlaşdırılmış, onların faydalı məşğulluğunun təmini istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Dövlət tərəfindən Beyləqan rayonunun "Haramı" adlanan inzibati ərazisində "Yeni Tuğ", "Yeni Xocavənd" və "Yeni Qaradağlı" kimi qəsəbələr salınmış, əhalinin bir qismi həmin qəsəbələrdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Xocavənd rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulan daha 500 ailəlik qəsəbə inşa edilmişdir.

2008-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin "Haramı" düzündə məcburi köçkünlər üçün yeni salınmış 500 ailəlik qəsəbənin açılış mərasimində iştirakı isə xocavəndlilərdə böyük ruh yüksəkliyi, sevinc və minnətdarlıq hissləri doğurmuşdur. Dövlət başçısı və xanımı Mehriban Əliyeva məcburi köçkünlərin həyat şəraiti, qayğı və problemləri ilə maraqlanmış, yeni tikilmiş bir sıra obyektlərlə yaxından tanış olmuşlar. Burada 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı və 15 dördotaqlı mənzil var. Qəsəbədə 360 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, 25 çarpayılıq xəstəxana, klub, icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları da var. Qəsəbənin yolları, su və elektrik təchizatı normal səviyyədədir.

Beyləqan rayonundan təxminən 8-10 kilometr məsafədə yerləşən qəsəbədə insanların rahatlığı, firavan yaşayışı, zəruri tələb və ehtiyaclarını ödəməsi üçün hər cür imkan yaradılıb. Hər ailəyə 6 sot torpaq ayrılıb və məcburi köçkün ailələrinin böyük qismi yaradılmış şəraitdən istifadə edərək özləri üçün kiçik təsərrüfatlar yaradıblar.

Yeni qəsəbə ilə tanışlıqdan sonra xocavəndlilərlə görüşündə Prezident İlham Əliyev bildirmişdir ki, məcburi köçkünlərin sosial rifahlarının yaxşılaşdırılması problemin tam həlli deyildir: "Mən demişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Artıq yoxdur. Bundan sonra da heç vaxt olmayacaqdır. Biz bu səhifəni bağladıq. Növbəti illərdə, mən qeyd etdiyim kimi, məktəblərdə, hərbi hissələrin ərazilərində, digər yerlərdə yaşayan qaçqın-köçkün soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir.

Beləliklə, biz bu böyük sosial problemi aradan qaldıracağıq. Amma bu, məsələnin bir hissəsidir. Sosial yükün azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələnin tam həlli demək deyildir. Məsələnin tam həlli torpaqlarımızın işğalçılardan azad olunmasıdır. Bu məqsədə nail olmaq üçün biz bütün gücümüzü səfərbər etməliyik və edirik. Azərbaycanın artan imkanları, iqtisadi gücü, bölgədəki mövqeləri, bizim həm daxili, həm də xarici siyasətimiz o günü yaxınlaşdırır".

Onu da xatırlatmaq yerinə düşərdi ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli sərəncamla edilmiş əlavələrlə rayonun məcburi köçkünləri üçün 2009-2011-ci illər ərzində "Yeni Tuğ" qəsəbəsində daha 120 evin tikilməsi və eyni zamanda, 200 ailəlik yeni qəsəbənin salınması, "Qarasu" və "Nərgiztəpə" adlanan əraziləri birləşdirəcək çınqıllı yolun çəkilməsi, "Tuğ" kənd orta məktəbinin 125 illik yubileyinin qeyd olunması, habelə rayon ərazisində 9 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Əlavə tədbirlər sırasında işsizliyin aradan qaldırılması və məşğulluğun təmin olunması məqsədilə məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə heyvandarlığın, taxılçılığın, toxumçuluğun, tərəvəzçiliyin, üzümçülüyün inkişaf etdirilməsi, kiçik emal müəssisələrinin, tikiş və digər sexlərin yaradılması, məcburi köçkün sahibkarlara, fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi nəzərdə tutulur ki, bu istiqamətdə artıq konkret işlər görülməkdədir.

Sosial-iqtisadi problemləri uğurla həll olunan Xocavənd rayonunun rəhbərliyi və sakinləri Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin də fəal iştirakçılarıdır. Mütəşəkkil qüvvəyə çevrilən Dağlıq Qarabağın azərbaycanlı icması həmişə olduğu kimi, indiki həssas dövrdə də Heydər Əliyev siyasi kursunu birmənalı dəstəkləyir və bu xətti layiqincə həyata keçirən Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmininə yönələn siyasətini müdafiə edir. Cari ilin iyununda qurultayını keçirən Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi fəaliyyətində yeni mərhələnin əsasını qoyub. Ümumiyyətlə, icmanın fəaliyyətinə hüquqi statusun verilməsi onun beynəlxalq miqyasda fəal şəkildə təşkilatlanmasına, erməni lobbisinin qərəzli təbliğat kampaniyasına qarşı effektiv mübarizə aparmasına imkan yaradır. İcma Dağlıq Qarabağ azərbaycanlılarının üzləşdikləri acınacaqlı vəziyyət barədə, eyni zamanda Ermənistanın azərbaycanlılara və türklərə qarşı tarixən apardığı soyqırımı cinayətləri ilə bağlı məlumatların dünya birliyinə çatdırılmasını qarşısına əsas məqsəd qoyub.

Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra saysız-hesabsız faciələr, problemlər və itkilərlə üzləşən xocavəndlilərin iradəsi sınmayıb, dəyanətləri azalmayıb və onlar hər zaman doğma torpaqlarına qayıdacaqlarına inanıblar. Onlar əmindirlər ki, tezliklə Ali Baş Komandanın rəhbərliyi altında doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək və bundan sonra qələbəmizin ildönümlərini doğma Qarabağda qeyd edəcəyik!

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı,

Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması

İctimai Birliyi İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 4.