Repressiyaya məruz qalan alimlər

 

Cavab: "Partiya iclasında mənə irad tuturdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırmasındadır. Axı hamı çalınan bir havanın altında oynaya bilməz. Bu cavabımla mən xalqımızın rəhbəri Lenin və Stalinə qarşı heç bir əksinqilabi mövqedə olduğumu etiraf edə bilmərəm". Müstəntiq işin dalana dirənə biləcəyindən ehtiyat edərək bu dəfə daha incə bir üsuldan istifadə edərək növbəti sualını vermişdi: "İstintaqa məlumdur ki, siz ADU-nun tələbələri arasında milliyyətçi əhvali-ruhiyyəni qızışdırmaq məqsədilə tədrisin yalnız rus dilində aparılması xəttini aparmısınız. Bunu boynunuza alırsınızmı?"

Cavab: "Mən bu sualı düzgün hesab etmirəm. ADU-da fənlərin yalnız rus dilində tədris olunması ilə bağlı məsələ AK(b)P MK-nın bürosunda müzakirə olunmuş və bu barədə oradan müvafiq göstəriş almışdım". Maraqlıdır ki, B.Həsənbəyovdan xeyli əvvəl universitetin rektoru olmuş T.Şahbazini tədrisi tədricən Azərbaycan dilində aparmaq xətti tutduğuna görə əksinqilabçı - millətçilikdə, bunun tam əksini Mərkəzi Komitənin tapşırığı ilə həyata keçirəni isə millətçiliyi qızışdırmaqda ittiham etmişdilər.

5 dekabr 1937-ci ildə istintaq başa çatmış və B.Həsənbəyova qarşı ittiham aktı tərtib edilmişdi. Onu Azərbaycan SSR CM-in 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə ittiham etmişlər. Bu ittiham aktında qeyd olunurdu ki, "Azərbaycan SSR XDİK DTİ 1936-cı ilin sonunda Azərbaycanda əksinqilabi trotskiçi-millətçi təşkilat aşkara çıxarmış və ləğv etmişdir. Onlar öz qarşılarına silahlı üsyan hazırlamaq, ziyankarlıq, casusluq, partiya və hökumət rəhbərlərini terror tətbiq etmək yolu ilə aradan qaldırmaq, Azərbaycanı SSRİ-dən ayırmağı məqsəd qoymuşlar".

1937-ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının hazırlıq iclası keçirilmişdi. Burada repressiya illərinə xas olan qərar qəbul edilmişdi. "B.C.Həsənbəyovun işinə qapalı məhkəmə iclasında müdafiəçisiz, ittihamçısız və şahidsiz baxılsın".

1937-ci il oktyabrın 11-də saat 17.45 dəqiqədə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı məhkəmə iclası başlamış və 15 dəqiqədən sonra sona yetmişdi. "Humanist sovet məhkəməsi" universitetin rektoru, professor Balabəy Cabbar oğlu Həsənbəyovu ən ağır cəzaya - güllələnməyə məhkum etmişdi. Hökm elə səhərisi gün Bakı şəhərində yerinə yetirilmişdi.

Stalinin vəfatından bir neçə il sonra B.Həsənbəyovun işinə yenidən baxılaraq xətm olunmuş və ona bəraət verilmişdi.

Repressiya illərində günahsız yerə həyatına son qoyulan ziyalılardan biri də Tağı Abbas oğlu Şahbazi (Tağı Şahbazi) olmuşdur. Tağı Şahbazi 1926-cı ildə o dövrdə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinin ilk azərbaycanlı rektoru təyin edilmiş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdi. Xarkov Dövlət Universitetinin tibb fakültəsini bitirən Tağı Şahbazi keşməkeşli həyat yolu keçmişdir. O, hələ 1917-ci ildə Bakıda "Hümmət" təşkilatının yaradılmasında, 1918-ci ildə Xarkovda türk-tatar fəhlələrinin hərəkatında iştirak etmişdi. Elə o dövrlərdə RSFSR-də Millətlər İşi üzrə Xalq Komissarlığında Cənubi Qafqaz müsəlmanları şöbəsinin katibi və Şərq xalqları kommunist təşkilatlarının Məlumat Bürosunun şöbə müdiri vəzifələrini daşımışdır. Azərbaycanda sovet işğal rejimi qurulduqdan sonra da o, bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, o, rektor təyin edilənə qədər Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, "Maarif və mədəniyyət" jurnalının baş redaktoru, Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü və katibi olmuşdur.
1937-ci il iyulun 11-də bu görkəmli Azərbaycan ziyalısı həbs edilmişdi. O, hələ həbsindən xeyli əvvəl, 1937-ci il martın 4-də "gizli milli təmayülçülər" qrupuna məxsusluğuna, əksinqilabi millətçi çıxışlarına və ikiüzlülüyünə görə" Sov.İKP sıralarından xaric edilmişdi.

Tağı Şahbazinin istintaqının ilk dörd ayında müstəntiq ondan heç bir özünü "ifşa edən", "günahlarını səmimi etiraf edən" ifadələr ala bilməmişdi. Müstəntiq hətta onu bir çox adamla üzləşdirsə də, məqsədinə çatmamışdı. Bu üzləşdirmələrdən biri diqqəti daha çox çəkmişdi. 1937-ci il oktyabrın 4-də müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirmişdi. "Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb və blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Qaliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim...

1926-cı ildə o, Azərbaycan Dövlət Universitetinin rektoru təyin edildi. Pantürkist təşkilatın iştirakçısı kimi məni Şərq fakültəsinin dekanı vəzifəsinə irəli çəkdi və bir sıra əksinqilabi göstərişlər verdi. Xüsusilə 1927-1928-ci illərdə deyirdi ki, türk Nazim Hikmətə professor adının verilməsi məsələsini irəli sürüm, halbuki Tağı Şahbazi bilirdi ki, Hikmət əksinqilabi iş aparır və buna görə də SSRİ-dən kənara çıxarılır.

Tağı Şahbazi Bakıdakı ali məktəblərin yüz faiz türkləşdirilməsi və digər millətlərdən olanların tamamilə qovulmasının zəruriliyini söylədi..." Ancaq müstəntiqin T.Şahbaziyə bu "ifadəni təsdiq edirsinizmi" sualına o, yenə də "rədd edirəm" cavabını vermişdi.

T.Şahbazinin istintaqa sərf edən "düzgün və səmimi" ifadələr verməməsi ona qarşı ən ağlasığmaz, insanlıqdan kənar metodlarla işgəncələr tətbiq edilməsinə gətirib çıxarmışdı. Bunu T.Şahbazinin müstəntiqin diktəsilə XDİK DTİ-nin rəisi Sumbatov Topuridzeyə yazdığı ərizədən də aydın görə bilərik.

1937-ci il noyabrın 13-də istintaq başa çatmışdı və elə həmin gün ittiham qərarı tərtib olunmuşdu. O, Azərbaycan SSR CM-in 64, 70 və 73-cü maddələri ilə ittiham olunmuşdu.

1937-ci il dekabrın 31-də Qroznı şəhərində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının iclası keçirilmişdi. Qeyd edək ki, bu dövrdə Bakıdakı üçlük (troyka) hətta 15 dəqiqəlik ölüm hökmlərinə möhür vurmağa belə vaxt tapa bilmirmiş. Ona görə istintaq işlərinin bir hissəsini iş az olan yerlərə - şəhərlərə göndərirmişlər. İttiham qərarı təsdiq edildikdən sonra 1938-ci il yanvarın 2-də saat 15.30 dəqiqədə Hərbi Kollegiyanın bağlı məhkəmə iclası işə başlamış və cəmi 15 dəqiqəyə öz işini yekunlaşdırmışdı.

Hərbi Kollegiya Tağı Abbas oğlu Şahbazini ən ağır cəzaya - güllələnməyə məhkum etmiş və hökm dərhal yerinə yetirilmişdir.

"Vətən xaininin ailə üzvü" kimi səkkiz il həbs cəzası çəkmiş T.Şahbazinin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi 1954-cü il iyulun 29-da ərinin işinə yenidən baxılması xahişi ilə SSRİ dövlətinin başçısı N.S.Xruşşova ərizə ilə müraciət etmişdi. Nəhayət, uzun müddətli yazışmalardan, şikayət ərizələrindən sonra 1956-cı il sentyabrın 25-də ona SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasından həyat yoldaşı Tağı Abbas oğlu Şahbaziyə bəraət verilməsi haqqında arayış verilmişdi.

BDU-da çalışanlar içərisində repressiyaya məruz qalanlar humanitar fakültələrdə daha çox olmuşlar. Belə şəxslərdən biri də görkəmli tarixçi alim Əziz (Qaziz) Salihoviç Qubaydullin olmuşdu. O, Azərbaycan, tatar, özbək və rus dillərində 150-yə yaxın əsər yazıb çap etdirmişdir.

Qubaydullin ADU-nun Türk xalqları tarixi kafedrasının əvvəlcə privat-dosenti, sonra dosenti, 1928-ci ildə isə Şərq tarixi kafedrasının professoru və Şərq fakültəsinin dekanı təyin olunmuşdu. 1937-ci il mart ayının 17-də həbs edilmişdi. Bir qədər əvvəl tutulmuş görkəmli Azərbaycan alimlərinin bir qrupundan işgəncələr verilməklə alınmış ifadələr əsasında məsuliyyətə cəlb olunmuşdu. Azərbaycan SSR CM-in 72,73-cü maddələri ilə ittiham edilən Qubaydullin Bakı şəhərində əksinqilabi iş aparan görkəmli əksinqilabçı-millətçi xadim kimi həbs edilmişdir.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında işə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılmışdı. Cəmi 15 dəqiqə çəkən məhkəmədə Ə.Qubaydullin ən ağır cəzaya - güllələnməyə məhkum edilmiş və hökm elə səhərisi gün yerinə yetirilmişdi.

SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 mart 1957-ci il qərarına görə Ə.Qubaydullinin işinə yenidən baxılmış və cinayət tərkibi olmadığı üçün xətm edilmişdir.

1936-cı il dekabrın 2-də tarix fakültəsinin dekanı professor Boris Nikolayeviç Tixomirov həbs edilmişdi. O, 1930-cu ildə Moskvada Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetində işə başlamışdı. İstintaqın ilk dövrlərində Tixomirov da böhtan dolu sualları rədd etmişdi. Lakin bu elm adamı işgəncə və döyülmədən halsız bir vəziyyətə düşdükdən sonra istintaqa lazım olan ifadələr verməyə məcbur olmuşdu.

B.Tixomirov repressiya illərində ən çox dindirilən adamlardan olmuşdur. 3 cilddən ibarət olan bu istintaq işindən aydın olur ki, o, 28 dəfə dindirilmişdir. Nəhayət, 1937-ci il avqustun 29-da Tixomirovun istintaqı başa çatmış və avqustun 31-də ittiham qərarı tərtib edilmişdir. Həmin ittiham aktı Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Sumbatov tərəfindən 1937-ci il sentyabrın 5-də təsdiq edilmişdir. Elə həmin il oktyabr ayının 13-də saat 22:20 dəqiqədə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı- müdafiəçisiz, ittihamçısız və şahidlərsiz, cəmi 15 dəqiqə çəkən iclasında B.N.Tixomirov ən ağır cəzaya məhkum edilmişdi və hökm dərhal yerinə yetirilmişdi. Bu tükürpədən, ürəkağrıdan məhkəmədən təxminən iyirmi il sonra, yəni 1956-cı il avqustun 11-də elə həmin SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına görə 1937-ci il oktyabrın 13-də B.N.Tixomirovun işi ilə əlaqədar çıxarılan hökm ləğv edilmiş və ona bəraət verilmişdir.

1937-ci il yanvar ayının 26-da BDU-nun SSRİ xalqları tarixi kafedrasının müəllimi dosent Hüseynəli Süleyman oğlu Biləndərli həbs edilmiş və ona qarşı Azərbaycan SSR CM-in 7,73-cü maddələri üzrə cinayət işi qaldırılmışdı. İstintaq işinin içərisində olan materiallardan aydın olur ki, H.Biləndərlinin həbsi üçün əsas ayrı-ayrı ziyalılardan işgəncə verilməklə alınmış ifadələr olmuşdur.

Yazdığı elmi əsərlərin dəyəri Azərbaycan və SSRİ sərhədlərindən kənarda da yüksək qiymətləndirilən Çobanzadə Bəkir Vahab oğlu cəmi 44 il yaşamaq imkanı tapmışdı. Bu dəyərli ziyalı da repressiya qurbanlarından biri olmuşdu. B.Çobanzadə Krım vilayətinin Tavriya quberniyasının Simferopol qəzasının Qarasubazar şəhərində doğulmuşdu. O, 1914-cü ildə İstanbul liseyinin ədəbiyyat şöbəsini və İstanbul Universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kursları bitirmiş, 1914-1918-ci illərdə Budapeşt Universitetinin tarix-filologiya fakültəsində ali təhsil almışdır.

1920-ci ildə 27 yaşında doktorluq dissertasiyası müdafiə edən bu istedadlı, zəhmətkeş alim 150-dən çox elmi əsər yazmışdır. Bunlardan 100-ü Azərbaycan dili və ədəbiyyatı problemlərinə həsr edilmişdir.

Alman, fransız, macar, ərəb, fars, rus və demək olar ki, bütün türk dillərini mükəmməl bilən B.Çobanzadə 1922-ci ildə Tavriya Universitetinin professoru, 1924-cü ildə isə Krım Universitetinin rektoru seçilmişdi. Elə həmin il o, Yeni Türk Əlifbası Komitəsinin və BDU-nun dəvəti ilə Bakıya gəlmiş və ali təhsil ocağında Türk dili və ədəbiyyatı kafedrasının professoru, 1925-ci ildə BDU-nun Şərq fakültəsinin dekanı olmuşdur.

1937-ci il yanvarın 26-da görkəmli alimin həbs olunması haqqında qərar çıxarılmışdı. B.Çobanzadə də digər ziyalılar kimi, istintaqın ilkin dövrlərində heç bir əksinqilabi təşkilatın üzvü olmadığını və belə bir təşkilatda fəaliyyət göstərmədiyini bildirmişdi. Müstəntiqin dünya şöhrətli alimi məntiq və faktlarla ittiham edə bilməsi üçün nə əlində konkret fakt, nə də özündə savad var idi. Belə bir vaxtda bolşevik istintaqının ənənəvi metodu işə düşürdü: işgəncə, böhtan, fiziki güc tətbiq etməklə başqasından alınan yalan ifadəni baş vermiş hadisə kimi qiymətləndirmək və s. B.Çobanzadəyə də bu metod tətbiq edilmişdi. Məhz bunun nəticəsində o, 1937-ci il fevral-mart aylarında "türklərlə əlaqədə olduğunu etiraf etmişdir".

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən qapalı məhkəmə iclasında B.Çobanzadə güllələnməyə məhkum edilmişdi.

Tarix fakültəsinin dekan müavini, dosent Əsgərov Baba Əli oğlu da repressiyaya məruz qalanlardan olmuşdur. 1902-ci ildə Quba rayonunda anadan olan B.Əsgərov BDU-nun tarix fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. O, 1935-ci ildən həbs olunduğu 1937-ci ilin may ayına kimi tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

1937-ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hazırlıq iclası olmuş və qərara alınmışdı ki, işlə bağlı məhkəmə iclasında müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılsın. Ertəsi gün 15 dəqiqəlik məhkəmədə B.Əsgərov güllələnməyə məhkum edilmişdi.

Lakin repressiya maşını öz işini bununla da bitirməmişdi. 3 yaş yarımlıq qızı Gültəkinlə tək və kimsəsiz qalan həyat yoldaşı Sürəyya Süleyman qızı Xəlifəzadəyə də 1937-ci il dekabrın 9-da "vətən xaininin ailə üzvü kimi" 8 il iş verilmişdi. Cəzasını çəkib qurtardıqdan sonra Bakı şəhərində yaşamaq və işləmək ona qadağan olunduğu üçün yalnız Şuşa şəhərinə gedə bilmişdi. Burada süpürgəçi işinə düzəlmişdi...

BDU-nun Əsaslı kitabxanasının direktoru, SSRİ EA Azərbaycan filialının baş elmi əməkdaşı Ağamir Sadiq oğlu Məmmədov 1937-ci il oktyabrın 7-də "əksinqilabi təşkilatın fəal üzvü" kimi Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə həbs olunmuşdur.

1938-ci il yanvarın 4-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hazırlıq iclası keçirilmişdir. Qəbul olunan qərarda göstərilmişdi: "A.Məmmədov 1 dekabr 1934-cü il qanununa uyğun olaraq Azərbaycan SSR CM-in 73, 70-ci maddələri üzrə məhkəməyə verilməli. İşə qapalı məhkəmə iclasında, şahidlərsiz, ittihamçılarsız və müdafiəçisiz baxılmalı".

Maraqlıdır ki, məhkəmənin elə səhəri gün keçirilən iclasında "müttəhim özünü günahkar bilməmişdir. Əksinqilabi təşkilatın üzvü olmamışdır" və s. kimi sözlər qeyd edilsə də, Ağamir Sadiq oğlu Məmmədov güllələnməyə məhkum edilmişdir.

Qeyd edək ki, BDU-nun müəllim və tələbələrinin təqib, təzyiq və işgəncələrə məruz qalması müharibə və ondan sonrakı illərdə də davam etmişdir.

 

 

Boran ƏZİZ,

Bakı Dövlət Universitetinin

tarix fakültəsinin dosenti,

tarix elmləri namizədi

 

Azərbaycan.- 2009.- 2 oktyabr.- S. 5.