Azərbaycan təbiəti
olduqca əsrarəngiz və gözəldir. Elə onun ərazisini
əhatə edən bölgələri də bu baxımdan
özünəməxsusluğu ilə seçilir. Bu, təkcə
dağı, aranı, çayı, dərəsi ilə deyil,
sakinlərinin məşğuliyyəti, adət-ənənəsi,
məişəti, mətbəxi ilə də səciyyələnir.
Təbii nemətləri ilə bərabər, maddi-mənəvi
sərvətlərində də bu fərqlər duyulur. Amma
ölkəmizin hər bir bölgəsini birləşdirən
ümumi bir cəhət var - böyük azərbaycançılıq.
Coğrafi mövqeyi ilə
seçilən Lənkəran cənub bölgəsinin
tacı sayılır. Salnaməçilərin, səyyahların
qeydlərində Lənkəran haqqında, onun təbiəti
ilə bağlı məlumat verilib. Burada dini məktəblərin
çoxluğu, eləcə də insanların savadlanmağa
meyli, bütövlükdə əhalinin elmə doğru
addımlar atmasına səbəb olub.
Bu bölgənin ədəbi
həyatı da olduqca maraqlıdır. Hələ 1850-ci ildə
Lənkəranda "Fövcül-füsəha" adlı ədəbi
məclis təşkil edilib. Ətraf rayonlardan olan şairlər
də bu məclisə gələrək şeirlər oxuyar, ədəbi
söhbətlər aparardılar. Məclisin təşkilatçısı
Mirzə İsmayıl Qasir olub. Əslində
"Fövcül-füsəha" Azərbaycanda
yaradılmış ilk ədəbi məclislərdən hesab
olunur. O vaxtlar Şuşada, Şamaxıda, Bakıda, Ordubadda
belə ədəbi məclislər təşkil edilirdi. Bu məclisləri
yaratmaqda əsas məqsəd həm klassikləri öyrənmək,
həm də onlara nəzirələr yazmaq, bir sözlə,
arifanə söhbətlər aparmaq idi. Məclis üzvləri
o qədər istedadlı və hazırcavab olurdular ki,
saatlarla bir-biri ilə şeirləşirdilər. Bədahətən
şeir demək bu şairlərin əsas
üstünlüyü idi: Mirzə İsmayıl Qasir, Mirzə
Əziz Əliyev, Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali,
Usta Məmmədhəsən Nəccar, Molla Fəttah Şəhban
və başqaları bu məclisin çox məşhur
üzvlərindən olublar. Onların hər birinin
yaradıcılığı klassik ədəbiyyatımızın
örnək olacaq səhifələrini təşkil edir.
Belə bir dəyərli
ədəbi mühit üzərində qərar tutan cənub
bölgəsinin bədii həyatı, təbii ki, həmişə
qaynarlığı ilə seçilib. Buradan pərvazlanan
söz adamları müxtəlif şəhərlərdə
yaşayıb yaratsalar da, onların köksündə həmişə
doğma yurddan gələn məhəbbətin mayası olub.
Azərbaycan
Yazıçılar Birliyinin Lənkəran bölməsi
1978-ci ilin axırlarında yaradılıb. Bölmə Astara,
Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad
rayonlarını əhatə edir. O zaman bölmə Azərbaycan
Yazıçılar İttifaqının Lənkəran
filialı adlanırdı. Filialın ilk rəhbəri
yazıçı Məmmədhüseyn Əliyev olub. Filial
yeni yaradılanda 6 rayon üzrə Yazıçılar
İttifaqının cəmi 6 nəfər üzvü olub. Hər
bazar günü ədəbi məclis keçirilərdi.
Bölgənin yazarları öz əsərlərini ilk dəfə
bu məclisdə oxuyardılar. Cənub bölgəsində ədəbi
həyatın daha da inkişaf etdirilməsi üçün
bölmənin rəhbəri Məmmədhüseyn Əliyev fədakarlıq
göstərərdi. O, 14 il bölməyə cani-dildən rəhbərlik
edib. Lerik rayonunun Kürdəsər kəndində dünyaya gəlmiş
Məmmədhüseyn Əliyev ali təhsilli filoloq idi. Nasir
kimi məşhurlaşan Məmmədhüseyn Əliyev
yaradıcılığa şeirlə başlayıb. İlk
şeiri 1947-ci ildə Lerik rayonunun "Kolxoz yolu" adlı
qəzetində dərc olunub. 1955-ci ilə qədər
şeirləri mətbuatda işıq üzü görən
Məmmədhüseyn Əliyev həm də pedaqoji fəaliyyətlə
də məşğul idi. O, Lerik və Lənkəran
rayonlarında müəllimlik etmişdir. Sonralar ancaq nəsrlə
məşğul olan və pyeslər yazan Məmmədhüseyn
Əliyevin əsərləri teatrlarda tamaşaya qoyulurdu.
Onun Lənkəran teatrında
səhnələşdirilmiş "Prokuror" pyesi
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı. Bölgədə yaşayan
yaradıcı insanların uğurlu fəaliyyətini təmin
etmək üçün Məmmədhüseyn Əliyev uzun
illər arzuladığı bir ədəbi-bədii
jurnalın çapına da nail oldu. 1991-ci ildə işıq
üzü görən "Şəfəq" jurnalında
bölgə yazarlarının əsərləri çap
edilirdi. Sovet dövründə Bakıda çıxan "Azərbaycan"
jurnalı hər il bölməyə müəyyən səhifələr
həsr edirdi. Əlbəttə, bu, bütövlükdə
bölgənin ədəbi həyatını mükəmməl
işıqlandırmaq üçün kifayət deyildi. Bu səbəbdən
"Şəfəq" jurnalı, həqiqətən də,
cənub bölgəsinin ədəbi mühitinə yeni
işıq saldı. İstər pedaqoji, istərsə də ədəbi
sahədəki fəaliyyəti müxtəlif təltiflərə
və medallara layiq görülüb.
1992-ci ildə AYB-nin Lənkəran
bölməsinin yeni rəhbəri şair Şəkər
Aslan oldu. O, bölmə üzvlərinin ölkə mətbuatında
ardıcıl çap olunmasına, eləcə də mükəmməl
fəaliyyət göstərməsinə müəyyən
şərait yaratmağa çalışırdı. 1968-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
olan Şəkər Aslan Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunun poeziya fakültəsində təhsil
almışdır. Uzun müddət Lənkəranda
çıxan "Leninçi" qəzetinin redaktoru işləyən
Şəkər Aslan 8 şeir kitabının müəllifi
idi. Onun pyesləri Lənkəran Dövlət Dram Teatrında
tez-tez tamaşaya qoyulurdu. Şəkər Aslan bölgənin
ictimai-siyasi həyatında da fəallığı ilə
seçilirdi. Bir neçə çağırış Lənkəran
Şəhər Sovetinin deputatı olan Şəkər Aslan
"Şərəf nişanı" ordeninə layiq
görülmüşdü. Cəmi 60 il ömür sürən
Şəkər Aslanın yaradıcılığı
bölgənin sərhədlərindən çox kənara çıxırdı.
Onu respublikanın hər
yerində yaxşı tanıyırdılar. Şəkər
Aslanın poeziyasında cənub bölgəsinin füsunkar təbiəti
misra-misra çiçək açırdı. Həmkarları
özü Lənkərandan kənara çıxmayan, amma
şeirləri ilə bütün azərbaycanlıların
ürəyini fəth edən bu istedadlı şairə onlarla
nəzirə yazıblar.
1995-ci ildə Şəkər
Aslan dünyasını dəyişdikdən sonra bölməyə
İltifat Saleh rəhbərlik edir. Ömrünün 74 ilini
tamamlayan İltifat Saleh ixtisasca müəllimdir. Uzun illər Lənkəranın
indiki Liman şəhər orta məktəbində pedaqoq kimi
çalışıb. İlk şeiri Nəriman Həsənzadənin
tövsiyəsi ilə işıq üzü görüb. Xalq
şairi Rəsul Rza 1962-ci ildə "Ədəbiyyat və
incəsənət" qəzetində ona "Uğurlu
yol" yazıb. Bu xeyir-dualarla ədəbiyyata gələn
İltifat Saleh 8 kitabın müəllifidir. O, AYB-nin Lənkəran
bölməsinin rəhbəri kimi fəaliyyətə
başladıqdan sonra bu qurumda müəyyən dirçəlişlər
diqqət çəkdi. Öncə nəşri
dayandırılan "Şəfəq" jurnalı yenidən
bölgə yazarlarının tribunasına çevrildi. Eləcə
də cənub bölgəsində yaşayıb-yaradan qələm
sahiblərinin əsərlərindən ibarət
"Ömürdən yarpaqlar" adlı almanax çap
edildi. Uzun illər həm pedaqoji, həm də
yaradıcılıq aləmində göstərdiyi səmərəli
fəaliyyətə görə müxtəlif mükafatlara
layiq görüldü. Prezident təqaüdçüsüdür
(2009-cu il üzrə). Xalq yazıçısı Anar
İltifat Salehin "Dərdin şəkli" adlı
kitabına ünvanladığı ön sözdə
yazır: "Müəllifin bu yeni kitabı şairin
doğru yolla inkişaf etdiyini, ildən-ilə püxtələşdiyini,
dilinin poetik vasitələrinin daima zənginləşdiyini,
kamilləşdiyini bariz şəkildə göstərir".
Həqiqətən də, İltifat Saleh sözə məsuliyyət
və məhəbbətlə yanaşan qələm sahiblərindəndir.
Özünün bir etirafı var ki, mən hər zaman
sözdən çəkinir və qorxuram. Çünki
insanı ucaldan da, onu gülünc hədəfinə
çevirən də sözə göstərilən diqqətin
necəliyindən asılıdır. Bəlkə də buna
görə müəllif belə yazır:
Qorxu narahatlıq, qorxu
ehtiyat,
Qorxmasaq, Allaha olmarıq
bəndə!
İçimdə
qorxulu narahat həyat
Sakitlik yaradıb əzəldən
məndə.
Sözə bu mövqedən
yanaşmaq şairin istedadından, mükəmməl ədəbi
yaradıcılığından xəbər verir. Onunla
söhbət zamanı bəlli oldu ki, hazırda ölkəmizin
cənub bölgəsini əhatə edən rayonlar üzrə
Yazıçılar Birliyinin 50 nəfərdən çox
üzvü var. Bölmədə ədəbi birlik yenə də
fəaliyyət göstərir. Ayda iki dəfə keçirilən
məşğələlərdə bölmənin üzvləri
yeni yazdıqlarını müzakirəyə
çıxarır, bir-birinə məsləhətlər
verirlər. Cənub bölgəsinin ədəbi həyatından
bəhrələnərək bütün respublikada məşhur
olan şairlərdən Əhəd Muxtar, Zülfüqar
Qodmanlı, Novruz İbadoğlu, Azad Talışoğlu,
Allahverdi Məmmədli, yazıçılardan Firudin
Ağayev, Ağəddin Mansurzadə dünyalarını dəyişsələr
də, ədəbi nümunələri ədəbiyyatda
qalmaqdadır. Böyük zövqlə yazıb-yaradan Ayaz Vəfalı,
Maarif Teymur, Bəhlul Abdulla, Azadə Musayeva, Camal Yusifzadə,
Sevda Əliyeva, Aslan Quliyev, Fəxrəddin Ziya, Zeydulla
Ağayev, Zöhrab Zövünlü, Məmməd Kazım, Əlisa
Nicat, Sahib Əliyev, Etibar Əhədov, Aliyə
Seyidqızı, Ağacəfər Həsənli, Qardaşxan Əziz
və başqalarının imzaları respublika oxucularına
yaxşı tanışdır. Bölmənin üzvlərindən
İlham İlhaminin, Hafiz Mirzənin, Əhməd Haqsevərin,
Mehman Qaraxanoğlunun, Meyxoş Abdullanın, Qardaş ƏlişoğlununE
çapdan çıxmış kitablarının təqdimat
mərasimi keçirilib.
İltifat Saleh bildirir
ki, Lənkəranın "Cənub" televiziya kanalı
bölgə yazarları üçün lazımi şərait
yaradıb. Bu kanal vasitəsilə tez-tez onların
çıxışları və kitabları haqqında məlumatlar
yayılır.
Bölmədə
bölgə yazıçılarının yubileylərinin
keçirilməsi artıq bir ənənəyə
çevrilib. Mirhaşım Talışlının, Şəkər
Aslanın, Vaqif Hüseynovun, Həbib Səfərovun ad
günləri təntənə ilə qeyd edildi. Bölmənin
fəaliyyətində qızıl xətdən biri də ədəbi
irsə, klassiklərə göstərilən diqqət və
məhəbbətdir. Xüsusilə də Mir Cəlal
Paşayevin, Rəsul Rzanın, Qabilin
yaradıcılığına həsr olunan ədəbi-bədii
gecələrin təşkili cənub bölgəsinin ədəbiyyatsevərləri
tərəfindən maraqla qarşılanır.
Bölmənin
qonaqları da olur. Bakıda yaşayan tənqidçi və
şairlər, ədəbiyyatşünas alimlər tez-tez Lənkərana
üz tutaraq burada yaşayıb-yaradan həmkarları ilə
görüşür, onlara lazımi məsləhət və
tövsiyələr verirlər.
İltifat Saleh söyləyir
ki, hər kəsə doğulduğu yer daha şirindir. Amma bu
bir həqiqətdir ki, Lənkəran hər bir azərbaycanlı
üçün cazibəli məkandır. Mavi Xəzərin
dalğalı sularından tutmuş Xambulançayın əsrarəngiz
gözəlliklərinə kimi burada hər şey insanı
ilhama çağırır. Kimsə deyib ki, Lənkəranda
quşlar gecələr də oxuyur. Balaca istedadı, yazmaq
qabiliyyəti və qələmi olacaq insan heç vaxt belə
mənəvi zənginliklərlə, gözəlliklərlə
dolu olan bir ünvanı qoyub başqa yerə can atmaz. Cənub
bölgəsinin uca dağları da, yaşıl libaslı ormanları
da, ucu-bucağı görünməyən düzləri də,
dərələri də, bir sözlə, bütün təbiəti
başdan-ayağa poeziyadır, şeirdir,
yaradıcılıq laboratoriyasıdır. Ona görə də
burada yaşayıb-yaradan qələm sahiblərinin əsərlərində
bu məkanın təbii gözəllikləri daha poetik əks
olunub.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 2
oktyabr.- S. 7.