Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü
Oktyabrın 2-də rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək
görüşü olmuşdur.
Görüşdə
dövlət başçıları ölkələrimiz
arasında əlaqələrin müxtəlif sahələrdə
inkişafından məmnunluq ifadə etdilər. Yüksək
səviyyədə həyata keçirilən
qarşılıqlı səfərlərin əhəmiyyəti
vurğulandı və bu səfərin də əlaqələrin
daha da genişlənməsinə töhfə verəcəyi
bildirildi.
Qazaxıstan Prezidenti Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən
danışarkən dedi ki, Heydər Əliyev Azərbaycanı
sabit inkişaf yoluna çıxardı. Siz isə yeni və
müasir Azərbaycan yaratdınız.
Nursultan Nazarbayev Bakı
şəhərində gedən sürətli yeniləşməyə
toxunaraq bildirdi ki, indi Azərbaycan paytaxtı ənənələri
və müasirliyi özündə birləşdirən Avropa
şəhərinə çevrilmişdir.
Dövlət
başçıları ikitərəfli münasibətlər,
regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi apardılar.
AzərTAc
Azərbaycan.- 2009.-3
oktyabr.- S. 1.