Geniş tərkibdə görüş

 

Oktyabrın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli Nursultan Abişeviç!

Hörmətli qonaqlar!

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfər uğurlu olacaq və onun nəticələri münasibətlərimizin gələcək inkişafına çox müsbət təsir göstərəcəkdir. Bizim aramızda çox möhkəm tarixi əlaqələr vardır. Ölkələrimiz beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyət göstərir. İkitərəfli münasibətlər çox uğurla inkişaf edir. Həyata keçirdiyimiz konkret layihələr, həmçinin gələcəyə yaxşı perspektivlər vardır. Əminəm ki, ölkəmizə səfəriniz, qəbul edəcəyimiz qərarlar və imzalayacağımız sənədlər münasibətlərimizin inkişafı, regional əməkdaşlığın möhkəmlənməsi, nəzərdə tutduqlarımızın hamısının uğurla həyata keçirilməsi üçün çox böyük praktiki əhəmiyyət kəsb edəcəkdir. Mən çox şadam ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir, bizim tərəfdən də nümayəndə heyəti böyükdür. Əminəm ki, Sizin səfəriniz müddətində nümayəndə heyətlərinin üzvləri də qəbul edilmiş qərarların həyata keçirilməsi naminə hər bir istiqamətdə konkret addımların atılması üçün fəal işləyəcəklər.

Sizi bir daha ürəkdən salamlayıram. Sizi Azərbaycanda görməyimə çox şadam. Əminəm ki, səfər uğurlu keçəcək və Sizin burada olmağınız bizə də çox xoşdur.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirərək dedi:

- İlham Heydər oğlu, dəvət üçün, daimi ənənəvi qonaqpərvərlik, bizə qardaş münasibəti üçün çox sağ olun.

Həqiqətən, biz buraya nazirliklərin və idarələrin rəhbərlərindən ibarət böyük nümayəndə heyəti ilə gəlmişik ki, ilk növbədə, ölkələrimizin böhrana qarşı iş sahəsində təcrübə mübadiləsi aparaq, hələ həll edilməmiş məsələləri həll edək. Biz bütün zəruri əməkdaşlıq sahələrini Sizinlə ətraflı müzakirə etdik, hökumətlərarası komissiya da işlədi. İndicə mənə məruzə etdilər ki, artıq həll edilməmiş, razılaşdırılmamış heç bir məsələ qalmamışdır. Biz deməliyik ki, Qazaxıstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Sizinlə görüşlərimizin dinamikası buna dəlalət edir. Harada olursa-olsun, hər yerdə, Siz həmişə gəlmisiniz və mən də buna hazıram. Bu ənənənin əsası hələ Sizin atanız, mənim dostum və böyük qardaşım Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bizim aramızda heç bir anlaşılmazlıq, həll edilməmiş məsələ, siyasi problem olmamışdır. Biz bunu bilirik, Sizin uğurlarınıza sevinirik, şadıq ki, Azərbaycan bu regionun şəksiz liderinə çevrilmişdir və hətta bu şəraitdə də nümunə göstərir. Dörd il Bakıda olmamışam, bu gün Bakı, əlbəttə, tamamilə başqa, müasir və gözəl şəhərdir. Mən təzə paytaxt tikmiş bir adam kimi, bunun nə demək olduğunu bilirəm. Möhtəşəm iş görülmüşdür. Hətta təyyarədən baxanda Bakının sənaye görkəmi tamam başqadır. Sovet dövründə mən burada tez-tez olurdum, köhnə şəhərin vəziyyəti yadımdadır. Əlbəttə, köhnə şəhərin köhnə dərd-səri olur: sınıq-salxaq evlər, palçıq his-pas... Bu gün, xüsusən, mərkəzin bu cür olması bizi sevindirir və mən Sizi təbrik edirəm. Hər halda, paytaxt ölkənin güzgüsüdür, ona baxıb hər şey barədə mühakimə yürüdürlər və regionlar da özlərini necə aparmağı ondan öyrənirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3oktyabr.- S. 1.