Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması

 

Oktyabrın 2-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə"ni Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Aktau şəhərinin akimi Salimgerey Bakbergenov imzaladılar.

"Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum"u, "Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə"ni, "Kazmunayqaz" Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu"nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və "Kazmunayqaz" Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Kairgeldi Kabıldin imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qazaxıstanın maliyyə naziri Bolat Jamişev imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 2.