Azərbaycan və Qazaxıstan
prezidentlərinin mətbuat
üçün bəyanatları
Oktyabrın 2-də sənədlərin
imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev
və Nursultan Nazarbayev mətbuat üçün bəyanatlarla
çıxış etmişlər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV Qazaxıstan dövlətinin
başçısını Azərbaycan dilində salamlayaraq
dedi:
- Hörmətli Nursultan
Abişeviç!
Hörmətli qonaqlar!
Mən Sizi Azərbaycanda
ürəkdən salamlayıram. Sizi yenidən görməyimə
çox şadam və sevinirəm ki, bu gün
aparılmış danışıqlar çox yaxşı nəticələr
verir. Biz gündəliyi çox diqqətlə nəzərdən
keçirdik. Bizim münasibətlərimizin əhatə dairəsi
çox genişdir. O, inkişaf edir, çox sahələri əhatə
edir və bizim bütün istiqamətlər üzrə fəxr
etməyə haqqımız vardır. Siyasi münasibətlər
çox yüksək səviyyədədir. İqtisadi
böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin
müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki
illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr
dinamik inkişaf etmişdir və mən əminəm ki, bu
müvəqqəti azalma yaxın vaxtlarda aradan
qaldırılacaqdır. Xüsusən ona görə ki, bizim
nəzərdə tutduğumuz və bu gün imzalanmış
sənədlərdə öz əksini tapmış layihələr,
ilk növbədə, energetika sahəsində layihələr
nəzərə alınmaqla əminəm ki, ölkələrimiz
arasında qarşılıqlı ticarətin səviyyəsi
yaxın vaxtlarda əhəmiyyətli dərəcədə
artacaqdır.
Energetika sahəsində
biz müttəfiqlərik, Xəzərdə qonşuyuq və
bu sahədə münasibətlərin inkişaf etdirilməsi
üçün gözəl potensial imkanlar vardır. Mən əminəm
ki, bu gün imzalanmış sənədlər böyük
yolun yalnız başlanğıcıdır. Hərçənd
deməliyəm ki, elə bu gün də yaxşı nəticələrimiz
vardır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən
müxtəlif yollarla - həm dəmiryolu, həm də
Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya
bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin,
Azərbaycanın digər nəqliyyat imkanlarının işə
salınması ölkələrimiz arasında daha artıq
inteqrasiyaya gətirib çıxaracaqdır.
Nəqliyyat sahəsində
yaxşı perspektivlər vardır. Əminəm ki,
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatandan
sonra bizim Qazaxıstandakı dostlarımız da bu dəmiryolundan
istifadə etmək imkanına malik olacaqlar. Bu yol, sözün
geniş mənasında, Avropanı Asiya ilə birləşdirəcəkdir.
Bu gün biz kənd təsərrüfatında
münasibətlərin inkişaf etdirilməsinin konkret
yollarını müəyyən etdik. Bu sahədə əmtəə
dövriyyəsinin artırılması da böyük əhəmiyyətə
və böyük potensiala malikdir.
Əminəm ki,
nümayəndə heyətlərinin üzvləri də
bugünü çox səmərəli keçirəcək
və münasibətlərimizin inkişaf etdirilməsinin gələcək
yollarını müəyyən edəcəklər.
Nursultan Abişeviç,
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
möhkəmlənməsi, habelə Xəzərdə, Qafqaz
regionunda səmərəli əməkdaşlıq
üçün əlverişli mühit yaradılması, təhlükəsizlik
tədbirlərinin və qarşılıqlı etimadın
möhkəmlənməsi sahəsində səylərinizə
görə Sizə çox minnətdaram. Bizim dəvətimizi
qəbul etdiyinizə və bu gün səfərə gəldiyinizə
görə bir daha təşəkkürümü bildirmək,
Sizə və Sizin bütün nümayəndə heyətinə
uğurlar diləmək istərdim.
Biz bu gün və sabah
Naxçıvanda hələ işləməliyik. Bu iş
bizim ikitərəfli münasibətlərə yaxşı təsir
göstərəcəkdir.
* * *
Qazaxıstan Prezidenti
Nursultan NAZARBAYEV Azərbaycan dövlətinin
başçısını qazax dilində salamlayaraq dedi:
- Hörmətli
İlham Heydər oğlu!
Hörmətli dostlar!
Azərbaycana, Bakıya
səfərə dəvət olunduğumuza görə Sizə
ürəkdən minnətdarıq. Biz bunu böyük sevinclə
edirik. Qazaxıstanın bir sıra nazirlərindən,
müvafiq şirkətlərin rəhbərlərindən ibarət
sanballı nümayəndə heyəti səmərəli
danışıqlar aparmışdır. Hökumətlərarası
komissiyanın birgə iclası keçirilmiş, gündəlikdə
nəzərdə tutulan bütün məsələlər
üzrə uğurlar əldə edilmiş, sənədlər
imzalanmışdır.
Nəticədə biz
energetika sahəsində əməkdaşlığı
gücləndirmək barədə razılığa gəlmişik.
Azərbaycanın neft-qaz infrastrukturundan istifadə edilməsinə,
ölkələrimiz arasında nəqliyyat
kommunikasiyalarına, neftin emal edilməsi üzrə birgə
iş və kadrların hazırlanması sahəsində təcrübə
mübadiləsinə, araşdırmalara, gələcək
hasilata və nəqletməyə dair sənədlər
imzalanmışdır. Bunlar bizim əməkdaşlığımızın,
necə deyərlər, əsas hissəsidir.
Bundan əlavə, biz kənd
təsərrüfatında - həm baytarlıq sahəsində,
həm də qarşılıqlı malgöndərmələr
üzrə əməkdaşlıq haqqında razılıq əldə
etmişik. Qazaxıstan ərzaq taxılı satmaqda
maraqlıdır. Biz ölkəmizin Xəzəryanı
regionlarının faraş tərəvəz və meyvə ilə
təchiz olunmasında maraqlıyıq. Biz hərbi-siyasi əməkdaşlıqda,
dənizçi kadrların Azərbaycan məktəblərində
təhsil almasında və əlbəttə, mədəni-humanitar
əlaqələrdə maraqlıyıq. Hər halda,
Qazaxıstan vətəndaşları olan 100 mindən
çox azərbaycanlı bizim ölkədə
yaşayır, işləyir, öz həyatlarından
razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıq
üçün bir körpüdür.
Dünya siyasəti məsələlərində
Qazaxıstan və Azərbaycan həmişə vahid mövqedən
çıxış edir. Biz Birləşmiş Millətlər
Təşkilatının mövqeyinin möhkəmlənməsinə,
beynəlxalq qanunvericiliyə riayət edilməsinə tərəfdarıq.
Biz terrorizmin, ekstremizmin hər hansı təzahürlərinə
qarşı mübarizədə əməkdaşlıq
edirik. Biz həmişə mövcud sərhədlərin
toxunulmazlığından, dövlətlərin suverenliyindən
danışırıq. Bu zəmində deyə bilərik ki,
biz həqiqətən, təkcə tərəfdaşlar deyil,
həm də bütün istiqamətlər üzrə
müttəfiqlərik.
Mən əminəm ki,
bizim münasibətlərin çox böyük perspektivləri
vardır. Ölkələrimiz arasında əmtəə
dövriyyəsinin həcmi böhranla əlaqədar bir qədər
azalsa da, 670 milyon dollara çatmışdır. Bu, necə
deyərlər, son hədd deyil. Bizim bu vəziyyəti düzəltməyə
imkanımız vardır. Əminəm ki, bu səfər,
razılaşmalarımız əməkdaşlığımızı
daha yüksək səviyyəyə qaldıracaqdır.
İlham Heydər
oğlu, bu əməkdaşlığı daha da möhkəmlətmək
üçün mən Sizi, özünüz
üçün münasib olan istənilən vaxtda ölkəmizə
rəsmi səfərə dəvət etmişəm.
Görüşlərin yüksək səviyyəsi və
dinamikası ölkələrimiz arasında həqiqətən
qardaşlıq münasibətlərinin mövcud olmasına zəmanət
verir.
Sizə təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 2.