Qazaxıstan Prezidentinin şərəfinə rəsmi nahar

 

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları naharda çıxış etmişlər.

Prezident İlham ƏLİYEV ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulamış, əlaqələrin bugünkü səviyyəsinin əsasının ümummilli lider Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu bildirərək demişdir:

- İki müstəqil dövlət məhz sizin birgə səyləriniz nəticəsində müstəqilliyin ilkin mərhələsinin bütün çətinliklərini və mürəkkəbliklərini aradan qaldıra bilmiş, özünü təmin edən, uğurlu, müasir dövlət kimi inkişaf etmişdir. Əminəm ki, gələcəkdə tarixi baxımdan ölkələrimizin inkişaf yolu fəaliyyətini öz ehtiyatları, öz xalqının istedadı, öz ölkəsinin potensialı əsasında quran müasir müstəqil dövlətlərin tarixi kimi öyrəniləcəkdir. Münasibətlərimizin bugünkü inkişafı 90-cı illərdə görülən işlərin məntiqi davamıdır.

Prezident İlham Əliyev bu gün Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğuladı. Əmin olduğunu bildirdi ki, bu gün imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına, regional proseslərə təsir edəcəkdir.

Ölkələrimizin Xəzər dənizi regionunda əməkdaşlığının mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev demişdir:

- Siyasi baxımdan, iqtisadi inkişaf, sosial məsələlərin həlli baxımından ölkələrimiz dünyanın ən sabit ölkələri kimi səciyyələndirilir. Bu sabitlik uğurumuzun təminatıdır. Bu sabitlik məhz xalqın birliyinə, məqsədlərin birliyinə, ölkələrimizin qarşısında duran vəzifələrin tam anlaşılmasına əsaslanır. Əlbəttə ki, ölkələrimiz arasında səmərəli qarşılıqlı fəaliyyət dövlətlərimizin xeyrinədir, habelə regional əməkdaşlıq daha tammiqyaslı olacaqdır.

Əminəm ki, bu gün bütün nəzərdə tutduqlarımızı yerinə yetirəcəyik. Bu, həmişə belə olmuşdur. Danışıqlarda razılığa gəldiyimiz bütün məsələlərə əməl etmişik. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın əsası 2006-cı ildən, ilk sənəd imzalandığı vaxtdan qoyulmuşdur. Bu gün biz həmin sahədə münasibətlərimizin tamamilə yeni, keyfiyyətcə yeni səviyyəsinə yüksəlirik. Əminəm ki, bütün digər sahələrdə də bizi uğur müşayiət edəcəkdir.

 

* * *

 

Sonra Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV çıxış etmişdir.

Ali qonaq Azərbaycana səfərindən məmnunluğunu bildirmişdir.

Qazaxıstan Prezidenti ölkəmizin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayaraq demişdir:

- Faktiki olaraq, onun gəlişi ilə bugünkü Azərbaycanın təməli qoyuldu. O, müharibəni dayandırdı, ərazini bir əldə cəmləşdirdi. Hər bir rayonun özünü ayrıca knyazlıq saydığı, demək olar ki, Azərbaycanın praktiki olaraq parçalandığı bir vaxtda o, yenilməz iradəsi ilə bu proseslərin qarşısını aldı, dövlət, özü də nüfuzlu dövlət yaratdı, onu dünyada məşhur etdi. Azərbaycanın təbii ehtiyatlarının dünya bazarlarına çıxarılması da onun xidmətləridir. Bakı-Ceyhan onun şəxsi xidmətidir.

Nursultan Nazarbayev Azərbaycan xalqının ümummilli liderinin əsasını qoyduğu siyasətin indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq demişdir:

- Mən dörd ildir ki, Azərbaycanda olmamışam və buradakı yenilikləri görürəm. Bakının siması tamamilə dəyişmişdir. Mən Azərbaycanın iqtisadi göstəricilərindən xəbərdaram, Azərbaycanın postsovet ölkələrində, habelə digər ölkələrdə necə nüfuza malik olduğunu bilirəm. Bu gün Azərbaycan, Azərbaycan xalqı dünyada tanınır.

Qazaxıstan Prezidenti Azərbaycan və qazax xalqlarının ümumi köklərə malik olduğunu vurğuladı. "Qazaxıstan Azərbaycanın yaxın qonşusudur", - deyən ali qonaq ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın səmərəli nəticələrindən də danışmışdır.

Nursultan Nazarbayev əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 2.