IX zirvə görüşünün
iştirakçıları Heydər Əliyev muzey-kompleksi ilə tanış olmuşlar
Türkdilli ölkələrin
dövlət başçılarının IX zirvə
görüşündə iştirak etmək
üçün Naxçıvana gələn Azərbaycan
Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah
Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev oktyabrın 2-də
Naxçıvan şəhərindəki Heydər Əliyev
muzey-kompleksi ilə tanış olmuşlar.
Ali qonaqlara məlumat
verildi ki, burada ulu öndərə aid mindən artıq şəxsi
əşya saxlanılır. Geniş sahəsi olan muzey
ekspozisiya salonu, kitabxana və fonddan ibarətdir.
Prezidentlər Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə,
incəsənətinə göstərdiyi
diqqət və qayğını əks etdirən fotoşəkillər,
habelə ulu öndər haqqında yazılmış kitablarla
tanış oldular. Ümummilli liderin xarici ölkələrə və
muxtar respublikaya səfərlərini əks
etdirən materiallar diqqəti cəlb edir. Buradakı kompüterlər vasitəsilə
ulu öndər Heydər Əliyevlə bağlı istənilən
məlumatı əldə
etmək mümkündür.
Muzeydə dahi şəxsiyyətə aid
bir çox məktub, teleqram, rəsmi sənəd də saxlanılır.
Muzeydəki "Yüksəlişə
doğru həyat yolu" adlı xalça da kompozisiyası və nəfis toxunuşu ilə diqqəti çəkir. Ekspozisiyaya Heydər Əliyevin
1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrü əks etdirən eksponatlar, eləcə də həmin vaxt imzaladığı sənədlər daxildir.
Ümummilli liderin Naxçıvanda işlədiyi
dövrdə iş otağında istifadə etdiyi çıraq, telefon, qələmdan, habelə ovaxtkı geyim əşyaları, saatı, həmçinin 1930-cu ildə çəkilmiş ailə
fotosu əsasında
2000-ci ildə toxunan
"Tarix" xalçası
da maraq doğurdu.
Türkiyə, Qazaxıstan
və Qırğızıstan
prezidentləri Heydər
Əliyev muzey-kompleksinin
xatirə kitabına ürək sözlərini
yazdılar.
AzərTAc
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 3.