"Əcəmi" seyrəngahı ilə tanışlıq

 

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2-də Naxçıvana gələn Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev muxtar respublikanın paytaxtındakı "Əcəmi" seyrəngahı ilə tanış olmuşlar.

Dövlət başçıları əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər.

Sonra prezidentlər "Əcəmi" seyrəngahında açıq səma altındakı muzeyin eksponatlarına baxdılar.

Məlumat verildi ki, 2002-ci ildə yaradılmış muzeydə əsasən Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış məntəqələrindən tapılan müxtəlif dövrlərə aid, o cümlədən Gəmiqaya arxeoloji ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri - daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Muzeydəki 5 min il tarixi olan eksponat qonaqlarda daha çox maraq doğurmuşdur. Bütövlükdə eksponatlar Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın tarixinin qədimliyindən xəbər verir.

Daha sonra dövlət başçıları Möminəxatın türbəsi ilə tanış oldular.

Məlumat verildi ki, Əcəmi Naxçıvaninin dövrümüzə qədər gəlib çatan ən gözəl əsəri olan və Naxçıvan memarlıq məktəbinin bədii memarlıq səviyyəsinin şahidi kimi Möminəxatın türbəsi Azərbaycanın çoxsaylı qədim abidələrindən biridir. Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Möminəxatının şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikili olan Möminəxatın türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini ta qədimdən bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Möminəxatın türbəsi bürcvari Azərbaycan türbələrinin ən gözəl nümunələrindəndir. Qeyd edilmişdir ki, kərpicdən tikilən türbənin memarlıq sxemi olduqca zəngin bir üslubda işlənmişdir.

Qonaqlara Azərbaycanın bütün tarixi abidələri kimi, Möminəxatın türbəsinin də qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə məlumat verildi.

Dövlət başçıları türbənin önündə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.