Telebazar
Müstəqilliyin təməl
prinsipləri, atributları hər kəsə məlumdur və
respublikamız da bu zəruri faktorlara tam sahibdir. Fəqət,
hər bir ölkənin müstəqilliyinin mühüm
göstəricilərindən olan mənəvi rəmzləri
var ki, onların sırasında da efir məkanı xüsusi
yer tutur. Elektron və yazılı KİV-in mövcudluğu,
fəaliyyəti, yayımladığı verilişlərin,
yaxud dərc etdirdiyi materialların məzmunu və keyfiyyəti
məhz mənsub olduğu dövlətin müstəqilliyinin
real təsvirini aydınlaşdırır.
Qətiyyətli və prinsipial yanaşma
Azərbaycanda bu sahədəki
durum barədə əlavə şərhə ehtiyac yoxdur.
Müstəqil dövlətimiz KİV-in sərbəst fəaliyyətini
tam təmin edib, azad sözün qarantına çevrilib. Lakin
yaradılan bu münbit şərait bir çox hallarda
düzgün dəyərləndirilməyib və müəyyən
KİV fəaliyyətlərində sui-istifadə hallarına
geniş rəvac veriblər. Bu arzuolunmaz proses
mediada bəzi nəşrlərin ictimai xadimlərin,
ziyalıların şərəf və ləyaqətinə
kölgə salaraq, onlara qarşı total qarayaxma
kampaniyası aparmaları, həmçinin üzdəniraq
"jurnalistlərin" "reket qəzet"lər yaradaraq
milli mətbuat ənənələrimizə zidd fəaliyyətlə
məşğul olmaları kimi məqamlarla
müşayiət olunub.
Bu prosesin teleməkandakı təzahürü
isə milli-mənəvi dəyərlərə qarşı
yürüdülən "səlib
yürüşü", maarifləndirici funksiyanın ucuz
şoularla əvəzlənməsidir. Belə xoşagəlməz
halların kütləvi xarakter alması və ziyanlı
miqyasını dayanmadan genişləndirməsi ölkə
ictimaiyyətinin müxtəlif təbəqələrini əslində,
bu problemin qarşısını almaq üçün səfərbər
edib. Lakin qarşı tərəf hər zaman səslənən
iradları qulaqardına vurub və öz "ayıblarına
kor olaraq" etiraz müəlliflərinə yönəlik
cılız şər kampaniyası aparıblar. Azərbaycan teleməkanının nöqsan və
çatışmazlıqları barədə deyilən
sözlər, səslənən faktlar heç bir nəticə
verməyib, əksinə, mavi efirimizin qara yayımları hər
gün daha bir yeni verilişi tamaşaçılara "ərməğan"
edib.
Şübhəsiz ki, bu problemin
mövcudluğu sadə vətəndaşlarla yanaşı,
dövləti də ciddi narahat edir. Məsələyə
yüksək səviyyədə kəskin münasibətin
bildirilməsi də fikrimizin əyani göstəricisi
sayıla bilər. Respublika Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
"Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" məqaləsi
uzun müddətdir ki, bu mövzuda ictimaiyyətdə
aparılan müzakirələrə yeni impuls və istiqamət
verməklə yanaşı, həm də
problemdən real çıxış yollarını göstərməsi
baxımından olduqca əhəmiyyətli və dəyərlidir.
Ölkə televiziyalarının fəaliyyətinin təhlilinə
həsr olunan və yaranmış böhranın həlli
variantlarını əks etdirən məqalədə biz
müstəqil dövlətçilik konsepsiyasının
əsas ideoloqlarından olan müəllifin konseptual
yanaşmasını görməklə bahəm, həm də
çox zövqlü bir teleizləyicinin uzun müddətli
müşahidəsinin yekun qənaəti ilə tanış
oluruq. Bu məqalə eyni zamanda, mövzuya
münasibətdə vətəndaş mövqeyinin, vətəndaş
yanğısının, vətəndaş təəssübünün
örnək nümunəsi olaraq, ictimaiyyəti problemin laqeyd və
susqun seyrçiliyinə son qoyaraq, fəal fikir müzakirəsinə
səsləyir.
Akademik Ramiz Mehdiyevin hər bir məqaləsi
ölkənin ictimai həyatında yenilik yaradır, siyasət
meydanında geniş diskussiyalar predmetinə çevrilir, elmdə
və ideoloji proseslərdə innovativ tədqiqatlara təkan
verir. Lakin son məqalənin əsas xüsusiyyəti
odur ki, burada toxunulan mövzu ölkənin siyasi və elmi
elitası ilə yanaşı, "7-dən 77-yə"
yaş kateqoriyasına mənsub bütün vətəndaşların
- müəllimdən fəhləyə, mühəndisdən
aqronoma, akademikdən "obıvatelə" ... qədər
uzanan sosial qruplar silsiləsinin hər
birinin fikirlərini daha dolğun və bitkin formada əks
etdirir, onların bəzi teleproqramlardan
narazılıqlarını bütünlüklə milli teleməkanın
fəsadları kontekstində ümumiləşdirir, ən nəhayət,
konkret ünvanlar, konkret teleproqramlar, konkret problemlər
rakursunda mövzunu təhlil süzgəcindən keçirərək
düzgün vəzifələr müəyyənləşdirir.
Qeyd etdiyimiz məqamlar belə nəticəyə
gəlməyə imkan verir ki, "Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr" məqaləsi məhz
xalqın sosial sifarişinin təcəssümüdür, həmçinin
dövlətin bu sahədəki "bespredeli" aradan
qaldırmaq üçün teleşirkət rəhbərlərinə fəaliyyətlərində
dönüş yaratmaqla bağlı son
çağırışıdır. 2001-ci ilin avqust
ayında ulu öndər Heydər Əliyevin milli-mənəvi
dəyərlərin qorunması barədə məlum
müraciətinin tezislərini və Prezident İlham Əliyevin
bu mövzu ilə bağlı dəfələrlə bəyan etdiyi mülahizələri tam müfəssəlliyi
ilə əks etdirən məqalədə Prezident
Administrasiyasının rəhbərinin problemə qətiyyətli
və prinsipial yanaşması ictimaiyyət nümayəndələrini
bu məsələdə fəal diskussiyalara səsləyir.
Maddi maraq tamaşaçı istəyini üstələyəndə
Azərbaycan
teletamaşaçısının "biz maraqlı, məzmunlu,
ailəliklə oturub baxa biləcəyimiz verilişlər istəyirik"
arzusunu akademik Ramiz Mehdiyev məqaləsində konkretləşdirərək
belə ifadə edir: "Televiziya kanallarının
konsepsiyası, strateji hədəfləri, efir siyasəti
ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin
saflaşması, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə töhfə verməlidir... Bu gün Azərbaycan tamaşaçısı radio
və televiziyalarından ölkəmizdə və dünyada
baş verən taleyüklü hadisə və proseslər
haqqında obyektiv, hərtərəfli informasiya
çatdırılmasını, onların yüksək
peşəkarlıqla şərh edilməsini, maarifləndirmə
xarakterli keyfiyyətli verilişlər gözləyir".
Bu prinsiplər əslində, hər bir teleşirkətin fəaliyyətə
başlamadan öncə müəyyənləşdirdiyi
prioritetlər olmalıdır. Yəqin ki, bu məqamlar
müvafiq strukturlardan işə başlamaq üçün
lisenziya alarkən elan edilən məramnamədə əksini
tapıb. Lakin real fəaliyyətə gələrkən
prinsiplər elə kağız üzərində də qalmaqda
davam edib.
Teleməkanın nöqsan və
çatışmazlıqları o qədər çoxdur ki,
onları təhlil etməyi demirik, sadəcə, elə
sadalamaq xeyli zaman alar. Amma əvvəlcədən
onu xatırlatmaq zəruridir ki, təsnifatına görə
üç qrupa bölünən teleşirkətlərdən
- səhmləri dövlətə məxsus olan, ictimai
yayımla məşğul olan və özəl kanallardan ilk
ikisi fəaliyyətlərində məlum təməl prinsipləri
rəhbər tutur, tamaşaçı
qınağına məruz qalmır, keyfiyyətli (tam olmasa
da) verilişlər hazırlayırlar. Elə sonuncu qrup -
özəl teleşirkətlər də ölkədə teleməkanın
keyfiyyətcə inkişafına ilk dövrlərdə müəyyən
töhfələr veriblər. Lakin zaman keçdikcə, vəziyyət
dəyişib və akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, indi
"...özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti
göstərir və daha çox gəlir əldə etmək
məqsədi güdürlər. Halbuki özəl medianın
əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət
mühitində lider mövqe əldə etmək və fəaliyyətini
davam etdirmək üçün maliyyə imkanlarını da
gücləndirməkdir".
Bu gün özəl teleşirkətlərin
efirləri səviyyəsiz şoular, ucuz əyləncə
verilişləri, şit maqazin proqramları ilə doldurulub. Günün hansı saatında bu kanallara baxırsan
bax, fərqi yoxdur, hər zaman eyni simalar - mahnısından
çox qalmaqalları ilə məşhur olan müğənnilər,
sponsor sayəsində "sənətkara" çevrilənlər,
şou-biznesi əxlaqsızlıq və bayağılıq
kimi qəbul edənlər... ya verilişlərin qonaqlarıdırlar, ya da ki, özləri proqram
aparıcısıdırlar. Şübhəsiz, sənətdən
bixəbər və istedaddan uzaq olan bu tipli şəxslərin
efirlərə qonaq, yaxud da aparıcı kimi
çıxmaları onların həmin kanallara ödədikləri
pul vəsaitləri, yaxud da cəlb etdikləri reklamlar vasitəsilə
mümkün olur. Amma maarifçilik və
milli-mənəvi dəyərləri qorumaq kimi vacib bir vəzifəni
fəaliyyətində realizə etməyə borclu olan
telekanalların əksinə, bazar münasibətlərini,
"qaz vurub qazan doldurmaq" niyyətlərini fəaliyyət
prioritetinə çevirmələri günümüzün
acı reallığıdır! Hər
yerindən duranı, arxalı-sponsorlu təsadüfi
adamları efirə buraxmaq, verilişlərdə qalmaqal
yaratmaqla reytinq yığmaq, nitq qabiliyyətindən və mənəvi
keyfiyyətlərdən xali olan şəxsləri
aparıcı statusuna yüksəltmək və digər bu
kimi neqativ proseslər Azərbaycanın özəl
teleyayım şirkətlərinin gündəlik fəaliyyət
metodlarıdır! Axı, cənablar, bu dövlət sizə
fəaliyyət üçün icazə lisenziyasını
ona görə verməyib ki, telekanalları şəxsi mənafeləriniz
üçün bir obyekt kimi işlədib, teleməkanı
xaos vəziyyətinə, biabırçı duruma
salasınız!
Məqaləsində akademik Ramiz
Mehdiyev özəl teleşirkətlərin proqramlarını
təhlil edərək vurğulayır ki, "göründüyü
kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha
çoxdur. Bu verilişlərin əksəriyyəti
ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr
olunur, müəyyən mənada cəmiyyətdə neqativ
tendensiyaların yayılmasına istiqamət verir, gənclərin
və yeniyetmələrin zövqünü,
dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə
mənfi təsir edir. Əksər əyləncə
verilişlərinin ixtisaslı kadrlar tərəfindən
deyil, aparıcılıq edən müğənni və ya
şou-biznes nümayəndələrinin iştirakı ilə
təşkil olunması yaxşı hal kimi qəbul olunmur.
Çox hallarda bu tipli aparıcıların
davranışlarından gənclər özləri
üçün nümunə götürməyə çətinlik
çəkirlər". Əlavə şərhə nə
hacət?
Həqiqətən də, hər
bir aparıcı həmin telekanalın simasıdır. Görəsən,
gənclər Aygün Kazımovadan və onun siması
olduğu ATV-dən nə örnək götürə bilərlər?
Bəlkə, efirdəki boşboğazlığı,
qonaqların hər addımbaşı səviyyəsizcəsinə
təhqir olunmasını, yüngüllüyü, yaxud da əxlaq
naqisliyini özlərinə nümunə seçməlidirlər?!
Azərbaycanda şou-biznesin ən səviyyəsiz,
cılız yönümlərini və mənəviyyatsızlığı
həyat tərzinə çevirən təmsilçilərini
hər gün efirimizə və evimizə zorla yeridən ATV
vaxtilə özünün belə tərbiyəsi, əxlaqı
ilə bağlı ən sərt ifadələrlə ittiham
etdiyi bu müğənnini indi həftədə 10 saat
millətə "tərbiyəçi" kimi
sırıyır! Bəli, başa düşürük ki,
tamaşaçıların zövqləri müxtəlifdir və
bu xanımın da öz auditoriyası var. Lakin
bu məntiqlə yanaşsaq, unutmayaq ki, pornoqrafik filmlərin,
intim mövzuda verilişlərin də kifayət qədər
böyük izləyici təbəqəsi var. İndi
onların rəyinə əsaslanıb, efiri hər gün
erotik mövzularamı həsr etmək lazımdır?! Bəs
harada qaldı teleyayımın maddi və mənəvi dəyərlər
sisteminə, milli adət-ənənələrin qorunub
saxlanmasına, ictimai şüurun yüksəlməsinə
xidmət etməli olan fəaliyyəti? ATV görəsən,
10-15 faizlik auditoriyasını qalan 85-90 faizin səviyyəsinə
qaldırmaq əvəzinə, niyə özü ilə bərabər
teleauditoriyanın mütləq əksəriyyətinin efirə
həsr etdiyi zamanı da çirkaba, girdaba yuvarladır?!
SOYumuza qənim kəsilənlər
Bütün proqramlarını
demək olar ki, xarici telekanalların format və məzmununun təkrarı
üzərində quran ATV bəs, həmin kanallardan bu
verilişin hazırlanma səviyyəsini, aparıcının
qabiliyyətini niyə əxz edə bilmir? Qadın qarderobunda
üç-dörd il alt paltarı axtarışına
çıxan "Yağ kimi" bu gün mətbəxlərdəki
məişət üfunətini can-dildən gün ərzində
efirdə yayır, bu azmış kimi, axşam bir daha təkrar
yayımlayır! Səhər kanalında
aparıcılıq edən 20 yaşlı qız gəlin-qayınana
münasibətləri ilə bağlı "ekspert" rəyi
verir, yoldaşından şikayət edən ailəli
xanıma ərindən ayrılmağı tövsiyə edir,
"müasir kişilərin öz kişiliklərini itirməsindən"
gileylənir.
Milli köklərimizə, SOYumuza
qənim kəsilən verilişləri ilə ATV kanalı səviyyəli
tamaşaçıda ikrah doğurur, qəzəb yaradır! Qeybəti, mənəvi cılızlığı
"Çal-çağır şou" ilə efirə
çıxarıb, düşüklüyü tirajlamaq
azmış kimi, artıq neçə illərdir ki, evimizə
"El içində" ilə ucuz dedi-qodu da "qonaq"
gəlir. Ümumilikdə, kolbasa istehsalını tənqid
edib, istisna kimi yalnız bir sexi təqdir eləyib, iki aydan
sonra onun reklam çarxına çəkilmək,
yaxud da sponsor olan tibb mərkəzi ilə bağlı el
içində (!) olan kütləvi narazılıqları
ört-basdır etmək üçün digər tibb müəssisələri
haqqında "tənqidi" veriliş aparmaqla işimiz yox,
bu, proqram və kanal rəhbərlərinə dəxli olan məsələdir!
Fəqət, "xoruz döyüşdürməsini"
xatırladan "El içində"nin
aparıcısının tədqiqatçısı olduğu
sənətşünaslıq elmi prizmasından görəsən,
bu verilişə necə rəy vermək olar? Mövzu
bir kənarda qalır, iştirakçılar aparıcı tərəfindən
biri-birləri ilə məcburi qalmaqala sövq edilir, bərkdən
qışqırana meydan verilir, abırından utanan isə məzəmmət
edilir ki, niyə sən də buna cavab vermirsən, bunu
söymürsən, axı, söymək sənin
haqqındır (?). Yalançıların
qışqırtısı ilə doğruların
bağrının yarıldığı bu verilişdə
müəllif-aparıcı özündən meyarlar müəyyənləşdirir,
arbitr kimi çıxış edir, prokuror kimi ittiham irəli
sürür, hakim kimi hökm verir... "Həqiqət
axtarışına" çıxan verilişin hər
bölümündə həqiqət axtalanır, ədalət
prinsipi pozulur! Titullu və titulsuz boşboğazlar
tamaşaçıya "görkəmli ictimai xadim,
ziyalı" kimi təqdim olunur! (Bu hal ATV-nin digər
verilişlərinə də xasdır)... Sonda isə hər
münaqişə nəticəsiz bitir...
SMS-lərlə qazanılan
milyonlardan bir hissə görəsən, hansısa
maarifçi verilişin hazırlanmasına yönəlsə,
ATV çoxmu kasıblayar? Biz heç kəsin cibindəki
pullarını saymaq niyyətində deyilik. Amma
görəsən, həqiqətən "Yeni ulduz",
"Xalq ulduzu", "Nömrə bir", "Meyxana"
yarışması... gecə saatlarında əhalini tapmaca
variantlı fırıldaqla soyan proqramlardan, bütün
gün ərzində ekranın aşağı hissəsində
yayımlanan mesajlardan toplanan "çox cüzi qəpik-quruşun"
bir qismi ilə SMS-lərin deyil, professional münsiflər
heyətinin seçdiyi bir vokal yarışma proqramı
yaratmaq, intellektual veriliş açmaq
mümkünsüzdürmü? Yuxarıda
sadaladığımız və onlara əlavə olan
"Performans", "ATV-Maqazin", "106 house", eləcə
də digər bu kimi verilişləri ATV özünün
siması kimi müəyyənləşdirib! Biz bu simanı qəbul
etmirik! Biz ATV-yə səviyyəli proqramlar,
keyfiyyətli verilişlər hazırlamağı
arzulayırıq! Ölkə teleməkanının ictimai-siyasi-xəbər
proqramları arasında lider mövqedə olan "Son xəbər",
"Həftə" verilişlərində nümayiş
etdirilən qabiliyyət və bacarıq, peşəkarlıq
və dinamizm ATV-nin bütün yayımına örnək
ola bilər.
Geriyə doğru irəli?!
Bütün bu deyilənlər həm
də özəl telekanallarda
balanslaşdırılmış efir siyasətinin və efir
proqramının olmadığına dəlalət edir.
Hansı veriliş yaxşı pul qazandırır, hansı
verilişlə yaxşı bazar tutmaq olar - bu prinsiplər
teleefirin əsas vaxtında, "praym-taym"da proqramın
yayımlanması üçün başlıca meyara
çevrilib! Ancaq peşəkar tələblər tamam fərqlidir.
Akademik Ramiz Mehdiyev məqaləsində qeyd edir
ki, balanslaşdırılmış proqram siyasəti, həmçinin
yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət,
maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma
teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin
əsas şərtləridir.
Bu amillərin teleyayımda nə
dərəcədə ödənməsi hamıya məlumdur.
Bu gün Mirzə Cəlil yaşasaydı,
şübhəsiz ki, "Molla Nəsrəddin"in bir
neçə sayı XXI əsrin
tamaşaçılarını "ekstra hisslərlə"
cəhalətə, geriyə sürükləyən
"Lider"ə həsr olunardı. Ana adını bilməklə
və bir kağız parçası üzərində
cızma-qara etməklə 20 saniyəyə
insanların gələcək talelərini müəyyənləşdirmək
absurduna "Lider"in mənsublarının
inanıb-inanmadığını bilmirik, amma bu səfsəfəyə
xalqı inandırmaq üçün bütün dünyada
yayımlanan bir kanal xüsusi səy göstərməklə,
özünü "Molla Nəsrəddin"in cəhalət
tör-töküntüləri ilə bir sıraya qoyur!
Bayağılıq, cılız məişət
yönümü, qeyri-peşəkarlıq bu kanalın əyləncəli
verilişlər konsepsiyasının qayəsini təşkil
edir. Yeni telemövsümə təmtəraqla
başladıqlarını elan etsələr də, əslində,
özünü doğrultmayan köhnə verilişlər fərqli
dekorasiyalarla tamaşaçıya sırınır!
"Xəzər" öz
"Mix şou"sunda bir neçə yeniyetmənin tərbiyəsiz
və əxlaqsız tərzdə səhnəciyini göstərməklə
nə eyib etdiyinin fərqindədirmi? "Ay Zaur"dan
danışmağa dəyməz! Rəzalətin telemənzərəsi
olan bu proqramdan qazanılan gəlir görəsən, "Xəzər"in
rəhbərliyi üçün itirdiyi
tamaşaçılardan daha önəmlidir? Bu kanalın
başbilənləri "Eldən-elə", "Ulduzlu xəzər"
verilişlərinə əvvəldən sonadək baxmağa
görəsən, özlərini məcbur edə bilərlərmi?
İnanmağımız gəlmir! "Space" kanalında
bu sahədə kütləvi qarma-qarışıqlıq
olmasa da, "Bazar" proqramını və onun əlavəsini,
maqazin ruhlu digər verilişlərini reklam tarifləri əsasında
deyil, tamaşaçı istəyi üzərində qursalar,
daha məqsədəuyğun olar.
Hər bir verilişə maraq
yaradan, onun keyfiyyətini göstərən əsas amil
aparıcının qabiliyyəti və
bacarığıdır. Akademik Ramiz Mehdiyevin bu məsələyə
baxışı demək olar ki, bütün
tamaşaçıların ürək sözlərini ifadə
edir: "Televiziya kanallarında aparıcı problemi kəskindir.
Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən
də, əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti,
peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra "aparıcıların"
telejurnalistika sahəsində təcrübəsizliyi,
qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə
narazılıq doğuran məsələlərdir".
Çox aydın irad, haqlı məzəmmət, ən əsası
isə nəticə çıxarmaq üçün verilən
ünvandır! Teleşirkətlər fəaliyyətində
dönüş yaratmaq üçün verilişlərin
keyfiyyətini artırmaqla bahəm,
aparıcılarının səviyyəsi, peşəkarlığı
üzərində də ciddi düşünməlidir.
Bu sahədəki
çatışmazlıq ANS kanalı üçün
xüsusilə səciyyəvidir. Özəl teleyayımın
"qaranquşlarından" olan ANS kanalında bu gün
bayquş ulartısını xatırladan sədaları
eşitmək vaxtilə "lider kanal" kimi onu böyük
maraqla izləyən biz tamaşaçılar
üçün həqiqətən, böyük itkidir. Uzun müddət
özünü səviyyəsiz şou-proqramlardan qoruyan ANS-in
də artıq iki-üç mövsümdür ki, müqaviməti
qırılıb. Tamaşaçısına səhərlər
"Günəbaxan"la qeybət, süni qalmaqallar
"yedirdən", axşamlar isə müxtəlif yeni
proqramlarla səviyyəsiz mükalimələr, mənəviyyata
sığmayan fikirlər, avantüralar təqdim edən ANS-in
"Qırmızı"lığı da ayrı aləmdir!
Həftənin ən mühüm mədəniyyət xəbəri
kimi müzakirə olunan mövzu orta səviyyəli xanım
müğənninin qızının nişan
üzüyünün qaytarılması idi! Görəsən,
ANS mənsubları həqiqətənmi inanırlar ki, iki gəncin
münasibətlərindəki anlaşılmazlığın
milli mədəniyyətimizə təsiri ola bilər?! Azərbaycan
mədəniyyətini bu həddə qədər
cılızlaşdırmaqla kanal hansı məqsədi
gerçəkləşdirir? Vaxtilə Azərbaycanın
özəl teleməkanının "vizit kartına"
çevrilərək, Mirşahin, Xəyal Tağıyev kimi
simaları ilə öyünən bu kanal indi Elgizin,
Turanın, Turalın... simasındadır, onların
günündədir!
Məsuliyyəti kimlər daşıyır?
Bəs yaranmış bu
acınacaqlı duruma görə kimlər məsuliyyət
daşıyır? Haqlı sualın dəqiq cavabı
şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdədir:
"Azərbaycan televiziya və radio
kanallarının monitorinqi göstərir ki, maarifləndirici,
məlumatlandırıcı və əyləncə
funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq,
yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi
dəyərlərin qorunması kimi məsələlər
teleradio rəhbərlərini o qədər də
maraqlandırmır... Bu sahələrdə müşahidə
olunan çatışmazlıqlara görə məsuliyyət
teleradio qurumlarının rəhbərlərinin üzərinə
düşür".
Məsuliyyətin konkret
ünvanı dəqiq göstərilib! Elektron KİV fəaliyyətlərindəki
böhranı, nöqsan və
çatışmazlıqları aradan qaldırmaq
üçün əməli tədbirlər həyata
keçirməlidirlər. Bu qurumların rəhbərləri
indiyə qədər ancaq telekanalların maddi maraqlarının
ödənməsini fəaliyyətlərində əsas
istinadgah kimi seçmişdilərsə, bundan sonra müvafiq
teleqanunvericiliyin tələblərinə uyğun iş
qurmağa, ən əsası isə, Azərbaycan
tamaşaçısı qarşısında
daşıdıqları mənəvi öhdəlikləri
ödəməyə məhkumdurlar! Artıq Azərbaycan
telekanallarını küçə ticarəti mərkəzi
kimi fəaliyyətdən xilas edib, əsl maarifçilik
missiyasına yönəltməyin vaxtı çatıb!
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 5.