İstedadlı müəllimə,yenilikçi pedaqoq

 

Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.

 

Heydər ƏLİYEV

 

Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.

Müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Dahilər belə, öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev böyük fəxrlə deyirdi ki, mən dünyada müəllimdən yüksək ad tanımıram. Heydər Əliyev həyatı boyu müəllimə yüksək dəyər vermiş, dövlət idarəçiliyinin bütün mərhələlərində müəllim adının ucalığını, nüfuz və hörmətini qorumuş, bunu başqalarından da israrla tələb etmişdir.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin milli elm və təhsilin inkişafı, problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Prezident İlham Əliyevin hər il beynəlxalq müəllim günü ərəfəsində onlarca müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.

Bu gün məktəblərimizdə öz sənətini ürəkdən sevən təcrübə və peşəkarlığı ilə fərqlənən, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur. Belə müəllimlərdən biri də Bikə Nəcəfovadır. Onunla söhbət edib, peşə vurğunluğuna bələd olduqdan sonra inanırsan ki, bu insan öz həyatını məktəbsiz təsəvvür etmir. Hər zaman tələsdiyi bir yer varsa, o, yenə də məktəbdir. Bikə xanımın təbirincə, yaxşı müəllim cəmiyyət üçün, millət üçün hava, su və çörək qədər vacibdir: "Həyatda bütün peşələr şərəfli və gərəklidir. Amma cəmiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq hər bir kəs məhz müəllimlərə borcludur. Yaxşı müəllimi olmayan dövlət, xalq inkişaf edə bilməz. O dövlətin ki, yaxşı müəllimi yoxdur, demək, onun gələcəyi də dumanlıdır. Müəllim adı şərəfli addır. Bu adı layiqincə daşıyanlar gələcək nəsillərə əvəzedilməz mənəvi sərvət bağışlayırlar. Bəşəriyyətin xilasına yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışan bu irfan sahibləri üzərlərinə götürdükləri müqəddəs missiya ilə həm də ucalığa qovuşurlar".

Bakıda anadan olan Bikə xanım 173 nömrəli orta məktəbin məzunudur. Paytaxt Bakıda bir çox ailələrin rusca təhsilə, rus dilində danışmağa üstünlük verdikləri vaxtlarda o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Azərbaycan dili və ədəbiyyatı üzrə geniş pofilli mütəxəssis kimi yetişməsinə baxmayaraq, öz arzusu, istəyi ilə əmək fəaliyyətinə pedaqoji sahədə başlayıb və artıq neçə illərdir ki, Bakı şəhərindəki Tahir Həsənov adına 23 nömrəli orta məktəbdə övladlarımıza ana dilinin incəliklərini, ədəbiyyatı öyrədir.

Bikə müəllimə bu məktəbdə çalışmağı şərəf sayır. Çünki 23 nömrəli məktəb paytaxt məktəbləri arasında özünün zəngin ənənələri, təlim-tədrisin keyfiyyəti, pedaqoji uğurları ilə tanınan bir təhsil müəssisəsidir. Bu gün Azərbaycanın ictimai-siyasi, mədəni həyatında tanınan bir çox ziyalılarımız orta təhsillərini bu məktəbdə alıblar. Bircə onu demək kifayətdir ki, Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 23 saylı orta məktəbin məzunudur.

Həyatda qazandığı nailiyyətlərlə bağlı təəssüratlarını bölüşən Bikə müəllimə Azərbaycan təhsilinin uğurlarında, müəllimlərin cəmiyyətdə nüfuzunun, onlara hörmət və ehtiramın qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirir: "Azərbaycan müəlliminin şərəfli adının uca tutulması, onun fəaliyyəti üçün hərtərəfli, normal şəraitin yaradılması, qayğı ilə əhatə olunması ümummilli lider Heydər Əliyevin bütün dövrlərdəki siyasi fəaliyyətinin əsas leytmotivlərindən biri olmuşdur. Ulu öndərin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra ömrünü gənc nəslin maariflənməsinə həsr etmiş müəllimlərimizin, elm sahəsində çalışan insanlarımızın sosial problemləri də diqqətdən kənarda qalmamış, onların məvacibləri ardıcıl olaraq artırılmış, elmi-pedaqoji kontingent dövlət qayğısı ilə əhatə olunmuş, şərəfli ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edilmişdir. Heydər Əliyevin siyasi varisi olaraq onun etimadını ləyaqətlə doğruldan Prezident İlham Əliyevin hər zaman müəllim əməyinə, zəhmətinə, maarifçilik fəaliyyətinə yüksək önəm verməsi, bu müqəddəs peşə sahiblərini cəmiyyətin ən hörmətli təbəqəsi adlandırması bütün pedaqoqlar tərəfindən böyük razılıqla qarşılanır".

Bikə xanımın iş metodu ilə tanışlıq zamanı bu qənaətə gəlirsən ki, o, yenilikçidir, köhnə təfəkkür tərzindən qaçır, müasir təhsilin bütün tərəflərinə bələddir. Həm də bu bələdçilik yalnız nəzəri müddəaları mənimsəməklə bitmir. O, yeniliyin tətbiqində heç nədən çəkinmir. Bu, həm də uzun illərin pedaqoji təcrübəsinin yaratdığı peşə vərdişidir. Ümumiyyətlə, Bikə müəllimənin tədris metodunun bütün istiqamətləri böyük maraq doğurur. Deyir ki, hazırda fənn kurrikulumlarının hazırlıq mərhələsindəyik. Yeni kurrikulumun tələblərinə görə, təlim prosesi əvvəlcədən müəyyən olunmuş nəticələrə əsaslanır. Bununla əlaqədar müəllim əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlər isə öyrənmək üçün tədqiqat aparan, öyrəndiklərini tətbiq və təqdim etməyi bacaran yaradıcı subyektlər rolunda çıxış edirlər. Dərsi adətən, motivasiya ilə başlayan Bikə müəllimə çalışır ki, mövzuya uyğun olaraq motivasiya daha orijinal və cəlbedici olsun. Ədəbiyyat dərslərində daha çox şəkilli, musiqili videomateriallardan istfadə edir. Bu zaman əsas məqsədi şagirdlərin diqqətini mövzu ətrafına cəlb etmək, keçiriləcək mövzuya uyğun bilik və bacarıqlarını fəallaşdırmaq, onları düşündürməkdir.

Bikə müəllimənin iş prinsipi ilə maraqlanarkən bir şeyə də əmin olursan ki, dərslərin daha maraqlı alınması, şagirdlərin orta təhsilin müəyyənləşdirdiyi bilikləri daha dərindən mənimsəmələri, dünyagörüşlərini artırmaları üçün yeni informasiya texnologiyalarının imkanlarından yararlanmaq onun üçün demək olar ki, adi iş normasına çevrilib.

Artıq altıncı ildir ki, yeni təlim metodları əsasında pedaqoji uğurlarının bəhrəsini yaşayan Bikə müəllimə 23 nömrəli məktəbin interaktiv metodlarının tətbiqi istiqamətində qazandığı nailiyyətlərdə Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyevanın gərgin əməyinin olduğunu bildirir. Nailə Rzaquliyeva 23 nömrəli məktəbin direktoru vəzifəsində çalışdığı zaman yeni tədrisdə interaktiv metodların tətbiqinin təşəbbüskarı kimi çıxış etmiş, bu məqsədlə müəllimlər üçün müvafiq kurslar təşkil etmişdir. Bu təkmil ənənəni hazırda məktəbin direktoru İradə Rəhimli uğurla davam etdirir. Məktəbdə müəllimlərin interaktiv tədris metodlarına, informasiya texnologiyalarına yiyələnmələri üçün mütəmadi olaraq kurslar təşkil olunur. Artıq 2003-cü ildən 23 nömrəli məktəbdə yeni təlim texnologiyaları ilə açıq dərslər keçirilir. Dərslərdə təhsil naziri Misir Mərdanov da iştirak edib və razılığını bildirib. Ölkəmizə səfərə gələn Böyük Britaniyanın York hersoqu, Şahzadə Endryu da məktəbdə ingilis dilinin tədrisindən məmnun qalıb. İnteraktiv açıq dərsdə iştirak edən şahzadə sonradan bu təhsil müəssisəsinə göndərdiyi məktubunda da məktəbdən böyük təəssüratlarla ayrıldığını ifadə edib. Məhz yeni təlim metodlarının tətbiqinin nəticəsidir ki, həm ötən il, həm də bu il məktəbin 5 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub və dövlət başçısı tərəfindən mükafatlandırılıb. Bu, respublikanın orta ümumtəhsil məktəbləri arasında ən yüksək göstəricidir.

Bikə müəllimənin fikrincə, interaktiv tədris metodlarının tətbiqi ilə bağlı 23 nömrəli məktəbin təcrübəsi bir çox orta ümumtəhsil müəssisələrinə nümunə ola bilər: "Bu gün tədrisə yeni metodların, texnologiyaların yol açması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi çox müsbət haldır və dövlətimizin təhsilin inkişafına olan yüksək diqqətindən xəbər verir. 23 nömrəli orta məktəb interaktiv metodların tətbiqində əksər məktəblərə nümunə ola bilər".

Bikə müəllimə nailiyyətləri ilə kifayətlənməyi heç vaxt düşünmür və hər zaman yenilik axtarışındadır. Təlim-tədrislə bağlı meydana çıxan ən müasir texnoloji üsullar onun diqqətindən yayınmır. "Həyat daim inkişafdadır. Xüsusən, informasiya texnologiyaları ilə bağlı hər gün yeniliklərlə qarşılaşırıq. Bütün bunlar isə müəllimdən də daim öz üzərində işləməyi, tədrisdə yeni metodlara yiyələnməyi tələb edir. Müəllim həmişə oxumalıdır. Bu bir həqiqətdir ki, şagird öz müəllimini hamıdan bilikli hesab edir. Məncə, müəllim üçün şagirdin sualını cavabsız qoymasından pis heç nə yoxdur" - deyə Bikə xanım bildirir.

Bikə müəllimə deyir ki, bu gün orta təhsilin hansı metodlarla aparılmasından asılı olmayaraq müəllimlərin qarşısında duran əsas vəzifələrdən biri dövlətimiz üçün layiqli vətəndaşların yetişdirilməsinə nail olmaqdır. Çünki bu günün şagirdi sabah cəmiyyət həyatının hansısa sahəsində yer tutacaq bir vətəndaşdır. 23 nömrəli məktəbdə ilk gündən bu prinsip gözlənilir və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında öz uğurları ilə fəxr duyulur. Mehriban xanım Əliyevanın sosial, mədəni, humanitar və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətdə, təhsilin, səhiyyənin inkişafına, milli-mənəvi, mədəni irsimizin qorunması, təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə verdiyi əvəzsiz töhfələrdə şübhəsiz ki, 23 nömrəli məktəbin cəmiyyətimiz üçün layiqli, xalqını, dövlətini düşünən vətəndaş yetişdirmək ənənəsinin izləri aydın görünməkdədir.

Bikə xanımın bir müəllimə kimi narahatlıqları da var. Bu da bəzən şagirdlərin dünyagörüşündə müşahidə edilən məhdudluqla bağlıdır. "Danılmazdır ki, bügünkü şagirdlərimizin əksəriyyəti ədəbi qaynaqlardan az istifadə edir və mütaliəyə az vaxt sərf edirlər. Bu da bir ədəbiyyat müəllimi kimi məni çox narahat edir. Bu məqsədlə də kitabxanalarla sıx əlaqə saxlayırıq. Ayda bir neçə dəfə "Bu dünyanın hər sirrini bizə deyir bu kitablar" mövzusunda oxucular konfransı keçiririk. Şagirdlərə öyrənmənin yolunu öyrətmək sahəsində mühüm rol oynayan tədbirlər, muzeylərə ekskursiyaların təşkili, şair və yazıçılarla görüşlər həm şagirdin bilik və dünyagörüşünün inkişafına müsbət təsir göstərir, həm də onların şifahi və yazılı nitqlərinin inkişaf etməsinə kömək edir" - deyən Bikə xanım təcrübəli pedaqoq kimi fəaliyyətində bu məsələlərə böyük həssaslıqla yanaşır və məqsədinə də nail olur.

Nümunəvi təşkilatçılığı ilə tanınan Bikə müəllimənin əməyi çox mükafatlara layiq görülüb. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin Fəxri Fərmanına, Azərbaycan Kütləvi-İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Məhsəti Gəncəvi" mükafatına layiq görülüb.

2009-cu il isə onun üçün daha əlamətdar və unudulmazdır. Çünki səmərəli və yenilikci pedaqoji fəaliyyətinin nəticəsi olaraq 2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub və Prezident İlham Əliyevin sərəncamı ilə mükafatlandırılıb.

Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşması, həyatın enişli-yoxuşlu yollarına tab gətirməsi üçün mənəvi azuqədir. Bu azuqəni yetirmələrindən əsirgəməyən Bikə xanım yenilikçi olduğu qədər də, şagirdlərinin qəlbini pedaqoji dünyagörüşü, ustalığı ilə isitməyə nail olan müəllimədir. Həm də xoşbəxt o müəllimdir ki, onun şagirdi müəllimə oxşamağı arzulasın. Şagirdlərinin oxşamağa çalışdığı Bikə müəllimə kimi...

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 7.