Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün iştirakçıları Naxçıvandakı "Duzdağ" Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar

 

Oktyabrın 3- Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən sonra tədbirin iştirakçıları "Duzdağ" Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqlara məlumat verdi ki, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf təmiz duzu ilə deyil, həm şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründən burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı. Həmin ölkələrə buradan duz daşınırdı. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında, daşında tarixin sirli, sehirli izləri gizlənmişdir. Hələ Sovet İttifaqı dövründə burada fizioterapiya xəstəxanası fəaliyyət göstərirdi. Sonralar müalicəyə gələnlərin sayı artdıqca bura genişləndirildi. 2006- ilin dekabrında müasir standartlar səviyyəsində "Duzdağ" Fizioterapiya Mərkəzinin tikintisinə başlanıldı. Mərkəz yeraltı yerüstü şöbələrdən ibarətdir. Hazırda bu mərkəzə bir çox ölkələrdən xəstələr gəlir.

Dövlətimizin başçısı ölkəmizin bütün bölgələrində belə mərkəzlərin inşa edildiyini söyləyərək qeyd etdi ki, burada da müalicə istirahət üçün müasir səviyyədə şərait yaradılmışdır. Təbii müalicə ilə yanaşı, dərman fizioterapiya müalicəsi, müalicəvi bədən tərbiyəsi tətbiq edilir. Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da vardır.

Qonaqlar "Duzdağ" Fizioterapiya Mərkəzi ilə böyük maraqla tanış oldular.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 oktyabr.- S. 3.