Mənəviyyata güllə atanlara sərt mesaj
Azərbaycan teleməkanında
baş verən xoşagəlməz olaylar
tamaşaçıların haqlı
narazılığına, əsəb gərginliyinə,
giley-güzarların baş alıb getməsinə səbəb
olub. Dilimizə, mənəviyyatımıza
balta çalmaq cəhdində olan bəzi aparıcı və
müğənnilərin şit, bayağı
danışıqları, etik normalardan uzaq düşmələri
teleməkanda cansıxıcı bir mühit yaradıb. Özəl
televiziya kanallarında hazırlanan verilişlərin bəzən
məqsəd və məramı belə bəlli olmur.
Televiziyalar milli-mənəvi dəyərləri təbliğ
və mühafizə etmək əvəzinə, onların
sıradan çıxmasına, cəmiyyətə etik
normalardan uzaq, yad və biyabırçı bir əxlaq
"kodeksi" sırıyırlar. Keyfiyyətcə yeni
inkişaf dövrünü yaşayan Azərbaycan dövləti
və cəmiyyəti dünya standartlarına cavab verən
teleməkana da sahib olmalıdır. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 2 oktyabr
2009-cu il tarixli sayında dərc edilmiş "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr"
adlı məqaləsində kütləvi informasiya vasitələrinin,
xüsusilə də televiziya və radio kanallarının
işinə güzgü tutulur, bu sahədəki müəyyən
uğurlardan, eləcə də bəzi telekanallarda baş
alıb gedən nöqsanlardan, həlli vacib problemlərdən,
intellektual inkişaf üçün gərəkli olan maarifləndirmə
proqramlarından danışılır. Akademik Ramiz Mehdiyev
televiziya və radio kanallarının fəaliyyətindəki
qüsurları göstərməklə bərabər,
onların aradan qaldırılması üçün
hansı tədbirlərin həyata keçirilməsindən də
söz açır. Məqalədə oxuyuruq: "Hal-hazırda
bu məsələ cəmiyyətimizdə müzakirə
mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı
ictimaiyyət nümayəndələri mövcud problemlərlə
bağlı müəyyən fikir səsləndirmişlər.
Lakin görünür, məsələnin daha
geniş ictimaiyyətin müzakirəsinə
çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi,
həmçinin onların aradan qaldırılması, yeniliklərin
tətbiqi barədə konkret təkliflərin irəli
sürülməsinə ehtiyac vardır". Müəllif
çox haqlı olaraq qeyd edir ki, bu gün
tamaşaçıları narahat edən ümdə məsələlərdən
biri televiziya kanallarında aşağı səviyyəli,
keyfiyyətsiz, əyləncə və şou-biznes xarakterli
verilişlərin çoxalmasıdır. Bu gün Azərbaycan
teleməkanında həqiqətən peşəkar
kadrların azlığı hiss edilir. Teletəcrübəyə
malik olan, vaxtilə peşəkarlığı və səriştəli
verilişləri ilə diqqət çəkən Azərbaycan
efirində bəs nədən belə problemlər və
nöqsanlar yarandı? Doğrudur, bunun səbəbləri
çoxdur. Ən başlıcası, demokratiya ilə
anarxiyanın dəyişik salınmasıdır. Amma müəllifin
fikrincə, bütün nöqsanların, efir məkanında
cəmiyyətin mənəvi inkişafına mənfi təsir
edən verilişlərin çoxalmasının səbəbi
biznes maraqlarının üstünlük təşkil etməsidir.
Bunun da nəticəsində nəinki Azərbaycan, eləcə
də ölkənin xaricində yaşayan
tamaşaçılar da bizim telekanallara baxdıqca zövqləri
korlayan, şit, bayağı verilişlərdən hansı təəssüratları
alacaqlar?
Televiziya adətən üç
prinsipi həyata keçirməlidir: informasiya vermək, maarifləndirmək
və əyləndirmək. Televiziyaların müxtəlif
adlarla efirə çıxan xəbərlər proqramında
bu məsələ müəyyən mənada həll olunur.
Maarifləndirmə isə az qala tamamilə yaddan
çıxarılıb. Halbuki müharibə vəziyyətində
olan ölkəmizdə həm vətənpərvərlik, həm
də maarifləndirmək məqsədilə sanballı
verilişlər müntəzəm hazırlanmalıdır. Azərbaycan
efir məkanında qarşıya qoyulan əsas vəzifələr
də məhz bu şərtlər üzərində
qurulmalıdır. Bunun üçün də hər bir
televiziyada "Maarifləndirmə xarakterli proqramlarda biznes
maraqları üstünlük təşkil etməməli,
daha çox maraqlı verilişlərlə
tamaşaçı auditoriyasının rəğbətinin
qazanılması qarşıya məqsəd
qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və
yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir.
O, həmçinin tamaşaçını
düşündürməyi və istiqamətləndirməyi
bacarmalıdır". Əgər bugünkü teleməkanın
istiqamət verdiyi yolun axarına düşən olsa,
görün hansı uçurumlara qədər gedib
çıxa bilər. Doğrudur, bəzi kanallarda milli vətənpərvərlik
mövzusunu həll etmək istəyirlər. Amma bunu
"yalnız ordu haqqında verilişlə məhdudlaşdırırlar".
Halbuki vətənpərvərlik vətənə sevgi,
doğma yurdun inkişafı, çiçəklənməsi,
əsrlərcə formalaşmış ideyaların
qorunması təbliğ edilməlidir. Bu gün Azərbaycan
telekanalında ciddi proqramların, jurnalist
araşdırmalarının məhsulu olan səviyyəli
verilişlər çatışmır.
Yenə də həmin məqalədə
oxuyuruq: "Televiziya kanallarında aparıcı problemi kəskindir.
Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən
də əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti,
peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra "aparıcıların" telejurnalistika sahəsində
təcrübəsizliyi, qeyri-peşəkarlığı
haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir".
Müəllifin toxunduğu problem çox ciddidir. Həqiqətən də əksər telekanallarda nümayiş etdirilən verilişlərin aparıcısı ya müğənnidir, ya aktyor. Azərbaycanda alayarımçılıq müğənnilik fəaliyyəti ilə məşğul olanlardan başqa kimsə yoxdur ki, verilişlərin əksəriyyətinin taleyi onlara etibar edilir? Hansı kanalı açırsan gözləri döyənək etmiş müğənninin şit, bayağı, səviyyəsiz söz-söhbətləri eşidilir. Kanallar müxtəlif olsa da, verilişlərin çoxu bir-birinin surəti, qonaqlar da demək olar ki, eyni adamlardır. Vaxtilə ayrı-ayrı telekanallarda "səyahət"ə çıxan, küçədə, mağazada, kafedə şit, əttökən, baxdıqca utancaqlıq keçirdiyin, eşitdiyin sözlərdən xəcalət çəkdiyin Turan İbrahimov adlı birisi indi ANS-in "Günəbaxan"ında dayanıb. Sanki ayrı planetdən gətirilmiş bu "aparıcı" qarşısına bir məqsəd qoyub: tərbiyəsizlik, efir etikasına əməl etməmək, ağzına nə gəldi üfülüyüb tökmək, müsahibinə alçaldıcı suallar verməklə onu efir məkanında gülünc vəziyyətə qoymaq, ələ salmaq. Bəzən elə ifadələr işlədir, elə suallar verir ki, insan adlanan varlıq bu sözləri pünhan da deməyə xəcalət çəkir. Bu aparıcının söhbətlərində nəinki səviyyəsizlik, duzsuzluq baş alıb gedir, həm də bəzən mənəviyyatımıza birbaşa ağır zərbə olan fikirlər açıq-aşkar səslənir.
Mətbuatda dəfələrlə "Xəzər" telekanalında "Ay Zaur", ATV-də "Yağ kimi" verilişlərinin eyni adlı aparıcıları tənqid edilib. Ən ağrılısı da odur ki, onlara necəliklərini də başa salmaq olmur. Belələrinin bircə çarəsi var: birdəfəlik ekrana, efirə buraxmamaq! Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması ilə bağlı demişdir: "Biz heç cür yol verə bilmərik ki, mənəviyyatsızlıq mənəvi dəyərlərimizi məhv etsin". Təəssüf ki, bu gün Azərbaycan teleməkanında məhz mənəvi dəyərlərin sıradan çıxması üçün cəhd göstərilir. Bəs nə etməli? Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində bu məsələ qətiyyətlə qoyulur: "Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və SNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır".
Bu gün teleməkandakı ciddi nöqsanlardan biri də peşəkar kadrların hazırlanması və seçilməsidir. Müəllif göstərir ki, "Ali məktəblərin jurnalistika fakültələri jurnalistika sahəsində təhsil verir, nəzəri cəhətdən jurnalistikanın əsaslarını öyrədir. Lakin praktikada, jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır". Bəllidir ki, sovet dövründə Azərbaycanda yalnız Bakı Dövlət Universitetində jurnalistika fakültəsi var idi. Burada da, sözün həqiqi mənasında, jurnalist kadrları hazırlanırdı. Gözəl ənənəsi və təcrübəsi olan bu fakültəyə qəbul zamanı abituriyentlərdən onun yaradıcılıq qabiliyyətini əks etdirən mətbu yazıları tələb edilirdi. İndi isə vəziyyət tamam başqa cürdür. Jurnalistikaya başqa fakültələrə keçid balı çatmayan abituriyentlər gəlirlər. Bundan başqa, ölkədə fəaliyyət göstərən bir sıra özəl ali məktəblərdə jurnalistika fakültəsi var. Adından başqa heç bir bazası olmayan, sözün əsl mənasında, jurnalist yetişdirməyən, amma sonda onlara bu sahə üzrə diplom verən bu cür ali məktəblər də peşəkar kadrların yetişməsində yardımçı deyil. Bunun da sayəsində istedadsız, təcrübəsiz, diplomlu savadsızların teleməkana sürətli axını başlayır. Nəticə də göz qabağındadır. Peşəkarlığı olmayanlar da ekranı, efiri bərbad vəziyyətə salırlar. Açıq-saçıq danışıq və geyim tərzi Azərbaycan teleməkanının abır pərdəsini çoxdan endirib. Müəllif yazır: "...Efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır". Zövqlərin korlanmasına xidmət edən, əxlaqi dəyərlərə zidd olan bayağı proqramların çoxalmasının zərbəsi isə tamaşaçının mənəviyyatına dəyir.
Fərəhli bir məqamdır ki, akademik Ramiz Mehdiyev bütün telekanal rəhbərlərinin bu proqram xarakterli elmi məqalədən öyrənə biləcəyi ciddi məsələləri və konsepsiyanı araşdırıb təqdim etdi. Ümid edirik ki, teleradio şirkətlərinin rəhbərləri qurumlarının işini dövrün tələblərinə uyğunlaşdırmaq üçün göstərilən nöqsanları tezliklə aradan qaldıraraq fəaliyyətlərində ciddi dönüş yaradacaqlar.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 4 oktyabr.- S. 4.