Bakı Şəhər Baş Polis İdarəsində
ümummilli lider Heydər Əliyevin büstünün
açılış mərasimi olmuşdur
Oktyabrın 3-də Bakı Şəhər
Baş Polis İdarəsində (BŞBPİ) ümummilli lider
Heydər Əliyevin büstünün açılış
mərasimi olmuşdur.
Mərasimdə BŞBPİ-nin rəhbərliyi,
idarə və şöbə rəisləri, büstün
müəllifi, xalq rəssamı, AMEA-nın həqiqi
üzvü, tanınmış heykəltəraş Ömər
Eldarov iştirak etmişlər.
Giriş sözü ilə mərasimi
açan baş idarənin rəisi, polis general-mayoru Rafiq
Abbasov büstün üstündəki ağ örtüyü
götürmüş, iştirakçılar büstün
önünə gül dəstələri qoymuşlar.
Rafiq Abbasov demişdir: "Bu
gün Bakı Şəhər Baş Polis İdarəsində
əlamətdar gündür. Biz baş idarənin
yeni inzibati binasında ulu öndər Heydər Əliyevin
büstünün açılışı mərasiminə
toplaşmışıq. Ümummilli lider Heydər Əliyevin
nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq, ulu öndərin
qiymətli tövsiyələrini heç zaman
unutmayacağıq".
Rəis
vurğulamışdır ki, bu gün Azərbaycanın
müasir tarixində də əlamətdar gündür. 16 il əvvəl,
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ulu
öndər Heydər Əliyevi mütləq səs
çoxluğu ilə müstəqil Azərbaycan
Respublikasının Prezidenti seçmişdir. Həmin dövrdə respublikada
vəziyyət çox ağır idi. Yenicə müstəqillik
qazanmış Azərbaycanın ərazilərinə erməni
təcavüzünün gücləndiyi, Dağlıq
Qarabağda müharibə getdiyi bir vaxtda respublika daxilində
hakimiyyət uğrunda mübarizə gərginləşirdi.
Dövlətimizin parçalanmaq təhlükəsi var idi, 70
ildən sonra bərpa edilmiş müstəqilliyi itirə bilərdik.
Bunun bir səbəbi Azərbaycanın müstəqilliyini
istəməyən xarici qüvvələrin
dağıdıcı fəaliyyəti olsa da, digər səbəb
müstəqilliyin ilk illərində respublikaya rəhbərlik
edənlərin xəyanəti və səriştəsiz siyasəti
idi.
Məhz belə ağır bir
zamanda Azərbaycan xalqı öz dahi oğlu Heydər Əliyevə
müraciət edərək onu hakimiyyətə dəvət
etdi. Ulu öndər tarixi xilaskarlıq missiyasını həyata
keçirmək üçün xalqın tələbi ilə
Naxçıvandan Bakıya gəldi. Bununla da müstəqil
Azərbaycanın tarixində yeni bir dövr - dövlət
quruculuğu dövrü başlandı, tərəqqi və
inkişafın əsası qoyuldu. Təbii ki, bütün
bunlar asan başa gəlmədi, xarici qüvvələrin dəstəklədiyi
namərd düşmənlə qeyri-bərabər müharibədə
qurbanlar verdik, dövlət çevrilişi cəhdləri ilə
üz-üzə gəldik. Amma düşmənin niyyəti
gözündə qaldı, biz ümummilli liderimiz Heydər Əliyevin
müdrik rəhbərliyi ilə müstəqilliyimizi qoruya,
dövlətçiliyimizi yaşada bildik.
Hazırda Azərbaycan
Respublikası Heydər Əliyev siyasətinin layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurlu inkişaf yolundadır, sivil dünyaya
inteqrasiya edir. Bu inkişafın, uğurların əsası
isə 1993-cü il oktyabrın 3-də qoyulmuşdur.
Sonra büstün müəllifi,
akademik Ömər Eldarov çıxış edərək
ulu öndər Heydər Əliyev haqqında xatirələrini
danışmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 4 oktyabr.- S. 4.