Mədəni infrastrukturun müasirləşdirilməsinə böyük töhfə

 

Azərbaycanda son illər geniş vüsət almış iqtisadi modernləşmə prosesinin başlıca məqsədi hər bir sahədə dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Respublikanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsi qazanılmış makroiqtisadi nailiyyətlərin cəmiyyət həyatının müxtəlif sahələrində sosial tərəqqi və intibaha xidmət edən islahatları uğurla reallaşdırmaq imkanı yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi mütərəqqi ruhlu islahatlarla cəmiyyətdə mədəni intibah prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir. Yeni mərhələnin səciyyəvi xüsusiyyətlərindən biri milli mədəniyyəti ümumbəşəri universal dəyərlər səviyyəsinə yüksəltmək, tarixi-mədəni obyektlərin infrastrukturunun dinamik şəkildə müasirləşdirilməsini təmin etməkdir. Dövlət başçısı hesab edir ki, cəmiyyət həyatının müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin sürətləndiyi hazırkı mərhələdə Sovetlər birliyi dövrünün geridə qalmış texnologiya və infrastrukturu əsasında fəaliyyət göstərən, əsaslı yenidənqurmaya ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Təsadüfi deyildir ki, cənab İlham Əliyev son illərdə Azərbaycanda, demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidənqurulmasına xidmət edən mühüm sərəncamlar, dövlət proqramları imzalamışdır.

Dövlət başçısı İlham Əliyev hələ 2006-cı ilin yekunlarına həsr olunmuş müşavirədə mədəni sferada zəruri infrastruktur layihələrinin həyata keçirilməsi və mövcud problemlərin həlli üçün dövlət büdcəsindən tələb olunan lazımi vəsaitin ayrılacağını bildirərək demişdi: "Bizim teatrlarımızda çoxdandır ki, təmir işləri aparılmır, aparılsa da, aşağı səviyyədə idi. Mən istəyirəm ki, teatrlarımız ən yüksək səviyyədə olsun. Bu məqsədlə Azərbaycan Dövlət Dram Teatrı, Opera və Balet Teatrı, Heydər Əliyev adına saray, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı ən yüksək səviyyədə təmir olunacaqdır. Uzun illər fəaliyyətsiz qalan Yaşıl Teatr da 2007-ci ildə fəaliyyətini bərpa edəcəkdir. Mən keçən il vəziyyətlə tanış oldum, müvafiq göstərişlər verdim, indi orada təmir-bərpa işləri aparılır. Uzun illər bakılıların ən sevimli yerlərindən biri olan Yaşıl Teatr da yararsız vəziyyətdə idi. Biz gərək onu ən yüksək səviyyədə, faktiki olaraq, yenidən yaradaq və yay mövsümünə qədər Yaşıl Teatr işə başlamalıdır".

Təkcə 2007-ci ilin fevral-mart aylarında Prezident İlham Əliyevin mədəniyyətin üç mühüm sahəsinin problemlərini nəzərdə tutan sərəncamlar imzalaması mədəniyyət siyasətinin daha çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilməsinə təkan vermişdir. Fevralın 20-də "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", həmin ayın 23-də "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında", martın 6-da isə "Azərbaycan muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamlar imzalayan dövlət başçısı müasir mədəni həyatın dinamik inkişafı üçün stimul yaratmışdır.

"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda irəli sürülən problemlərin həlli ölkədə teatr sənətini dinamik tərəqqi yoluna çıxarmışdır. Son iki il ərzində Heydər Əliyev adına saray, Opera və Balet Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Yaşıl Teatr əsasli təmir edilmiş və müasir avadanlıqlarla təmin olunmuşdur.

Cənab İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" sərəncamlarından irəli gələn vəzifələr də uğurla həyata keçirilir. Dövlət başçısının digər bir sərəncamı ilə yeni tikilmiş Muğam Mərkəzi ilə üzbəüz ərazidə Xalça muzeyi inşa olunmalıdır. Bundan başqa, regionlarda fəaliyyət göstərən muzeylərin təmir-bərpası da diqqət mərkəzində saxlanılır.

Azərbaycanda zəngin ənənələri olan kino sənətinin inkişafa doğru meyillənməsi də məhz İlham Əliyevin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər sayəsində mümkün olmuşdur. Dövlət başçısı kino xadimlərinə daim xüsusi həssaslıqla yanaşmış, onların müntəzəm olaraq fəxri adlarla, Prezident təqaüdləri ilə təmin olunmasına çalışmışdır. Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda isə istifadəsiz qalmış kinoteatrların yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yeni filmlərin istehsalı, xarici şirkətlərlə müştərək filmlərin çəkilməsi və digər vacib məsələlər əksini tapır. Cənab İlham Əliyev diqqətə çatdırmışdır ki, dünyanın inkişaf etmiş dövlətlərinin kinoteatrlarında bu gün də filmlərə tamaşaçi axını davam edir. Deməli, məsələ xidmət işinin düzgün və müasir formada qurulmasından asılıdır. "Nizami" kinoteatrının müasir tələblər səviyyəsində təmir-bərpası işlərinə başlanılması da dövlətin bu sahəyə qayğısının daha bir təzahürüdür.

Cənab İlham Əliyevin "Azərbaycan Rəssamlar İttifaqı üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında" 19 dekabr 2006-cı il tarixli Fərmanı isə Azərbaycanda zəngin ənənələri olan rəssamlıq sənətinin inkişafına xidmət edir. Dövlət başçısının Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq potensialının gücləndirilməsi barədə sərəncamları əsasında həmin qurumların yerləşdikləri binalar müasir tələblər səviyyəsində təmir olunmuş, onların maddi-texniki təchizatı yaxşılaşdırılmışdır.

Heydər Əliyev Fondunun da dəstək verdiyi mühüm mədəni-infrastruktur layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru Koişirio Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmişdir. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun dəstəyi ilə inşa olunur.

2009-cu ilin martında Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Burada, həmçinin, Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.

Dövlət başçısı İlham Əliyev 2009-cu ilin aprelində Gənc Tamaşaçılar Teatrının binasında aparılan bərpa və yenidənqurma işləri ilə də yaxından tanış olmuş, inşaat işləri ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir. Milli teatr tarixində özünəməxsus yeri olan Gənc Tamaşaçılar Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin noyabrında başlanmış, Azərbaycan Prezidentinin 2007-ci il 19 fevral tarixli müvafiq sərəncamından sonra təmir-bərpa və yenidənqurma işləri geniş vüsət almışdır. Hər bir məsələni diqqət mərkəzində saxlayan dövlət başçısı 2009-cu il avqustun 15-də teatrda aparılan təmir-bərpa işlərinin sürətləndirilməsi ilə bağlı tövsiyələrini vermişdir.

Dövlət başçısının Gənc Tamaşaçılar Teatrından sonra Dövlət Film Fondunun yeni binası ilə də tanış olması onun milli mədəniyyətin, teatr və kino sənətinin inkişafına necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Yüksək zövqlə inşa edilən Dövlət Film Fondunun müasir infrastrukturu və maddi-texniki bazası Azərbaycanın kino incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan yaradıb.

Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi də dövlət başçısının milli mədəni irsə qayğı siyasətinin davamıdır. 1912-ci ildə inşa olunmuş üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulmuş, Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli sərəncamına əsasən, bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. Eyni zamanda, dövlət başçısının "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında" 2007-ci il 12 mart tarixli sərəncamına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat ayrılmış, eyni zamanda Bəstəkarlar İttifaqına ayrılmış 1 milyon vəsait hesabına musiqi alətləri, müasir texniki avadanlıq alınmışdır. Burada ilk dəfə olaraq rəqəmsal kompüter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılmışdır. Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkanlar yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev əlamətdar mədəni hadisə münasibətilə bəstəkarları təbrik etmiş, Azərbaycan musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir: "...Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıtdılar. Bina, əlbəttə ki, çox böyük rəmzi məna daşıyır. Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünya miqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın müsiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər.

 

Müasir dövrdə xalqların dünya miqyasında özünəməxsus yer tutmasını şərtləndirən amillər heç də sırf iqtisadi faktorlarla bağlı deyil. Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə önə çəkmişdir. Hər bir xalq özünün milli-mənəvi xəzinəsi - mədəniyyəti, incəsənəti, kinosu ilə də dünya miqyasında tanınır, bəşər sivilizasiyasına töhfə verir. Milli mədəniyyətin saxlanılması və inkişaf etdirilməsi xalqın milli-mənəvi kimliyinin, özünəməxsusluğunun qloballaşma dövrünün yad təsirlərindən qorunması baxımından da vacibdir. Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər isə mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda köklənməsinə təkan verir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 4 oktyabr.- S. 4.