Ənənələrini yaşadan məbədgah

 

Bu il ilk elm və təhsil məbədgahı olan Bakı Dövlət Universitetinin yaradılmasından 90 il keçir. Ölkə Prezidenti İlham Əliyev təhsil ocağının şanlı yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün 24 aprel 2009-cu il tarixli sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir".

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza böyük yadigarıdır. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət parlamenti Bakıda Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etmişdi. Bu qərarı səbirsizliklə gözləyən universitetin ilk rektoru V.İ.Razumovski yazmışdı: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edirdik".

Parlamentin qəbul etdiyi qanunda dörd fakültədən - Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət Bakı Universitetinin təsis edilməsi göstərilmişdi. Həmçinin universitetin maddi-texniki bazasının yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün 15 milyona yaxın vəsait ayrılmışdı. 1919-cu il noyabrın 15-i birinci dərs günü kimi qərarlaşdırılmışdı.

1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra universitetin strukturunda bir sıra islahatlar aparılmışdı. 1922-ci ildə ali məktəbin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti qoyulmuş, 1924-cü ildə isə V.İ.Leninin adı verilmişdi.

15 noyabr 1919-cu ildən sistemli tədris fəaliyyətinə başlayan universitet birinci kurslara qəbulu aparmaqla öz tələbə korpusunu yaratmağa müvəffəq olmuşdu. Tələbələr sırasında abituriyentlərdən 297 nəfərin azərbaycanlı olması uğurlu başlanğıc idi.

1920-1921-ci tədris ilində universitet özünün üçüncü, fizika-riyaziyyat fakültəsini yaratmışdı. Fakültənin yaranması ali məktəbin tədris və elmi potensialını daha da gücləndirmişdi, yeni qüvvələrin gəlməsinə səbəb olmuşdu. 1922-ci ildə şərqşünaslıq fakültəsi fəaliyyətə başlamışdı.

Dövrün tələbinə müvafiq olaraq 1923-cü ildə tarix-filologiya fakültəsi yenidən təşkil edilmişdi. Fakültənin dil-ədəbiyyat, tarix-ictimai elmlər və hüquq şöbələri xeyli genişlənməklə onların qəbulu artırılmışdı.

Ötən əsrin 20-ci illərində respublikada xalq təhsilinin inkişafı ilə əlaqədar müəllim kadrlara böyük tələbat əmələ gəlmişdi. Bu məqsədlə 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat və ictimai elmlər fakültəsinin bazasında üç - riyaziyyat, təbiət, ictimai elmlər şöbələrindən ibarət pedaqoji fakültə yaradıldı. Həmçinin 1929-cu ildə universitetin nəzdində Azərbaycan və rus bölməsi olan qiyabi pedaqoji fakültələr fəaliyyətə başlamışdı. 1928-1929-cu tədris ilində hüquq fakültəsi yaradılmışdı. Bütün bunlarla yanaşı, BDU-nun nəzdində 1920-ci ildə təşkil edilmiş fəhlə fakültəsi də fəaliyyət göstərmişdi. Fəhlə fakültəsinə bilavasitə istehsalatda çalışmış gənclər qəbul edilirdi. Universitetin rəhbərliyi fəhlə fakültəsinin genişlənməsinə və orada tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xüsusi əhəmiyyət vermişdi. Bu fakültəni müvəffəqiyyətlə bitirənlər universitetin tələbələri sırasına qəbul edilmişdilər.

Birinci onillikdə təhsil ocağında ən mühüm yeri yüksək ixtisaslı mütəxəssis kadrların hazırlanması tutmuşdur. Əgər 1919-1920-ci tədris ilində ali məktəbə 1094 tələbə qəbul edilmişdisə, onların sayı 1928-1929-cu ildə 1925-ə çatmışdı. Universitetin ilk buraxılışı 1922-ci ildə olmuşdu. Tibb fakültəsini 30 nəfər bitirmişdi ki, bunun da ancaq 10 faizi azərbaycanlı idi. 1929-cu ildə isə 1154 məzunun 18 faizindən çoxu azərbaycanlılar idi.

On ildə universitetdə tələbə qəbulunun artımı ilə yanaşı professor-müəllim heyətinin tərkibi də həm kəmiyyət, həm də keyfiyyətcə dəyişmişdi. Azərbaycanlı müəllimlərin sayı müntəzəm olaraq artmışdı. Çətinliklərə baxmayaraq, 10 il ərzində BDU-da xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin müxtəlif sahələri üçün 1500-dən artıq kadr hazırlanmışdı. 1921-ci ildən "Bakı Universitetinin Xəbərləri" nəşrə başlamışdı. "Xəbərlər"in dörd - təbiətşünaslıq və tibb, ictimai elmlər, şərqşünaslıq və hüquq şöbələri var idi. 1924-cü ildə təhsil ocağı, həmçinin, özünün ikinci nəzəri orqanı olan "Tibbin nəzəri praktiki jurnalı"nın nəşrinə başlamışdı. Universitet özünün birinci onilliyində 500 çap vərəqi həcmində kitab, jurnal və salnamə buraxmışdı. Elmi əsərlərdən başqa, 1923-1939-cu illərdə çox qiymətli elmi kitablar nəşr olunmuşdu.

Universitetin 20-ci illərdə əldə etdiyi nailiyyətlərdə universitet rektorlarının fəaliyyəti də mühüm əhəmiyyət kəsb etmişdir. İlk azərbaycanlı rektor Tağı Şahbazi (1926-1929) və Maqsud Məmmədov (1929-1930) belə fədakar insanlardan olmuşlar.

1920-ci ildə universitet nəşriyyatının yaranması və onun gələcək fəaliyyəti respublikada elmi və tədris ədəbiyyatının təşəkkül tapıb formalaşmasında və fənn proqramlarının, metodik göstərişlərin nəşrində mühüm rol oynamışdır. 20-ci illərdə BDU-nun əldə etdiyi elmi mədəni nailiyyətlərdən biri də onun zəngin, nadir kitab fonduna malik elmi kitabxanasının yaranması idi.

Kitabxananı təşkil etmək üçün bina və 3 milyon manat vəsait ayrılmışdı. Universitetin fəaliyyətinə böyük qiymət verən Azərbaycan hökuməti təhsil ocağının 10 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul etmişdi. Yubiley 1930-cu il yanvarın 12-də Bakı Opera və Balet Teatrında keçirilmişdi. Universitetin bir çox əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülmüşdü.

Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, Avropa və Asiyanın qovşağında məşəl kimi parlayan bu elm və təhsil məbədgahı öz inkişafının çiçəkləndiyi dövrdə Moskvanın göstərişi ilə 1930-cu il iyunun 19-da Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə fəaliyyətini dayandırmış, onun fakültələri ayrı-ayrı institutlara çevrilmişdi. Əmlakı və 100 min nüsxədən artıq kitab fondu olan kitabxanası da yeni yaradılan institutlar arasında bölüşdürülmüşdü.

Respublikamızda universitetin ləğv edilməsinin səhv olması tezliklə ölkənin elm, təhsil və mədəni həyatında özünü göstərməyə başlamışdı. Ona görə də Azərbaycan SSR Xalq Komissarları Soveti 1934-cü ilin mayında universitetin yenidən təşkili haqqında qərar qəbul etmişdi. Beləliklə, 1934-cü ilin sentyabrından BDU-nun fəaliyyəti bərpa edilmişdi. Keçmiş Kommunist, indiki İstiqlal küçəsində 6 saylı binanın yarısı universitetə verilmişdi. Artıq 1935-ci ildə burada 4 fakültə, 13 kafedra fəaliyyət göstərirdi.

1939-cu ildə professor-müəllim heyətinin sayı 226 nəfərə çatmışdı. Bunlardan 17 nəfəri elmlər doktoru, 54 nəfəri elmlər namizədi, dosent idi. Universitetdə son beş ildə 500-ə yaxın yüksək ixtisaslı kadr hazırlanmışdı. BDU-nun tarixini izləyərkən və onun fəaliyyətini araşdırarkən 1920-1944-cü illərdə universitetə başçılıq etmiş V.İ.Razumovskinin (1919-1920), S.V.Davidenkonun (1920-1923), A.D.Qulyayevin (1923-1926), T.A.Şahbazinin (1926-1929), V.S.Yelipotevskinin (1929), M.Q.Məmmədovun (1929-1930), K.M.Ələkbərlinin (1934-1935), Ə.Ə.Əliyevin (1937), C.A.Ələsgərovun (1937-1941), Ş.R.Əliyevin (1941-1944) böyük xidmətləri göz önünə gəlir. Onlar öz dövrlərinin görkəmli elm və təhsil xadimləri, təşkilatçıları olmaqla yanaşı, həm də vətənpərvər ziyalıları idi. Məhz ona görə xalqımız, universitetin professor-müəllim heyəti, tələbələri və məzunları bu insanların əziz xatirəsini həmişə uca tutur.

Bakı Dövlət Universiteti və onun kollektivi 1941-1945-ci illər müharibəsində ölkədə yaranmış çox çətin və mürəkkəb şəraitdə belə öz fəaliyyətini davam etdirmişdi. 1941-ci ilin 22 iyununda universitetin böyük akt zalında izdihamlı mitinq keçirilmişdi. Mitinqdə çıxış edən professor-müəllimlər və tələbələr ölkənin müdafiəsinə qalxmağı, bütün qüvvələrini faşistlər üzərində qələbəyə yönəldəcəklərini söyləmişdilər. Həmin il universitetin rektoru C.A.Ələsgərov, bir çox müəllim və tələbələr cəbhəyə getmişdilər. Təkcə 1941-ci ildə təhsil ocağından 1285 nəfər cəbhəyə səfərbər edilmişdi. 1941-ci ilin sentyabrında universitetin rektoru vəzifəsinə Ş.R.Əliyev təyin edilmişdi. O, 1945-ci ilin aprelinə qədər bu vəzifəni layiqincə yerinə yetirmişdi.

Müharibə illərində mövcud şəraitlə əlaqədar Azərbaycan ali məktəblərinin strukturunda böyük dəyişiklik olmuşdu. 1941-1942-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitut, Qiyabi Pedaqoji İnstitut, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu və Xarici dillər fakültəsi universitetə birləşdirilmişdi.

Beləliklə, 1943-1944-cü tədris ilində BDU-da 10 fakültə - fizika-riyaziyyat, kimya, biologiya, tarix, filologiya, hüquq, iqtisadiyyat, xarici dillər, bədən tərbiyəsi, geoloji-coğrafiya fakültələri və 49 kafedra fəaliyyət göstərirdi. Müharibə illərində böyük çətinliklərə, müəllim kadrların çatışmamasına baxmayaraq, universitet kollektivi yüksək ixtisaslı kadr hazırlığı işini müvəffəqiyyətlə davam etdirmiş, 4 ildə 719 nəfər mütəxəssis hazırlanmışdı.

1944-1945-ci illərdə universitetə birləşdirilmiş institutların ayrılıb müstəqil fəaliyyətə başlaması, onun hospitala çevrilmiş binasının özünə qaytarılması ali məktəbin işində yeni quruculuq mərhələsinin əsasını qoymuşdu.

Universitetdə tədris prosesinin təşkili ilə yanaşı, elmi-tətqiqat işinin aparılmasına, aspirantura yolu ilə elmi kadrların hazırlanmasına, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinə də xüsusi diqqət yetirilmiş, bu mühüm işlər bir an belə dayanmamışdı. 1940-1945-ci illərdə 211 aspirant təhsil almış, demək olar ki, onların böyük əksəriyyəti öz namizədlik dissertasiyasını müdafiə etmişdir. 1941-1945-ci illərdə universitetin elmi şuralarında 13 doktorluq və 118 namizədlik dissertasiyası müdafiə edilmişdir. Müharibə illərində universitetin kadr korpusu da daim təkmilləşdirilmiş, müəllimlərin sırasına xeyli cavanlar daxil olmuşlar. Artıq 1945-ci ildə universitetdə 331 müəllim çalışırdı. Bunlardan 29 nəfəri elmlər doktoru, professor, 107 nəfəri elmlər namizədi, dosent, 195 nəfəri isə müəllim idi. Bu, o dövr üçün çox böyük rəqəm sayılırdı.

Müharibədən sonrakı beşillikdə Bakı Dövlət Universitetinə Azərbaycan elminin görkəmli korifeylərindən biri, fizioloq, əməkdar elm xadimi, akademik Abdulla Qarayev başçılıq etmişdir. A.Qarayev bu vəzifədə 1950-ci ilin noyabrına qədər işləmişdi. Onun rektorluğu dövründə təhsil ocağının strukturunda böyük dəyişikliklər baş vermiş, yeni fakültələr, şöbələr, kafedralar, elmi laboratoriyalar, ixtisaslar açılmışdı. 1945-1946-cı illərdə universitetin filoloji fakültəsinin nəzdində jurnalistika, 1946-1947-ci illərdə incəsənətşünaslıq, yenə həmin tədris ilində məntiq-psixologiya, kitabxanaçılıq şöbələri açılmışdı.

Beləliklə, 1946-1947-ci tədris ilində universitetdə 8 fakültə - filologiya, tarix, şərqşünaslıq, geoloji-coğrafiya, hüquq, fizika-riyaziyyat, kimya və biologiya fakültələri fəaliyyət göstərirdi. Bu fakültələrdə 52 kafedra, 52 kabinet və laboratoriya, 2 muzey var idi. Təkcə 1948-1949-cu tədris ilində 7 yeni kabinet və laboratoriya yaradılmışdı. 1950-ci ildə artıq burada 21 elmlər doktoru, professor və 155 elmlər namizədi işləyirdi. Professor-müəllim heyətinin sayı 316-ya çatmışdı. Qəbul planı ilbəil artmış, beş il ərzində (1946-1950) 3397 tələbə qəbul edilmiş, 1515 nəfər yüksək ixtisaslı mütəxəssis universiteti bitirmişdir.

1950-ci ildə universitetə əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan Hacıyev rektor təyin edilmişdi. Rektor təyin edilənə qədər o, filoloji fakültənin dekanı vəzifəsində çalşmışdı. Təhsil prosesinə və universitetin elmi işlərinə yaxından bələd olan professor Cəfər Xəndan akademik A.Qarayevin işini, onun apardığı islahatları müvəffəqiyyətlə davam etdirmişdi. Respublikada müəllim kadrlara olan böyük tələbatla əlaqədar 1940-cı illərdən fəaliyyətə başlayan qiyabi şöbənin işi əsaslı şəkildə yenidən qurulmağa başlamışdı. Əgər 50-ci illərdə universitetin 4 fakültəsi - qiyabi şöbəsi var idisə, artıq 60-cı illərdə 7 fakültənin qiyabi şöbəsi fəaliyyət göstərmişdi. 50-60-cı illərdə qiyabi şöbə ilə yanaşı, axşam şöbəsi də yaradılmışdı. 1950-1960-cı illərdə təhsil ocağında 5 fakültə - şərqşünaslıq (1957), fizika (1959), iqtisadiyyat (1959), əmtəəşünaslıq (1959), kitabxanaçılıq (1962), jurnalistika (1969) fakültələri fəaliyyətə başlamışdı.

Beləliklə, artıq 60-cı illərin axırlarında Bakı Dövlət Universitetində, demək olar ki, təbiət və humanitar elmlərin mühüm sahələrini əhatə edən 12 fakültə - mexanika-riyaziyyat, fizika, kimya, biologiya, ekoloji-coğrafiya, tarix, filologiya, şərqşünaslıq, kitabxanaçılıq-informasiya, hüquq, jurnalistika, ixtisasartırma və xarici tələbələr fakültələri, həmçinin 64 kafedra, 86 laboratoriya, o cümlədən 4 problem laboratoriyası, 42 kabinet, 2 muzey var idi. Professor-müəllimlərin sayı 710 nəfərə çatmışdı. Universitetin əyani, qiyabi və axşam şöbələrində 12 mindən artıq tələbə təhsil alırdı.

1950-1960-cı illərdə universitetə xalqımızın görkəmli şəxsiyyətləri, elm və təhsil təşkilatçıları, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə tanınan akademiklər Y.H.Məmmədəliyev və Ş.F.Mehdiyev başçılıq etmişlər. Azərbaycanın müasir tarixinə dönüş mərhələsi kimi daxil olan 60-70-ci illər Bakı Dövlət Universitetinin həyatında da əlamətdar illər olmuşdur.

1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan özünün həqiqi inkişaf yolunu tapmışdı. Ötən əsrin 60-cı illərində baş verən sosial-iqtisadi böhran aradan qaldırılmışdı. Bu dövrdə respublika ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universiteti Heydər Əliyevin qayğısı sayəsində bir çox uğurlar əldə etmişdi.

1969-cu ildə universitetin 50 illiyi tamam olmuşdu. Azərbaycan dövlətinin qərarına müvafiq təntənəli yubiley iclası 1969-cu il noyabrın 1-də keçirilmişdi. Təntənəli iclasda yubiley komissiyasının sədri kimi Heydər Əliyev çıxış etmişdi. Bu tarixi çıxış universitetin həyatında çox əlamətdar hadisə idi. Ulu öndərin o dövrün tələblərinin əksinə olaraq Azərbaycan dilində nitqi xalqımız tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, milli şüurun formalaşmasına, ana dilinin statusunun möhkəmlənməsinə səbəb olmuşdu.

Heydər Əliyev bu parlaq nitqində universitetin 50 ildə keçdiyi inkişaf və tərəqqi yolunu yüksək qiymətləndirmişdi. Ulu öndər bu proqram xarakterli nitqində universitet kollektivinin qarşısında elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm əhəmiyyət verməklə yüksək ixtisaslı kadrlar hazırlamaq kimi çox mühüm vəzifə qoymuşdu. 1970-1978-ci illərdə universitetə 12428 tələbə qəbul edilmiş, hər il 1200-dən artıq tələbə bitirmişdir.

Bu illərdə elmi-tədqiqat işləri də böyük vüsət almış, 1676 mövzuda elmi-tədqiqat işi yerinə yetirilmiş, 148 adda monoqrafiya, 325 adda dərslik və dərs vəsaiti, 8423 dərs vəsaiti nəşr edilmişdir.

1977-1978-ci tədris ilində 9 mərtəbəli birinci tədris korpusunun istifadəyə verilməsi nüfuzlu ali məktəbin auditoriya problemini həll etmiş, tədris prosesinin səmərəli təşkilinə səbəb olmuşdur. Universitet tələbələri üçün yataqxana şəhərciyinin salınmasına da ötən əsrin 70-ci illərində başlanmışdır. Bu dövrdə universitetə akademik Faiq Bağırzadə rəhbərlik etmişdir. O, bu vəzifədə 1970-ci ildən 1987-ci ilə qədər işləmişdir. 70-ci illərdə universitetdə 12 fakültə, 70 kafedra, 15 kabinet və laboratoriya fəaliyyət göstərmişdi.

80-ci illərin axırı, 90-cı illərin əvvəllərində respublikada baş verən proseslər, iqtisadi, siyasi və sosial böhran Bakı Dövlət Universitetində də özünü göstərmişdir. Ölkədə hökm sürən anarxiya universitetin tədris prosesinə ciddi təsir etmişdir. Tələbələr arasında dərsə gəlməmək halları artmış, müəllimlərin sosial durumunun çox aşağı olması görkəmli alimlərin xarici ölkələrə getməsinə və öz peşəsindən uzaqlaşmasına səbəb olmuşdu. Universitetə dövlət büdcəsindən ayrılan vəsaitin dəfələrlə azalması onun maddi-texniki bazasının zəifləməsinə gətirib çıxarmış, tədris və elmi-tədqiqat laboratoriyaları yeni avadanlıqlardan məhrum edilmişdi. Təhsil ocağında tez-tez rektorların dəyişməsi ümumi işə olduqca mənfi təsir göstərmişdi. 1987-1993-cü illərdə universitetə dörd rektor - Məmmədov Y.M. (1987-1989), Quliyev C.B. (1989-1990), Qasımov M.G. (1990-1992), Səməndərov F.V. (1992-1993) rəhbərlik etmişdir.

Bakı Dövlət Universitetinin 90 il ərzində keçdiyi yolun əsas və olduqca zəngin mərhələlərindən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonrakı mərhələdir. Bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu mərhələ bir çox cəhətdən əlamətdar olmuş, universitetin tarixində dərin izlər qoymuş, onun fəaliyyətinə müstəqilliyin ab-havasını gətirmişdir.

Ulu öndərin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı təhsil ocağının böhrandan çıxmasına, islahatların aparılmasına, universitet təhsilinin müasir dünya təhsil sisteminə inteqrasiyasına əlverişli perspektivlər açmışdır.

Bakı Dövlət Universitetini xalqımızın milli iftixarı kimi qiymətləndirən ümummilli lider Heydər Əliyevin özü də BDU-nun məzunu və böyük iftixarıdır. Bu gün hər birimiz Heydər Əliyevin adı, doğma universitetimizin ləyaqətli məzunu olması ilə fəxr edirik. Heydər Əliyev Bakı Dövlət Universitetinin tarix fakültəsini 1957-ci ildə bitirmişdir. Bu dahi şəxsiyyətin adı tarix fakültəsinin və BDU-nun Qızıl fonduna düşmüşdür.

Ulu öndər Heydər Əliyev həmişə universitet rəhbərliyinin yeni kadrlarla möhkəmləndirilməsinə böyük diqqət yetirmişdir.

1994-cü ildə görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov universitetə rektor təyin edilmişdir. Professor M.Ələsgərov 1996-cı ildə Milli Məclisin Sədri seçildikdən sonra elm və təhsil təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Misir Mərdanov universitetin rektoru vəzifəsinə irəli çəkilmişdir. 1998-ci ildə professor M.Mərdanov Azərbaycan Respublikasının təhsil naziri təyin edildikdən sonra rektor vəzifəsinə görkəmli kimyaçı alim, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov təyin edilmişdir.

Göründüyü kimi, hər üç şəxs, respublikamızın görkəmli alimləri, elm və təhsil təşkilatçıları, dövlət xadimləri olmaqla respublika ictimaiyyəti tərəfindən tanınan və müsbət qarşılanan insanlardır.

Professor M.Ələsgərov tərəfindən başlanan islahatlar professor M.Mərdanov tərəfindən davam etdirilmişdir. Lakin bu islahatların başa çatdırılması və böyük quruculuq işinin aparılması universitet kollektivi tərəfindən "qurucu rektor" kimi qəbul edilən akademik Abel Məhərrəmovun üzərinə düşmüşdür. O, rektor təyin edildiyi ilk gündən bütün bilik və bacarığını, daxili enerjisini və potensial imkanlarını doğma universitetin tərəqqisinə, təhsil sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə istiqamətləndirmiş, təhsil ocağını beynəlxalq standartlara cavab verən dünya universitetləri sırasına çıxara bilmişdir.

Bu gün BDU-nun maddi-texniki bazası xeyli möhkəmlənmiş, yeni tədris korpusları istifadəyə verilmiş, tələbələr üçün idman kompleksləri tikilmiş, hər korpusda yeməkxanalar istifadəyə verilmiş, gözəl və yaraşıqlı universitet şəhərciyi yaradılmış və ən mühümü, güclü elmi-pedaqoji potensiala malik mehriban kollektiv formalaşmışdır. Aparılan işlərin miqyasına görə son on ili universitetin intibah dövrü kimi xarakterizə etmək olar.

Ali məktəb sistemini dərindən bilən rektor az vaxtda müstəqilliyin qarşıya qoyduğu vəzifələrə, dövlətin ardıcıl həyata keçirdiyi təhsil islahatının tələblərinə uyğun olaraq universitet təhsilində və elmində mühüm nailiyyətlər əldə etməyə, böyük quruculuq işləri aparmağa müvəffəq olmuşdu. İnsanların gözü qarşısında xarici ölkələrdə olan universitet şəhərciklərini xatırladan şəhərciyin yaradılması və tədricən buranın gözəl istirahət və mədəniyyət parkına çevrilməsi çoxminli kollektivə böyük hədiyyə idi. Bu şəhərciyin bəzəyi olan idman kompleksi, 1000 nəfərə qədər tutumu olan örtülü stadion, müasir texnologiyanın son nailiyyətlərinə müvafiq tikilmiş üzgüçülük hovuzu tələbə və müəllimlərin ən çox sevdiyi yerlərdən biridir.

Ötən ildən universitetin yeni tədris korpusu istifadəyə verilmişdir. Korpusun təntənəli açılış mərasimində çıxış edən möhtərəm Prezident İlham Əliyev demişdir: "Mən bu gün çox şadam ki, Bakı Dövlət Universiteti təzə korpusunun açılışı ilə tələbələrə və müəllimlərə yeni şərait yaradır..."

Bakı Dövlət Universitetinin tarixinə intibah dövrü kimi daxil olan son on ildə bütün sahələrdə böyük inkişaf baş vermişdir. Diqqətəlayiq işlərdən biri də müasir dövrün tələblərinə cavab verən nəşriyyat işinin təşkili olmuşdur. Universitetin nəşriyyatına ikinci tədris korpusunda 1500 kv.metrlik sahəsi olan bina ayrılmış, nəşriyyat üçün 1 milyon 500 min ABŞ dolları məbləğində yeni mətbəə avadanlığı, çap maşınları, elektron cihazlar və digər müasir çap texnikası alınmışdır.

Son on ildə Bakı Dövlət Universitetinin rektorunun xidmətləri dövlətimiz, respublikanın elm və təhsil ictimaiyyəti, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. A.Məhərrəmov 11 fevral 2000-ci ildə kimya elmi sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə Prezident Heydər Əlievin fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 2005-ci ildən Milli Məclisin deputatıdır.

Hazırda Bakı Dövlət Universitetində 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 1 elmi-tədqiqat hissəsi, 20 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu struktur bölmələrdə 2897 nəfər əməkdaş çalışır. Universitetin professor-müəllimlərindən 300 nəfəri elmlər doktoru, 900 nəfərə qədəri elmlər namizədidir. Müəllimlərin 217 nəfəri professor, 530 nəfəri dosent, 318 nəfəri baş müəllim, 214 nəfəri müəllim, 16 nəfəri isə assistent vəzifəsini tutur. Professor-müəllim heyətinin tərkibində 8 nəfər AMEA-nın həqiqi üzvü, 15 nəfər müxbir üzvü, 18 nəfər əməkdar elm xadimi, 20 nəfər digər fəxri adlara layiq görülmüş şəxslər, 40 nəfər orden və medallarla təltif edilmiş əməkdaşlar var. Həmçinin universitet əməkdaşlarından 13 nəfəri Milli Məclisin deputatıdır.

Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da mühüm töhfələr vermişdir. Hazırda BDU-nun bütün fakültə, kafedra və digər elmi-tədqiqat qurumlarında təbiət və humanitar elmlərin aktual problemlərinə dair mühüm nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işləri öz aktuallığı ilə yanaşı, geniş istiqamətləri ilə də fərqlənir. Məsələn, son ildə 81 istiqaməti əhatə edən 230 mövzuda 1160 elmi iş yerinə yetirilmişdir.

Universitetdə elmi-tədqiqat işlərinin nəticələri 4 serya üzrə "Bakı Dövlət Universitetinin Xəbərləri"ndə çap olunur. Bununla yanaşı, universitetin ayrı-ayrı fakültələrinin müxtəlif elm sahələrinə dair nəşr etdirdiyi 10 elmi-nəzəri və metodik jurnallar da xüsusi əhəmiyyət kəsb edir.

Hazırda ali məktəbin əyani və qiyabi şöbələrində 60-dan artıq ixtisas üzrə 200-ə yaxın aspirant, 85 ixtisas üzrə 429 nəfər dissertant təhsil alır. Elmi-pedaqoji kadrların hazırlanması sahəsində hələ 1997-ci ildən fəaliyyətə başlayan magistratura şöbəsi də mühüm əhəmiyyət kəsb edir. Magistratura pilləsində 33 istiqamət, 156 ixtisaslaşma üzrə 1200-dən artıq magistrant təhsil alır ki, onların da 40 nəfəri xarici vətəndaşdır.

Bütövlükdə Bakı Dövlət Universitetində 90 il ərzində 80 dəfə tələbə buraxılışı olmuş, xalq təsərrüfatının, elm, mədəniyyət və təhsilin müxtəlif sahələri üzrə 120 mindən artıq yüksək ixtisaslı kadr hazırlanmışdır.

Bakı Dövlət Universitetinin 90 ildə keçdiyi inkişaf və tərəqqi yolu, əldə etdiyi böyük uğurlar bir daha təsdiq edir ki, təhsil ocağı bundan sonra da Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tərəqqi yolunu nurlu bir məşəl kimi işıqlandıracaq.

 

 

Abuzər XƏLƏFOV,

əməkdar elm xadimi,

BMT yanında Beynəlxalq

İnformasiyalaşdırma

Akademiyasının akademiki,

BDU-nun Kitabxanaşünaslıq

kafedrasının müdiri,

tarix elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 4 oktyabr.- S. 5.