Nazirlər Kabinetində görüş

 

A.Rasizadə son zamanlar Azərbaycan Çexiya arasında siyasi əlaqələrin, dialoqun artdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Çexiyadan müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin daha da genişlənməsinə, ikitərəfli münasibətlərin, əməkdaşlığın inkişafına güclü təkan verir.

Baş nazir Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən Dövlət Proqramları, iri layihələr haqqında, dövlətimizin xarici siyasətinin prioritet istiqamətləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, dünyanı bürümüş iqtisadi maliyyə böhranı Azərbaycana cüzi təsir etmiş, cari ilin səkkiz ayında ölkədə ümumi daxili məhsul 5 faiz, son beş ildə isə 2,6 dəfə artmışdır. Respublikada enerjidaşıyıcılarının nəqli ilə bağlı regional layihələr həyata keçirilmiş, eyni zamanda, qeyri-neft sektoru da prioritet sahələrdən birinə çevrilmişdir. Çexiyanın hələ keçmiş zamanlardan maşınqayırma, emal s. sahələrdə böyük təcrübəyə malik olduğunu söyləyən A.Rasizadə Azərbaycanın dost ölkənin bu təcrübəsindən bəhrələnmək istədiyini diqqətə çatdırmışdır.

Avropanın, o cümlədən Çexiyanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfə verməyə hazır olduğu da qeyd edilmişdir. Məqsəd ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsidir bu istiqamətdə artıq əməli işlər görülür.

Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir bildirmişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ həllini tapmamışdır. Vurğulanmışdır ki, bu münaqişə sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir. A.Rasizadə Çexiyanın müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini, mənafeyini müdafiə etdiyinə görə minnətdarlığını bildirmişdir.

Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartak səfər çərçivəsində keçirdiyi görüşlərin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir. M.Bartak vurğulamışdır ki, Çexiya Cənubi Qafqaz regionunda lider dövlət kimi tanınan Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji təhlükəsizliyi, hərbi istiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.