Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq
uğurla davam edir
Oktyabrın 2-də Milli Məclisin
Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə
olan Dünya Bankının Avropa və Mərkəzi Asiya
Regionu üzrə Davamlı İnkişaf Sektorunun direktoru
Piter Tomsonun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşdü.
Qonaqları salamlayan Milli Məclisin
Sədri Oqtay Əsədov ölkəmizin beynəlxalq maliyyə
qurumları, o cümlədən Dünya Bankı ilə əməkdaşlığa
böyük önəm verdiyini diqqətə
çatdırdı. Qeyd olundu ki, Dünya Bankı MDB-nin
üzvü olan ölkələr arasında ilk olaraq məhz
Azərbaycana 1995-ci ildən infrastruktur layihələri
üçün kreditlər ayırmağa
başlamışdır. Ümumilikdə isə indiyədək
Dünya Bankı ölkəmizdə 47 layihəni maliyyələşdirmişdir.
Bu layihələr üzrə ayrılan vəsaitin ümumi həcmi
2 milyard dollardan çoxdur. Ölkəmizdə Dünya
Bankının maliyyələşdirdiyi layihələr
yüksək keyfiyyətlə icra olunur.
Parlamentin Sədri Oqtay Əsədov
onu da diqqətə çatdırdı ki, Milli Məclis Azərbaycanla
Dünya Bankı arasında imzalanan kredit sazişlərini təsdiqləmişdir
və bu istiqamətdə həyata keçirilən əməkdaşlığı
hər zaman dəstəkləyir.
Piter Tomson Dünya Bankının
Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı
İnkişaf Sektorunun direktoru vəzifəsinə bir neçə
ay öncə təyin edildiyini dedi. Bildirdi ki, bu səfər
tanışlıq məqsədi daşıyır. Piter Tomson
Dünya Bankı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan
razılığını ifadə etdi.
Görüşdə ölkəmizlə
Dünya Bankı arasında əməkdaşlığın
perspektivləri barədə fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2009.- 3 oktyabr.- S. 4.