Azərbaycan-Rumıniya əlaqələri yeni mərhələdə uğurla inkişaf edir

 

Azərbaycan Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avratlantik təhlükəsizlik arxitekturasına öz töhfəsini verən ölkə olaraq regionda lider mövqeyini möhkəmləndirməkdədir. Respublikamızın zəngin təbii ehtiyatları ölkənin dinamik inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün geniş perspektivlər açmışdır. Azərbaycanın bilavasitə iştirakı ilə beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinin reallaşdırılması, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin iqtisadi qüdrətini artırmışdır.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə, müstəqil dövlətçiliyimizi möhkəmləndirmiş, ölkəmizin beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməkdədir.

Rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq, ayrı-ayrı dövlətlərlə sivil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət göstərən ölkələrdən biri də Rumıniyadır.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. 1997-ci ildə Rumıniyanın Azərbaycanda, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərindən ilk dəfə olaraq ölkəmizin Rumıniyada səfirliyi fəaliyyətə başlamışdır. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ötən müddət ərzində Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Rumıniya paytaxtında Heydər Əliyev Fondunun nümayəndəliyinin və Heydər Əliyevin adını daşıyan parkın açılması da iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verməkdədir. Azərbaycan Rumıniya dövləti ilə müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində də əməkdaşlıq edir.

Prezident İlham Əliyev Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Əməkdaşlıq əlaqələrinin güclənməsində Azərbaycan Prezidentinin adıçəkilən ölkəyə bu günlərdə etdiyi rəsmi səfər mühüm əhəmiyyət kəsb etmişdir.

Ölkə başçısı İlham Əliyevin Rumıniyaya rəsmi səfəri ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı baxımından əlamətdar olmuşdur. Səfər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu göstərmək olar.

Sənədlərin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafı barədə bildirmişdir: "Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, deyə bilərəm ki, son illər ərzində görülmüş işlərin məntiqi nəticəsidir. Mən əminəm ki, bu gün imzalanmış bütün sənədlər gələcək əməkdaşlığın uğurlu inkişafı üçün də yaxşı əsas yaradır. İkitərəfli münasibətlərin inkişafı üçün çox gözəl imkanlar, çox böyük potensial vardır və biz gələcək illərdə bu potensialdan səmərəli şəkildə istifadə edəcəyik.

Bu gün həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bütün vacib məsələlər müzakirə edildi və gələcək əməkdaşlıq haqqında çox vacib qərarlar qəbul edildi. Siyasi əlaqələr, qeyd etdiymiz kimi, çox yüksək səviyyədədir. Əminəm ki, iqtisadi sahədə yeni, gözəl layihələr icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları dünya və Avropa bazarlarına uğurla çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına çıxarıla bilər".

Rumıniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində də oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir. Azərbaycanın dövlət başçısı səfər zamanı ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün də əlverişli biznes mühitinin olduğunu diqqətə çatdırmışdır.

İki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında ölkə başçısının rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Şərqi Avropanın inkişaf etmiş dövlətlərindən olan Rumıniya ilə əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. Rumıniya Azərbaycana dost ölkə olaraq haqq işimizi dəstəkləyir. Belə ki, üzləşdiyimiz ən böyük problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumınya dövləti öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. Rümıniya dövləti münaqişənin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Prezident İlham Əliyevin Rumıniyaya rəsmi səfəri ölkələrarası əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Səfər zamanı hər iki ölkə başçısının iştirakı ilə müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 1.