Prokurorluq orqanlarında qulluq keçən vətəndaşların sosial müdafiəsi gücləndirilir

 

Prokurorluq orqanlarında qulluq keçən vətəndaşların sosial müdafiəsi gücləndirilir. Bu məqsədlə "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir.

Bu barədə məlumat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də keçirilmiş iclasında verilmişdir. Komitənin sədri Əli Hüseynov bildirmişdir ki, adıçəkilən qanunlara edilən dəyişikliklər prokurorluq orqanlarında qulluq keçən vətəndaşların sosial hüquqlarını gücləndirməklə yanaşı, bu sahədə çalışanlar üçün yeni qaydalar da müəyyən edəcəkdir.

Əlavələrdə və dəyişikliklərdə deyilir ki, prokurorluq orqanlarında qulluq keçən vətəndaşlar 60 yaşında təqaüdə çıxa biləcəklər. Qulluq stajına uyğun olaraq onların əmək pensiyalarına əlavələr də hesablanacaqdır. 60 yaşdan sonra işləmək üçün Baş prokurorun şəxsi icazəsi tələb olunacaqdır.

"Prokurorluq haqqında" qanunun 16 maddəsi də yeni redaksiyada verilmişdir. Qanuna bir sıra redaktə xarakterli dəyişikliklər də olunmuşdur.

İclasda həmçinin "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" qanun layihəsi də müzakirə olunmuşdur.

Layihə barədə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov geniş məlumat vermişdir. Bildirilmişdir ki, ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan sənəd 5 fəsil, 25 maddədən ibarətdir. Sənəd məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı hər hansı bir informasiya əldə etməsinin mümkünlüyünü və şəffaflığını tənzimləyəcəkdir. Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması, istifadəçilərin hüquqları, informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq, sorğu verilməsi, informasiyanın dərc edilməsi və digər bu kimi əsas prinsiplər əksini tapmışdır.

İclasda "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə məsələlərə də baxılmışdır. Qeyd olunmuşdur ki, əlavə və dəyişikliklər qanunların təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq, bu sahələrdə aparılan islahatları daha da sürətləndirəcəkdir.

Sonda müzakirə olunan qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 2.