Xarici İşlər
Nazirliyində
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
nazir Elmar Məmmədyarov ABŞ-ın energetika nazirinin
müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Azərbaycan ilə
ölkəsinin arasında geniş əlaqələrin
olduğunu söyləyən D.Poneman ABŞ-ın Azərbaycanla
enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını
məmnuniyyətlə qeyd etmişdir. Qonaq həmçinin
qlobal enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinin
ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri
olduğunu və ölkəsinin
enerjidaşıyıcıların dünya bazarlarına
çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini
diqqətə çatdırmışdır.
Nazir E.Məmmədyarov
iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı
yüksək qiymətləndirmiş, Azərbaycanın
mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək
ölkəmizin enerjidaşıyıcıların
ixracatçısı olması ilə yanaşı,
onların dünya bazarlarına
çatdırılmasındakı tranzit imkanlarını da
vurğulamışdır.
Diqqəti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə yönəldən
Elmar Məmmədyarov regionda davamlı və uzunmüddətli
sülhün bərqərar olması üçün
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində tez bir
zamanda həll olunmasının vacibliyini bildirmişdir.
Görüşdə tərəflər
qarşılıqlı maraq kəsb edən müxtəlif
mövzular ətrafında fikir mübadiləsi
aparmışlar.
***
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov Pakistan Silahlı
Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin
sədri, general Tariq Məcid ilə
görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
görüşdə tərəflər ölkələr
arasında münasibətlərin yüksək səviyyədə
olmasından məmnunluğunu ifadə etmiş və
mövcud əməkdaşlığın bütün sahələrdə
geniş perspektivlərə malik olduğunu
vurğulamışlar.
Tərəflər Azərbaycan
və Pakistan arasında dərin tarixi köklərə malik əlaqələrin
olmasını vurğulayaraq hər iki ölkə rəhbərliyinin
bu əlaqələrə xüsusi diqqət yetirdiyini
bildirmişlər. Həmçinin müxtəlif məsələlərə
münasibətdə Azərbaycan və Pakistanın bir-birinə
göstərdiyi qarşılıqlı dəstək yüksək
qiymətləndirilmişdir.
Görüşdə
regionda baş verən proseslər, ikitərəfli və
çoxtərəfli münasibətlərə aid məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 2.