Bakının abadlığına dövlət qayğısı gücləndirilir

 

Bakı tarixiliyi və qədimliyi ilə yanaşı, müasirliyi və özəlliyi ilə də diqqəti cəlb edir. Paytaxtın gözəllik embleminə çevrilmiş dənizkənarı bulvarda, Bakının özündən də yaşlı olan İçərişəhərdə, eləcə də şəhərimizin müxtəlif ərazilərində Şərq-Qərb memarlıq ənənələrini özündə yaşadan tikililərdə son illər aparılan bərpa və yenidənqurma işləri göz oxşayır.

İkinci ömrünü yaşayan tarixi abidələr, mədəniyyət mərkəzləri, dünya standartları səviyyəsində tikilmiş yeni körpülər, salınmış magistral yollar, yol qovşaqları, keçidlər, yüksəkmərtəbəli yaşayış binaları, musiqili fəvvarələr, yam-yaşıl bağlar, bağçalar, istirahət guşələri bu yerlərin cazibədarlığını birəbeş artırır, insanların zövqünü oxşayır, əhval-ruhiyyəsini yüksəldir... Bunu bizdən çox, dünyanın müxtəlif ölkələrindən şəhərimizə gələn qonaqlardan da eşidirik.

Hamımızın yaxşı tanıdığımız, mahnılarına sevə-sevə qulaq asdığımız Rusiya estradasının ulduzu, SSRİ-nin və Rusiya Federasiyasının xalq artisti Alla Puqaçova sentyabrın əvvəllərində Heydər Əliyev Sarayında möhtəşəm konserti zamanı Bakıya növbəti səfərinə görə hədsiz xoşbəxt olduğunu bildirdi. Müğənni paytaxtımızda gəzintiyə çıxdığını, şəhərimizin daha da gözəlləşdiyini söylədi. Gəzmədiyi ölkə, görmədiyi şəhər olmayan dünya şöhrətli müğənni konsert zamanı üzünü saraydakı tamaşaçılara tutaraq Azərbaycan xalqına xitabən böyük qürür və həsəd hissiylə "Siz xoşbəxtsiniz ki, Bakınız belə inkişaf edir, gözəlləşir. Bakıda müsbət mənada baş verən dəyişikliklər məni ürəkdən sevindirir. Vurğunu olduğum Bakının inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm" demişdir.

Son illər Bakı və bakılıların, dövlətimizin başçısının ünvanına söylənilən bu cür fikirlərin, xoş və dəyərli sözlərin sayı artmaqdadır. Orta yaşlı paytaxt sakinləri yaxşı bilirlər ki, Bakı on beş-iyirmi il bundan əvvəlki Bakı deyil, heç beş il bundan qabaqkı Bakı da deyil! Bu fərqi, bu müqayisəni Bakının çox da uzaq olmayan keçmişinə və indisinə bələd olanlar yaxşı bilirlər. Əlbəttə, Bakı bəzi problemlərdən də xali deyil, amma gəlin etiraf edək ki, şəhərə dövlət qayğısı əvvəlki illərə nisbətən birəbeş artırılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin paytaxtına və sakinlərinə olan bu qayğı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakıda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq və bərpa işləri buna bariz nümunədir. Qədim Bakı dünyanın inkişaf etmiş adlı-sanlı şəhərlərinə boy verməyə başlayıb. Şəhərin yol-nəqliyyat infrastrukturunun yeniləşməsi, dünya standartlarına cavab verən körpülərin, yol qovşaqlarının yaradılması hamımızın ürəyincədir. Dünyanın ən gözəl memarlıq nümunələri əsasında ucaldılan tikililər, milli memarlıq ənənələrini özündə əks etdirən müasir yaşayış binaları, yeni salınmış küçələr, prospektlər, parklar, bağlar, bağçalar və istirahət guşələri könülləri riqqətə gətirir. Tarixi binaların və mədəniyyət abidələrinin yenidən qurulması qədim tariximizin əcnəbi qonaqlara tanıdılmasında, gənc nəslə çatdırılmasında, keçmişimizə səyahətdə müstəsna əhəmiyyətə malikdir.

Bakı bu gün nəhəng inşaat meydançasını xatırladır desək, bəlkə də səhv etmərik. Bakının qədimliyi saxlanılmaqla sanki şəhər yenidən qurulur. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən paytaxtda yol qovşaqlarının və piyada keçidlərin tikintisində işlər daha da sürətləndirilib. Paytaxtın Xətai rayonu ərazisində, "Xalqlar dostluğu" dairəsində, Məhəmməd Hadi prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində - hələlik paytaxtın ən böyük yol qovşağı sayılan, ümumi uzunluğu 2116 metr, giriş və çıxış yolları ilə birlikdə 2500 metrdən çox olan yeni körpü bugünlərdə istifadəyə verilmişdir. Doqquz yol qovşağından ibarət və inşası üç mərhələdə həyata keçirilən Əzizbəyov dairəsindəki körpüdə isə artıq ikinci mərhələ yekunlaşmaq üzrədir. "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən, paytaxtda daha 12 körpünün inşası nəzərdə tutulub. Bundan başqa, piyadaların rahat hərəkətini və təhlükəsizliyini təmin etmək məqsədilə qarşıdakı 4 ildə daha 75 piyada keçidi inşa olunacaqdır.

Paytaxtın şimal istiqamətində - Bakı-Sumqayıt magistralında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün alternativ marşrut kimi Biləcəri enişindən istifadə etməklə nəqliyyat vasitələrinin Sumqayıt istiqamətində hərəkətinə şərait yaradılıb. "Bakı dairəvi şose yolu"nun tikintisi "Körpü-1" layihəsi çərçivəsində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-cı kilometrliyində yolun altından keçməklə inşasına başlanılan tunel-körpünün uzunluğu 75 metr, eni 18 metr, hündürlüyü 5 metr nəzərdə tutulub. Tunel hər birinin eni 3,75 metr olan 2 hərəkət zolağından ibarət olacaqdır. Piyadalar üçün nəzərdə tutulan səkinin eni isə 1,25 metr nəzərdə tutulub. Quraşdırıcı-mütəxəssislər inşaat işlərini ilin sonunacan başa çatdırmaq üçün hətta gecə saatlarında əlverişli hava şəraitində də tunelin tikintisini davam etdirirlər.

Bakının qədim tarixinin müasir xəritəsinə yeni bir ünvan da əlavə olunmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə şəhərin cənub qapısı sayılan Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının yaradılmasına başlanılmışdır. Tikinti işlərinin gedişi ilə müntəzəm maraqlanan dövlət başçısı bir neçə dəfə bu meydana gələrək tikintinin keyfiyyətlə aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Dövlət bayrağı meydanında işlər mütəxəssislər tərəfindən yüksək peşəkarlıqla hazırlanmış xüsusi layihə əsasında həyata keçirilir. Tikinti işlərinə xarici və yerli mütəxəssislər cəlb olunmuşdur. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qürür mənbəyinə çevriləcək 20 min kvadratmetrlik bu ünvanda lazımi infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər aparılır. Dayağının hündürlüyü 162 metr olan Dövlət bayrağının uzunluğu 70 metr, eni 35 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqram olacaqdır. İnşaatçı və quraşdırıcılar Dövlət bayrağı meydanının tikintisini vaxtında və yüksək keyfiyyətlə başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər.

Müqəddəs və tarixi ünvanlara çevriləcək yerlərdən biri də paytaxtın Nərimanov rayonu ərazisində tikilməkdə olan Heydər Əliyev Mərkəzidir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi üçün "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" 29 dekabr 2006-cı il və "Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında" 24 yanvar 2007-ci il tarixli sərəncamlarından sonra burada inşaat işləri geniş vüsət almışdır. Tikinti işlərini aidiyyəti dövlət qurumlarının, elmi təşkilatların, yaradıcılıq birliklərinin və ittifaqların nümayəndələrindən ibarət Heydər Əliyev Mərkəzinin layihəsi üzrə beynəlxalq müşahidə komissiyası tərəfindən birinci yerə layiq görülmüş "Zaha Hadid Arcts" və "İnnova Konstrakşn and Konstraktinq" şirkətlərinin təşkil etdikləri konsorsiumun təqdim etdiyi layihə əsasında "DİA Holdinq FZCO" şirkəti həyata keçirir. Neçə ki dünyada türk milləti var, neçə ki Azərbaycan xalqı var, müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin adını daşıyan və memarlıq abidəsi kimi ucaldılmaqda olan bu mərkəz ölkəmizin ictimai-siyasi, eləcə də mədəni həyatında böyük rol oynamaqla beynəlxalq səviyyəli tədbirlərin, mötəbər görüşlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin geniş təşkilinə imkan verəcəkdir.

Milli memarlıq ənənələrini özündə əks etdirən Bakının bəzi qədim və yeni tikililəri dünya şəhərsalma mədəniyyətinin nadir incilərindən hesab olunur. Belə tikililərdən biri Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektindəki uzun illərdən bəri əsaslı təmirini gözləyən binası idi. İki ildən çoxdur ki, burada təmir-bərpa işlərinə başlanılıb. Zər qədrini zərgər bilər - deyirlər. Azərbaycan Prezidentinin bu elm məbədinə göstərdiyi qayğı, burada aparılan bərpa və yenidənqurma işləri hər bir ziyalının, hər bir Bakı sakininin ürəyindən xəbər verir. Uzun illərin baxımsızlığından bərbad hala düşmüş binanın bütün elementləri yenidən bərpa olunmaqla özünə qaytarılır. Binanın həyətinin Hüseyn Cavid bağı ilə qovuşuğunda abadlıq işləri aparılıb. Sentyabrın əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə maraqlanıblar. İki hektara yaxın ərazisi olan parkda yenidənqurma işləri mükəmməl layihə əsasında reallaşdırılıb, milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb. Parkın gəzinti sahələri tamamilə yeniləşib, piyada gəzinti zolaqlarına xarici ölkələrdən gətirilmiş 950 kv.metrdən çox qranit və ağ mərmər döşənib, 870 kv.metr sahədə yaşıllaşdırma işləri aparılıb. Hollandiyadan gətirilmiş 10 mindən çox dekorativ güldən müxtəlif kompozisiyalar yaradılıb. İstirahət guşəsinin mərkəzində, Hüseyn Cavid bağındakı fəvvarənin oxşarı, diametri 24 metr olan fəvvarə, müasir işıqlandırma sistemləri, yeni oturacaqlar parka xüsusi yaraşıq verir. Akademiya şəhərciyinin ətrafındakı istər inzibati binaların, istərsə də yaşayış binalarının görkəmi tamamilə dəyişib. Yenidənqurma işlərindən sonra bu binalar şəhər memarlığını daha da zənginləşdirib.

Estetik gözəlliyi, tarixiliyi və mənəvi haqqı özünə qaytarılan ərazilərdən biri də Fəvvarələr meydanıdır. Prezident İlham Əliyevin Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən burada da yüksək səviyyədə abadlıq və bərpa işlərinə başlanılıb. Paytaxtın bu hissəsinin görkəminə yeni yaraşıq verəcək meydanda aparılan yenidənqurma işləri zamanı orijinal görkəm saxlanılmaqla ümumi ansambla özəl elementlər və formalar əlavə edilir, yaşıllıq sahələrinə xüsusi diqqət yetirilir, yeni oturacaqlar qoyulur, müasir işıqlandırma sistemi quraşdırılır. Şəhərin Nizami küçəsində Avropa və Şərq memarlığının sintezi əsasında tikilmiş tarixi binalarda aparılan təmir-bərpa işləri Bakının özünəməxsusluğu ilə fərqlənən müasir şəhərə çevrilməsində mühüm rol oynayır. Lakin etiraf edək ki, tarixi memarlıq abidələrinin bəzi hallarda lazımınca qorunmaması, bir çoxunun baxımsızlıq ucbatından yararsız vəziyyətə düşməsi, binaya edilən əlavələr tikilinin estetik gözəlliyinə, milli memarlıq ənənələrinə ciddi xələl gətirir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" 2006-cı il 18 avqust tarixli sərəncamı bu sahədə əsaslı dönüş yaradıb. Sərəncama əsasən, Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxlu qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib.

Turistlərin və şəhər sakinlərinin ən çox üz tutduqları ünvanlardan biri də yüksək səviyyəli yenidənqurma işlərindən sonra istifadəyə verilən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyidir. XIX əsrin sonlarında tikilmiş bu binada ayrı-ayrı dövrlərdə müxtəlif idarə və təşkilatlar yerləşmişdir. İncəsənət muzeyi kimi fəaliyyətə başladıqdan sonra çox sayda qiymətli sənət əsərlərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı xeyli artırmışdır. Zaman keçdikcə nadir sənət nümunələrinin toplandığı bu qədim tikilinin əsaslı təmirinə ciddi ehtiyac yaranmışdı. 2006-cı ilin iyulunda Prezident İlham Əliyev muzey binasının vəziyyəti ilə tanış olandan sonra burada əsaslı yenidənqurma və təmir işlərinin aparılması üçün göstəriş vermişdir. Binanın fasadı əvvəlki memarlıq üslubunu saxlamaqla yenilənmiş, cilalanmış gülbax daşlarla Bakının tikinti arxitekturasına uyğun üzlənmişdir. Bu da bugünkü Azərbaycanın rəmzidir, müasirlik, yenilik və tarixi keçmişimizə olan münasibətdir. Yenidənqurma işlərindən sonra muzeyin açılışında iştirak edən dövlətimizin başçısı demişdir ki, "Müasirlik, gözəllik qədim Qala divarının fonundadır. Əslində, bu anlayış bugünkü Azərbaycanın inkişafını təcəssüm etdirir. Yenilik, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır".

Ölkəmizin paytaxtı Bakı şəhərində yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədilə bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Bu məqsədlə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə iyirmi milyon manat məbləğində vəsait ayrılıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində görülən belə işlər şəhər mədəniyyətini formalaşdıran əsas amillərdəndir. Şəhərimizin müxtəlif ünvanlarında aparılan tikinti-abadlıq və quruculuq işləri Bakının inkişaf tempini müəyyən edir. Xalqımızın rifahı naminə bundan sonra da çox layihələr həyata keçiriləcəkdir. Bakının abadlığına dövlət qayğısı gücləndikcə şəhərimiz abadlaşır, müasirləşir və gözəlləşir. Bir-birindən yaraşıqlı binalar, konsert salonları, idman kompleksləri, muzeylər, parklar, digər yeniliklər şəhərimizin ümumi mənzərəsini dəyişir, daha da cazibədar edir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 2.