Azərbaycan elminin flaqmanı

 

"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

 

İlham ƏLİYEV

 

Azərbaycanın müstəqillik mücadiləsinin ən parlaq səhifələri 1919-cu ildə Şərqdə Avropa tipli ilk dünyəvi ali təhsil ocağı kimi fəaliyyətə başlayan, 90 il müddətində şərəfli yol keçən Bakı Dövlət Universiteti ilə sıx şəkildə bağlıdır. Respublikamızın dünənini, bugününü və sabahını, onun təhsil sistemini, mədəniyyətini, iqtisadiyyatını, eləcə də mənəvi-psixoloji durumunu milli dövlətçiliyin formalaşması prosesinin cığırdaşı olmuş bu elm məbədindən kənarda təsəvvür etmək mümkün deyildir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, o dövrün qabaqcıl elm və mədəniyyət adamlarının səyləri, fədakarlığı, elmi-pedaqoji potensialı sayəsində real həyata vəsiqə alaraq regionun ən aparıcı elm-təhsil mərkəzinə çevrilən universitetin təsis edilməsi ölkə həyatında müstəsna əhəmiyyətli hadisə idi. Ötən 90 il müddətində Bakı Dövlət Universiteti Azərbaycanda yüksək ixtisaslı milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, bir çox ali təhsil ocaqlarının, o cümlədən Azərbaycanda Milli Elmlər Akademiyasının yaranmasında böyük rol oynamışdır. Xalqın ziyalı təbəqəsinin və elmi-intellektual potensialının formalaşmasında, dövlətçiliyin, ictimai-siyasi fikrin inkişafında sözünü demiş ziyalıların və dövlət xadimlərinin bütöv bir nəsli məhz Bakı Dövlət Universitetinin auditoriyalarından çıxmış, burada yetişmişdir. Bu gün həm də fəxrlə deyirik ki, ulu öndər Heydər Əliyev də məhz universitetin tarix fakültəsinin məzunu olmuş, öz həyatında bu elm məbədinin rolunu daim yüksək dəyərləndirmiş və zirvələrə qaldırmışdır.

Ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində Bakı Dövlət Universitetinin inkişafına göstərdiyi yüksək qayğı, şübhəsiz, bu ali təhsil ocağının çağdaş milli dövlətçilik tariximizdəki əlahiddə yeri və statusu ilə bağlıdır. BDU daim dünya şöhrətli məzununun qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar təhsil ocağının tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bu gün böyuk fəxarət hissi ilə xatırlayırıq ki, universitetin 50, 60, 75 və 80 illik yubileylərinin qeyd olunması məhz ulu öndərin adı ilə bağlıdır. BDU-nun indiyədək keçirilmiş 5 yubiley mərasimindən 10 illik yubileyi istisna olmaqla, məhz 4-ü Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmişdir. Universitet təhsildə də, elmin inkişafında da, maddi bazasının möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Bütün bunları nəzərə alan universitetin Böyük Elmi Şurası 1994-cü ildə ulu öndər Heydər Əliyevi BDU-nun fəxri doktoru adına layiq görmüşdür (Diplom 2000-ci ilin fevralında təqdim edilmişdir).

Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında demişdir: "...Bakı Dövlət Universiteti indiyə qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbaycanda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqlarının hamısına örnəkdir...". Həmçinin ulu öndər qeyd etmişdir ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyətini Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev universitetə hərtərəfli diqqət və qayğısı ilə bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən, onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Bu siyasətin nəticəsi olaraq son 15 ildə ali təhsil ocağının hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi deyilənlərə bir daha sübutdur.

Yarandığı gündən mütərəqqi ictimai düşüncənin əsas mərkəzi olmuş Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri bu gün də ölkə rəhbərliyi səviyyəsində layiqincə qiymətləndirilir. Ötən il sentyabr ayının 15-də ölkə Prezidentinin Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən tədris korpusunun açılış mərasimində iştirakı bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən birinə çevrilmiş, yeni dərs ili ərəfəsində professor-müəllim heyətində və çoxsaylı tələbə kollektivində ruh yüksəkliyi doğurmuşdur. Dövlət başçısı təntənəli mərasimdəki çıxışı zamanı Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri, nüfuzu, sanbalı ilə seçilən Bakı Dövlət Universitetinin fəaliyyətinə bir daha yüksək dəyər vermiş, onun inkişafına bundan sonra da lazımi diqqət ayrılacağını vurğulamışdır: "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

Bakı Dövlət Universitetinə göstərilən yüksək diqqət və qayğı ümumilikdə dövlət başçısının son illərdə təhsilin, elmin inkişafı naminə həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm tərkib hissəsidir. Dövlət başçısı son altı ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu sahələrdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir. 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, elm və təhsillə bağlı dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi mühüm aktuallıq kəsb edir. Ali təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşılması da respublikamızda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hökumətə təqdim edilmişdir. Layihədə ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının günün tələblərinə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.

Dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam da məhz həmin zərurətdən irəli gəlmişdir. Sərəncama əsasən 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiqdir. Bir sıra problematik məsələlərin önə çəkildiyi sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Dövlət başçısı 2008-2009-cu illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir sıra sərəncamlar və dövlət proqramları imzalamışdır. Cənab İlham Əliyevin 12 sentyabr 2008-ci il tarixli "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamları bu baxımdan xüsusilə təqdirəlayiqdir.

Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. BDU-nun professor-müəllim heyəti elm və təhsilin inkişafına xidmət edən bu və digər sərəncamları, dövlət proqramlarını rəhbər tutaraq respublika üçün layiqli milli kadrlar hazırlamaqla yanaşı, dünya elminə inteqrasiya istiqamətində də ardıcıl tədbirlər həyata keçirir.

Hazırda BDU-nun 16 fakültəsinin 125 kafedrasında, tətbiqi riyaziyyat və fizika problemləri elmi-tədqiqat institutlarında, 4 elmi-tədqiqat mərkəzində və 20 elmi-tədqiqat laboratoriyasında müxtəlif istiqamətlər üzrə fundamental və tətbiqi xarakterli araşdırmalar aparılır. Universitetdə ümumilikdə 1312 professor-müəllim və 275 nəfər elmi işçi çalışır. Bunlardan 8 nəfəri AMEA-nın həqiqi üzvü, 15 nəfəri AMEA-nın müxbir üzvü, 253 nəfəri elmlər doktoru, o cümlədən 277 nəfəri professor, 841 nəfəri elmlər namizədi, onlardan 566 nəfəri dosentdir.

Universitetdə bilavasitə elm sahəsində 366 nəfər əməkdaş məşğuldur. Bunlardan 275 nəfər elmi işçi, 3 nəfər AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın müxbir üzvü, 57 nəfər elmlər doktoru, 135 nəfər elmlər namizədidir. Ümumiyyətlə, təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə - 230 mövzu üzrə 1160 elmi iş yerinə yetirilir.

1998-2008-ci illərdə, o cümlədən cari ilin birinci yarısında BDU-nun professor-müəllim heyətinin və elmi işçilərinin 565 monoqrafiyası, 16649 məqaləsi, 10377 tezisi hazırlanmışdır. Bu müddətdə 2447 məqalə və 3034 tezisin xaricdə nəşr edilməsini də dünya elminə inteqrasiya yönümündə uğurlu nəticə hesab etmək olar. Eyni zamanda, elmin ən yeni nailiyyətlərini ehtiva edən 879 dərsliyin, 703 dərs vəsaitinin, 383 metodik göstəriş və 2412 proqramın, 325 elmi kitabın nəşri BDU-nun malik olduğu sanballı elmi potensialdan xəbər verir. Təhsil ocağının mühüm uğurlarından biri də professor-müəllim heyətinin monoqrafiyalarının və dərs vəsaitlərinin bir çox xarici ölkələrdə çap olunmasıdır. BDU əməkdaşlarının son 10 ildə hazırladıqları 54 monoqrafiya, dərslik və dərs vəsaiti ABŞ, Rusiya, İran, Türkiyə, Mərakeş, İngiltərə, Rumıniya, Ukrayna, Macarıstan və başqa ölkələrdə işıq üzü görmüşdür.

Hər bir elmi yeniliyin əhəmiyyəti onun praktik səmərəsi, faydalılıq əmsalı ilə şərtlənir. 1998-2008-ci illərdə Bakı Dövlət Universitetində yerinə yetirilmiş 188 elmi-tədqiqat işinin nəticələri əhəmiyyətinə görə AMEA-nın illik hesabatına daxil edilmişdir. Bunlardan 88-i fizika-riyaziyyat və tətbiqi riyaziyyat elmlərini, 26-sı kimya, 13-ü biologiya, 5-i yer elmlərini, 56-sı isə humanitar və ictimai elmləri əhatə edir. Bu illərdə BDU əməkdaşlarının dövlət qeydiyyatından və ekspertizadan keçmiş 85 ixtirasına patent alınmışdır. Təkcə 2009-cu ilin birinci yarısında universitet əməkdaşları 5 yeni ixtiraya görə patent almışlar.

Ali məktəbdə əldə olunmuş elmi yeniliklərin praktikada tətbiqi məsələsi də diqqət mərkəzindədir. Hər il Bakı Dövlət Universiteti ilə müxtəlif istehsalat birlikləri, zavod və şirkətlər arasında təsərrüfathesablı müqavilələr bağlanılır və aparılan elmi-tədqiqat işləri, bir qayda olaraq, sifarişçi şirkətlər tərəfindən maliyyələşdirilir. Bu işlərin yerinə yetirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, sifarişçi təşkilatlar əldə edilmiş elmi nəticələrin istehsalatda tətbiqində daha çox maraqlı olurlar. Adətən, belə elmi işlər istehsalat ehtiyacları nəzərə alınmaqla reallaşdırılır və böyük iqtisadi səmərə verir. Son illərdə universitetlə Dövlət Neft Şirkəti, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu arasında 45-ə yaxın təsərrüfathesablı müqavilələr imzalanmış, həmin müqavilələr başa çatdıqdan dərhal sonra sifarişçi təşkilatın müəssisələrində uğurla tətbiq olunmağa başlanmışdır.

BDU-da hər il beynəlxalq, respublika, universitet və fakültə səviyyəli elmi konfransların keçirilməsi fəallığı artırır, faydalı tədqiqatların aparılmasını stimullaşdırır. 1998-ci ildən 2009-cu ilin birinci yarısınadək 26 beynəlxalq, 49 respublika, 70 universitet, 155 fakültə səviyyəli olmaqla 300-dən artıq elmi konfrans keçirilmiş, onların materialları 14307 məqalə və 12834 tezis şəklində çap olunmuşdur. Eyni zamanda, bu illər ərzində universitet tələbələri I-XIV respublika üzrə fənn olimpiadalarında və digər bilik yarışlarında uğurla iştirak etmiş, 210 tələbə müxtəlif mükafatlara layiq görülmüşdür. I-XIV respublika fənn olimpiadalarında universitet tələbələrindən 31-i birinci yeri, 65-i ikinci yeri, 55-i üçüncü yeri tutmuş, 32-si isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.

BDU-da elmi-pedaqoji kadr hazırlığına da xüsusi diqqət yetirilir - hazırda burada 200-dən artıq aspirant və 400-dən artıq dissertant elmi tədqiqatlar aparır. Ali təhsil ocağında 4 doktorluq, 2 namizədlik, eyni zamanda birdəfəlik dissertasiya müdafiə şuraları fəaliyyət göstərir. Ümumilikdə, 1998-2009-cu illərdə BDU-da fəaliyyət göstərən daimi şuralarda 110 nəfər doktorluq, 389 nəfər namizədlik dissertasiyaları müdafiə etmişdir.

Cəmiyyətin inkişafında, onun həyat səviyyəsinin yüksəlməsində, mədəniyyət və sivilizasiyanın tərəqqisində elmin həlledici rolu Azərbaycanın Ümumavropa təhsil və elm məkanına inteqrasiyası prosesinin daha da sürətləndirilməsini, bu sahədə həyata keçirilən islahatların intensivləşdirilməsini tələb edir. Bunun üçün elmin prioritet istiqamətləri üzrə tədqiqat işləri aparılmalı, müasir tələblərə cavab verməyən, aktuallığını itirmiş mövzulardan qaçılmalı, beynəlxalq elmi-praktiki əməkdaşlıq inkişaf etdirilməli, qısa və uzunmüddətli proqramlar işlənilib həyata keçirilməli, büdcədənkənar vəsaitlərdən istifadə olunmalı, elm-təhsil-praktikanın vəhdəti yaradılmalı, istehsalatda gerçəkləşdirilməlidir. Bu məqsədlərin reallaşdırılması, habelə dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün universitetin rektorunun əmrilə 2008-ci ilin noyabrında BDU-da Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi yaradılmışdır. Şöbə mütəmadi olaraq universitet əməkdaşlarını bütün elm sahələri üzrə yeni dövlət və xarici proqramlar, habelə layihələr barədə məlumatlandırır, universitet əməkdaşlarının onlarda iştirakını təmin etmək üçün maarifləndirici seminarlar keçirir. Həmçinin xarici təşkilat nümayəndələrinin universitet əməkdaşları qarşısında məruzə və çıxışlarını təşkil edir.

Araşdırmalar göstərir ki, son dövrlərdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, respublikamızda da özəl nəşrlərin meydana çıxması bəzən keyfiyyət üstünlüyünü kəmiyyət göstəriciləri ilə əvəz edir. Yəni, qeyri-peşəkar redaksiyalarda yalnız maddi maraqlar hesabına çap olunan məqalələr heç bir elmi əhəmiyyət kəsb etmir. Bu baxımdan universitet elminin və təhsilinin qloballaşan cəmiyyətə inteqrasiyasını sürətləndirmək, BDU-nun reytinqini beynəlxalq səviyyəyə qaldırmaq, əməkdaşlarının təsir əmsalı (impakt faktoru) olan jurnallarda çap olunmuş elmi məqalələrinin sayını artırmaq, bu işdə onlara lazımi kömək göstərmək məqsədilə həyata keçirilən həvəsləndirici tədbirləri xüsusi vurğulamaq lazımdır. Elmi nəticələr yalnız o zaman əhəmiyyətli olur ki, onlar beynəlxalq səviyyədə tanınır və istifadə edilir. Universitetin rektoru 2009-cu il mayın 5-də BDU əməkdaşlarının, aspirant və magistrantların elmi məqalələrə görə mükafatlandırılması barədə xüsusi əmr imzalamış, 2008-ci və sonrakı illərdə A, B və C kateqoriyalı jurnallarda çap olunmuş hər bir məqalə üçün müvafiq olaraq 200, 150 və 100 manat məbləğində pul mükafatının verilməsi qərara alınmışdır. Eyni zamanda, xaricdə çapa təqdim olunacaq məqalələrin redaktə edilməsilə bağlı problem yarandığı halda, onların xarici tərcümə mərkəzlərinə göndərilməsi, müvafiq xərclərin universitet tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

BDU-da 4 seriya - fizika-riyaziyyat, təbiət, humanitar və sosial-siyasi elmlər üzrə "Bakı Universitetinin Xəbərləri" elmi jurnalı nəşr olunur.

Ölkə elminin dünya elminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən biri də BDU alimlərinin öz araşdırmalarının nəticələrinin xarici dövri elmi mətbuata çıxarılma yollarını müəyyən etmələridir. Azərbaycanda elmin səviyyəsinin yüksək olmasına baxmayaraq, 2008-ci ilin əvvəllərinə qədər respublikada nəşr olunan elmi jurnallardan heç biri "Thomson Reyters Agensy" kimi nəhəng təşkilatın reytinq cədvəlində təmsil olunmamışdır. 2008-ci ilin may ayında isə redaktoru akademik Ə.Abbasov, akademik F.Əliyev və professor V.Larin olan beynəlxalq "Applied and Computational Mathematics" ("Tətbiqi və hesablama riyaziyyatı") jurnalı bu siyahıya daxil edilmişdir. Respublikada nəşr olunan elmi jurnala ilk dəfə belə bir indeksin verilməsi bu istiqamətdə aparılan tədqiqatların elmi səviyyəsinin dünyanın qabaqcıl elmi mərkəzlərində aparılan tədqiqatların səviyyəsi ilə uzlaşmasının bariz təzahürüdür.

Universitetin əməkdaşları tərəfindən bir sıra beynəlxalq elmi layihələr həyata keçirilmişdir. Universitet əməkdaşları Avropa Birliyi İNTAS fondu 6-cı çərçivə proqramında (180 000 avro), Azərbaycan Milli Elm Fondu və Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondunun elan etdiyi layihələrdə (455 000 dollar), Ukrayna Elm və Texnologiya Mərkəzi (STCU) tərəfindən maliyyələşdirilən proqramlarda (689 000 dollar), Avropa Komissiyasının TEMPUS proqramında (130 000 avro), Soros Fondu Açıq Cəmiyyət İnstitutunun proqramlarında (10000 avro) və Azərbaycanda ölkədaxili qrant layihələrində iştirak etmişlər.

Professor-müəllim heyətinin, elmi işçilərin, aspirant və dissertantların, tələbələrin elmi əməyinin adekvat qiymətləndirilməsi, tələbələrin və gənc tədqiqatçıların elmə həvəsinin daha da artırılması, ümumən alimlərin maddi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə BDU-nun 90 illik yubileyi ərəfəsində universitet rektorunun əmri ilə təhsil ocağının daxili imkanları hesabına "50+50" adlı qrant proqramı təsis edilmişdir. Proqrama görə, elm və təhsildə, eləcə də ictimai fəaliyyətdə uğurları dəyərləndirmək məqsədilə professor-müəllim heyətindən 50 nəfərə, aspirant və magistrantlardan 25 nəfərə, habelə 25 tələbəyə fərdi qrantlar ayrılmışdır. Qrantların 9 ay ərzində - bu ilin oktyabr ayından 2010-cu ilin iyun ayınadək müsabiqə əsasında verilməsi qərara alınmışdır.

Universitetin Elmi Kitabxanası ali məktəbdə tədris-tərbiyə prosesini və elmi-tədqiqat işlərini müvafiq ədəbiyyat və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi fəaliyyət göstərir. BDU-nun Elmi kitabxanası ali məktəb kitabxanası üzrə elmi-metodiki mərkəz olaraq, hazırda 22 dövlət və bir neçə özəl ali məktəb kitabxanalarına metodiki yardım göstərir. Elmi kitabxana respublika daxilində dövlət və özəl universitetlərin kitabxanaları, həmçinin 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 tədris korpusunda yerləşən elmi kitabxananın 14 şöbəsi, 5 abonementi, 14 oxu zalı müntəzəm olaraq oxucuların istifadəsindədir. Kitabxananın ümumi kitab fondunun 3 milyon nüsxəyə yaxın olması universitet tələbələrinin yüksək təhsil almasına geniş imkanlar açır.

Müasir dövrdə kompüter və informasiya texnologiyalarının geniş tətbiq olunmadığı hansısa ali təhsil müəssisəsində yüksək tədrisdən, elmi yeniliklərdən danışmaq mümkün deyildir. Universitet rəhbərliyi də bu reallığı nəzərə alaraq innovasion yeniliklərin geniş tətbiqi istiqamətində ardıcıl addımlar atır. BDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 20 elmi-tədris sinfini özündə birləşdirən müasir kompüter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Universitetin ötən il istifadəyə verilmiş III tədris korpusundakı bütün dekanlıqlar və kafedralar internet şəbəkəsinə qoşulmuş, onların optik xətt vasitəsilə BDU-nun əsas serverinə çıxışı təmin olunmuşdur. Yeni korpusda, həmçinin, 11 kompüter sinfi yaradılaraq tələbələrin ixtiyarına verilmişdir.

Bolonya prosesinə keçidlə bağlı tyutor hazırlığı ilə əlaqədar 2008-ci ilin aprel ayında tyutorlar üçün kompüter otağında şəbəkə qurulmuşdur. Fakültələrdə fəaliyyət göstərən tyutorlar üçün yaradılmış otaqlar da universitetin lokal şəbəkəsinə qoşularaq internetə çıxışla təmin olunmuşlar. 2008-ci ildə alınmış 500 ədəd kompüter proqram təminatı və antiviruslarla təchiz olunaraq universitet əməkdaşlarının və tələbələrin ixtiyarına verilmişdir. Hazırda BDU-da 750 nöqtədən internetə sürətli çıxış imkanı vardır.

2005-2008-ci illərdə, habelə 2009-cu ilin birinci yarısında BDU-da Avropa Birliyinin TACİS - "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası, Bakı Dövlət Universiteti və Almaniyanın IMC şirkətinin birgə səyləri nəticəsində yaradılmış Elektron Tədris Mərkəzi də universitetdə informasiya texnologiyalarının inkişafı istiqamətində mühüm layihələrdən biri kimi vurğulana bilər. Mərkəzdə Azərbaycanda ilk dəfə tyutorların hazırlanması, virtual universitetin yaradılması, tədris fənlərinin mültimedia kurslarının hazırlanması işi aparılmışdır. Virtual universitet real universitetdə tədrisə aid baş verən bütün proseslərin virtual mühitdə əksidir. Virtual universitet Qərbin bütün ali müəssisələrində tələbələrə təklif olunan auditoriya və laboratoriyalar, kitabxana və oxu zalları, poliklinika, idman zalları və s. kimi xidmət növlərindən biridir. Virtual universitetin imkanlarından biri də tələbələrə tədris olunan hər bir fənnin materiallarının elektron versiyalarını, yəni, fənnə aid müəllim tərəfindən təqdim olunmuş mühazirə, test, tapşırıq, şəkil və s. tələbələrə təklif olunmasıdır. Virtual universitetin digər imkanlarına misal olaraq, tələbələr arasında fərdi ismarıcları, müxtəlif mövzuların forumlarda müzakirəsini, universitetdaxili xəbərlərin bütün tələbələrə çatdırılmasını, onların müəllimləri seçməsi üçün müzakirələri və s. göstərmək olar. Virtual universitetə çıxışı asanlaşdırmaq, başqa sözlə, otaq və kompüterlərdən asılılığı minimuma endirmək məqsədilə xüsusi köşklərdən istifadə olunmağa başlanmışdır. Bu köşklər bütün gün ərzində tələbələrə və əməkdaşlara xidmət edir. Bu, həm də BDU-nun Azərbaycanın ali məktəbləri arasında ən çox informasiyalaşmış universitetə çevrilməsini təmin edir.

BDU-nun elm-təhsil müəssisəsi olaraq qarşısında duran ən başlıca məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bu vəzifəni düzgün dəyərləndirən professor-müəllim heyəti qarşıya qoyduğu məqsədlərə yetişmək üçün bütün imkanlarını səfərbər etmiş, eyni zamanda strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. İnanırıq ki, 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq universitet ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə daha da inkişaf edəcək, ali məktəblər arasında lider mövqeyini daim qoruyub saxlayacaqdır.

 

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

elmi işlər üzrə prorektoru, professor

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 3.