"Sehrli qutunun qorxunc möcüzələri",
Azərbaycanın efir məkanı: problemlər və
vəzifələr
Bəzən əldəki qələm və dildəki
sözlə elə istehkamları fəth etmək, elə məqsədlərə
çatmaq mümkündür ki, onlara nail olmaq yolunda həm
silah, həm də din acizdir.Hərdən də elə olur ki,
bu vasitələr nəinki sözün fəth etdiyi zirvələri
nəinki tutmağa,hətta onları sözün təsirindən
qurtarıb geri almağa da yaramırlar.
G.Lixtenberq
Bu məqalənin
yazılmasının həqiqi səbəbi, hörmətli
oxucu, heç də ələ qələm götürərək
müasir Azərbaycan efir məkanının qüsurlu vəziyyətini
qamçılamaq istəyi deyil. Onsuz da bir qədər
savadı, dünya görüşü olan insana
kanallarımızın əksəriyyətində hakim kəsilən
vəziyyəti izah etmək lüzumsuzdur. Necə deyərlər,
faktların özləri çox mətləblərdən xəbər
verir və onları şərh etməyə ehtiyac qalmır. Bu
vəziyyət fransız yazıçılarından birinin,
daha doğrusu, Abbat Prevonun öz əsərlərinə
çəkilən rəsm və qravürlər haqqında
dediklərini xatırladır: "Mənim əsərlərimi
müşayiət edən təsvirlər haqqında
danışmaq, onları izah etmək əbəsdir. Çünki
görünüş özü haqqında bəs qədər
məlumat vermək iqtidarındadır". Televiziyaların
da 24 saat görünüşdən və təsvirlərdən
ibarət olmasını nəzərə alsaq, hər şey
aydın olar. Xüsusilə də, bizim teleməkandakı
intellektdən və əqli informasiyadan daha çox məhz
musiqi ilə müşayiət olunan görüntülər
hakim kəsilibsə...
Belə halda sual oluna bilər ki,
bəs bu məqalə nə səbəbdən qələmə
alınıb, axı qeyd olunduğu kimi, bu mövzu haqqında
yazmaq faydasızdır. Onsuz da insanlar hər şeyi
görür, ziyalılar isə dəfələrlə bu
problemdən çıxış yollarını
axtarmağı təklif ediblər. Lakin hər
şey olduğu kimi də qalıb. Əslində, heç bu
məqalə də ərsəyə gəlməzdi və onun
yazılmasına ehtiyac da qalmazdı, əgər 2 oktyabr
2009-cu il tarixində Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev "Azərbaycan" qəzetində
ölkə teleməkanının mövcud vəziyyətinin
təhlilinə, teleməkanın problemlərinə, eyni
zamanda, gündən-günə nəzarətdən
çıxmağa başlayan bu qəbildən olan digər məsələlərə
həsr olunmuş məqalə ilə çıxış
etməsəydi. Məqaləni oxuyarkən diqqəti cəlb
edən başlıca məqam problemlərin abstrakt şəkildə
deyil, çox dəqiq, səmimi və anlaşıqlı dildə
cəmiyyətə təqdim edilməsindən ibarətdir. Həqiqətən də, ciddi xarakter almış
qüsurların həllinə çağırış edərkən
akademikin ölkənin gələcəyi üçün
mühüm əhəmiyyət kəsb edən bu məsələyə
göstərdiyi həssas münasibət, onun aradan
qaldırılması üçün çaldığı
həyəcan təbilinə heç kim, ən azı
özünə Azərbaycan vətəndaşı deyən
insan laqeyd qala bilməz. Azərbaycanın
müasir siyasi inkişaf yolunun fəlsəfəsinə dair
bir sıra qiymətli əsərlərin müəllifi olan
akademikin qələmindən çıxan bu məqalədə
cəmiyyət üçün əhəmiyyətli
sayılan iki məsələyə eyham vurulub. Birinci məsələ ondan ibarətdir ki, problemlərin
məzmunundan, onların həlli yollarından danışarkən
akademik elm nümayəndələrinə xas olan analitikaya
üstünlük verir və cəmiyyətə həllini
gözləyən problemlərin əsl mahiyyəti haqqında
izah verir. Çünki məqaləyə qədər bu
mövzuda yazılan yazılarda televiziyalarda hökm sürən
qüsurlar haqqında danışılır, lakin onların həlli
vasitələri haqqında elmi-konseptual yanaşmaya rast gəlinmir.
Problemin həlli üçün isə Leybnistin dediyi kimi, əvvəlcə
onun davamlılığını təmin edən
dayaqların məzmunu ilə tanış olmaq gərəkdir.
Məqalə müəllifi də məhz qoca fəlsəfənin
qoyduğu yolla gedərək məqalənin birinci hissəsində
problemlərin təhlilinə yer verir. İkinci hissədə
isə akademik mövqeyini sərtləşdirir və ölkənin
gələcəyinə təhlükə törədən məsələlərin
həllində məsul olan dövlət rəsmisi kimi
çıxış edir, ölkə rəhbərliyinin
düşündüklərini ortaya qoyur. Sadə dillə desək,
bu məqalə ölkə rəhbərliyinin teleməkanla
bağlı problemlərə olan baxışının
akademik və elmi-konseptual dildə cəmiyyətə
çatdırılması cəhdidir. Tarix artıq sübut
edib ki, ölkələrində mətbuatın vəziyyətinə,
onun informasiya siyasətinə nəzarət edə bilən rəhbərlər
dövlətçilik mexanizmlərinin möhkəmlənməsinə
nail ola bilirlər. Nümunə kimi, sözün əsl mənasında,
vahid və güclü Fransanın banisi kardinal Rişelyeni
göstərmək olar. Onun ölümündən sonra da
yaratdığı sistem işləkliyini itirmədi. Həmin mexanizmlər arasında ən əsas ciddi
yerlərdən biri də məhz mətbuata
ayrılmışdı. Məlum olduğu kimi, XVII əsrə
qədər Fransada rəsmi dövlət orqanı qismində
çıxış edən, ölkənin milli məfkurəsinə
xidmət edən heç bir qəzet mövcud deyildi. Bu
boşluqdan bəhrələnən İngiltərə və
İspaniya kimi dövlətlər Fransadakı cəsusları
vasitəsilə istədikləri şayiələri
yaymağa, ölkədəki ab-havanı
qarışdırmağa nail olurdular. Milli dövlət
qurmağa can atan Rişelyenin ilk olaraq həll etdiyi məsələlərdən
biri də məhz mətbuat oldu. "Gazette de
France"ni təsis etməklə kardinal qısa zamanda milli
ideyanın əcnəbi təbliğatına qalib gəlməsinə
nail oldu. İnformasiyanın əhəmiyyətini göstərən
ən uğurlu ifadələrdən biri də Sasani
hökmdarı I Xosrova məxsusdur: "İnformasiya bir ordudan
daha təhlükəli silahdır. Ondan istifadə etməyi
bacaranlar qalibiyyətə məhkumdur".
Əgər hörmətli
akademik Ramiz Mehdiyevin qaldırdığı məsələni
və tarixin dərslərini nəzərə alsaq, gənclər
olaraq biz də bu məsələyə münasibət bildirməyi
zəruri hesab edirik. Əslində, bu, məqalədə
sözügedən məsələdə dövlətimizə
dəstək vermək
arzusundan doğub. Elə birincisi ona görə ki, bu problemin ən
böyük fəsadları ilə biz gənclər üzləşirik.
Böyüməkdə olan nəsil bu boşluqlar ucbatından
öz estetik zövqünü səhv istiqamətdə
formalaşdırır, fərqli qəhrəmanları
özünə nümunə seçir və ona da
oxşamağa çalışır. Gələcəkdə
isə bunun fəsadlarını ölkəmiz çəkməli
olacaq.
Bəs yaxşı, görəsən,
televiziya və radio kanallarının problemləri hansı məzmundadır.
İlk olaraq deyim ki, problemləri öz mahiyyəti etibarı
ilə 2 qrupa ayırmaq mümkündür. Birincisi, intellektual
sahədəki boşluqlar, ikincisi isə maliyyə problemləri.
Ədalət naminə demək gərəkdir ki, bəzən
məhz maliyyə problemləri intellektual verilişlərin
efirdəki payını əhəmiyyətli dərəcədə
azaldır. Lakin bu heç də həmişə belə
olmur. Ən ümdə çətinliklər məhz
intellektual sferadan qaynaqlanır. Efirə
çıxan bəzi jurnalistlərin ana dilimizi istədikləri
tərzdə təhrif etməsindən tutmuş boş və
mənasız musiqili şouların təşkilinə qədər
hər yerdə müşahidə edilən intellektual elementin
yetərsizliyi amili göz qabağındadır. Çox
maraqlıdır, məgər digər postsovet ölkələrində
televiziyalar maliyyə problemləri ilə üzləşmirlər?
Təbii ki, üzləşirlər və buna baxmayaraq,
tarixi-intellektual verilişlərin efirdəki payını
azaltmırlar, əksinə, çoxaltmağa can atırlar. Bəzi kanalların veriliş seçimi siyasətinə
diqqət yetirsək, onların rəhbər tutduqları məramın
problemi dərk edib, ondan çıxış yolu axtarmaq yox, əksinə,
yaranmış fürsətdən istifadə edib, maksimum gəlir
əldə etməkdən ibarət olduğunu görərik.
Özlərinə bəraət qazandırmaq naminə isə
onların daim təkrarladıqları arqument şouların
ölkədə ən çox reytinq qazanan verilişlər
olmasından ibarətdir. Burada qəribə
heç nə yoxdur və psixologiyanın da qanunları onu
sübut edir ki, əgər insana daim hər hansı məzmunlu
informasiya aşılanarsa, onun digər tipli məlumatları
qavramaq imkanları sıfıra enir, seçim qabiliyyəti isə
tam mənada məhv olur. Eyni müqayisə televiziyalar
üçün də keçərlidir, əgər insanlara
şoudan savayı heç bir şey təqdim olunmursa və
ona ancaq şoular arasında seçim etmək imkanı
verilirsə, hansı obyektiv reytinqdən danışmaq olar? Digər tərəfdən, onu da unutmaq olmaz ki,
şoular vasitəsi ilə gənclərə aşağı
səviyyəli müğənni obrazlarının kumir kimi
aşılanması onların elmə deyil, məhz asan qazanc mənbəyi
olan ucuz musiqiyə meyillənməsi ilə nəticələnib.
Bəlkə də son dövrlər
səsi olmayan müğənnilər və not tanımayan bəstəkarlar
elə buna görə çoxalıb. Bəlkə bizim diqqətsizliyimiz
ucbatından ucuz müğənni obrazı artıq gənclər
üçün gələcəkdə olmaq istədikləri
ideala, hər kəsin can atdığı peşəyə
çevrilib? Bu peşə isə xüsusi savad tələb
etmədiyindən elmə maraq da azalır. Bu il hərbi məktəblərimizə
qəbul zamanı namizəd
çatışmazlığı ucbatından 200 bal
civarında nəticə göstərmiş abituriyentlərin
bu prosesə cəlb olunması televiziyalarda hökm sürən
nöqsanların təzahürlərindən yalnız biridir.
Öz həllini təxirə
salınmaz şəkildə gözləyən bir başqa
problem cizgi filmləri məsələsidir. Təhlükəli
tendensiyalardan biri də odur ki, artıq Azərbaycanda xarici
kanallardakı xarici qəhrəmanlara baxaraq böyüyən
nəsil yetişir. Milli məhsulun azlığı
ucbatından yetişməkdə olan nəsil əcnəbi
animasiya nümunələrinə üstünlük verir ki, bu
da uşaqların şüurunda milli prototipləri demək
olar ki, yox dərəcəsinə endirir. Sonradan isə
artıq uşaq hafizəsində həkk edilmiş
obrazların təsirləri ilə mübarizə aparmaq
çətindir. Yaxşı olar ki, cizgi filmlərindəki
obrazlar ilkin mərhələdən milli məfkurə ilə
səsləşsin.
O ki qaldı bayaq haqqında
danışdığımız intellektual elementin dirçəldilməsi
məsələsinə, onun da kifayət qədər
sınanmış əcnəbi mənşəli həll
üsulları var. Məsələn, bir sıra
Avropa dövlətləri, eləcə də bəzi MDB
ölkələrində kanallar ayrı-ayrı universitetlərə,
yaxud elmi-tədqiqat mərkəzlərinə müxtəlif məzmunlu
layihələr sifariş verir, müəyyən ödəniş
müqabilində onların efirə çıxmasını təmin
edir. Bu zaman hər hansı gənc tədqiqatçı
cəmiyyətdə tanınmaq üçün hətta az
ödəniş müqabilində bu layihədən ikiəlli
yapışır, televiziyalar isə o qədər də
böyük vəsait sərf etmədən intellektual
verilişlərin payını yüksək səviyyədə
saxlamağa nail olur. Heç şübhəsiz ki,
dövlət də bu layihələrin icrasına maliyyə dəstəyini
əsirgəməməlidir, xüsusilə də, Azərbaycan
şəraitində.
Efirin ən ağrılı
problemlərindən biri də milli məfkurə məsələsidir.
Təbii ki, indi Azərbaycan kanallarından İrandakı kimi
hər bir milli qəhrəman haqqında bədii filmin çəkilməsini
gözləmək gülməli olardı, lakin bu işin
heç olmasa verilişlər səviyyəsində təşkili
mümkündür. Ukraynada bu iş Ukraynalaşdırma Nazirliyi
ilə telekanalların birgə əməkdaşlığı
nəticəsində xeyli irəliləyib. Bizim də bu
işləri tənzimləyə biləcək beyin mərkəzinə
və inzibati quruma ehtiyacımız hiss edilir.
Çox təəssüf ki,
kanalların informasiya təminatı sahəsində də vəziyyət
o qədər də yaxşı deyil. Doğrudur, xəbər
proqramlarının səviyyəsi ötən illərə nəzərən
kifayət qədər yüksəlib. Bununla belə,
hələ vətəndaşlarımız informasiyanı əcnəbi
mənbələrdən almağa meyillidirlər, belə
olmasaydı xarici telekanalları seyr etmək imkanı verən
peyk antenalarının sayı durmadan artmazdı. Əsl və
həqiqi reytinq göstəricisi də məhz budur.
İnsanlar daha çox "Umniki i umnitsı", "Vokruq
sveta" kimi proqramların yüksək reytinqə malik
olduqları kanallara baxmaqda maraqlıdırlar.
Yekunda radio ilə də
bağlı bir məqama toxunmaq istərdim. Çox təəssüf
ki, radio da televiziya kimi şou xəstəliyinə mübtəla
olub və ucuz müğənnilərin meydan suladıqları
məkana çevrilib. Azərbaycana yayımlanan, əcnəbi
sərmayə əsasında fəaliyyət göstərən
radiolar isə əksinə, intellektual və siyasi debatlar,
tarixi məzmunlu verilişlərlə hamının diqqətini
cəlb edir, görəsən, niyə? Görəsən, nə
səbəbə Azərbaycan dinləyicisi və
tamaşacısı informasiya təminatını əcnəbi
mənbələr hesabına ödəyir? Müharibə
şəraitindəki bir ölkə üçün bu nə
qədər məqbuldur? Yəni, həqiqətən, efirdə
intellektual verilişlərə hər gün heç olmasa 1-2
saat vaxt ayırmaq olmaz?
Azərbaycan efir məkanında
hökm sürən bu vəziyyətə müdaxilə etmək
üçün dövlətimiz də bir neçə
sırf iqtisadi addım ata bilər. Məsələn, reklam
bazarındakı qiymətləri tənzimləməklə
kanalların reklamdan daha artıq gəlir götürməsini
təmin edə bilər. Qonşu Gürcüstanda bu bazardan gələn
gəlir bizdən iki dəfə çoxdur. Reklamdan
yaxşı gəlir götürən kanal mexaniki olaraq gəlir
gətirən şoulardan birini intellektual verilişlə əvəzləməkdə
maraqlı olar. Digər tərəfdən də, artıq
dediyim kimi, intellektual kütlə ilə işə müəyyən
vəsaitin yönəldilməsi qaçılmazdır.
Məqaləmi efirin ölkənin
siyasi taleyinə göstərə biləcəyi müsbət,
həm də mənfi təsirin miqyasından xəbər verən
nümunə ilə tamamlamaq istərdim. Avstriya tarixçisi
Y.Qraf özünün "XX əsrin böyük
yalanı" adlı kitabında yazır: "ABŞ-ın
Körfəz müharibəsi dövründə İraqa
müdaxiləsinə hüquqi don geyindirmək məqsədi
ilə Küveyt diplomatlarından birinin qızı
qucağındakı körpəsi ilə küveytli
qaçqın qismində ABŞ telekanallarının efirinə
çıxaraq, Səddamın onlarla küveytli
uşağı öldürdüyünü və
qucağındakı körpənin xilası naminə
dünyadan kömək istədiklərini dedi. Bu cür insani
faciəyə müdaxilə etməyin zəruriliyini iddia edən
ABŞ qısa zamanda dünyanın dəstəyini qazandı.
İraq televiziyası isə 5 dəqiqə ərzində
effektiv hazırlanmış informasiya hücumuna heç bir
cavab verə bilmədi". Biz də müharibə şəraitindəyik,
özü də isterik baxımdan və yalan danışmaq məharətinə
görə heç kimdən geri qalmayan bir düşmənlə...
Ceyhun OSMANLI,
"İRƏLİ" İctimai Birliyinin sədri
Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 4.