Türkiyə Prezidenti Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunlarını yüksək dəyərləndirmişdir

 

Türkiyə Prezidenti Abdullah Gül Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunlarını yüksək dəyərləndirmişdir.

Abdullah Gül zirvə görüşünün böyük uğurla keçdiyini vurğulamış yüksək qonaqpərvərliyə görə, Prezident İlham Əliyevə, dost qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirmişdir.

Prezident demişdir ki, zirvə görüşü türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı, əlaqələrin daha da möhkəmləndirilməsi baxımından olduqca faydalı keçmiş, çox mühüm qərarlar qəbul olunmuşdur. Tədbir çərçivəsində dövlət başçıları ikitərəfli görüşlər keçirmiş, xüsusilə, xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycanla Türkiyə arasında keçirilmiş görüş çox mühüm dəyərli olmuşdur. Görüşdə son hadisələr gözdən keçirilmiş, bir-birimizə etimadımız yenilənmişdir. Əməkdaşlığımız güclü bir şəkildə davam edəcəkdir.

Zirvə görüşünü tarixi hadisə adlandıran Abdullah Gül demişdir ki, bunun əsas səbəbi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adlanan yeni bir beynəlxalq təşkilatın yaradılmasıdır. Bu təşkilatın nizamnaməsi təsdiq olunmuş, bütün dövlət başçıları tərəfindən imzalanmış, katibliyi strukturları formalaşdırılmışdır. Beləliklə, şura beynəlxalq təşkilatlar arasında ayrı bir qurum olaraq öz yerini almışdır. Biz buna çox sevinirik. Çünki 1992-ci ildən başlayan bu zirvə toplantıları sadəcə, bir görüşmə şəklində davam edirdi, amma son iki ildə gördüyümüz işlər aparılan danışıqlar nəticəsində bunu təşkilatlandırma, bir təşkilata çevirmə məsələsində fikir birliyi əldə etmişik. Bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Şübhəsiz ki, bu toplantılarda əvvəllər iştirak etmiş prezidentlərin böyük töhfələri olmuşdur.

Türkiyə Prezidenti diqqətə çatdırmışdır ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə barəbər müxtəlif strukturlar da vardır. Bunlardan biri bütün türk respublikalarının qanunverici orqanlarını bir araya gətirən Türkdilli Ölkələrin Parlament Assambleyasıdır. Bundan başqa, mədəniyyət sahəsində fəaliyyəti əlaqələndirən TÜRKSOY vardır. Naxçıvanda yeni bir qərar da qəbul olunmuşdur. Qərara əsasən Qazaxıstanda yerləşəcək Türk Akademiyası da qurulacaqdır. Zirvə görüşündə əldə olunan razılaşmaya görə, dövlət başçıları ildə bir dəfə rəsmi, bir dəfə isə işgüzar toplantı keçirəcəklər. Bütün bunların çox mühüm əhəmiyyəti vardır.

Beləliklə, Türkdili Ölkələrin Əməkdaşlıq Şurasının baş katibliyi İstanbulda, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibliyi Bakıda, Türk Akademiyası isə Qazaxıstanda fəaliyyət göstərəcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 4.