4. İqtisadi tənəzzülün dəf edilməsində Azərbaycan yolu

 

Cari ilin ötən 9 ayının sosial-iqtisadi təhlili göstərir ki, dünya hələ də qlobal maliyyə böhranından tam xilas ola bilməyib. Belə ki, maliyyə böhranının real sektora keçməsi və beləliklə iqtisadi böhrana çevrilməsi gözlənildiyindən də böyük fəsadlara yol açıb. Nəticədə dünya miqyasında istehsalatda, yerli və xarici ticarət dövriyyəsində, xidmət sektorunda və digər sferalarada sürətli geriləmə qeydə alınıb, xeyli sayda insan iş yerlərindən məhrum olub. Lakin bütün bu fəsadları effektiv şəkildə dəf edə bilən, hətta qlobal böhran şəraitində belə dinamik inkişaf tempini qoruyub saxlayan az sayda dövlətlər də mövcuddur ki, onlardan biri kimi beynəlxalq miqyasda indi tez-tez Azərbaycanın adı çəkilir.

 

Dünya iqtisadiyyatının 10 trilyon dollarlıq zərəri

 

Müqayisəli təhlillər göstərir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda makroiqtisadi göstəricilər üzrə əvvəlki kimi artımlar qeydə alınmaqdadır və bu da qlobal böhrandan ölkəmizin etibarlı şəkildə sığortalandığının bariz nümunəsi hesab olunmalıdır. Elə bu səbəbdəndir ki, Azərbaycan bir çox dünya dövlətləri kimi böhranın nəticələrinin aradan qaldırılması üçün əlavə maliyyə xərclərinin çəkilməsinə ehtiyac duymayıb.

Ümumiyyətlə, böhran dövründə dünya iqtisadiyyatına 10 trilyon ABŞ dollarından artıq bir məbləğdə zərər dəyib. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, varlı ölkələr öz maliyyə institutlarına yardım kimi 9,2 trilyon dollar, Şərqi Avropa və keçmiş postsovet ölkələri isə bu məqsəd üçün 1,6 trilyon dollar vəsait ayırıb. Ümumi vəsaitin 1,9 trilyon dolları bilavasitə ödənişlərə, qalan hissəsi isə zəmanət və borcalmalara yönəldilib.

BVF ekspertlərinin fikrincə, iqtisadi vəziyyəti pisləşmiş maliyyə institutlarının durumunun yaxşılaşdırılmasına yönəldilmiş vəsaitlər sırasına 1 trilyon dollar birbaşa sərmayələr, 1,9 trilyon dollar aktivlərin alınması, 4,6 trilyon dollar zəmanət, 2,5 trilyon dollar isə likvidliyin təmin edilməsi məsrəfləri daxil olub.

Aydındır ki, göstərilən həcmdə vəsaiti ayıran dünya dövlətləri bununla da böhran nəticəsində maliyyə çətinliyi və əvvəlcədən nəzərə alınmayan maliyyə xərcləri ilə üzləşməli olub. Həmçinin bu hal istər-istəməz onların valyuta ehtiyatlarının azalmasına təsir göstərib. Belə dövlətlər sırasında daha çox Rusiyanın, Ukraynanın, bir sıra digər MDB üzvlərinin, ABŞ-ın, əksər inkişaf etmiş Avropa ölkələrinin, o cümlədən Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, həmçinin neftlə zəngin bir çox ərəb dövlətlərinin adı çəkilir.

Ancaq Azərbaycanın qlobal böhranın təsirlərinə ən az məruz qalan dövlətlərdən biri olması və beləliklə, bank sektorundan tutmuş müxtəlif sənaye müəssisələrinə qədər olan sahələrə əlavə maliyyə yardımı ayırmağa ehtiyac duymaması ölkəmizə mühüm dividendlər qazandırıb. Məsələn, qonşu Rusiyadan fərqli olaraq, Azərbaycanın valyuta ehtiyatlarının həcmində heç bir azalma qeydə alınmayıb. Halbuki, böhran nəticəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarında qeydə alınan azalmalar milyardlarla dollar təşkil edir.

Azərbaycanın qlobal böhran fonunda dünyanın bir çox dövlətləri ilə müqayisədə daha bir üstünlüyü dövlət büdcəsi ilə bağlıdır.

BVF-nin araşdırmalarına görə, 2009-cu ildə "Böyük 20-lik"ə daxil olan ölkələrinin büdcələrində Ümumi Daxili Məhsulun (ÜDM) 10,2 faizi dəyərində kəsir yaranacaq. Belə yüksək göstərici ilə həmin ölkələrin çoxu II Dünya müharibəsindən sonra rastlaşmayıb. Lakin BVF bildirir ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsində kəsir kiçik rəqəmlə ifadə olunacaq, gələn il isə büdcədə profisitin müşahidə olunacağı gözlənilir. BVF-nin proqnozlarına əsasən, dünya bazarlarında neftin qiymətinin artması müşahidə olunur və əgər neftin qiymətinin artımı il boyu davam edərsə, Azərbaycanın 2009-cu il dövlət büdcəsində də kəsir müşahidə olunmayacağı istisna deyil, həmçinin 2010-cu ildəki profisit proqnozdan daha yüksək ola bilər.

 

Azərbaycan iqtisadiyyatının artım tempinə görə seçilənlər sırasındadır

 

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, ötən ilin sonunda olduğu kimi, bu il də dünyada ümumi daxili məhsulun artım səviyyəsi azalacaq və dünya iqtisadiyyatı 1,4 faiz geriləyəcək. Fond belə hesab edir ki, cari il ərzində inkişaf etmiş ölkələrdə ÜDM 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni sənaye ölkələrində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaq. Lakin Azərbaycan yenə o ölkələrdəndir ki, bu sfera üzrə artım tempini qoruyub saxlaya bilib. Məhz bunun nəticəsidir ki, MDB Dövlətlərarası Statistika Komitəsinin də cari ilin ilk yarısının sosial-iqtisadi göstəriciləri ilə bağlı açıqladığı rəqəmlər bir daha Azərbaycanın postsovet məkanında iqtisadiyyatının artım tempinə görə liderlər sırasında yer aldığını göstərir. Sözügedən komitənin məlumatına görə, ilin ilk altı ayında MDB ölkələrində ümumi daxili məhsulun artımı baxımından Azərbaycan yenə də fərqlənir. İlin ilk yarısı üçün Azərbaycanda ÜDM-nin 3,6 faiz çoxaldığı bir vaxtda MDB ölkələrinin bir çoxunda ümumi daxili məhsulun kəskin azalması müşahidə edilib. Məsələn, Rusiyada bu ilin yanvar-iyun aylarında 13,4 faiz iqtisadi geriləmə qeydə alınıb. Bu sahədə ən pis göstəricilərdən biri də Ermənistana məxsusdur. Belə ki, hesabat dövrü ərzində Ermənistan iqtisadiyyatında 16,3 faizlik geriləmə baş verib. Qazaxıstanda isə hesabat dövrü üçün ümumi daxili məhsulun ötən ilin ilk yarısı ilə müqayisədə 4,1 faiz azaldığı məlum olub.

Cari ilin ilk 8 ayının yekunlarına görə Azərbaycanda ÜDM-in artımı 5 faizə çatıb və ilin sonuna kimi bu rəqəmin daha yüksək hədlə ifadə olunacağı proqnozlaşdırılır. Halbuki bir çox ölkələrdə bu sfera üzrə vəziyyət daha da pisləşməkdədir. Məsələn, Ermənistanda cari ilin ilk yarısı üçün 16,3 faizlik iqtisadi geriləmə qeydə alınmışdısa, avqustun sonlarında ÜDM-də olan azalma 18,4 faizə çatıb.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi sferada həyata keçirilən siyasət ən incəliklərinə qədər dəqiq düşünülüb, bu siyasət ölkənin maddi rifah halının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda, son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur".

 

Dünyada böhranın dağıtdığı sahələr ölkəmizdə inkişaf etməkdədir

 

Hazırda belə hesab olunur ki, MDB məkanında qlobal böhranla mübarizə sahəsində ən əlverişli vəziyyət məhz Azərbaycandadır. Bunu bir sıra konkret göstəricilər də təsdiq edir. Məsələn, qlobal iqtisadi böhranın başlanmasından sonra MDB ölkələrində bir çox şirkətlərin fəaliyyətini dayandırdığı müşahidə olunur. Təkcə Rusiyada belə şirkətlərin sayı minlərə ölçülür. Analoji hal Ukraynada, Gürcüstanda, Ermənistanda və bir sıra digər MDB dövlətlərində də müşahidə olunur. Azərbaycanda isə bunun tam əksi yaşanır. Son ayların məlumatları göstərir ki, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayında artım baş verib. Belə hüquqi şəxslərin sayında artım yüksək faiz göstəricilərilə ifadə olunur. Bu isə o deməkdir ki, əgər qlobal iqtisadi böhran MDB məkanında da işlək şirkətlərin sayının azalmasına səbəb olubsa, Azərbaycanda bunun əksinə olaraq onların sayı artıb.

Böhranın dünya üzrə dağıdıcı təsirə məruz qoyduğu sferalarda da Azərbaycanda inkişaf qeydə alınmaqdadır. Belə sahələrdən biri kimi isə tikinti sektoru çıxış edir. Ümumiyyətlə, MDB məkanında bu sahədə yaranan vəziyyət göstərir ki, postsovet ölkələrində tikinti sektoru hələ ki, böhran qarşısında aciz vəziyyətdədir və inkişafdan geri qalır. Məsələn, qonşu Rusiyada tikinti şirkətlərinin yarıdan çoxunun fəaliyyəti dondurulub. Rusiya Tikinti İttifaqının prezidenti Vladimir Yakovlev də bir müddət əvvəl etiraf edib ki, dünya maliyyə böhranı ölkənin tikinti sahəsində mənfi istiqamətdə çox ciddi təsir edib və bu, mənzillərə tələbatın kəskin azalmasında, inşaatçılar üçün verilən kreditlərin faiz dərəcələrinin artmasında və əhali üçün ipoteka alınmasının mürəkkəbləşməsində öz əksini tapıb. Onun sözlərinə görə, cari ilin ilk altı ayının yekunu üzrə ölkədə tikinti-montaj işlərinin ümumi həcmi 20 faiz azalaraq 1,5 trilyon rubla düşüb: "Bu, tikilən obyektlərin əhəmiyyətli dərəcədə azalmasından xəbər verir, yeni obyektlər isə, sadəcə olaraq, inşa olunmur". Analoji vəziyyət daha pis şəkildə Ermənistanda da qeydə alınmaqdadır. Ermənistan Milli Statistik Xidmətinin məlumatına görə, 2009-cu ilin ilk altı ayında tikinti sahəsində 54,5 faizlik geriləmə qeydə alınıb. Bir sıra digər MDB, eləcə də dünya dövlətləri eyni problemdən əziyyət çəkdiyi vaxt Azərbaycanda əks vəziyyət müşahidə olunur.

Cari ilin ilk yarısının təhlili göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri gördükləri işlərin həcmini 2,2 faiz və ya 1 milyard 362 milyon manatadək artırıblar. Hesabat dövründə özəl inşaat müəssisələri tərəfindən 989 milyon manat, dövlət müəssisələri tərəfindən 373 milyon manat məbləğində iş görülüb. Hesablamalara görə, tikinti sektoru və ona bağlı sahələrdə 500 minə qədər insan çalışır. Aparılan araşdırmalar göstərir ki, tikinti sektorunda orta aylıq əməkhaqqı təxminən 450 manat təşkil edir.

İqtisadiyyatın bir çox digər sahələri üzrə də Azərbaycan kifayət qədər ciddi nailiyyətlər əldə edə bilib. Məsələn, aqrar sektorda bu ilin iyulun 1-nə kimi istehsal edilən məhsulun məcmu həcmində ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faizlik artım baş verib. Meşə təsərrüfatı, balıqçılıq sənayesində də ötən ilin ilk yarısı ilə müqayisədə artımlar qeydə alınıb. Kənd təsərrüfatı sahəsində aparılan uğurlu siyasətin ən mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir.

Kənd təsərrüfatı ilə yanaşı, ölkəmizdə ticarət sferası da intensiv inkişaf etməkdədir. Belə ki, 2009-cu ilin yanvar-iyun aylarında həyata keçirilən pərakəndə ticarətin həcmi 5,6 milyard manata yaxın olub və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 8,5 faiz artım deməkdir. Hesabat dövrü ərzində əhali tərəfindən ticarət məntəqələrində 3 milyard 651 milyon manatlıq ərzaq məhsulları realizasiya edilib ki, bu da 10,9 faizlik artımdan xəbər verir. Reallaşdırılan qeyri-ərzaq məhsullarının həcmi isə 1,9 milyard manat təşkil edib ki, bu da keçən ilin ilk yarısında qeydə alınan göstəricidən 3,7 faiz çoxdur. Hesabat dövrü ərzində ticarət dövriyyəsinin 15,3 faizi hüquqi şəxslər, 43,3 faizi təşkil olunan yarmarka və bazarlarda fiziki şəxslər, 41,3 faizi isə hüquqi şəxslər olmayan özəl sahibkarlar tərəfindən həyata keçirilib.

Bununla yanaşı, ilin ilk altı ayında əhaliyə göstərilən pullu xidmət 1 milyard 696 milyon manata bərabər olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artım deməkdir. Son bir il ərzində isə əhalinin əmək haqlarında 19 faiz artım qeydə alınıb. Lakin elə sahələr mövcuddur ki, burada əməkhaqqı göstəricisi daha yüksək rəqəmlərlə ifadə olunur. Məsələn, informasiya texnologiyaları sahəsində çalışanlarn məvacibi bu ilin ilk altı ayı ərzində 15,4 faiz artıb və indi bu sahədə çalışanların orta aylıq əməkhaqqı 506 manata çatır.

 

Rəqabət üzrə MDB-nin lideri

 

Qeyd edilənlər bir daha Azərbaycanın qlobal böhran şəraitində belə dünyanın bir çox dövlətləri üçün qibtəediləcək tərzdə inkişaf etdiyini göstərir. Lakin Azərbaycan üçün fərqləndirici xüsusiyyət təkcə belə dinamik inkişaf yox, həm də bu inkişafa yaradılan şəraitdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında belə həm qanunvericilik, həm də digər sahələr baxımından fərqlənənlər cərgəsində yer alır. Bunu, Dünya İqtisadi Forumu tərəfindən açıqlanan "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəd də növbəti dəfə təsdiqlədi. Xatırladaq ki, dünyanın 133 ölkəsini, o cümlədən postsovet dövlətlərini əhatə edən hesabatdan aydın olur ki, azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan yenə də seçilir. Elə bunun nəticəsidir ki, qlobal rəqabətlilik indeksinə əsasən, ölkəmiz ötən illə müqayisədə 18 pillə irəliləyib. Əgər ötən il sözügedən indeks üzrə Azərbaycan 69-cu yerdə qərarlaşmışdısa, bu dəfə ölkəmiz 51-ci pillədə dayanır. Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən aparılan araşdırmalardan o da məlum olur ki, qlobal rəqabətlilik indeksi baxımından Azərbaycan MDB-də ilk yerdə durur. Yəni sözügedən quruma üzv ölkələr arasında yaradılan rəqabət şəraitinə görə ən yaxşı vəziyyət məhz Azərbaycandadır. Bunun isə bir sıra mühüm səbəbləri mövcuddur.

Dünya İqtisadi Forumu həmin səbəblər sırasında ilk olaraq ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitliyə və bu sahədə daim edilən islahatlara diqqət çəkir. Bu sahədə Azərbaycan dünya dövlətləri sırasında 2-ci yerdə durur və bu, ötən illə müqayisədə ölkəmizin daha 18 pillə irəliləməsi deməkdir. Bundan başqa, Azərbaycanın dövlət borclarının azlığı, büdcə ehtiyatları çoxluğu təqdirəlayiq hal kimi xarakterizə edilir. Ölkə bazarlarında, xüsusən əmək və əmlak bazarlarında da həyata keçirilən islahatların effektivlik səviyyəsi kifayət qədər yüksək dəyərləndirilir.

Dünya İqtisadi Forumunun ekspertləri iş indeksi baxımından Azərbaycanda mövcud vəziyyətin də olduqca əlverişli olduğuna diqqət çəkir. Bildirilir ki, ölkədə iş yerlərinin sabitliyi baxımından Azərbaycan 70-ci pillədən 4-cü pilləyə qədər irəliləyib. Əmək bazarlarında da göstəricilər kifayət qədər yüksəkdir. Belə ki, bu indeks üzrə Azərbaycan ötən il 34-cü yerdə dururdusa, cari ildə artıq 13-cü pilləyə qədər yüksəlib.

Hesabata əsasən, Azərbaycanın əmlak bazarlarında da vəziyyət olduqca qənaətbəxşdir. Qeyd edilir ki, burada aparılan islahatlardan sonra biznes qurmaq xeyli asanlaşıb və bu məsələyə indi az xərc tələb olunur. Həmçinin zaman baxımından da ölkəmizdə iş qurulması sahəsində ciddi islahatların aparıldığı, bu prosedurun xeyli asanlaşdırıldığı xatırlanır. Bildirilir ki, iş qurmaq üçün keçilməsi mütləq olan prosedurların sayı 13-dən 6-ya, bunun üçün lazım olan vaxt isə 30 gündən 16 günə endirilib. Qeyd olunanlara görə, Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan Dünya Bankının "Doing Business-2009" hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edildiyi də bir daha xatırlanır.

Dünya İqtisadi Forumunun ekspertləri Azərbaycanda fiziki və intellektual əmlakın qorunması, ictimai fondların diversifikasiyası, müstəqil məhkəmə orqanlarının mövcudluğu, etnik azlıqları təmsil edən iş adamlarının müdafiəsi, polis xidmətinə olan etimad və bu qəbildən olan digər amillər baxımından əhəmiyyətli işlərin görüldüyünü, ciddi nailiyyətlərin əldə olunduğunu bəyan edir. Bununla yanaşı, infrastrukturun, o cümlədən yolların, dəniz limanının, elektrik təchizatının, telefon xətlərinin keyfiyyətindən məmnunluq ifadə edilir. Həmçinin ölkəmizdə yeni texnologiyaların tətbiqi, internetdən istifadənin yüksək olması, fərdi kompüterlərin sayının artan xətt üzrə inkişaf etməsi, eləcə də qiymətli kağızlara çıxışın asan olması, investorların müdafiəsinin gücləndirilməsi, bankların sağlamlığı, menecmentin, təhsil və elmin, səhiyyənin keyfiyyəti, innovasiyalar yüksək dəyərləndirilir.

Hesabatdan belə aydın olur ki, MDB-də ən böyük iqtisadiyyata malik olan Rusiya qlobal rəqabətlilik indeksinə əsasən, 63-cü yerdə durur, halbuki ötən il 51-ci yerin sahibi məhz bu dövlət idi. Cənubi Qafqaz ölkələrindən olan Gürcüstan 90-cı, Ermənistanı isə 97-ci sıradadır. İqtisadi artım tempinə görə seçilən MDB dövlətlərindən biri - Qazaxıstan siyahıda 67-ci yerdə qərarlaşıb. İnkişaf etmiş sənayeyə malik dövlətlərdən biri kimi xarakterizə edilən Ukrayna isə qlobal rəqabətlilik indeksinə əsasən, 82-ci yerdə durur. Tacikistan və Qırğızıstan müvafiq olaraq 122 və 123-cü yerləri bölüşdürür. Bütün bunlar bir daha rəqabət şəraiti baxımından ən yaxşı vəziyyətə görə Azərbaycanın MDB dövlətləri arasında lider mövqedə durduğunu aydın göstərir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı növbəti hesabatında bildirilir ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan bu ölkədə iş qurulması sahəsində çox əlverişli mühit yaradıb. Sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır. Belə ki, budəfəki reytinq cədvəlində Azərbaycan Qırğızıstandan, Rusiyadan, Ermənistandan, Belarusdan, Qazaxıstandan, Moldovadan, Ukraynadan, Özbəkistandan, Tacikistandan öndədir.

 

Güclənməkdə olan xalq və hakimiyyət birliyi

 

Təsadüfi deyil ki, qeyd edilənlərə, həmçinin insan haqlarının müdafiəsi, söz və fikir azadlığının, iqtisadiyyatının inkişaf tempi və bu qəbildən digər məsələlərə görə Azərbaycan xalq və hakimiyyət birliyinə görə MDB məkanında lider mövqedən çıxış edir. Ölkə iqtisadiyyatının günü-gündən güclənməsi isə Azərbaycanda siyasi və iqtisadi inkişafın uğurlu vəhdətini formalaşdırmışdır.

ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatının elan etdiyi hesabatdan belə məlum olur ki, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır və bu, postsovet məkanında ən yüksək göstəricidir. "Gallup" təşkilatı bildirir ki, 12 postsovet ölkəsində hər min nəfərlə üzbəüz söhbətdə onlara belə bir sual verilib: "Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?". Bu suala cavabda "Rəhbərliyin işini bəyənirəm" deyənlərin sayına görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyib. "Gallup" təşkilatının tərtib etdiyi siyahıda Azərbaycandan sonra növbəti yeri Qazaxıstan tutur. Bu ölkədə keçirilən sorğuda 71 faiz ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini bildirib. Sorğudan o da məlum olub ki, Rusiyada 56 faiz, Belarusda 46 faiz, Qırğızıstanda 43 faiz, Latviyada 27 faiz, Moldovada 25 faiz, Gürcüstanda 21 faiz, Estoniyada 20 faiz, Litvada 13 faiz, Ukraynada 4 faiz hakimiyyət tərəfindən həyata keçirilən siyasətdən razıdır.

Bütün bunlar Azərbaycanda təkcə iqtisadiyyatın yox, digər sahələrin də dinamik inkişafda olduğunu əyani nümayiş etdirməkdədir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hərtərəfli inkişafına görə dünyanın əksər dövlətləri üçün nümunədir. Belə vəziyyət isə beynəlxalq sferada ölkəmizin nüfuzunu daha da möhkəmləndirməkdə, onu aparıcı söz sahiblərindən birinə çevirməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 5.