Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib

 

Zaqatala rayonunun Yengiyan kəndindəki mədəniyyət evi son illər tam yararsız hala düşmüşdü. 1956-cı ildə tikilmiş bu binada demək olar ki, uzun müddətdir ki, heç bir tədbir keçirmək mümkün deyildi.

Nəhayət, ölkəmizdə gedən genişmiqyaslı tikinti-quruculuq işlərinin işığı Yengiyan kəndindəki divarından gündə bir kərpic qopan mədəniyyət evinin də üstünə düşdü. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008) xətti ilə Zaqatala rayonunda gedən tikinti-quruculuq, abadlıq tədbirləri sırasında Yengiyanın da baxımsız mədəniyyət evi əsaslı təmirdən çıxdı və hər cür müasir avadanlıqla təmin edildi. 200 yerlik mədəniyyət evi özünəməxsus adət-ənənələri olan Yengiyan kəndinin sakinlərinin həyatına sözsüz ki, yeni bir ab-hava gətirəcək.

Bu günlərdə mədəniyyət evinin əsaslı təmirdən sonra açılış mərasimi oldu. Rayon icra hakimiyyətinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə RİH başçısı Mübariz Əhmədzadə kənd sakinlərini təbrik edərək, onlara işlərində uğurlar arzuladı. M.Əhmədzadə çıxışında ölkəmizdə gedən geniş abadlıq-quruculuq işlərindən də söz açaraq bildirdi ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda, eləcə də Zaqatala rayonunda əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sistemli şəkildə davam etdirilir. RİH başçısı xüsusi vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyev hər bir bölgənin, hər bir kəndin sosial-iqtisadi inkişafına diqqət və qayğı göstərir.

Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, gənclər diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Mədəniyyət evinə baxışdan sonra yerli özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış etdi.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 6 oktyabr.- S. 7.