Prezident İlham Əliyev Bakıda "Caspian Agro-2009"
kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalı, emalı və qablaşdırılması beynəlxalq
sərgisi ilə tanış olmuşdur
Oktyabrın 6-da Prezident İlham Əliyev
Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian
Agro-2009" kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalı, emalı və qablaşdırılması beynəlxalq
sərgisi ilə tanış olmuşdur.
İqtisadi inkişaf və
kənd təsərrüfatı nazirliklərinin rəsmi dəstəyi,
Ticarət və Sənaye Palatasının təşkilatçılığı
ilə keçirilən sərgi ilə tanışlıq
zamanı məlumat verildi ki, belə bir beynəlxalq tədbirin
keçirilməsinin başlıca məqsədi ölkəmizdə
istehsal olunan kənd təsərrüfatı və emal sənayesi
məhsullarının nümayişi ilə yanaşı, bu
sahələrin daha da inkişafı üçün xarici
şirkət və sərmayədarların diqqətini cəlb
etmək, Azərbaycanda son illər baş verən sürətli
inkişaf və tərəqqinin təbliği ilə bərabər,
aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini
öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və
əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi
dünya ölkələri, o cümlədən Azərbaycan
üçün prioritet istiqamətlərdən biridir. Sərgi
ölkəmizdə kənd təsərrüfatının
inkişafının dövlətin prioritet istiqamətlərindən
biri olduğunu, Azərbaycanda bu sahədə maksimum nəticələrin
qazanılmasına yönələn siyasətin uğurla davam
etdirildiyini bir daha göstərir. Son illərdə ölkəmizdə
ərzaq təhlükəsizliyinin təmin olunmasına
xüsusi diqqət göstərilməsi, bu sahədə
dövlət proqramlarının icrasının sürətləndirilməsi
Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalında ciddi inkişafın əldə olunması ilə
nəticələnir.
Prezident İlham Əliyevin
təşəbbüsü və tapşırığı
ilə keçirilən sərgidə Azərbaycan ilə
yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus,
Suriya, İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti
təmsil olunmuşdur.
Dövlətimizin
başçısı əvvəlcə kompleksin həyətində
Minsk və Gəncə avtomobil zavodlarının, habelə
dünyanın nüfuzlu şirkətlərinin kənd təsərrüfatı
texnikasına baxdı. Bildirildi ki, Minsk və Gəncə
avtomobil zavodları arasında bağlanan müqaviləyə əsasən
artıq ölkəmizdə də kənd təsərrüfatı
texnikasının istehsalına başlanmışdır.
Prezident İlham Əliyev
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin
pavilyonu ilə tanış oldu. Burada ölkəmizdə kənd
təsərrüfatının inkişafını əks
etdirən sənədlər, cədvəllər, ulu öndər
Heydər Əliyevin ölkəmizdə aqrar sahənin, emal sənayesinin
inkişafı istiqamətində gördüyü işləri
əks etdirən müxtəlif materiallar, habelə fotoşəkillər
vardır. Kənd təsərrüfatı naziri İsmət
Abasov ölkəmizdə kənd təsərrüfatı sahəsində
əldə edilmiş uğurlar barədə məlumat verdi.
Naxçıvan Muxtar
Respublikasının pavilyonunda muxtar respublikada istehsal olunan kənd
təsərrüfatı və emal sənayesi məhsulları
nümayiş olunurdu.
Prezident İlham Əliyev
Azərbaycan Dövlət Aqrar Universitetinə aid pavilyona
baxdı.
Şərabçılıq
və quşçuluq müəssisələrinin
pavilyonları ilə tanışlıq zamanı bildirildi ki,
burada yerli şirkətlərlə yanaşı, xarici ölkələrin
qabaqcıl müəssisələri də təmsil olunur. Diqqətə
çatdırıldı ki, ölkəmizdə
quşçuluq fabriklərinin yaradılması və
onların ixrac qabiliyyətinin artırılması diqqətdə
saxlanılır. Bununla yanaşı, Azərbaycanda həm də
şərabçılığın inkişafı istiqamətində
mühüm nəticələr əldə olunur. Ölkəmizdə
üzüm sahələrinin yaradılması və genişləndirilməsi
nəticə etibarilə şərabçılığın
və şərab istehsal edən yeni modern müəssisələrin
yaradılmasına imkan verir. İndi Azərbaycan istehsalı
olan şərablar müxtəlif ölkələrə ixrac
edilir və onlar dünya bazarında kifayət qədər
yüksək reytinq toplaya bilmişdir.
Dövlətimizin
başçısı "Caspian Agro-2009" beynəlxalq sərgisində
iştirak edən xarici ölkələrin pavilyonları ilə
də tanış oldu.
Litva Ticarət Evinin təşkil
etdiyi pavilyonda bu ölkədə istehsal olunan kənd təsərrüfatı
və emal sənayesi məhsulları nümayiş olunurdu.
Latviya şirkətləri
sərgidə müxtəlif qida məhsulları, kənd təsərrüfatı
sahəsində istifadə olunan yardımçı vasitələrlə
təmsil olunur. Bununla yanaşı, Latviya mütəxəssisləri
kənd təsərrüfatı sahəsində Azərbaycan
ilə əməkdaşlığa böyük maraq göstərir
və sərgi bu baxımdan onlar üçün geniş
imkanlar açır.
Dünyada aqrar ölkə
kimi tanınan İsrail də "Caspian Agro-2009" sərgisinin
əsas iştirakçılarından biridir. İsraildə
istehsal olunan kənd təsərrüfatı məhsullarının
və texnikasının bu sərgidə nümayiş etdirilməsi
beynəlxalq təcrübə mübadiləsinin
aparılması və ikitərəfli əlaqələrin
qurulması baxımından mühüm imkanlar yaradır.
Dövlətimizin
başçısı Suriya Ərəb Respublikasında
istehsal edilən kənd təsərrüfatı məhsullarının
sərgisi ilə də tanış oldu. Bildirildi ki, yerləşdiyi
regionda Suriya əsas aqrar ölkələrdən biri kimi
tanınır.
Prezident İlham Əliyev
"Caspian Agro-2009" beynəlxalq sərgisində
böyük heyətlə təmsil olunan Belarusun milli
pavilyonuna da baxdı.
Burada dövlətimizin
başçısını milli geyimli belaruslu qız
duz-çörəklə qarşıladı.
Belarusun kənd təsərrüfatı
və ərzaq nazirinin birinci müavini Nadejda Katkovets və bu
ölkənin sənaye nazirinin birinci müavini İvan
Demidoviç Belarus milli pavilyonunda nümayiş olunan məhsullar
haqqında ətraflı məlumat verdilər. Bildirildi ki,
dünyada aqrar sektorun inkişaf etdiyi ölkələrdən
biri kimi tanınan Belarus bu sərgiyə böyük maraq
göstərir və ölkə şirkətləri gələcəkdə
də Azərbaycanda təşkil olunan bu cür sərgilərdə
iştirak edəcəkdir. Budəfəki sərgidə Belarus
daha çox qida məhsulları və yeni texnologiyalarla təmsil
olunmuşdur.
Prezident İlham Əliyev
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin
ölkəmizin meliorasiya və irriqasiya sisteminin müasirləşdirilməsini
əks etdirən ekspozisiyası ilə də tanış oldu.
Qeyd edildi ki, hazırda respublikada onlarla beynəlxalq səviyyəli
hidrotexniki qurğunun inşası davam etdirilir.
Dövlətimizin
başçısı sərgidə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, yerli və xarici şirkətlərin pavilyonları
ilə də tanış oldu.
AzərTAc
Azərbaycan.- 2009.-7 oktyabr.- S. 1.