Transxəzər Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığını
daha da möhkəmləndirəcək
Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri
getdikcə inkişaf edir və bu, ilk növbədə,
özünü energetika sahəsində göstərir. Bir
neçə gün əvvəl Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin
Azərbaycana rəsmi səfəri zamanı da bu sahədə
əməkdaşlığa aid bir sıra mühüm sənədlər
imzalanıb. Belə ki, iki ölkənin sözügedən
sahədə birgə fəaliyyətinin inkişafına
yönəldilən bir saziş və iki memorandum böyük
əhəmiyyət kəsb edir.
Əlbəttə, energetika sahəsindəki
müttəfiqlik, tərəfdaşlıq barədə
söhbət düşəndə birinci olaraq Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan neft kəməri yada
düşür. Çünki hələ BTC-nin çəkilişi
ideyası yarandığı ilk dövrdən Qazaxıstan bu
layihənin tərəfdarı olub və indi də onu dəstəkləyir.
BTC-nin istər layihələşdirilməsi, istərsə də
tikintisi və istismara verilməsi zamanı keçirilən ən
mühüm tədbirlərdə Qazaxıstanın dövlət
başçısı da iştirak edib və kəməri dəstəkləyən
bir sıra sənədlərə imza atıb.
Bir sözlə, Qazaxıstan hələ
BTC istifadəyə verilməzdən xeyli əvvəl bəyan
etmişdi ki, öz karbohidrogen ehtiyatlarının müəyyən
hissəsini bu kəmərə qoşmaq fikrindədir. O,
etibarlı tərəfdaş kimi öz sözünün
üstündə möhkəm dayandı. Artıq bir ildir BTC
ilə kiçik həcmdə olsa da, Qazaxıstanın
"Tengiz" yatağının neftinin nəql edilməsi
bunu təsdiqləyir.
Aparılan danışıqlar,
imzalanan sənədlər və görülən işlər
bu həcmlərin artırılmasına yönəldilir. Belə
ki, yaxın gələcəkdə Qazaxıstanın
"Kaşaqan" dəniz yatağından
çıxarılan neftin bir hissəsi də BTC ilə ixrac
olunacaq. Bu, reallaşdırmaqda "KazMunayQaz" şirkətinə
"Kaşaqan"da çalışan konsorsium da dəstək
verir. Maraqlıdır ki, həmin konsorsiumun dörd
üzvü - "Total" (Fransa), "Eni" (İtaliya),
"İnpeks" (Yaponiya) və "KonokoFilips" (ABŞ)
şirkətləri eyni zamanda BTC-nin səhmdarları
sırasındadır.
Lakin kəmərə artan həcmləri
qoşmaq üçün geniş və mükəmməl
infrastruktur tələb olunur. Transxəzər adlanan sistemin
yaradılması da məhz bu məqsədə xidmət edir.
Hələ 2006-cı ilin iyun ayında prezidentlər İlham Əliyev
və Nursultan Nazarbayev "Qazaxıstan Respublikasında hasil
olunan neftin Xəzər dənizi ilə Azərbaycan
Respublikası ərazisindən Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri sistemi vasitəsilə dünya
bazarlarına nəqlinə yardım və dəstək
haqqında müqavilə" imzalayıblar. 2007-ci ilin avqust
ayında isə Astanada ARDNŞ və "KazMunayQaz" tərəfindən
neft-qaz sahəsində strateji əməkdaşlığa və
Transxəzər layihəsinin birgə həyata keçirilməsinə
dair sənədlərə imza atılıb. Bu günlərdə
iki şirkətin imzaladığı "Transxəzər
layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın
işlənməsinə dair birgə fəaliyyət
haqqında saziş" də Qazaxıstan neftini BTC-yə
çatdıran infrastrukturun yaradılmasının gerçəkləşməsinə
yönəldilir. Tərəflər qısa müddətdə
Transxəzər layihəsinin həyata keçirilməsi məqsədilə
birgə layihə şirkəti təşkil etməyi
planlaşdırırlar.
Transxəzər layihəsinin tərkibinə
Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərindəki
neft terminalları, tankerlər və gəmilər, həmçinin
Bakı-Tbilisi-Ceyhan sisteminin qovşaq avadanlıqları daxil olacaq.
Başlanğıc mərhələdə
Transxəzər sistemi ilə sutkada 500 min barel (ildə 23
milyon ton) həcmində neftin nəqli nəzərdə
tutulur. Sonrakı mərhələlərdə bu həcmin
sutkada 750-1200 min barelə (ildə 35-56 milyon tona)
çatdırılması gözlənilir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev getdikcə inkişaf edən bu əməkdaşlığı
belə dəyərləndirir: "Energetika sahəsində
biz müttəfiqlərik, Xəzərdə qonşuyuq və
bu sahədə münasibətlərin inkişaf etdirilməsi
üçün gözəl potensial imkanlar vardır. Mən əminəm
ki, bu gün imzalanmış sənədlər böyük
yolun yalnız başlanğıcıdır. Hərçənd
deməliyəm ki. elə bu gün də yaxşı nəticələrimiz
vardır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən
müxtəlif yollarla - həm dəmir yolu, həm də
Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya
bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin,
Azərbaycanın digər nəqliyyat imkanlarının işə
salınması ölkələrimiz arasında daha artıq
inteqrasiyaya gətirib çıxaracaqdır".
Yeni imzalanmış sənədlər
arasında "Bakı - Qara dəniz" neft kəməri
üzrə əməkdaşlıq sahəsində niyyət
memorandumu da var. Bu sənəd Qazaxıstan neftinin Azərbaycan
ərazisi ilə tranziti üçün bərabərhüquqlu
əsaslarla Bakıdan başlayaraq Xəzər sahilindən
Qara dəniz sahilinədək uzanacaq kəmərin
inşası imkanlarının öyrənilməsini və müəyyənləşdirilməsini
əks etdirir. Bu sənəddə həmçinin Azərbaycanın
mövcud neft nəqli infrastrukturundan optimal istifadə
olunması nəzərdə tutulur.
Nəhayət,
üçüncü sənəd Qazaxıstanın
karbohidrogen yataqlarının işlənməsində
ARDNŞ-nin neft-qaz obyektlərinin infrastrukturundan birgə
istifadə haqqında memorandumdur. Sənəddə həmçinin
bu istiqamətdə əməkdaşlığın perspektivləri
müəyyənləşdirilir.
Azərbaycanın və
Qazaxıstanın energetika sahəsindəki əlaqələri
möhkəm təməl üzərində inkişaf edir. Bu,
eyni zamanda iki ölkə arasında iqtisadi əməkdaşlığın
növbəti uğurlu mərhələləri
qarşısında yeni yollar açır.
F.SADIQLI
Azərbaycan.- 2009.-7
oktyabr.- S. 3.