Nazirlər Kabinetində görüş
Oktyabrın 6-da Azərbaycanın
Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə
olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin
Birləşmiş Qərargahlar Komitəsinin sədri general
Tariq Məcidin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Azərbaycan hökumətinin
başçısı dost və qardaş Pakistanla əlaqələrin
son illərdə fəal inkişaf etdiyini vurğulayaraq bu
ölkənin rəhbərliyinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə
dəstəklədiyinə görə təşəkkürünü
bildirmişdir.
Baş nazir iqtisadi əlaqələrin
genişləndirilməsinin zəruri olmasını qeyd edərək
əmin olduğunu bildirmişdir ki, Pakistan nümayəndə
heyətinin Bakıda, Müdafiə Nazirliyində və
Müdafiə Sənayesi Nazirliyində apardığı
danışıqlar hərbi quruculuq sahəsində əməkdaşlığın
inkişafına stimul yaradacaqdır.
General Tariq Məcid
Pakistanın Baş nazirinin salamlarını və qardaş Azərbaycan
xalqına firavanlıq arzularını Artur Rasizadəyə
çatdırmışdır. Pakistan nümayəndə heyətinin
rəhbəri ölkəsinin Azərbaycan ilə əlaqələri
dərinləşdirməkdə maraqlı olmasını qeyd
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.