Bakıda Azərbaycanın görkəmli şərqşünas
alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
edilmiş elmi konfrans işə başlamışdır
Oktyabrın 6-da Bakı Dövlət
Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas
alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
olunmuş "Şərqşünaslığın aktual
problemləri" mövzusunda respublika elmi konfransı işə
başlamışdır.
Tədbirdə görkəmli
alimin həyat yoldaşı, Aviasiya Akademiyasının rektoru
akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin
deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri
iştirak edirdilər.
Konfrans
iştirakçıları Aida İmanquliyevanın əsərlərindən
ibarət sərgiyə, onun həyat və fəaliyyətini əks
etdirən videogörüntülərə maraqla
baxmışlar.
Universitetin rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov professor Aida
İmanquliyevanın zəngin elmi fəaliyyətindən,
şərqşünaslığın inkişafındakı
müstəsna xidmətlərindən
danışmışdır. Bildirilmişdir ki, alimin əsərləri
dünya şərqşünaslığı xəzinəsinə
daxil olmuş çox dəyərli araşdırmalardır. Məlumat vermişdir ki, Aida İmanquliyeva 1939-cu il
oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində
anadan olmuş, 132 nömrəli orta məktəbi qızıl
medalla bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) şərqşünaslıq
fakültəsini müvəffəqiyyətlə başa vurub,
1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq
dissertasiyaları müdafiə etmişdir. O, ilk azərbaycanlı
qadın şərqşünas elmlər doktoru idi. Aida
xanım uzun illər Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru olmuşdur.
Natiq diqqətə
çatdırmışdır ki, iki gün davam edəcək
konfrans öz işini dörd bölmə iclasında davam
etdirəcəkdir. Bu iclaslarda 100-dən çox maraqlı məruzə
dinləniləcəkdir.
Akademik Vasim Məmmədəliyev
"Görkəmli alim, bacarıqlı təşkilatçı,
zərif qadın" mövzusunda məruzə etmişdir. Məruzəçi
demişdir ki, bu günlər anadan olmasının 70 illiyini
böyük təntənə ilə qeyd etdiyimiz Aida
İmanquliyeva görkəmli ərəbşünas alim idi.
Aida xanım aspiranturaya daxil oldu və Moskvaya ezam edildi. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə
diplomu ilə bitirmiş, ərəb dilinin sirlərini
müasir Azərbaycan ərəbşünaslığının
banisi professor Ələsgər Məmmədovdan öyrənmiş
azərbaycanlı qızı Moskvaya mükəmməl elmi
hazırlıqla getmişdi. Onun elmi rəhbəri
dünya şöhrətli şərqşünasımız
professor Rüstəm Əliyev idi. Aspiranturada təhsil
aldığı müddətdə Aida xanım özü
üçün tədqiqat obyekti olaraq ərəb məhcər
ədəbiyyatını seçdi. Şimali Amerikada təşəkkül
tapıb formalaşmış məhcər ədəbiyyatı,
xüsusilə 1920-ci ildə təsis edilmiş "Qələmlər
birliyi" ərəb ədəbiyyatı tarixində
xüsusi çəkisi və mövqeyi olan ədəbi
məktəbdir. Aida xanım qısa müddət ərzində
namizədlik dissertasiyasını müdafiə etdi, məhcər
ədəbiyyatının görkəmli nümayəndələri
Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında
monoqrafiyalar yazıb çap etdirdi. O, öz istedadı və əməksevərliyi
sayəsində qısa müddətdə keçmiş Sovet
İttifaqında yeni ərəb ədəbiyyatının ən
tanınmış mütəxəssislərindən birinə
çevrildi.
Aida İmanquliyeva
nisbətən qısa ömür sürməsinə baxmayaraq,
özündən sonra zəngin ədəbi irs qoyub getmiş,
fundamental tədqiqatları ilə təkcə Azərbaycan və
əski sovet şərqşünaslığını deyil,
eyni zamanda dünya şərqşünaslığını
xeyli dərəcədə zənginləşdirmiş,
inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə,
Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb
ölkələrində yaxşı tanınan, rəyi ilə
hesablaşılan, əsərlərinə tez-tez istinad edilən
Aida xanım yeni və müasir ərəb ədəbiyyatının
ən nüfuzlu, ən fundamental tədqiqatçılarından
biri kimi şərqşünaslıq tarixinə əbədi
daxil olmuş azsaylı mütəxəssislərdəndir. Onun ərəb məhcər ədəbiyyatının
görkəmli nümayəndələrinin həyat və
yaradıcılığına həsr etdiyi tədqiqatlar
öz orijinallığını, zənginliyini, nəzəri
dərinliyini, konseptuallığını daim qoruyub saxlayan,
buna görə də mütəxəssislərin
stolüstü kitablarına çevrilmiş əsərlərdir.
Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb
məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən
görkəmli, ən sanballı tədqiqatçısıdır.
Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları,
hətta Avropa şərqşünasları və ərəblərin
özləri belə etiraf edirlər.
Aida xanım
haqlı olaraq göstərir ki, C.X.Cübran, Ə.ər-Reyhani
və M.Nuaymə özlərinin çoxcəhətli bədii
yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının
nailiyyətlərini mənimsəmiş, onların dəyərini
ən yaxşı milli bədii ənənələrlə
üzvi surətdə sintezləşdirmişlər.
A.İmanquliyevanın
fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülü
və formalaşmasında əhəmiyyətli rol
oynamış "Suriya-Amerika məktəbi"nin
yazıçıları öz yaradıcılıqları ilə
yalnız ərəb ədəbiyyatında deyil, həmçinin
Şərq ölkələrinin milli ədəbiyyatlarında
da davamçıları üçün yol açmışlar.
Akademik V.Məmmədəliyev
vurğulamışdır ki, Aida İmanquliyevanın bir
çox xarici dillərə tərcümə edilmiş
"Yeni ərəb ədəbiyyatı korifeyləri"
kitabı onun çoxillik gərgin tədqiqatlarının
yekunu, ərəb məhcər ədəbiyyatı haqda
yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə
edildikdən sonra ərəb alimləri arasında da geniş
maraq doğurmuş, görkəmli mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Aida İmanquliyeva həm də
keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda
yeni ərəb ədəbiyyatı kursunun əsas
yaradıcılarından biridir. Bu gün 20-dən
artıq ərəb ölkəsində yaranmış zəngin
ədəbiyyatı araşdırıb onu ümumi bir tədqiqat
məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi
cəhətlərini müəyyənləşdirmək,
görkəmli nümayəndələrinin həyat və
yaradıcılığını öyrənmək, əsərlərini
yüksək nəzəri səviyyədə təhlil etmək
dünya ərəbşünaslığı
qarşısında duran ən çətin, ən ümdə
problemlərdəndir. Mübaliğəsiz demək olar ki, Aida
xanım bu sahədə böyük əmək sərf
etmiş, nəticədə belə bir çətin kursun
yaradılmasına nail olmuşdur. Onun bu haqda
yazdığı məqalələr, beynəlxalq konfrans və
simpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində
BDU-nun şərqşünaslıq fakültəsində
oxuduğu yüksək səviyyəli mühazirələr
yeni ərəb ədəbiyyatının çağdaş
dövrdə daha dərindən öyrənilməsi
üçün ən gözəl mənbələrdən,
ən mötəbər elmi vəsaitlərdəndir.
Aida xanımın bir sıra
görkəmli ərəb yazıçılarının əsərlərinin
Azərbaycan dilinə tərcüməsi sahəsində də
xidmətləri çoxdur.
Professor Aida İmanquliyeva
çox az kimsəyə nəsib olan elmi istedadı, təşkilatçılıq
qabiliyyəti və pedaqoji fəaliyyəti özündə
birləşdirən bir alim idi. Aida xanım 20 ildən
artıq bir müddətdə BDU-nun şərqşünaslıq
fakültəsində ərəb ədəbiyyatından Azərbaycan
və rus dillərində mühazirələr oxumuş,
xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə
rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı
mühazirələrini dinləmiş tələbələr
həmişə onun yüksək səviyyəli bir lektor
olduğunu qeyd edirlər. Aida xanımı həyatda görməyən
indiki tələbələr isə onun kitablarından, məqalələrindən,
əlyazma şəklində olan mühazirələrindən
istifadə edib bəhrələnirlər.
Məruzəçi diqqətə
çatdırmışdır ki, Aida xanım bütün
bunların fövqündə gözəl bir həyat yoldaşı,
mehriban ana, qayğıkeş nənə, vəfalı dost,
olduqca zərif bir qadın idi. Yüksək vəzifələr,
elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə
insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi.
Allah-taala Aidanı xoş saatında
yaratmışdı. Şahanə gözəllik, qədd-qamət,
zəriflik, yüksək zəka, zəhmətkeşlik,
mehribanlıq, qayğıkeşlik, həssaslıq,
dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq,
yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan
keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın
patriarxlarından olan Nəsir İmanquliyev kimi bir
ziyalının evində dünyaya göz açmış,
Mir Cəlal kimi məşhur yazıçımızın,
alimimizin və pedaqoqumuzun ailəsinə gəlin gəlmiş,
taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl
bir insanla, dünya şöhrətli bir alimlə, səmimi
bir dostla bağlamış Aida xanım elə bu cür də
olmalı idi.
Konfransda AMEA Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər
Baxşəliyeva "Böyük ziyalı, görkəmli
alim, unudulmaz müəllim Aida İmanquliyeva" mövzusunda məruzə
ilə çıxış etmişdir. Məruzədə
Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının
tədqiqinə həsr edilmiş sanballı əsərlərin
müəllifi, Qərb və rus ədəbiyyatının dərin
bilicisi olduğu diqqətə
çatdırılmışdır. Qeyd edilmişdir ki,
professor Aida İmanquliyeva elmi-ədəbi fəaliyyəti ilə
Şərqi və Qərbi birləşdirən görkəmli
alimlərdən biri olmuşdur. Onun əsərləri təkcə
Azərbaycan və keçmiş Sovet İttifaqının
deyil, bütövlükdə Qərb və dünya şərqşünaslığının
qazandığı uğurlar səviyyəsində duran və
indi də elmi əhəmiyyətini itirməyən
araşdırmalardır. Aida xanımın tədqiq etdiyi
Suriya-Amerika ədəbi məktəbi də məhz Şərq
ilə Qərb ədəbi fikrinin sintezindən ibarət hadisədir.
Qısa ömrünün yarısını Azərbaycan
elminin inkişafına, ölkə şərqşünaslığının
elmi təşkilinə həsr etmiş, üç
sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin
müəllifi olan Aida xanım müxtəlif nüfuzlu beynəlxalq
konfranslarda şərqşünaslıq elmimizi ləyaqətlə
təmsil etmişdir.
Natiq elmi
yaradıcılığının çiçəkləndiyi
bir zamanda həyatdan vaxtsız getmiş Aida xanımın
Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi zaman gördüyü işlərdən, təşkilatçılıq
qabiliyyətindən danışmış, onun parlaq bir şəxsiyyət,
tanınmış alim olduğunu bir daha diqqətə
çatdırmışdır. Vurğulamışdır ki,
Aida xanım İmanquliyevanı tanıyanlar, dərs dediyi tələbələr
onun dərin biliyinin, mənəvi gözəlliyinin vurğunu
idilər. Onun davranışı və rəftarı,
mühazirələri tələbələrini heyran edirdi. Hər
hərəkətində kübarlıq, nəciblik vardı.
Tanrı ondan heç nəyi əsirgəməmişdi. Zahiri
görünüş, ağıl, alicənablıq, nəciblik,
özünə qarşı tələbkarlıq, ailəsinə
tükənməz məhəbbət Aida xanım
İmanquliyevanın insani keyfiyyətlərini səciyyələndirən
əsas cəhətlər idi.
Tədbirdə
öz şirin, unudulmaz xatirələrini bölüşən
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir
Nəbiyev, filologiya elmləri namizədi Şərəf Cəlilli,
BDU-nun 4-cü kurs tələbəsi, Aida İmanquliyeva
adına təqaüdün sahibi İradə Əliyeva,
professor Şulan Şirəliyev bildirmişlər ki, Aida
xanım
İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri
ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin
sərvətləridir. Qələmə aldığı
bütün əsərləri bu xanımın əsl elm fədaisi,
cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət
olduğunu təsdiq edir. Aida xanım öz
yaradıcılığı ilə Şərqi Qərbə,
Qərbi Şərqə qarşı qoymur, bu iki böyük
region arasında ümumi cəhətlər tapmağa,
onların yaxınlaşmasına yardımçı
olmağa çalışırdı. Onun bu yöndəki fəaliyyəti
xüsusən indiki qloballaşma, müxtəlif mədəniyyətlərin
yaxınlaşması və inteqrasiyası əsrində yenidən
aktuallıq kəsb etməyə başlamışdır.
Hamıda xoş təəssürat oyatmaq, hamının
sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana
bilmişdi. Gördüyü işlərlə,
xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə
onu sevənlərin qəlbində özünə abidə
qurmuşdur. Bu gün o, övladlarının, nəvələrinin
ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində
yaşayır.
Konfransın təşkilatçılarına
ailələri adından təşəkkürünü
bildirən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Bakı filialının rektoru, filologiya elmləri doktoru,
professor Nərgiz Paşayeva demişdir ki, belə bir tədbirin
keçirilməsi, ümumilikdə, Azərbaycan elminə
verilən qiymətin göstəricisidir. N.Paşayeva diqqətə
çatdırmışdır ki, gənc tələbələrimiz
Aida İmanquliyevanı görə bilməsələr də,
onun yazdığı elmi kitabları, əsərləri
oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür
tarixində yeri olan belə əvəzsiz alim haqqında
geniş məlumat əldə edə biləcəklər.
Gələcək nəsillər, xüsusilə
də şərqşünaslıq elmi ilə məşğul
olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin
elmi irsindən istifadə edəcək və onun əsl alim
kimi keçdiyi şərəfli ömür yolunu yenidən
öyrənəcəklər.
Şərq ədəbiyyatı
ilə məşğul olmaq insandan böyük duyum, hissiyyat
tələb edir. Şərq elminin sirlərinə bələd
olmaq istəyən hər bir alimdə, tədqiqatçıda
həssas ürək olmalıdır. Aida xanım da belə
bir ürək sahibi idi. O, Şərqin böyük mütəfəkkirlərini
bir alim kimi təkcə tədqiq etmirdi, həm də onları
yaxından duyurdu. Aida xanım İmanquliyevanın 70 illik
yubileyi ərəfəsində onun monoqrafiyaları, məqalələri
bir çox dillərə tərcümə olunaraq çap
edilmişdir. Eyni zamanda, onun tədqiqata çəkdiyi Şərq
alimlərinin əsərləri də Azərbaycan dilinə tərcümə
olunaraq çap edilmişdir. Alimin 70 illik
yubileyinə həsr olunmuş "Şərq və Qərb:
ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr"
mövzusunda oktyabrın 9-dan 11-dək Bakıda keçiriləcək
Beynəlxalq İbn Ərəbi simpoziumunda ABŞ,
Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə,
İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan
və başqa ölkələrin aparıcı elm mərkəzlərindən
dünyada tanınmış alimlərin iştirakı Şərq
və Qərb sivilizasiyalarının dialoqu,
qarşılıqlı təsiri və əlaqələri sahəsində
Azərbaycan aliminin apardığı tədqiqatlara, göstərdiyi
xidmətlərə, bütövlükdə zəngin
irsinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycanda belə bir simpoziumun keçirilməsi şərqşünaslıq
elmimizin inkişafına verəcəyi töhfələr və
açacağı yeni imkanlar baxımından da çox əhəmiyyətlidir.
Günün ikinci
yarısında konfrans işini bölmə iclaslarında davam
etdirmişdir. İclaslarda "XX əsrin sonunda fars
poeziyasının bəzi xüsusiyyətləri
haqqında", "XX əsrin əvvəllərində fars
dilindən bədii tərcümələr", "Əlif
Şəfəqin roman yaradıcılığı",
"Mövlanada ney", "Nəcəf Fazil Qısakürəyin səhnə
əsərləri haqqında" və digər mövzularda
məruzələr dinlənilmişdir.
Konfrans işini oktyabrın 7-də
yekunlaşdıracaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.