Ümummilli lider Heydər Əliyevin və şəhidlərin
xatirəsinə ehtiram
Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin
sədri Azərbaycanda səfərdədir
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti
ilə Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri
xanım İvetta Matsejkovanın başçılıq etdiyi
nümayəndə heyəti ölkəmizə səfərə
gəlmişdir.
Oktyabrın 6-da qonaqlar və
başda sədr Fərhad Abdullayev olmaqla Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşları
əvvəlcə Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsinə ehtiramlarını bildirmiş, məzarı
önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə gül dəstələri
düzülmüşdür.
Şəhidlər
xiyabanına gələn qonaqlar Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəmanların xatirəsini
anmış, "Əbədi məşəl" kompleksinin
önünə gül dəstəsi qoymuşlar.
Şəhərimizin ən
yüksək nöqtəsindən paytaxtın mənzərəsini
seyr edən qonaqlara Bakıda aparılan abadlıq-quruculuq
işləri barədə məlumat verilmişdir.
* * *
Ölkəmizə səfərinin məqsədi barədə müxbirimizə məlumat verən Slovakiya Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkova demişdir ki, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda tez-tez görüşür, fikir mübadiləsi aparırıq. Bizi daha çox Azərbaycan Konstitusiya Məhkəməsinin daxil olmuş ərizə və müraciətlər əsasında qəbul etdiyi qərarlar sahəsindəki təcrübəsi maraqlandırır. Azərbaycanlı həmkarımla belə qərara gəlmişik ki, qazanılmış təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər daha faydalı ola bilər. Səfər ərəfəsində mən Azərbaycan Konstitusiya Məhkəməsinin ölkədəki mövqeyini, konkret məsələlərlə bağlı qəbul etdiyi qərarları yaxından öyrənmişəm. Bu sahədə Slovakiya ilə Azərbaycan arasındakı oxşar və fərqli cəhətləri təhlil etmişəm. Sabah Konstitusiya Məhkəməsində keçirəcəyimiz görüşdə də bu məsələləri daha ətraflı müzakirə etməyi nəzərdə tuturuq.
Azərbaycan haqqında təəssüratlarını
bölüşən xanım İvetta Matsejkova bildirmişdir
ki, sizin çox gözəl ölkəniz, inkişaf etmiş
paytaxtınız, valehedici insanlarınız vardır. Azərbaycanlılar çox mehriban və qonaqpərvər
xalqdır. Bildirmək istəyirəm ki,
biz sizin aranızda özümüzü çox yaxşı
hiss edirik.
Azərbaycan.- 2009.- 7 oktyabr.- S. 2.